Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avropada maarifçilik dövrü mədəniyyəti

Tarixin müxtəlif dövrlərində iqtisadi inkişaf kimi mədəniyyət və incəsənətin də səviyyəsi rəngarəng və ziddiyyətli olub. Mədəniyyətin inkişaf səviyyəsi hər bir ictimai-iqtisadi formasiyanın tələbinə uyğun olsa da, eyni formasiyanın müxtəlif inkişaf mərhələlərində mədəniyyət və incəsənətin səviyyəsi müxtəlif olurdu. Hər bir ölkənin, eyni mənşəli xalqların iqtisadi və mədəni inkişafının xüsusilə seçilən, fərqlənən dövrləri olmuşdur. Bu baxımdan, XVII əsrin sonu — XVIII əsr Avropa mədəniyyətinin inkişafına nəzər salmaq maraqlıdır.

Kapitalizmin inkişafı, burjua münasibətlərinin formalaşması cəmiyyətin sosial — siyasi mahiyyətini anlamağa çalışan və təhlil edən Avropa materialistlərinin, həmçinin humanist pedaqoqların fəaliyyətinə də təsir etdi. Dövrün içtimai-siyasi hadisələrindəki dəyişikliklər özünü mədəniyyətin inkişaf axarında da göstərdi. XVIII əsrdə müasir Avropa millətlərinin formalaşması prosesi başa çatır. Bu proses milli Avropa dövlətlərinin formalaşması, tarixi inkişafın mühüm şərtləri kimi təhlil olunan böyük milli bədii məktəblərin yaranması, xüsusi bədii ənənələrin inkişafı ilə xarakterizə edilir.Bu da həmin dövrə dünya bədii mədəniyyətinin müstəqil inkişaf mərhələsi kimi baxmağa əsas verir. XVIII əsrin əvvəllərində Avropa sivilizasiyası güclü elmi – texniki inkişaf sürəti əldə etdi. Fransada, İngiltərədə baş verən burjua inqilabları yeni mentalitetin formalaşmasının əsasını qoyaraq yeni dünya quruculuğu prinsiplərini müəyyənləşdirdi, şəxsiyyət aləminə maraq gücləndi. Məhz insanların Allah qarşısında, həmçinin dövlət qanunları qarşısında bərabərliyi fikri yaranmağa başladı. Dünyanı şüurlu surətdə dəyişdirmək və yenidən qurmağın mümkünlüyünə istinad edən optimist dünyagörüş inkişaf etməyə başladı. Həmin dövrdə dini mübarizələr də genişləndi. Həm müxtəlif dinlər arasında, həm də dinlə elm arasında ziddiyyətli mübarizə davam edirdi. Mədəniyyətin digər sahələrində də mürəkkəb dəyişikliklər baş verirdi. Həmin dövr milli mədəniyyətin formalaşması dövrü kimi tanındı. Həmin dövrdən başlayaraq mədəniyyət sahələrinin differensiasiyası, mədəniyyətin tərkib hissələrinə ayrılması, mədəniyyət sahələrinin özünü təsdiqləməsi, müstəqilliyi, özünüdərinləşdirməsi mərhələsi başlandı. Bu, həm də müstəqil bədii üslubların, formalaşmasına istiqamət verdi.
Beləliklə, Avropa ölkələrində insanların mədəni həyatında dönüş yaradan yeni prinsiplər meydana gəldi. Bu dövrün mənəvi mədəniyyətinin əsas fundamental yeniliklərindən biri yeni fəaliyyət tipinin – dünyanın obyektiv mənzərəsini verən və elmi fəaliyyətə əsaslanan təfəkkür tərzinin formalaşmasıdır. Elmi fəaliyyət səmərəli, sistemli, eksperimental təsdiqə əsaslanma istiqamətində quruldu. Dünyanın elmi şəkildə dərk edilməsində insanın rolu və yeri müəyyən edildi. Ram edilməsi mümkün və zəruri olan dünya elmlərlə silahlanmış ağıl əsasında dərk edilməyə başladı. Dünyanın bu cür dərk edilməsi cəhdi rasionalizm adlandı. Bu, «dünyada insanın dərk edə biləcəyi qayda – qanunlar mövcuddur!» ideyasına əsaslanırdı. Bu ideyaya görə cəmiyyət, insanların münasibəti, əxlaq qaydaları, dövlət ağıllı və səmərəli əsaslar üzərində qurula bilər. Rasionalizmə əsasən ağıl insanlara doğularkən digər təbii imkanlar kimi verilir.

XVII əsrdən fərqli olaraq XVIII əsr tarixə «Maarifləndirmə» əsri kimi daxil olmuşdur. Bu dövrə verilən addan həmin dövrün içtimai – siyasi, mənəvi xarakteri haqqında qənaətə gəlmək olar. Bu əsrin mədəni – mənəvi həyatı qarşısında insanların dinə və siyasi birinciliyə əsaslanan dünyagörüşünü dəyişdirmək, onu insan təfəkkürü və düşüncəsindən süzülən biliklərlə əvəz etmək məqsədi qoyulmuşdur. Mədəni və sosial inkişafın əsas yolu maarifin yayılmasında görülürdü.

Maarifçilərin fikrincə, xurafat, mövhumat, biliksizlik, ədəbsizlik, mədəniyyətsizlik insan bədbəxtliyinin əsas səbəbi; maarif, təhsil, elm, fəlsəfə və elmi yaradıcılıq, fikir azadlığı isə mədəni və sosial inkişaf vasitəsidir. Maarifçilər inanırdılar ki, xalqın maarifləndirilməsi, əqlin inkişafı cəmiyyətin həyatının bütün sahələrinin inkişafına nüfuzedici təsir göstərir.

İçtimai bərabərsizlik və şəxsi azadlıq ideyası cəmiyyətin üçdə bir hissəsini əhatə etmişdir, humanist maarifçilər də məhz həmin hissənin tərkibinə daxil idi. İnqilabi əhval — ruhiyyəli dünyagörüşə malik humanist maarifçilər öz təbliğatlarında insanları savadlandırmaq, onlarda fikir azadlığı formalaşdırmaq, müstəqil düşüncə tərzi, cəsarət tərbiyə etmək məqsədi güdürdülər.

Bu məqsədlərdən çıxış edərək onlar hərtərəfli dünya və içtimai quruculuq ideyası yaratmağa çalışırdılar. Ona görə də onların «həqiqi ruha» istinad edən «həqiqi sistemə» irad tutmaları təbii idi. Çox vaxt bu sistem, demək olar ki, həyatın bütün sahələrini əhatə və idarə edən qanunlar vasitəsilə ifadə olunurdu. Maarifçilər arasında isə müasir insan haqları, insan və vətəndaş cəmiyyəti, demokratik hüquqi dövlət, hakimiyyətin bölünməsi, fərdiyyətçilik etikası konsepsiyaları üzrə mübahisələr yaranırdı.

XVIII əsr, həmçinin dünyəvi mədəniyyətin hakimiyyətini hazırladı və yaratdı. Dini ideologiya dövrü filosoflar, sosioloqlar, iqtisadçılar, ədəbiyyatçılar zəmanəsi ilə əvəz edildi. Yeni mədəniyyət tipi şəxsiyyət suverenliyinin və özünümövcudluğun dərk edilməsinə əsaslanırdı. Maarifçiliyin siyasi, iqtisadi, içtimai tələbləri və şərtləri bədii yaradıcılığın status və xarakterini dəyişdirdi. Artıq əsərlərini öz şəxsi zövqünə görə yaradan azad yaradıcı şəxslər yaranmağa başladı. Bu dövrdə İngiltərədə — C. Lokk, A. E. Şeftsberi; Almaniyada — H.E. Lessinq, İ. H. Gerder, İ.V. Höte; Fransada — Volter, D. Didro, Y.Y. Russo; Çexiyada — Y.A. Komenski kimi mütəfəkkirlər yetişdi.

XVIII əsr Avropa maarifçilik mədəniyyəti aşağıdakı spesifik xüsusiyyətləri ilə xarakterizə edilir:

1. Bu dövr deizmlə səciyyələnir. (Allahı dünyanın yaradıcısı hesab edir, dünya yarandıqdan sonra isə təbiət və cəmiyyətdə iştirakını rədd edir). Deizm baniləri xristian dünyası və rəvayətlərinə istehza ilə yanaşır, möcüzələrə etiraz edir, inamı əqlə qarşı qoyurdular. Bununla da, dini xurafatdan azad etmək və onu təbii dərk etməyə gətirmək kimi mədəni — maarifçilik meyyləri yarandı.

Hər cür millətçiliyi pisləyən və bütün millətlərin bərabər imkanlara malik olduğunu iddia edən kosmopolitizm yayıldı. Bununla da vətənpərvərlik hisslərinə qarşı ruh düşkünlüyü yaranmağa başladı, vətənpərvərlik ictimai həyatda öz əhəmiyyətini itirməyə başladı.

Maarifçilik mədəniyyəti öz elmliliyi ilə fərqlənirdi. XVIII əsrin əvvəllərində çoxsaylı görkəmli alimlərin əməyi sayəsində klassik elmi idrakın, elmi dünyagörüşün əsası qoyuldu. Alimlər arasında təbiəti dərk etmənin obyektiv qanunauyğunluqlarına inam yarandı. Təbiət hadisələrinin təbii baş vermə səbəblərini izah etmək zərurəti dərk edildi.

Maarifçilik mədəniyyəti dövrünün əsas əlamətlərindən biri də rasionalizimdir. Məhz bu dövrdə rasionalizm dəqiq elmlərdən mədəniyyətin digər sahələrinə keçdi. Maarifçilər dərindən inanırdılar ki, insanlar məhz əqlin inkişafı, düşüncə vasitəsilə bəşəriyyət və təbiət haqqında əsl elmi həqiqətləri mənimsəyəcəklər. Ağıl idrak, əxlaq və incəsənətin mənbəyi və hərəkətverici qüvvəsidir: insan ağılla hərəkət edə bilər və etməlidir; cəmiyyət elmi şəkildə, ağılla, səmərəli qurula bilər və qurulmalıdır.

Maarifçilik mədəniyyəti dövrünün mühüm xusisiyyətlərindən biri də «dərrakə» məfhumu ilə bilavasitə bağlı olan tərəqqi ideyasıdır. Məhz çoxsaylı müsbət və mənfi nəticələrə malik olan Avropa sivilizasiyasını müəyyən edən maarifçilik dövründə «dərrakə vasitəsilə tərəqqiyə inam» anlayışı yaranmışdır.

İnsanın formalaşmasında tərbiyənin rolunun mütləqləşdirilməsi də maarifçilik dövrünün mühüm xüsusiyyətlərindən biridir. Bu dövrün yaradıcılarına elə gəlirdi ki, uşaqların tərbiyəsinə məqsədəuyğun, ağıllı şərait yaradılsa və bu səmərəli tərbiyə prosesi bir neçə nəsil davam etsə cəmiyyətdəki bütün problemləri aradan qaldırmaq olar. Onlar bütün keçmiş adət və ənənələrdən ayrılmış, keçmişin pis adətlərindən uzaq olan yeni insan tərbiyə etməyi irəli sürmüşlər.

Mədəniyyətin qeyd edilən bütün əlamətlərini özündə birləşdirən nəzəriyyəyə alman alimi Samuel Pufendorfun (1632-1694) yaradıcılığında rast gəlmək olar. Özünün mədəniyyətə aid tədqiqatlarında Pufendorf belə qənaətə gəlmişdir ki, mədəniyyət insanın fəaliyyəti nəticəsində təbiətin dəyişməsi və özünün daxili mənəvi aləminin təkmilləşdirilməsidir. Bu əsasda o, mədəniyyətə təkcə təkmilləşmə prosesi kimi deyl, həm də insanın və cəmiyyətin inkişaf mərhələləri, vəziyyəti kimi də yanaşmışdır. Bu nöqteyi-nəzərdən mədəniyyət bir çox maarifçilərin, elm və mədəniyyət xadimlərinin tədqiqat predmetinə çevrilmişdir ki, bu nəzəriyyəçilər də öz nəzəri konsepsiyalarında mədəniyyətin mahiyyətini açmağa, bəşəriyyətin mədəni inkişaf perspektivlərini müəyyən etməyə çalışmışlar.

XVIII əsrin sonunda artıq «mədəniyyət» anlayışı bütün Avropa dillərində və elmi ədəbiyyatda vətəndaşlıq hüququ qazandı. Mədəniyyət anlayışı altında idraka istinad edən ictimai inkişafın müəyyən mərhələsi, təbii barbar vəziyyətindən mədəniyyətə keçidi yüksək inkişaf mərhələsi başa düşülür. Mədəniyyətin bu əsas mahiyyəti bu gün də öz aktuallığını saxlamaqdadır.

Yan Amos Komenski (1592- 1670) XVII əsrin görkəmli maarifçi filosofu, humanist pedaqoqu olmuşdur. O özünün «Dünyanın dolaşıq yolları», «Dillərin açıq qapısı», «Böyük didaktika», «Fizika», «Didaktika», «Təbii üsulun qanunları», «Ümumi hikmətlərin mücdəçisi», «İşığın yolu», «Təbii istedadların mədəniyyəti haqqında», «Dirilmiş forsi» və s. əsərləri ilə dünya şöhrəti qazanmışdır.

Komenskinin dünyagörüşünə din böyük təsir etmişdir. Onun dünyagörüşündə ziddiyyətlər mövcud olsa da fəaliyyət prinsipində realizmi üstün tutmuşdur. O, əfsanələri deyil, real varlığı, həyat üçün faydalı olan həqiqi bilikləri öyrənməyə üstünlük vermişdir. Komenski dünyagörüşünün əsasını sensualizm təşkil edir. Onun fikirincə ölüun fikirincə ölüə təbiətin canlı kitabları açılmalıdır. O, ətraf aləmin obyektiv varlığına inanırdı. Humanizm və demokratizm Komenski dünyagörüşünün mühüm ünsürü idi. Komenski nikbin baxışlı bir filosofpedaqoq olub, insana, onun qüdrətinə, gözəl meyl və arzularına inanırdı. Onun fikirincə hamı həqiqi insan olmaq üçün doğulmuşdur, bunun üçün də o mütləq təhsil almalıdır.

Komenskiyə görə insan yalnız tərbiyə sayəsində insan olur. O istedadsız və tənbəl uşaqların çox az olduğunu, bu istedadsızlığı tərbiyə vasitəsilə aradan qaldırmağın mümkün olduğunu söyləyirdi. Tərbiyənin böyük gücünə və imkanlarına inam Kominskinin maarifçilik mədəniyyətinə və pedaqokika tarixinə gətirdiyi yeni fikir idi. Kominskini bəzən təbiətşünas alim də adlandırırdılar. Çünki onun maarifçilik nəzəriyyəsi təbiətəmüvafiqlik prinsipi üzərində qurulmuşdur. O, orta əsrin bir çox ənənələrini rədd etmiş, tərbiyənin yeni təbii qanunlarını axtarmışdır. Onun fikrincə insan təbiətin bir hissəsidir, ona görə də onun ümumi qanunlarına tabe olmalıdır, bu qanunları tərbiyədə nümunə tutmalıdır. Komenski tarixdə ilk dəfə olaraq fərdi təlimin əleyhinə çıxmış, dərs- sinif sistemini, birgə təlimin zəruriyiliyini sübut etməyə çalışmışdır. Komenskinin dünyagörüşündə tərbiyə məsələləri də xüsusi yer tutur. Onun fikirincə tərbiyə insanları əhatə edən hadisələri, xarici aləmi dərk etdirməli, insanın nə etməli olduğunu öyrətməlidir. O, qeyd edirdi ki, əxlaq tərbiyəsi, əsasən təlim prosesində verilməlidir. Təhsil, elm insanı nəticə etibarılə müdrük etməli, onu mənəvi əxlaqi cəhətdən yüksəltməli, mərd və alicənab etməlidir. Komenski müəllimlik sənətini yüksək qiymətləndirmiş, müəllimlik işini dünyada ən şərəfli və ləyaqətli bir peşə hesab etmişdir.

Con Lokk (1632-1704) o zamankı İngiltərə burjua cəmiyyətində ləyaqətli yer tutmuşdur. O, İngiltərədə yeni burjua dövlət quruluşunu əsaslandırmağa çalışmışdır. «İnsan əqli haqqında təcrübə» əsərində sübut etmək istəmişdir ki, insan şüuru və təsəvvürlərində fitri ideyalar yoxdur, uşaq ruhu «ağ lövhəyə» bənzəyir. Bununla da o, insanların formalaşmasında tərbiyənin rolunu həddindən artıq şişirdirdi. Onun bu nəzəriyyəsi materializmin idealizm, xurafatla mübarizəsində əhəmiyyətli rol oynamışdır. Lokk bir çox məsələlərdə materialist sensualist kimi çıxış etmişdir. Əxlaq və mədəniyyətin digər sahələrində də o, fitri ideyaları inkar edirdi. Xeyirxahlıq həzz verir, iztirabı azaldır, insanı pislikdən mühafizə edir. Şər, pislik — bunun əksidir. Lokk «Tərbiyə həqqında fikirlər» əsərində qeyd edir ki, tərbiyənin məqsəd və vəzifəsi öz işini ağılla və planla aparmağı bacaran centlmen yetişdirirməkdədəir. centlmen – mənşəyi etibarı ilə zadəgan, rəftarında nəzakətli, eyni zamanda burjua işbazının keyfiyyətinə malik olmalıdır. O, həmçinin fiziki tərbiyəyə üstünlük verərək qey edirdi ki, «sağlam bədəndə sağlam ruh olar». Əxlaq tərbiyəsi hər kəsin marağı və faydası üzərində qurulmalıdır. Adamlar müdrük olmalı, istəklərinə nail olmanın real imkanlarını müəyyənləşdirməyi bacarmalıdırlar. İnsanların davranışı düşüncəli olmalı, ehtiraslarını cilovlamağı bacarmalı, əqli göstərişləri ilə hərəkət etməlidirlər. O, özünün fəlsəfi əsərləri ilə Fransa maarifçilərinə böyük təsir göstərmişdir.

Jan Jak Russo (1712-1778) XVIII əsr fransız maarifçilərindən biridir. O, dövlətin mənşəyi həqqında C.Lokkun görüşlərinə əsaslanıb sübut etməyə çalışmışdır ki, insan təbii halında həmişə azadlıq, bərabərlik, qardaşlıq üçün təbii hüquqlara malik olmuşdur. O, insanın formalaşması və dövlət quruculuğunda əqlin gücünə yüksək qiymət verirdi. O, möhkəm inanırdı ki, yeni, ağıllı insanlar tərbiyə edilsə onlar özləri dünyanı yenidən qura biləcəklər. «İnsanlar arasında bərabərsizliyin mənşəyi» adlı əsərində Russo sübut etmişdir ki, bərabərsizlik mədəniyyətlə yanaşı inkişaf edib. «İctimai müqavilə» əsərində deyilir ki, xalqın mənafeyini müdafiə etməyən hakimiyyət qanuni deyil. O, xüsusi mülkiyyəti bütün fəlakətlərin mənbəyi hesab edirdi. «Emil və yaxud tərbiyə haqqında» roman- traktatında yeni insan tərbiyə etməyin yollarını göstərmişdir. Bütün varlığı ilə demokrat olan Russo qeyd edirdi ki, dövlət başçıları xalqın iradəsi əleyhinə getdikdə, onların vəzifəsindən kənar etməyə xalqın haqqı vardır. O, bərabərsizliyin, ictimai zülmün səbəbini dövrün mədəniyyətində görürdü. Russo qeyd edirdi ki, insan pozulmuş cəmiyyətdən və mədəniyyətdən kənarda, təbiət qoynunda öz zəhməti ilə tərbiyələnməli, öz zəhmətinin məhsulu ilə yaşamalı, azadlığı qiymətləndirməyi və müdafiə etməyi bacarmalıdır. Öz azadlığını qiymətləndirməyi bacaran adam özgələrinin də zəhmət üzərində qurulmuş azadlığına hörmət edəcəkdir. Russo azad tərbiyə tərafdarı idi.

Klod Adrian Helvetsi «Ağıl haqqında» fəlsəfi əsərində dinə qarşı çıxaraq qeyd edirdi ki, keşişlərin vəzifəsi xalqı cəhalətdə və savadsızlıqda saxlamaqdır. «İnsan, onun əqli qabiliyyətləri və tərbiyəsi» adlı əsərində fitri ideyaları rədd edərək tərbiyənin rolunu qiymətləndirir. Onun fikirincə tərbiyə hər şeyi həll edir, tərbiyə vasitəsilə dahilər yetişdirmək mümkündür. Onun fikirincə insan həm fiziki, həm də mənəvi varlıqdır. Helvetsi qeyd edir ki, insan biliyi onun duyğularının məhsuludur. O, əbədi və mütləq əxlaq normalarını inkar edir, əxlaqın nisbi xarakter daşıdığını, onun insanın ictimai mənafeyi ilə müəyyən edildiyini göstərirdi. Əxlaqi davranışların əsas meyarı isə təcrübədən doğan şəxsi mənafedir. Bununla o, heç də ictimai mənafeyi rədd etmir, əksinə qeyd edir ki, ictimai mənafe şəxsi mənafeyi tamamlayır və onunla uzlaşır. Onun fİkirincə, insan tərbiyə prosesində cəmiyyətin mənafeyini başa düşməli, ictimai xadim kimi yetişməlidir. O, ictimai tərbiyəni ailə tərbiyəsindən üstün tutur və məktəb tərbiyəsinə də böyük əhəmiyyət verirdi. Onun fikirincə, yeni məktəblər yeni insanlar tərbiyə edəcək, bu yeni insanlar isə vətənpərvər olmaqla şəxsi mənafeyini millətin xoşbəxtliyinə tabe edəcəkdir.

Deni Didro (1713-1784) fransız materialist filosoflarının ən görkəmli nümayəndələrindən biridir. O, «Fəlsəfi düşüncələr», «Korların məktubu və gözlülərə nəsihət» adlı əsərlərində feodal quruluşunu tənqid edirdi.

Didro materiyanın məhv olması və yaşaması ideyasını müdafiə edirdi. O, duyğuları yüksək qiymətləndirərək göstərirdi ki, ağıl hakim, duyğular isə onun şahidləridir. Ağıl həmin şahidlər vasitəsilə alınan məlumatları mühakimə edir. Ağıl həssasdır, o müşahidəni mühakimə etməlidir. O, ağılla hissləri eyniləşdirmir, onları dialektik vəhdətdə götürürdü. Didro da başqa filosoflar kimi tərbiyəyə yüksək qiymət verir, lakin onun rolunu həddindən artıq şişirtmirdi. Onun fikirincə cəmiyyət xalqa lazımi tərbiyə və təhsil vermədiyi üçün xalqın içərisindəki istedadlar məhv olur. Didro göstərirdi ki, tərbiyə və təhsil insanları əxlaqlı, ləyaqətli, mədəni, həssas şəxsiyyətlər kimi formalaşdırır. Tərbiyə nəticəsində kölələr belə özlərini gözəl hiss edir, köləlik üçün doğulmadıqlarını dərk edirlər. O, məktəblərdə riyaziyyat, fizika, kimya, təbiət, astronomiya kimi real fənlərin tədris edilməsini tələb edirdi.

İNCƏSƏNƏT. XVIII əsr Qərbi Avropa mədəniyyəti və incəsənətinin bütün sahələrində geniş irəliləyiş baş verdi. Yeni şəhərlər salınmağa, abidələr tikilməyə və s. abadlıq işləri aparılmağa başlandı. Məsələn, XVIII əsrin birinci yarısında Fransada şəhərsalma mədəniyyətində, vaxtilə Versal ansamblında nəzərdə tutulmuş dəbdəbəli planlaşdırma inkişaf etdirildi və həyata keçirildi. 1753-cü ildə memar C. A. Qabrielin rəhbərliyi ilə Parisdə indiki «Razılıq meydanı»nın tikintisi başa çatdırılmışdır. 1758-90-cı illərdə Parisdə memar C. C. Suflo Sent-Cenevyev (indiki Panteon) kilsəsini, memar C. A. Qabriel Versalda kiçik Trianon sarayını, Borododa V. Luinin rəhbərliyi ilə Böyük teatr, Parisdə C.A. Qabriel Hərbi məktəb və s. kimi saraylar, binalar inşa etmişlər.

XVIII əsrin ictimai- siyasi görüşləri təsviri sənətdə də öz əksini tapmışdı. A. Vato, F. Buşe, N. Lankre və b. yaradıcılığı buna misal ola bilər. Bu dövrün demokratik görüşləri xüsusən C. B. Şarden, M. K. Latur, C. B. Perronno, Q. de Sent- Oben və b. yaradıcılığında daha parlaq şəkildə təzahür etmişdir. İncəsənətdə də sentimental- əxlaqi ideyalar, istiqamətlər yaranmağa başladı, C. M. Vyen, C. L. David kimi rəssamlar öz əsərlərində qismən klassisizm ideyalarını tərənnüm ediridilər. Bu istiqamət özünü müəyyən dərəcədə C. A. Qudon, C. B. Biqal, E. M. Falkone kimi heykəltaraşların əsərlərində də göstərirdi. Fransa inqilabı dövründə isə siyasi karikaturalar, luboklar, müxtəlif şənliklər və tədbirlərin bədii tərtibatı geniş yayılmışdı. Utopik filosof və cərəyanların təsiri ilə yeni memarlıq prinsipləri yaratmaq cəhdləri meydana gəldi. E. L. Bulle, K. N. Ledu, C. C. Lekon yeni fantastik layihələr yaratdılar.

XVIII əsrdə həmçinin avropa incəsənəti özündə iki istiqaməti birləşdirmişdir: klassisizm və romantizm. Ədəbiyyat, musiqi, təsviri sənət və incəsənətin digər sahələrində klassisizm özünü məqsədyönlülük, yığcamlılıq məzmunla formanın uyğunluğu, simmetriklik kimi büruzə verirdi. Burada da antik Yunan və Roma incəsənəti prinsiplərinə istinad edilirdi. Romantizm isə sənətkarın yaradıcılığına emosionallıq nöqteyı–nəzərindən yanaşmağı əsas götürürdü. Bu dövrdə incəsənətdəki klassisizm yeni formada yaranmağa başladı, klassisizmdə romantizm birləşdi, çuğlaşdı.

XVIII əsr incəsənəti həmçinin yeni sentimentalizm cərəyanının başlanğıcı dövrü oldu. Bu cərəyanın xüsusi stilistik forması yox idi və onun işlənib müəyyən edilməsinə səy göstərilmirdi. Sentimentalizm (Fransız sözü olub – hissiyat deməkdir) özündə yeni doğulmuş insanın təmizliyi və yaxşılığını tərənnüm edir.

Rəngkarlıq və heykəltəraşlıq.

XVIII əsrin I yarısında avropa, xüsusən də fransa incəsənətində aparıcı yeri rokoko üslubu tutmağa başladı. İncəsənətdə rokoko narahatlıq hissiyatı üzərində qurulmuş asimmetriyalar, dəyişmələrə əsaslanmışdır. Bu narahat dəyişmələr isə mürəkkəb qəribəlikləri, istehzaları, ibarələri əhatə edirdi. Təsadüfi deyil ki, «rokoko» termini fransız rokayl — balıqqulağından götürülmüş brilyant və bəzək şeyləri sözündən götürülmüşdür.

Fransız rokoko sənətkarlığının görkəmli nümayəndələrindən biri Fransua Buşedir (1703 — 1770). Buşe o dövrdə akademiyanın direktoru «Kralın birinci rəssamı» idi. O, teatrlara dekorasiya qurur, kitablara illüstrasiya verir, varlı adamların evlərini bəzəyir, yelpiklərə şəkillər çəkir, kostyumlara eskiz verir və s. Onun əsərlərinə nümunə olaraq «Veneranın qələbəsi» (triumfu), «Veneranın tualeti», «Venera Amurla», «Diananın çimməyi» və s. göstərmək olar.

Fransız rəngkarlığının görkəmli nümayəndələrindən biri də Antuan Vattodur (1684–1721). O, öz dövründəki real həyatı təsvir etmişdir. Yaradıcılığındakı gözəllik, zəriflik rokoko sənətkarlığının əsas istiqamətini təşkil edirdi.

Can Batista Simon Şardenın (1699 — 1779) estetik ideyaların inkişafına istinad edən yaradıcılığında yeni məzmunlu rəngkarlıq sistemi yaradıldı. Şarden natürmortların təsvirindən başlayıb mətbəx əşyalarının təsvirinə, oradan da «Yeməkdən əvvəl dua», «Paltaryuyan» janrlarının təsvirinə, sonra isə portret təsvirinə keçmişdir.

XVIII əsr Fransız heykəltəraşlığı da təsviri sənətin keçdiyi mərhələləri keçmişdir. XVIII əsr Fransız heykəltəraşlığından Can Batista Piqal (1714 — 1785) Can Antuan Qudon (1741 — 1828) və başqalarını göstərmək olar. Can Piqalın yaradıcılığında azadlıq, yüngüllük, cazibəlilik elementləri öz əksini tapmışdır.

İngilis incəsənəti XVIII əsr rəssamı Uilyam Xoqartın (1697-1764) yaradıcılığı ilə başlanır. O, Avropada ilk maarifçi — rəssam hesab edilir.

İngilis portret janrının görkəmli nümayəndələrindən biri də Tomas Geynsborodur (1727-1788). Onun yaradıcılıq üslubu Vattonun təsiri altında formalaşmışdır. Onun portret obrazları incə qəlbliliyi, şairanəliyi, ruh yüksəkliyi ilə səciyyələnir. Kəndli uşaqlarının yüksək insanı hissləri təsvir edilmişdir.

İtalyan incəsənətinin inkşafı öz əksini XVIII əsrdə Venesiyanın simasında tapmışdır. Venesiyanın yaradılmasında covanni Battist Tyepolo xüsusi səy və həvəslə çalışmışdır. Venesiyanın tikilməsi və bəzədilməsində həmçinin Antonio Kanaletto (1697–1798), Fraçesko Qvardi (1712-1793) də xüsusi fəaliyyət göstərmişlər.

Teatr. XVIII əsri tez-tez «teatrın qızıl əsri » adlandırırlar. Teatr bir çox məqsəd və vəzifələrin yerinə yetirilməsi meydanına çevrilmişdir. P.O.Bomarşe hesab edirdi ki, dahilər öz zərbəsinin kimin üstünə yönəltsə, onu ölümcül yaralayırdı. Müəyyən şəraitdə incidilmiş insanlardan yazmaq, eyni zamanda onları o vəziyyətə salmış zamanadək yazmaq demək idi.

XVIII əsrdə görkəmli ingilis dramaturglarından Riçard Brinsli Şeridonu göstərmək olar. Onun «Rəqiblər», «Skarobya səyahəti» kimi satirik komediyalarını göstərmək olar. Bu əsərlərdə yuxarı təbəqələrin əxlaqsızlığı, burjuaziyanın ikiüzlülüyü tənqid edilirdi.

XVIII əsrdə digər böyük imperiyalar kimi, Venesiya da iqtisadi cəhətdən iflas etsə də öz mədəniyyətini inkişaf etdirə bildi. O qədər də böyük olmayan bu şəhərdə yeddi teatr fəaliyyət göstərirdi. Halbuki, Paris və Londonun ikisində bir yerdə o qədər teatr yox idi. Venesiyada keçirilən karnavallara Avropanın hər yerindən tamaşaçılar axışıb gəlirdilər. Burada Karlo Qoldon (1707 -1799) 267 dram əsərləri yazmışdır. Onun «Aşxana sahibəsi» adlı komediyası Qoldona dünya şöhrəti gətirmişdir.

Karlo Qoççini (1720 — 1806) hekayələrində folklor nümunələri və komik maskarad elementlərindən geniş istifadə etmişdir.

Görkəmli Fransız dramaturqu Bomarşenin «Fiqaronun evlənməsi» komediyası yeni komediya janrının yüksək pilləsi oldu. Fiqaro ümumxalq qarşıdurmasının təcəssümünə çevrildi. Ona görə də bu komediyanı inqilabdan qorxan XIV Lüdovikin və öz imperiyasını inqilab xarabalıqları üzərində quran Napoleon Bonapartın görən gözü yox idi.

Almaniyada teatr XVIII əsrin 50 – ci illərindən inkişaf etməyə başladı. İngilis və fransız təcrübəsindən istifadə edilməsi yüksək nəticələrə gətirib çıxardı. Bu dövr alman maarifçiləri içərisində görkəmli yeri Lessinq, Höte, Şiller tuturdu.

Musiqi sahəsində opera və balet sənəti yeni inkişaf səviyyəsinə qədəm qoydu. Simfonya janrı meydana gəldi. Onun yaradıcısı Fransada F. Qossek hesab olunur. XVIII əsrdə C. F. Ramonun operaları genişşöhrət tapmışdı. Bu dövrdə opera əsas musiqi janrı kimi qəbul edilirdi. E. Duni, F. Filidor, P. Monsinyi, A. Qretri yeni komik opera janrı yaratdılar. Ensiklopedistlər bu yeni musiqi janrının yaranmasında xüsüsi rol oynamışlar. Fransada burjua inqilabı musiqi həyatına da yeniliklər daxil etdi. E. Megül, F. Qossek, L.Kerubini yeni inqilabi marşlar, mahnılar yaratdılar və bunlar yeni musiqi janrı kimi musiqi aləminə daxil edildi. K. C. Ruje de Lil 1792 – ci ildə «Marselyoza»nı yazdı. Sonralar bu, Fransanın dövlət himninə çevrildi. İnqilabi təbliğat xarakterli yeni tamaşalar meydana gəldi. Yeni musiqi təhsili sistemi yarandı. Kilsə xoru əvəzinə milli musiqi məktəbləri və institutları yarandı. 1795-ci ildə konservatoriya təşkil edildi. XVIII əsrin sonlarında balet musiqisində yeni romantik istiqamətlər yaranmağa başladı. XVIII əsrin sonu- XIX əsrin əvvəllərində artıq Fransa – Paris dünya musiqi mədəniyyətinin mərkəzinə çevrildi.

XVIII əsrdə Fransız alimləri Azərbaycan mədəniyyyətinə də xüsusi maraq göstərmişlər. A. dü Perron, K. Planyol Azərbaycan folkloruna, «Avesta»ya, «Kitabi Dədə Qorqud», «Koroğlu» dastanlarına dair tədqiqatlar aparmışlar. Azərbaycan folkloru, ədəbiyyat nümunələri fransız dilinə tərcümə olunmağa başlamışdı. A. Brelye, İ. Klerembol, K. Barbye de Meynar, A. Silyer, L. Büvə, A. Masse və başqaları Azərbaycan ədəbiyyatı və folklorundan fransız dilinə tərcümələr etmişlər. D. Erblo, F. Şaruma, F. Erdman, A. Russo, S de Sasi, A. Masse, İ. Məlikova, L.Məlikova Səyyar və s. fransız alimləri Azərbaycan ədəbiyyatına aid əsərlər yazmışlar. Fransız ədəbiyyatı və incəsənətinin Azərbaycan ədəbiyyatı və incənətinin inkişafına da təsiri olmuşdur.


Tarix: 09.12.2014 / 13:00 Müəllif: Aziza Baxılıb: 295 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...