Kulturologiyanın müstəqil elm kimi formalaşması XX əsrin ortalarında başlamışdır. Ondan əvvəl, insan və insan dünyasını tədqiq edən və kulturologiyanın ilkin nailiyyəti olan - antropologiya, XIX əsrin axırlarında isə sosiumun öyrənilməsi nəticəsində, sosiologiya mövcud olmuşdur. Buna, məkan və zaman daxilində özünəməxsus inkişaf və fəaliyyət qanunauyğunluqları olan, insan mədəniyyətinin bütöv sistemi haqqındakı təsəvvürlər də yardım etmişdir.
Bir elm kimi, kulturologiyanın banisi haqlı olaraq, amerika antropoloqu Lesli Alvin Uayt hesab edilir. Onun 1949-cu ildə nəşr olunmuş "Mədəniyyət haqqında elm" kitabı mədəniyyət və onun qeyri-adi inqilabi dəyişdirici imkanları haqqında keyfiyyətcə yeni, daha yüksək səviyyəli təsəvvürlərin yaranmasına səbəb oldu. O, humanitar biliklər sahəsində yeni ənənələrin formalaşmasına təsir edərək, ictimai elmlərin inkişafına öz zəngin töhfələrini vermişdir. Uayt mədəniyyətin, özünəməxsus prinsip və qanunauyğunluqlarının təsvir olunduğu fenomenlər ardıcıllığından ibarət olması haqqında, energetik konsepsiyasını yaratdı. O, mədəni elementlərin qarşılıqlı təsirini və ya bütövlükdə mədəniyyət sistemlərini təhlil edərək, insan müxtəlif mədəni ənənələrin məcmuu kimi şərh edir. Bu isə, insan mədəniyyəti inkişafının tarixi qanunauyğunluqlarının diqqətlə nəzərdən keçirilməsinə imkan verir. Mədəniyyəti bütöv, mütəşəkkil və inteqrativ sistem kimi nəzərdən keçirən Uayt, bir-birinə qeyri-bərabər təsir gücü ilə əlaqədar olan üç altsistem ayırır: texnoloji, sosial və ideoloji.
● Texnoloji (ilkin,əsas,baza) insanın ətraf aləmə uyğunlaşması ilə şərtlənir. Bura əmək alətləri, aşayış vasitəsi, tikililəri üçün materiallar, mühafizə və hücum vasitələri və s. daxildir.
● İdeolojiyə - ideya, bilik və etiqadlar daxildir.
● Sosiala - kollektiv davranış tipləri daxildir. Mədəniyyətin artması və inkişafı üçün açar olan texnoloji subsistemlərin fəaliyyəti dinamik və enerji xərcləri ilə əlaqədar olaraq, mədəniyyətin materiya və enerji baxımından izah edilməsinə imkan yaradır. Uayta görə, həyati tələbatların ödənilməsindən ibarət olan, mədəniyyət funksiyası - texnoloji yolla kifayət qədər enerji əldə edib, insanın maraqlarına uyğun istifadə etməkdir. Uayt mədəniyyətin inkişafının əhalinin il ərzində adam başına işlətdiyi enerjinin miqdarı ilə və ya enerjinin istifadəsinə yardımçı olan əmək alətlərinin (texnologiyaların-F.M.) effektliyinin inkişafı ilə düz mütənasiblik qanunauyğunluğunu meydana çıxarır. Uayt mədəniyyətin inkişafını səciyyələndirən üç universal faktor müəyyən edir: əhalinin adam başına istifadə etdiyi enerjinin miqdarı; insan inkişafı üçün enerji istifadəsinə yardımçı olan texnoloji vasitələrin effektivliyi; insanın tələbatlarının ödənilməsi üçün yaradılmış xidmət və əşyaların həcmi. Bu faktorların təhlili nəticəsində, o , mədəniyyətin rolunu rifahın inkişafının texnoloji faktoru kimi aşkar edir, mədəniyyətin təkamül qanununu və ya "Uayt qanununu" formulə edir. Bu qanuna görə, tələbatını ödəmək üçün, adam başına düşən məhsul və xidmətlərin miqdarı ilə ölçülən - mədəniyyətin inkişaf səviyyəsi , əhalinin adambaşına istehsal edilmiş enerji və enerjinin istifadəsinə sərf edilən texnoloji vasitələrin effektivliyi ilə müəyyən edilir. Uayt mədəniyyəti ekstrosomatik (insanın bioloji təbiətindən yüksəkdə duran) "yeni dünya" kimi kəşf etməklə, elmdə yeni addım atdı. Uaytın tədqiqatlarının fundamental nəticələrindən biri o idi ki, insanın mədəniyyəti dəyişdikcə, davranışı da dəyişir (B = f (C)) . Müəllif əmin idi ki, bu, nə zamansa, elm tarixində Kopernikin heliosentrik nəzəriyyəsi və ya hüceyrənin kəşfi kimi yüksək dəyərləndiriləcəkdir. Uayt mədəniyyətin tədqiqi üçün, antik müəlliflərin, eləcə də Taylor, Morqan, İbh Həldun, Kant, Herder, Kont və s. alimlərin sosial təkamül nəzəriyyəsinə aid yanaşmalarına istinad edib, özünün, ardıcıl pilləli inkişaf prinsipinə əsaslanan, yeni metodologiyasını yaratdı. O, təkamül, məntiqi və tarixi təhlil prinsiplərini rəhbər tutaraq, bütöv sistem olan mədəniyyətin tədqiqində üç prosesi ayırır:
● Hadisələrin nadir xüsusiyyətlərinin xronoloji ardıcıllığını əks etdirən zamanla bağlı proses.
● Hadisələrin funksional, struktur və zamandan xaric aspektdə təqdim edildiyi formal proses.
● Hadisələrin ümumi xüsusiyyət , universallıqlarını aşkarlamağa imkan verən, proqressiv dəyişən formalarının zaman ardıcıllığı şəklində təqdim edildiyi formal-zamani proses. Buna uyğun olaraq, o, mədəniyyəti üç üsulla izah etməyi təklif edir: tarixi, funksional, təkamül. Həyat Uaytın kəşfinin düzgünlüyünü və onun yaratdığı ənənəvi humanitar və sosial elmlərin imkanlarından kənara çıxıb, mürəkkəb elmi və praktik problemlərin keyfiyyətcə yeni səviyyədə həll edilməsinə imkan verən kulturologiya elminin yüksək dəyərini sübut etdi. Uayt etnologiya, antropologiya, psixologiya və sosiologiya üzrə materialların məntiqi analiz və sintezi əsasında, lokal mədəniyyətlərin komparativ təhlilindən bəşəri mədəniyyətin inkişaf qanunauyğunluqlarının aşkar edilməsinə doğru yol açdı. Amerika aliminin xidməti ondan ibarətdir ki, o, kulturologiyanın predmet sahəsini müəyyənləşdirmiş, mədəniyyət haqqında elm olan "kulturologiya" termininin istifadə edilməsini əsaslandırmış, təkamül prosesini yenidən qiymətləndirmiş, elmi tədavülə mədəniyyətin yeni anlamını gətirmiş və bəşəri mədəniyyətin bütöv sistem kimi tədqiq edilməsinə imkan verən, sistemli yanaşma təklif etmişdir.
Tarix: 08.12.2014 / 17:29 Müəllif: Aziza Baxılıb: 119 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)