XVII əsr Yeni dövrün milli-mədəni inkişafında müstəsna rol oynadı. İtaliya, İspaniya, Flandriya, Hollandiya, Fransa kimi ölkələrin hər birinin özünəməxsus bədii ənənələrə və milli bədii məktəblərə malik olması XVII əsri mədəniyyət tarixində yeni mərhələ kimi nəzərdən keçirməyə imkan verir. Bu ölkələrin milli xüsusiyyətləri onların ümumi cəhətlərə malik olmasını istisna etmir.
XVI əsrin ortalarından XVII əsrin sonunadək İtaliya incəsənəti Katolik ilahiyyatı, siyasəti və mədəniyyəti Reformasiyaya qarşı yönəlmiş kontrreformasiyanın təsiri altında idi. Kontrreformasiyanın əsas silahı hökumətə tabe olmayan və başqa dinə qulluq edənlərə qarşı mübarizə aparan inkvizisiya idi. 1555-ci ildə Roma papası IV Pavel xristianlığın əsas ehkamlarını elan etdi. Burada insanların öz günahlarını etiraf edərək tövbə etmələrindən, öz ruhunu bütünlüklə Allahın ixtiyarına vermələrindən, beləliklə də, həqiqəti dərk etməyə və Allahla birləşməyə çalışmaqdan söhbət açılır. Bu dini ideyalar İtaliyada XVI əsrin 80-ci illərində yaranan barokko üslubunun əsasını təşkil edərək onun əsas xüsusiyyətlərini müəyyənləşdirdi. XV əsrdə İspaniyada Rekonkista – Pireney yarımadasının ərəb hökmranlığından azad olması uğrunda 8 əsrə yaxın davam edən mübarizəsi bitdi və vahid İspan krallığı yarandı. Pireney yarımadası ərəblər tərəfindən işğal edildiyi zaman yerli ispan əhalisi bunun qarşısını almaq üçün kifayət qədər gücə malik olmasa da vəziyyətlə barışmağa da hazırlaşmırdı. Pireney yarımadasının şimalında, dağlarda yerləşən olduqca kiçik ərazi XVIII əsrdə ərəb əmirliyinə tabe olmayan yeganə yaşayış məntəqəsi idi. XV əsrin sonunda Qranada xilafəti də süqut etdi. İspaniyanın bütün orta əsrlər tarixi, millətin formalaşması yadellilərlə mübarizə şəraitində baş verdi. Xalqda dini fanatizmi gücləndirmək istəyən xristian kilsəsi bu prosesdə mühüm rol oynayırdı. Rekonkista dövründə ispan incəsənəti mavritan (ərəbləri belə adlandırırdılar) incəsənəti ilə heç vaxt qovuşmasa da onun təsirindən yayına bilmədi. XVI əsrdə fəal hərbi siyasət, yeni kəşf edilmiş Amerikada çoxlu ərazilərin işğal edilməsi İspaniyanı Avropanın ən varlı padşahlığına çevirdi. Lakin bu çiçəklənmə dövrü çox sürmədi. Yüzilliyin sonunda ölkə iqtisadi böhran keçirdi. XVI-XVII əsrlərdə İngiltərə ilə müharibələr isə onun dənizdəki hökmranlığına son qoydu.
Məhz XVI əsrin sonu-XVII əsrin I yarısında İspaniyanın mədəniyyəti, xüsusən ədəbiyyat və rəngkarlıq çiçəklənmə dövrü keçirdi. Bu çiçəklənmə o vaxtkı Avropanın digər qabaqcıl ölkələrindən – İtaliya və Niderlanda nisbətən bir qədər gec baş verdi. Tirso de Molina, Pedro Kalderon, Luis de Qonqora, Fransisko de Kevedo, Lope de Veqa, Servantesin yaradıcılığı məhz bu dövrə təsadüf edir. Təsviri sənət, xüsusən də rəngkarlıq realizm yolu ilə inkişaf edirdi. İspaniyanın həyatında böyük rol oynayan katolik dini təsviri sənətə, onun mövzu dairəsinə güclü təsir göstərirdi. İspan rəngkarlığının və heykəltəraşlığının inkişafına Katolik Kilsəsinin mövqeyi mane olurdu: İnkvizisiya incəsənətə qarşı ciddi senzura qoymuşdu. Lakin bir sıra ciddi məhdudiyyətlərin olmasına baxmayaraq ispan sənətkarları demək olar ki, bütün janrlarda işləyir və Avropanın digər ölkələrində yaşayan müasirlərinin toxunduqları mövzulara müraciət edirdilər. Mədəniyyətə və incəsənətə krallıq tərəfindən göstərilən xüsusi diqqətə baxmayaraq əyalət rəssamları daha məhsuldar idi. Məhz onların yaradıcılığı həmin dövrün əsas bədii cərəyanlarını müəyyən etdi.
XVII əsrdə Niderland incəsənətinin bədii ənənələri Flandriyada və Hollandiyada davam edirdi. O dövrdə Niderlandda ikonalara pərəstişi inkar edən və kilsə incəsənətindən imtina edən protestantizm geniş yayılmışdı. 1566-cı ildə ölkəni ikonaqıranlar hərəkatı bürüdü. Bir neçə gün ərzində ölkədə saysız-hesabsız məbəd və monastırlar darmadağın edildi, mehrablar, ikonalar və müqəddəslərin heykəlləri məhv edildi. Ölkənin şimalında protestantlıq əhalinin böyük əksəriyyətini təşkil edirdi. 1598-ci ildə II Filipp cənubi Niderlandı sevimli qızı infanta İzabellaya (1566-1633) verdi. Dini ideyalar uğrunda mübarizədə daha çox zərər çəkən mədəniyyət oldu. Protestantlar külli miqdarda gözəl sənət əsərlərini məhv etdilər. Hətta katolik əyalətlərdə də əsil sənət ənənələri uzun müddət unuduldu. Kilsə incəsənətində mühüm dəyişikliklər baş verdi. İndi onun vəzifəsi yalnız Müqəddəs Kitabı izah etmək deyil, həm də adamları valeh edərək onların şüurunu kilsənin nüfuzuna tabe etmək idi. Orqan musiqisi, məbədlərin arxitekturası, dini məzmun daşıyan rəngkarlıq bu işə kömək edirdi. Əgər orta əsrlər məbədi məktəb kimi başa düşülürdüsə, XVII əsrdə o, daha çox teatrı xatırladırdı. Niderlandın cənub hissəsi olan Flandriya indiki Belçika ərazisidir. XVI əsrin inqilabi hadisələrindən sonra o, İspaniyanın protektoratlığı (imperialistlərin müstəmləkə xalqlarını əsarətdə saxlama üsullarından biri) altında qalaraq katolik dünyasına qoşuldu. Hollandiya ərazisi olan şimali Niderland isə ispan hökmranlığına qarşı mübarizədə müstəqillik əldə edərək burjua protestant respublikasını yaratdı. Niderlandın parçalanması bədii ənənənin parçalanması idi.
Flandriyanın milli mədəniyyətinin və incəsənətinin çiçəklənməsi XVII əsrin I yarısını bürüyür. Flandriya– kəndli ölkəsi olub, hələ orta əsrlərdə yaranmış özünəməxsus xalq bayramları ənənələri ilə məşhur idi. Kütləvi karnaval yürüşləri, toylar, oyunlar, paxla kralının bayramı xalq arasında sevilən bayramlardan idi. Onlar XVII əsr Flamand rəngkarlığı üçün tipik olan obraz və mövzular yaradır, doqmatik və katolik məzmunlu dini rəngkarlığı arxa plana keçirirdi. Flandriyanın bədii mədəniyyətinin xüsusiyyətləri — dünyanın dərk edilməsinə can atmaq, xəlqilik, nikbinlik, təntənəli bayram əhval-ruhiyyəsi rəngkarlıqda daha yaxşı ifadə olunurdu.
1581-ci ildə şimali Niderland əhalisi çoxillik müharibədən sonra ispan əsarətindən xilas oldu və 7 əyalətdən ibarət Birləşmişəyalətlər Respublikası yaratdı. Bunların içərisində Hollandiya təsərrüfatçılıq və mədəni cəhətdən lider olduğundan bütün ölkə tezliklə belə adlanmağa başladı. Bu, Avropada ilk burjua respublikası idi. İnqilabın aparıcı qüvvələri kəndlilər və kasıb şəhərlilər olsa da bu inqilabın nəticələrindən burjuaziya bəhrələnib hakimiyyətə gəldi. Yeni Niderlandın ictimai quruluşunda XVI əsrlə müqayisədə çox az fərq olduğu halda mənəvi həyatda nəzərəçarpan dəyişikliklər baş verdi. Kalvinizm – dövlət dini oldu. Bu din nə kilsə incəsənətini, nə də ikonaları tanımaq istəmirdi. Ona görə də holland rəssamları dini mövzulardan əl çəkməyə məcbur olub, yenilərini axtarmağa başladılar. Bu məqsədlə onlar ətraf aləmə, gündəlik hadisələrə müraciət etməyə başladılar. Sifarişçilərin çoxu savadsız olduğuna görə onlar üçün əsas meyar – təsvirin orijinala maksimum oxşaması və daha canlı görünməsi idi. Sifarişçilərin zövqü səviyyəsinə enməyə məcbur olan rəssamlar bütün ömrü boyu müəyyən bir janr çərçivəsində ixtisaslaşırdı. Rəsm əsərləri bazar əmtə əsinə çevrilirdi. Demək olar ki, hər bir varlı şəhərli şəkil alaraq öz evindən asırdı. Artıq Holland respublikasının rəssamları Avropada ilk dəfə olaraq kilsənin, kral və tanınmış mesenatların (elm və incəsənətə hamilik edən varlı) təzyiqi ilə işləmir, sosial gerçəkliyi təsvir edən demokratik və realist əsərlər yaradırdılar. Beləliklə, ölkədə elm və texnikanın inkişafı üçün də şərait yarandı. Fransız filosofu Dekart məhz burada sığınacaq tapdı. Spinozanın fəlsəfəsi burada formalaşdı.
Fransa
XVII əsrdə Fransada dövlət quruluşunun xüsusi forması yarandı ki, sonralar bu, mütləqiyyət adını aldı. Kral XIV Lüdoviqin (1643-1715) «Dövlət – mənəm» ifadəsinin dərin kökü var idi: hökmdara sədaqət – vətənpərvərliyin əsas şərti idi. Ölkənin hətta dini həyatı belə kral hakimiyyətinə tabe idi. Fransanın katolik kilsəsi Roma papasından asılı olmamağa və bir çox məsələləri müstəqil həll etməyə çalışırdı.
Əsasən İntibah ənənələrini davam etdirən XVII əsrin maraq dairəsi və idrak diapozonu xeyli genişləndi. Bunun nəticəsində XVII əsr mədəniyyəti, o cümlədən incəsənəti əvvəlki dövrə nisbətən daha mürəkkəb, məzmun və formaca daha ziddiyyətli oldu.
XVII əsrdə avropalıların dünya haqqında elmi və fəlsəfi fikirləri də nəzərəçarpacaq dərəcədə zənginləşdi. Ötən əsrlərin coğrafi kəşfləri — Amerikanın kəşfi (1492-ci il), birinci Dünya (dövr-aləm) səyahəti (1519-1522-ci illər), Kainatın sonsuzluğu, Yerin Günəş ətrafında fırlanması haqqında yeni elmi-fəlsəfi təsəvvürlər dünyanın nə qədər böyük və mürəkkəb olduğunu göstərirdi. Həmçinin, Avropanın qabaqcıl ölkələrinin iqtisadi yüksəlişi, manufakturaların, ticarətin inkişafı da dəqiq və təbiət elmlərinin tərəqqisi üçün təməl yaratdı. Qalileyin, Keplerin, Nyutonun, Leybnisin, Dekartın riyaziyyat, astoronomiya, fizika, fəlsəfə sahəsindəki nəhəng kəşfləri, o cümlədən, Bekon, Hobbs, Lokk, Spinoza kimi filosofların dünya haqqındakı fəlsəfi fikirləri insanların təbiət və Kainat haqqındakı təsəvvürlərinin genişlənməsinə xidmət etdi. Riyaziyyat, astronomiya, fizika və digər təbiət elmlərinə artan maraq elm və fəlsəfəni yeni istiqamətə yönəltdi. Avropanın mütərəqqi fikirli filosof və alimləri «elm elm üçündür» devizini deyil, təbiəti insana tabe etmək məqsədini güdürdülər. İngiltərədə F.Bekon, Fransada R.Dekart, Hollandiyada Spinoza bir-birindən fərqlənsələr də onları məhz bu məqsəd birləşdirirdi. Qalileyin şagirdi Torriçelli havanın təzyiqi faktını, civə barometri və hava nasosunu, dahi ingilis alimi Nyuton klassik mexanikanın qanunlarını, ümumdünya cazibə qüvvəsini kəşf etdi. R.Boyl mexanikanı kimyaya tətbiq edərək atomistikanın problemlərini işlədi, kimyəvi element anlayışını müəyyən etdi (1600-cü ildə). İngilis fiziki Gilbert «Maqnit haqqında» əsərini yazdı. Burada sırf fiziki qanunlardan başqa, bütün təbiət elmlərinin kəmiyyət ölçüləri və eksperimentin rolu haqqında mühüm ideyalar mövcuddur. Qarvey qan dövranını kəşf etdi. Dekart və Leybnis riyaziyyat, mexanika, fizika və fiziologiya elmlərinə böyük töhfələr verdilər.
XVI-XVII əsrlərdə Qərbi Avropanın qabaqcıl ölkələrində kapitalist istehsal üsulunun inkişafı, kapitalist münasibətlərinin formalaşması burjuaziyanın bir təbəqə kimi müstəqil sinfə çevrilməsini təmin etdi. F.Bekon və R.Dekart burjua fəlsəfəsinin baniləri oldu.
Təbiəti dərk etmə əsasında elmi-fəlsəfi metodun işlənməsi ideyasını ilk dəfə Yeni dövr elminin ilk filosofu F.Bekon (1561-1626) qarşısına məqsəd qoydu. Bekonun fikrincə idrakın ali vəzifəsi təbiətin ram edilməsi və insan həyatının yaxşılaşdırılmasıdır. İlk dəfə məhz F.Bekon orta əsr sxolastik təfəkkür üslubunun yox edilməsinin və yeni elmi-fəlsəfi metodologiyanın işlənməsinin zəruriliyini dərk etdi. Bekon üçün fəlsəfə ilk növbədə elmlərin metodologiyasıdır. Bekonun əsas əsərləri «Yeni orqanon», «Yeni Atlantida», «Mənəvi, iqtisadi və siyasi təcrübələr»dir. Elmlərin genişləndirilməsi və məziyyəti» və «Yeni orqanon» əsərlərində fəlsəfəyə giriş verilərək praktiki həyatda elmi biliklərin vacibliyi qeyd edilir, bu vaxtadək elmi tərəqqiyə mane olan cəhətlərin üzə çıxarılmasına cəhd edilir, ağılı hər cür bütlərdən xilas edib, elmlərin islahatını keçirmək və aristotelçi-sxolastik metodu ifşa etmək yolları axtarılır. Eksperimental təbiət elmləri Bekon üçün yeganə nümunə idi. O, fəlsəfəni məhz belə təməl üzərində qurmaq istəyirdi.
R.Dekart (1596-1650) da, Bekon kimi biliyin əsas məqsədini onun insana xidmət etməsinbə görürdü. O, fəlsəfəni «ciddi elmlər» səviyyəsinə qaldırmağa cəhd edirdi. Onun fikrincə fəlsəfə universal riyaziyyat» olmalıdır. Dekartın dünyagörüşündə «metafizika» deyil, fizika – təbiət haqqında təlim həlledici əhəmiyyətə malikdir. Fizika, kosmologiya və riyaziyyatı Dekart filosof kimi deyil, alim kimi şərh edir. Dekart — analitik həndəsənin yaradıcılarındandır. Mexanikada hərəkət və sükunətin nisbiliyi, təsir və əkstəsir qanunlarını formalaşdırıb. Optikada işığın sınması zamanı sinusların daimi münasibəti qanununu əsaslandırıb, göy qurşağının riyazi nəzəriyyəsini inkişaf etdirib. Kosmoqoniyada günəş sisteminin təbii inkişafı haqqında fikir söyləyib. Dekart həmçinin cəbri işarələr sisteminin yaradıcısıdır ki, muasir elmdə bu, cüzi dəyişikliklərlə saxlanmaqdadır. Dekartın kosmoqoniya və fizikası insan haqqında təlimlə tamamlanır. Dekart fiziologiyasının əsasını Qarveyin qan dövranı nəzəriyyəsi təşkil edir. Dekart rasionalizm – idpakda ağılın birinciliyini, onun hissi qavrayışdan asılı olmadığını qəbul edən nəzəriyyə tərəfdarı idi.
Fəlsəfədə rasionalist hərəkat və klassisizm bir sıra ümumi cəhətlərə malik idi. Rasionalizm metodologiyasını Dekart «Metod haqqında düşüncələr» (1637) əsərində ifadə edib. Dekartın öz estetik nəzəriyyəsi olmasa da, məktublarında o, gözəllik anlayışı, klassisizmin bəzi prinsipləri olan düzgünlük, aydınlıq, təmizlik haqqında fikirlər söyləyir. Faciəviliyin rolu haqqında da onun müəyyən baxışları var. Dekartın davamçıları olan karteziançılar öz estetik təlimləri ilə yalnız XVIII əsrin I yarısında çıxış edə bildilər. Onların ən görkəmli nymayəndəsi «Gözəllik haqqında təcrübələr» (1741) əsərinin müəllifi Andredir.
XVII əsrdə fəlsəfi və estetik fikir Avropanın digər qabaqcıl (Almaniya) ölkələrində də inkişaf etməkdə idi. Məsələn, İngiltərədə F.Bekonun katibi T.Hobbs və hər ikisinin davamçısı C.Lokk Dekartın «anadangəlmə ideyalar» fikri ilə razılaşmırlar. Hobbsun fikrincə, xarici hisslər nəinki ideyaların, hətta idrakın mənbəyidir. Lokkun fikrincə isə ideyaların mənbəyi təcrübə, biliklərin mənbəyi – xarici aləmin hissi qavranılmasıdır. Lokkun «İnsan ağlı haqqında təcrübə» (1690) traktatı məhz Dekart təliminin tənqidi ilə başlayır.
XVII əsrin ortalarında İngiltərə və Fransa kimi qabaqcıl kapitalist ölkəsi olan Niderlandda (indiki Belçika və Hollandiya) da elm (riyaziyyat, astronomiya, mexanika, fizika), texnika (hərbi və mülki), incəsənət (məs., Rembrandt) yüksək pilləyə qalxmış, fəlsəfənin inkişafı üçün əlverişli şərait yaranmışdı. Dekart məhz bu ölkədə 20 il yaşayıb yaratmışdı. Amsterdamda varlı yəhudi ailəsində doğulmuş Spinoza bu ölkənin dahi filosofu oldu. Dövrün qabaqcıl ideyaları, xüsusən Dekart fəlsəfəsi ilə tanışlıq, onun iudaizmlə üzülüşməsinə və yəhudi icmasından qovulmasına səbəb oldu. Spinozanın əsas əsərləri «Dini-siyasi traktat» (1670) və «Etika»dır.
XVII əsr Avropasının siyasi həyatında da əhəmiyyətli dəyişikliklər baş verdi. Əsrin əvvəlində Avropanın ilk kapitalist ölkəsi sayılan Hollndiyada inqilabi nailiyyətlər əldə edildi. Hollandiya kiçik burjua ölkəsindən nisbətən inkişaf etmiş ölkələr sırasına keçdi. Əvvəllər güclü olan Hollandiya sonralar zəifləyir. İngiltərədə 16401660-cı illərdə baş vermiş ümumavropa miqyaslı burjua inqilabı nəticəsində parlament respublikası bərqərar oldu. Fransada mütləq monarxiyanın klassik nümunəsi yarandı. Feodal zadəganlığına xidmət edən fransız mədəniyyəti öz proteksionist siyasəti ilə (kapitalist ölkələrində gətirilən mallara yüksək kömrük qoymaqdan ibarət himayəçilik sistemi) burjuaziyanın inkişafını təmin etsə də feodalizm hələ öz gücünü itirməmişdi. XVI əsrdə dünyanın ən qüdrətli dövlətlərindən olan feodal İspaniyası Avropanıın irticaçı və geridə qalmış ölkələrindən birinə çevrilir. İqtisadi durğunluğa düçar olmuş bu ölkəyə hətta Amerikanın nəhəng malikanələrindən əldə edilən gəlir də kömək edə bilmir. Mərkəzi Avropada böyük və çoxmillətli dövlətlər – gələcək Avstriya imperiyası formalaşırdı. Almaniyanın və İtaliyanın əsas hissələrində bir-biri ilə daim düşmənçilik edən xırda dövlətlər mövcud idi. Bu ölkələrdə feodal pərakəndəliyi şəraitində knyaz despotizmi hökm sürən xırda dövlətlər yaranırdı. Hətta İngiltərədə də burjuaziya öz hakimiyyətini aqrar aristokratiya ilə bölüşürdü. XVI əsrin əvvəllərində Avropanın dini qurumlara görə 2 hissəyə– protestant və katoliklərə bölünməsi dövlətlər arasındakı siyasi və mədəni əlaqələrin sərtləşməsinə səbəb oldu. Dövrün qabaqcıl mütəfəkkirlərinin feodalizmə qarşı çıxışları ictimai fikri boğan və öz təsirini yenidən gücləndirən katolik kilsəsinin tənqidi ilə əlaqədar idi.
Dövrün bütün bu dəyişiklikləri incəsənətdə də öz əksini tapır. Gerçəkliyin fəal dərk edilməsi, zamanın və hadisələrin, mühitin və xarakterlərin təhlili söz sənəti üçün önəmli olduğundan Şekspir, Lope de Veqa, Servantes, Kalderon, Kornel, Rasin, Molyer və b.-nın yaradıcılıq timsalında roman və dramlar, ümumiyyətlə bədii ədəbiyyat bu funksiyanı digər sənət növlərindən də əvvəl öz üzərinə götürdü. Lakin XVII əsrdə İntibah idealları və ənənələri ilə hələ də sıx bağlı olan təsviri sənət hegemon olaraq qalırdı. Yenidən antik dövrə müraciət edən XVII əsr rəssamları özlərini antik ənənələrin yeganə varisi hesab edən «universal» (məs. Leonardo da Vinçi, Mikelancelo həm rəssam, həm heykəltəraş, həm də memar idilər) İntibah sənətkarlarından fərqli olaraq, demək olar ki, yalnız bir janr çərçivəsində məhdudlaşırdılar. Artıq XVII əsrdə İtaliya incəsənəti əvvəlki nüfuza malik deyildi. Bir sıra Avropa ölkələrində İtaliyadakılardan heç də geri qalmayan milli bədii məktəblər yarandı. Onların ümumi cəhətlərindən biri – incəsənətin ayrı-ayrı növlərinin sintezi idi. Saray və məbəd ansambllarında memarlıq, heykəltəraşlıq, rəssamlıq və dekorativ-tətbiqi sənətin elementləri çox gözəl səsləşirdi. Gerçəkliyin daha müfəssəl təsviri cəhdi yeni janr və formaların yaranmasına səbəb oldu. Təsviri sənətdə ənənəvi bibliya və mifoloji janrlarla yanaşı dini olmayan kübar janrlar da – məişət janrı, peyzaj, natürmort, portret və s. müstəqil mövcud olmağa başladı.
Beləliklə, XVII əsrdə Avropada incəsənətin bütün növlərini – bədii ədəbiyyat, musiqi, teatr, memarlıq və təsviri sənəti əhatə edən 2 yeni üslub – barokko və klassisizm bərqərar oldu.
Şərti olaraq Cordano Brunonun (1600) qətl ili İntibahın yekunu hesab edilir. Mədəni-tarixi baxımdan olduqca coşqun və maraqlı olan məhz XVII əsrdə İntibah barokko ilə əvəz olunur. Həyatın mahiyyətini hərəkətdə verən barokko, termin kimi yalnız XIX əsrin sonunda İsveçrə sənət nəzəriyyəçisi U.Burqxardt və Völflin tərəfindən ədəbiyyata gətirilib. Barokko italyan dilində «qəribə, əcayib», portuqal dilində «əyri mirvari» deməkdir. Əslində isə heç kim bu sözün nə mənşəyini, nə də ilkin mənasını bilmir. Lakin barokkonun XVII əsr incəsənəti tarixində müstəsna rol oynaması hamıya məlumdur. Barokko İntibah böhranından sonra manyerizmin ardınca yaranaraq rokoko üslubunun sələfi olur.
Barokko dünyaya klassik əsərlər yaradan yazıçılar, rəssamlar, memarlar, musiqiçilər bəxş etdi. Lakin bu sənət sahələrinin heç biri öz cəsarət və novatorluğu ilə musiqiyə çata bilməzdi. Musiqi tarixində yeni dövrün başlanmasını opera, kantata, oratoriyanın yaranması, fuqa, konçerto qrosso, ansambl və solo sonatalarından ibarət instrumental musiqinin intensiv inkişafı təsdiq edir. XVII əsr və XVIII əsrin əvvəllərində barokko cizgiləri İtaliya və Almaniyanın musiqi sənətində özünü daha aydın büruzə verir. Fransada bu dövrdə klassisizm də mövcud idi. XVIII əsrin əvvəllərində Avropada barokko ilə yanaşı «zərif üslub» (qalant üslubu) da inkişaf edir. Bununla belə, XVII əsr və XVIII əsrin I yarısının görkəmli sənətkarlarının bir qismi nə barokko, nə də digər bədii üslub çərçivəsinə sığmırdı. İ.S.Bax, Hendel, K.Monteverdi, A.Vivaldi və b. buna misaldır. Bu dövrün musiqisi XVI əsrdə hökmranlıq edən klassik xoru və dini mövzuları inkar edir. Musiqili dram, o cümlədən musiqi simfonizminin formalaşmasının mühüm sələfi olan opera janrı inkişaf edir. Klaudio Monteverdinin (1567-1643) «Orfey», «Poppeyin tacqoyma mərasimi», Can Batist Lüllinin (1632-1687) «Armida» və opera sənətinin digər şah əsərləri buna misaldır.
Bədii ədəbiyyat insanların dünyaya münasibətlərindəki dəyişikliyi daha yaxşı əks etdirirdi. XV əsrin ortalarında İspaniyada yaranan və tezliklə Qərbi Avropa və Latın Amerikası ölkələrinə yayılaraq XVII əsrdə tam yetişən yeni janr orta əsrlərin ideallaşdırılmış qəhrəmanlarından ibarət cəngavər romanlarından fərqlənirdi. Plutov romanları adlanan bu janr mənfi qəhrəmanların – yalançıların və fırıldaqçıların yaşadığı sərt və məşəqqətli həyatı təsvir edirdi. XVI əsrdə İspaniyada özünəməxsus yoxsulluq hökm sürürdü. Okeanın o tayındakı yüngül qazanc imkanları iləşirnikmə və halal zəhmətə nifrət bu yoxsulluğun əsas xüsusiyyəti idi. Ümidsizlik və əxlaqsızlıq ispan cəmiyyətində xüsusi təbəqənin – pikaronun yaranmasına səbəb oldu ki, bu da keçmişəsgərlərdən, oğrulardan, fahişələrdən, qumarbazlardan, təlxəklərdən, müflis olmuş zadəganlardan, bəxti gətirməyən tələbələrdən və b. ibarət idi. İspan cəmiyyətində kübar təbəqə tərəfindən nifrət olunan, özü isə sadə xalqa nifrət edən digər təbəqə də mövcud idi. Apikardo adlanan bu təbəqə burjuaziyadan ibarət olub çox vaxt pikaro ilə səhv salınırdı. Barokko dövrünün bu iki, sinfi simasını itirmiş təbəqəsinin etirazı rəsmi barokko ilə müqayisədə qeyri-mədəni fenomen olan plutov romanının yaranmasına səbəb oldu. N.Tomaşevski yazır ki, «İspan barokkosu yalnız ədəbi fenomen yox, həm də siyasi və epik fenomendir. O, həyatın qavranması və dərkedilməsi vasitəsi olub kontrreformasiyanın ideologiyası ilə sıx bağlıdır.» (Tomaşevski N.Plutovskiy roman. M., 1975, s.9). Plutov romanı zəif janrlara aid edilən mövcud kübar qəhrəmanlığına qarşı öz plutov antiqəhrəmanını qoyurdu. Təxminən 1525-1526-cı illərdə yazılmış anonim müəllifə məxsus «Tormesli Lasariylonun həyatı» povestinə məhz belə ironik ziddiyyət xasdır. Lasarilyo haqqında bu kitab reallığı tanımayan, ibrətamiz ədəbiyyata qarşı çıxır. Bədbəxtlik və yalan içərisində «yaşamaq sənəti»nin bütün mərhələlərini öyrənən bu «avtobioqrafik» əsər borc və vicdan anlayaşlarının dərk edilməsi ilə bitir. Bu kitab tamahkarlığa, hörmətsizliyə, rəhmsizliyə biclik və yalan vasitəsilə qalib gəlməyi öyrədir.
Bəzi İntibah mülayimliyi ilə fərqlənən «Lasarilyo»dan fərqli olaraq Mateo Alemanın «Alferaçeli qusman» (1599-1604) əsəri əsil plutov romanı olub, bu janrın ilk klassik nümunəsidir. Bu əsərdə ispan gerçəkliyi gülünc vəşişirdilmiş şəkildə təsvir edilir, dilənçilik, sutenyorluq (kapitalist cəmiyyətində öz aşnası fahişənin xərcilə yaşayan kişi) isə monumental miqyas alır.
Plutov janrının ən görkəmli nümayəndələri Fransisko de Kevedo, Luis Keles de Qevara, Alonso Kastilyo de Solorsano və b.-dır.
Əlbəttə, barokko ədəbiyyatı təkcə plutov romanlarından ibarət deyildi. XVII əsrin dahi yazıçılarından biri Hans Yakob Kristov Qrimmelshauzendir (1621-1676). 1668-ci ildə o, «Simplisissimus» əsərini yazır. Kitabda Almaniyanı və Şərqi Avropanı viran qoyan 30 illik (1618-1648) müharibənin dəhşət və fəlakətləri təsvir edilib. Qrimmelshauzen barokko ədəbiyyatının özünəməxsus xalq variantını yaratdı ki, burada mücərrədlik və məcazilik naturalist aşkarlığı vəşairanə konkretliklə uzlaşır. Bu cür nəsr «qeyri-ədəbi» materialı udaraq böyüyürdü. «Simplisissimus» çoxlu müxtəlif elmi məlumatlarla doludur. Burada qədim tarixdən, antik yazıçıların gördüklərindən, təbabət, astrologiya kimi təbiət elmlərinin faktlarından misal gətirilir. Mətndə üstüörtülü sitatlar da çoxdur.
XVII əsr ədəbiyyatı gerçəkliyin xaotik şəkildə parçalanmış mənzərəsini təsvir edərək onun ensiklopedik təsvir edilməsinə can atır. XVII əsrin plutov romanları gerçəkliyi nəzərdə tutulan şərait əsasında daha mükəmməl əhatə edir. XVII əsrin tarixi romanları isə üstünlüyü şəraitə yox, elmi biliyə verərək şüurlu surətdə gerçəkliyin tam, ensiklopedik inikasına can atır.
XVII əsrin ədəbi üslubu cisimləri onların real əlaqələrindən deyil, xüsusi kontekstdən, məşhur alleqorik mənadan izah edən özünəməxsus emblematik təfəkkür tərzi ilə xarakterizə edilir. XVII əsr ədəbiyyatı ənənəvi alleqorik mövzuları, obrazları, mənaları toplayaraq əxlaqi-ritorik biliklərin xüsusi forması səviyyəsində sistemləşdirir və inkişaf etdirir. Poeziya məhz bu əsasda tərəqqi edir. Barokko yazıçısı ənənəvi-ritorik sözün köməyilə XVII əsrin coşqun xaosunu dərk etməyə və onun qarşısını almağa çalışır. Barokko şairi ziddiyyətlərlə dolu olan gerçəkliyi əsrlərdən bəri bilik, əxlaq, nəsihət funksiyaları əldə etmiş soz sənəti ənənələrinə yaxınlaşdırmağa çalışır. Bu zaman o, gerçəkliklə söz sənəti ənənələri əlaqələrinin bərpa edilməsi üçün fərdi üsullar axtarmalı olur.
Memarlıq
Barokko memarları İntibahın bir çox bədii ənənələri ilə, xüsusən də onun harmonik və tarazlaşdırılmış həcm üsulları ilə vidalaşaraq bütöv memarlıq ansambllarına yalnız ayrı-ayrı tikililəri və meydanları deyil, küçələri də aid etməyə başladılar. Əgər erkən barokko üçün dekorativ elementlərin sayının artırılması xarakterik idisə, yetkin barokkoda plastik ifadəlilik güclənir. Barokko memarlığının əsas xüsusiyyətlərindən biri – geniş məkanı təşkil edən ansambl yaratmaq idi. Heykəltəraşlıq memarlıqla bəzən elə əlaqələndirilir ki, çox vaxt me-mar və heykəltəraşın işlərini bir-birindən ayırmaq çətin olurdu. Şəhər meydanları, saraylar, pillələr, fəvvarələr memarlıq və heykəltəraşlığın sintezi prinsipi üzrə tikilərək ümumi dekorativ tərtibata tabe edilirdi. Barokkoda sənətlərin sintezi zamanı heykəltəraşlıq və rəngkarlıq memarlığa tabe edilərək onunla qarşılıqlı əlaqədə olur. Gözəl divar rəsmləri gümbəzləri, plafonları (naxışlı, bəzəkli tavan) və divarları bəzəyərək geniş məkan illüziyası yaradırdı. Dinamika dolu heykəltəraşlıq gözəl olub, memarlıqla ayrılmazdır.
İtaliya. Katolik Roma barokko memarlığının əsas mərkəzi oldu. Burada barokkonun təməli Vinyola, Palladno, xüsusən də Mikelancelonun yetkin yaradıcılığı ilə qoyulmuşdu. Barokko memarları yeni tikili tipləri tətbiq etməsələr də köhnə tipli tikililərə – kilsələrə, saraylara, villalara onların formasını və arxitektura baxımından məzmununu dəyişən yeni konstruktiv kompozisiya və dekorativ üsullar tapırdılar. XVI əsrin sonundan başlayaraq barokko cizgiləri artan məbəd tiplərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirirdilər. XVII əsrdə memarlıq formaları daha dinamik və gərgin olur.
XVII əsr italyan memarlığının daha xarakterik cizgiləri Roma abidələrində ifadə olunub. Barokkonun əsas xüsusiyyəti – ansambl yaratmaq cəhdi özünü məhz burada daha fəal göstərib. Bu üslub müxtəlif dövrlərin tikililərini memarlıq baxımından birləşdirdi.
Barokko üslubunun ilk nümunəsi 1575-ci ildə memar Cakoto Barotsi da Vinyola (1507-1573) və Cakoto della Porta (təx.1537-1602) tərəfindən yezuitlərin (mürtəce katolik ruhaniləri cəmiyyətinin üzvü) monax ordeni (cəmiyyəti) üçün tikilmişİl-Cezu kilsəsidir. Layihənin əsas hissəsinin müəllifi Vinyola Gümbəzli bazilika formasına müraciət etmişdi. Bu tipli əvvəlki tikililərə nisbətən kilsənin mərkəzi nefi daha qısa və genişdir, yan neflər əvəzinə isə hər iki tərəfdə kapellalar yerləşirdi. Məbədin qalın sütunlar və pilyastrlarla (bir tərəfi divara bitişmiş dördkənarlı sütun), çoxlu heykəllərlə bəzədilmiş interyeri çox təntənəli görünür. Kilsənin Cakoto della Porta tərəfindən ifa edilmiş fasadının kompozisiyası da maraqlıdır. Sənətkar divarın çox iri bir sahəsini iki üfqi yarusa bölərək, hər birini orderlə (memarlıq kompozisiyası) bəzəyir. Nisbətən dar olan üst yarus yanlardan spiralabənzər detallarla – volyutalarla (italyanca – «buruq, qıvrvm») çərçivəyə salınıb və sanki aşağı süzülür. Bu, fasada mürəkkəb və ifadəli görünüş verir. Sonralar belə tərtibat barokko üslublu bir çox kilsələr üçün tipik oldu. Bir qədər sonra isə bu tikililəri nəzərdə tutan «yezuit üslubu» termini də yarandı.
Barokko kilsə memarlığına ən çox töhvə vermiş sənətkarlar Karlo Maderna, Françesko Barromini və Lorenso Berninidir.
Karlo Madernanın həyatında gördüyü əsas iş Müqəddəs Pyotr kilsəsinin yenidən tikilməsi idi (16071617). İntibah dövründə Mikelancelo tərəfindən inşa edilmişəsas binaya o, qərb tərəfdən böyük hissə əlavə edərək bütün kilsəni sentrik formadan bazilikal formaya çevirib.
Barokko memarlığında saray və villalar da mühüm yer tutur. XVII əsrdə İtaliyida çoxlu saray ansamblları da tikilirdi. Barokko sənətkarları bunlarda şəhər və şəhərkənarı tikililərin cizgilərini birləşdirməyə çalışırdılar. Məs. Barberinin sarayı (1625-1664). Onun tikintisini Maderna başlamış, Barromini və Bernini isə bitirmişlər.
Madernanın şagirdi olan Françesko Barromini (1599-1667) roma barokkosunun cadugəri sayılır. Onun inşa etdiyi tikililərin sayı çox deyil. Romada o, Navona meydanında Sant-Anyeza (1653-1661), Roma Universitetinin həyətində Sant-İvo (1642-1660) və 4 fəvvarənin yanında San-Karlo alle Kuatro Fontane kilsəsini tikib.
Lorenso Bernini (1598-1650) yetkin barokkonun banisi olub, İntibah sənətkarları kimi hərtərəfli inkişaf etmiş insan idi. Memar, heykəltəraş, rəssam, dekorçu olan Bernini italyan incəsənətinin rəsmi cərəyanına başçılıq edir və əsasən roma papalarının, kardinallarının və yüksək roma aristokratiyasının sifarişlərini yerinə yetirirdi. Onun ən xarakterik tikililərindən biri Romadakı Sant-Andrea al Kvirinale kilsəsidir (1653-1658). Bernininin nəhəng memarlıq işlərindən biri Romada müqəddəs Pyotr kilsəsinin çoxillik tikintisinin başa çatdırılması və onun qarşısındakı meydanın tərtibatı idi (1656-1667).
İspaniya. XVI əsr İspan memarlığı əsasən orta əsr ənənələrini davam etdirsə də İtaliya İntibahının nailiyyətləri də diqqəti cəlb etməyə başladı. İspan memarları Romada və İtaliyanın digər şəhərlərində işləməyə başladılar, öz növbəsində italyanlar da İspaniyaya gəlməyə başladılar.
XVII əsrdə meydana gələn plateresko (ispanca – «naxışlı», «döyməli») termini XVI əsrin I yarısında zərgər dəqiqliyi ilə tikilən və gözəlliyi ilə fərqlənən ispan tikililərinə aid edilirdi. Plateresko üslubunda olan əsas işlər dini olmayan kübar tikililər – universitetlər, xəstəxanalar, xüsusi evlərdir. Kilsə memarlığı, əsasən monastırlarla təmsil edilirdi. Mərkəzi İspaniyaya aid olan Salamankada 1529-cu ildə yeni üslubda universitet inşa edildi. 1539-cu ildə burada Santyaqolu memar Rodriqo Xil de Ontanyon və qardaşı Martinin tikdikləri və başa çatdıra bilmədikləri Monterrey hersoqlarının sarayı plateresko üslubunda olan bir çox yaşayış evləri üçün nümunə oldu. Leon şəhərində 1514-1549-cu illərdə memar Xuan de Oroçko, Martin Villereal və Xuan de Bedaxoz tərəfindən tikilmiş San-Marko monastırı plateresko üslubunda inşa edilmiş kilsə memarlığına misaldır. Plateresko üslubunun çiçəklənmə dövrü uzun sürmür. İspan memarlığına tədricən italyan barokkosunun cizgiləri daxil olmağa başlayır. Bu dövrdə Çurrigera ailəsinin, xüsusən Xose Benito Çurrigeranın tətbiq etdiyi üslub sonralar «çurrigeresk üslubu» adını aldı.
Heykəltəraşlıq
İtaliya. Əsasən Romada işləyən Lorenso Bernininin ilk yetkin heykəltəraşlıq işi 1623-cü ildə yapdığı «David»dir. Bibliyaya görə gələcəkdə İudey çarı olan gənc çoban David yəhudilərə qarşı müharibə aparan filistimli ordusunun ən güclü əsgərinə, pəhləvan Qoliafa təkbətək vuruşda qalib gəlir. İntibah dövründə Donatello və Mikelancelo bu bibliya qəhrəmanının ideal sayılan heykəlini yaratmışlar. Sələflərindən fərqli olaraq Bernini nə bu döyüşə hazırlığı, nə də onun nəticələrini göstərmir, o, Davidi Qoliafla bir yerdə təsvir edir. Bernini öz Davidini dini ədavət simvoluna çevirir. David barokko çərçivəsindən kənara çıxır. Bernininin əsas heykəltərişlıq əsərlərindən biri – müqəddəs Pyotr kilsəsindəki ansambldır: imperator Konstantinin vestibüldəki atlı heykəli, müqəddəs Pylotrun 30 metrlik kafedrasındakı (1657-1666) müqəddəslər, mələklər və b.-nın heykəlləri çox gözəl işlənmişdir. Bernininin əsərlərində yeni tipli realizm cizgiləri də düyülür. Çox da böyük olmayan Santa Mariya della Vittoriya kilsəsindəki müqəddəs Terezanın mehrabı Bernininin sənətini daha dərindən açır. Bu əsər 2 fiqurdan ibarətdir: müq. Tereza və onun ürəyinə ox sancan mələk. Tereza mifik obraz yox, XVI əsrdə yaşamış tarixi şəxsiyyətdir. Bu rahibə qadın onun ürəyinə qızıl ox sancan mələyi yuxuda görüb və bunu kağıza yazıb qoyub. Sonralar kilsə onu müqəddəslər cərgəsinə aid edib. Bu əsər yalnız İtaliyada deyil, digər ölkələrdə də barokko heykəltəraşlığı üçün nümunə oldu. Bernininin digər əsərləri də, məsələn heykəl-büstlər də bu qəbildəndir. Bunlardan kardinal Borqezin portreti, fransızların «günəş kralı» adını almış XIV Lüdoviqinin portreti və s.
İspaniya. XVII əsr ispan heykəltəraşlığı rəngkarlıq qədər yüksək zirvəyə çatmamışdı. Əsrin I yarısındı ən görkəmli ispan heykəltəraşı Qreqorio Ernandes (təx.1576-1636) hesab edilir. «Oxşama» əsərində İsa peyğəmbərin ölümü təsvir edilir. Əsrin II yarısının ən görkəmli sənətkarlarından Pedro da Mena (1628-1688) Qranadada işləmiş və yaratmışdır. Müq. Fransiska fiquru yaradıcılığının yetkin dövrünə aiddir. Hər iki sənətkar naturalizm üslubuna üstünlük verir. İspan heykəltəraşlığında naturalizm adətən barokko emosionallığı ilə birləşir.
Rəngkarlıq
İnsanın ətraf aləmə yeni münasibəti rəngkarlıqda da özünü göstərir. Barokko rəssamları artıq insan və dünyanın harmoniyasını deyil, onların arasındakı ziddiyyətləri göstərməyə çalışır. Böyük Dünyanı birdəfəyə qavramaq heç də hamı üçün asan olmadığından rəssamlar simvolik obrazlardan, işarə və eyhamlardan istifadə edərək əsərin hüdudlarından kənarda olan məkanın bədii izahını verirdi.
İtaliya
Barokkonun XVII əsr italyan incəsənətində, xüsusən memarlıq və heykəltəraşlığında hakim mövqe tutmasına baxmayaraq, realist üslub da özünəməxsus yer tuturdu. Bu üslub daha çox Avropa realist rəngkarlığının inkişafına misilsiz təsir göstərən Mikelancelo Merizi da Karavaconun əsərlərində öz ifadəsini tapırdı. İtaliyanın özündə Karavaconun çoxlu ardıcılları meydana gəldi ki, onları karavacoçular adlandırırdılar. Bununla bərabər, karavacopərəstlər İtaliya sərhədlərindən uzaqlarda da mövcud idi. O dövrün dahi rəssamlarından heç biri Avropa realist sənətində əsas mərhələ təşkil edən Karavacodan yan keçə bilmədi. Karavaconun sərt pealizmi onun müasirləri, «yüksək sənət» təpəfdarları sarıdan başa düşülmürdü. Əsərlərinin bilavasitə təsir obyekti olan naturaya müraciət və onun izahının doğruluğu Karavacoya çoxlu düşmən qazandırmışdı. Bunların içərisində rəsmi şəxslər və ruhanilər də var idi. Karavaco sənətinin formalaşmasına XVI əsrin sonunda İtaliyada inkişaf edən parlaq və emosional ifadəli Venesiya rəngkarlığının ənənələri, həmçinin yaradıcılıq azadlığına can atan manyerizm güclü təsir göstərmişdi.
Karavaconın yaradıcılığında dini mövzular mühüm yer tutur. Məs. «Yudif və Olofern» (1599), «Fomanın inamı» (XVI əsrin 90-cı illərinin II yarısı), «Emmausda şam yeməyi» (1599). XVI-XVII əsrlər arasında Karavaco apostolların həyatına aid süjetlər əsasında 2 silsilə rəsmlər yaradıb. Bu əsərlərdən 3-ü apostol Matveyə həsr edilərək Romada San Luici dei Françezi kilsəsinin Kontarelli kapellası üçün çəkilmişdi (1597-1600). 1945-ci ildə bu əsərlərdən biri məhv olur. Karavaco daim məbədlər üçün sifarişlər alırdı. Santa-Mariya della Skala kilsəsinin mehrabı üçün çəkdiyi «Məryəmin ölümü» əsəri buna misaldır (1605-1606). «Apostol Matveyin çağırışı» (1599-1600), «Savlın dönməsi» (1600-1601), «İsanın tabuta qoyulması» (1604) və s. əsərlər də maraq doğurur.
Karavaco Avropa incəsənətində ilk dəfə olaraq dəzgah natürmortları yaratmağa başladı. Bütün bunlarla yanaşı, Karavaconu həmçinin rəngkarlıqda da barokkonun banisi hesab etmək olar, çünki barokko dili və barokkoya məxsus dünya duyumu ona yad deyil.
Rəngkarlıqda barokko XVI-XVII əsrlərin 2 əsas bədii cərəyanın nəticəsi kimi yaranır. Bunlardan biri XVII əsrdə İtaliyanın ən məşhur rəssamı olan Karavaconun (1573-1610) sənəti ilə, digəri Karraççi qardaşlarının yaradıcılığı ilə bağlıdır.
Annibale və Aqostino Karraççi qardaşları 1585-ci ildə Boloniyada yaratdıqları üçün onların adı ilə bağlı olan cərəyan «Boloniya akademizmi» adlanır. Burada rəssamlar xüsusi proqram üzrə dərs alırdılar, onlara yalnız praktik deyil, nəzəri dərslər də, məs. perspektiv (mənzərənin uzaqdan görünüşü), anatomiya, tarix, mifologiya, antik rəsm və heykəllərin şəklinin çəkilməsi və s. də keçilirdi. Annibale Karraççi «qəhrəmanlıq peyzajı» janrının yaradıcısıdır. Boloniyalılar hesab edirdi ki, təbiət özü-özlüyündə natamam, qeyri-kamil olduğu üçün incəsənətdə təmsil edilə bilməz, bunun üçün o, müəyyən səviyyəyə çatdırılmalıdır. Məhz bu məqsədlə Annibale Karraççi özünün uydurduğu, ideallaşdırılmış təbiət yaradırdı. Beləliklə, Boloniya akademizminin əsas prinsipi naturanın patetizm və ideallaşdırma vasitəsilə təkmilləşdirilməsidir.
Rəngkarlıqda akademist cərəyan manyerizmə cavab kimi yaranmışdı. İtaliyada XVI əsrin 20-30-cu illərində yaranmış bu cərəyanın nəzəriyyəçiləri əsrin ortalarında olduqca böyük təsirə malik idilər. Onlar iddia edirdi ki, hamı üçün ümumi olan estetik ideal ola bilməz, sənətkar kortəbii şəkildə yalnız ilahi qüvvənin təsiri ilə yaradır. Bununla əlaqədar bədii təhsil də gərəksiz sayılırdı. Akademiya bu baxışları inkar edirdi. Ədəbi sənət idealının mövcudluğunu təsdiq edən Karraççi qardaşları bunun mənbəyini Antik və İntibah dövründə axtarırdı. Onlar təhsilə və intellektə də xüsusi fikir verir və məhz buna görə də tədris proqramlarına dünyəvi elmləri daxil edilmişdi.
Karavaco bir çox məsələlərdə Boloniya akademizminin antipodu olsa da bu iki müxtəlif üslubun əsasında italyan barokkosu yaranır.
Beləliklə, italyan barokko sənətkarları dünyanın mürəkkəb və sirlərlə dolu olmasını hamıdan əvvəl duydular. Onlar insanın nə qədər aciz, təbiətinin mürəkkəb və ziddiyyətli olduğunu, ali mənəvi dəyərlərə çatmaq yolunda onu hansı çətinlik və iztiradlar gözlədiyini göstərməkdən qorxmadılar.
Mərkəzdə mövcud olan rəsmi barokko cərəyanı ilə yanaşı, XVII əsrdə İtaliyanın ucqarlarında realizm ənənələrini davam etdirən rəssamlar da var idi. Bunlardan ən istedadlısı yaradıcılığı sonrakı dövrdə də davam edən boloniyalı Cüzeppe Mariya Krespi idi (1664-1747).
İspaniya
XVI əsrdə dünyaya ağalıq edərək Niderland, Almaniya, İtaliyanı öz təsiri aliında saxlayan, Amerika müstəmləkələrini zəbt edən İspaniya özü heç nə istehsal etmədiyindən, tədricən artan yoxsulluq əhalinin qəzəbinə səbəb olurdu. XVI əsrdə Şimali Niderlandın (Hollandiyanın) ayrılması onun müflisləşməsinin başlanğıcı oldu. XVII əsrdə İspaniya artıq ikinci dərəcəli ölkələr sırasına keçdi. İspan monarxiyası Fransadan fərqli olaraq mədəniyyəti öz qanadı altına ala bilmədiyindən rəssamlıq El Qreko, X.Ribyera, Surbaran, D.Velaskes, Murilyo və başqalarının simasında yüksək inkişaf səviyyəsinə çatdı. XVII əsrin sonunda incəsənətdə barokko üslubu bərqərar oldu.
XVI əsrin II yarısınadək ispan incəsənəti əsasən əyalət xarakteri daşıyıb. Rəngkarlıq İntibah dövrü sənətkarlarının zəif təqlidindən ibarət idi. İspan rəssamlarının çoxu antik irsə ehtiyat və qəzəblə yanaşaraq onu xristian ustalarına heç nə öyrətməyə qadir olmayan, yad, bütpərəst mədəniyyət hesab edirdilər. İspan rəngkarlığının fəaliyyəti inkvizisiya tərəfindən ciddi nəzarətdə saxlanırdı. Məsələn, çılpaq qadın bədəni çəkmək, Məryəm və digər müqəddəs qadınların təsvirlərində onların ayaqlarını göstərmək qadağan edilirdi.
İspaniyaya İtaliyadan keçən manyerizm üslubu geniş yayılmağa başladı, hətta qotika qalıqları da saxlanmışdı. XVI əsrin sonunda milli realist incəsənətin dirçəlişi başladı. Bu, öz əksini hər şeydən əvvəl rəngkarlıqda tapdı.
II Filippin sarayında işləyən portretçi-rəssamlardan daha çox fərqlənənləri Sançes Koelyo və Pantoxa de la Krusdur. Kral ailəsindən olanların və əsilzadələrin portretlərini çəkməklə onlar ispan saray portretinin italyan və fransızlarınkından fərqlənən yeni tipini yaratdılar. İspan əsilzadələri öz süni ciddiliyi və lovğalığı ilə fərqlənirdi. Onlar gözəl təsvir olunmalarını tələb etmirdilər. Əksinə, özləri ilə öz olduqları kimi fəxr edirdilər. Eyni zamanda istəyirdilər ki, portret onların irqi ləyaqətlərini çox yüksək formada ifadə etsin.
XVI-XVII əsrlərin ilk məşhur ispan rəsamı milliyətcə ispan olmayan El Qrekodur (1541-1614). Əsil adı Domeniko Teotokopuli olan bu rəssam əslən yunandır (buradan da – Qreko). Onun «Müq. Mavrikinin əzabları» əsəri II Filippin xoşuna gəlmədiyindən o, saray rəssamı olmur. Madrik sarayında müvəffəqiyyətsizliyə düçar olan rəssam İspaniyanın keçmiş paytaxtı Toledoya gedir. Burada o, San-Tome kilsəsi üçün «Qraf Orqasın dəfni» adlı monumental əsərini işləyir. Məhz bu şəhərdə El Qreko təkrarolunmaz, qeyri-adi rəssama çevrilərək həmişəlik incəsənət tarixində qalır. Onun yaradıcılığını hər hansı bir cərəyana aid etmək çətindir: son Renessans, manyerizm, barokko, Bizans, qotika, erkən ekspressionizm və s. Müqəddəslərin təsviri həm bütövlukdə ispan rəngkarlığında, həm də El Qreko yaradıcılığında mühüm yer tutur. «Apostol Matvey və Fransisk Assizski» (1590-1595), «Apostol Pyotr və Pavel» (1614), «Müqəddəs ruhun enməsi» və s. bu qəbildəndir. El Qreko gözəl rəng ustası olub, işıq, perspektiv, anatomiya qanunlarını da yaxşı bilirdi. Onun məkan və kompozisiya quruluşu, obrazları digər ispan rəssamlarından fərqlənirdi. O, öz yaradıcılığında müasir ənənələrdən getdikcə daha çox uzaqlaşdığı üçün onun davamçısı, demək olar ki, yoxdur.
Ribyera (1591-1652) XVII əsr Avropa rəngkarlığında realist üslubun nümayəndəsi, hətta Valensiya realist məktəbinin ilk nümayəndəsi Karavaconun davamçısı sayılır. Xusepe Ribyera yaradıcılığının ilk dövrlərində zindanlardakı adamların həyatına aid dramatik əsərlər yaradır. 20-ci illərin sonundan isə tamamilə rəngkarlığa keçir. Əsərlərinin mövzuları müxtəlifdir: antik tarix, Bibliya hadisələri, müqəddəslərin həyatından səhnələr, mifoloji süjetlər və s. Məşhur əsərləri «Müqəddəs Varfolomeyin iztirabları» (1639), «Müqəddəs İnessa» (1641), «Topal» (1642), «Filosof Diogen», «Apostol Varfolomey» və s.
Surbaran (1598-1664) yaradıcılığının yetkin dövründə əsasən monastırların sifarişi ilə müqəddəslərin həyatından olan süjetlərə monumental silsilələr işləyir. Belə əsərlərdən biri – bizədək çatmayan «Akvianlı Fomanın müq. Bonaventuraya baş çəkməsi» (1629) tablosudur. Digər əsərləri: «Müq. Lavrenti» (1636), «Müq. Kasilda» (1640), «Dörd qabla natürmort» (1632-1634), «Məryəmin yeniyetməliyi» (1660) və s.-dir.
Diyeqo Velaskes (1599-1660). Bu rəssamın əsərləri XVII əsr İspan rəngkarlığının zirvəsi hesab edilir. Əsas əsərləri: «Səhər yeməyi» (1617), o dövr ispan incəsənətitndə ilk çılpaq qadın təsviri olan «Venera güzgü qarşısında» (1650), «Saray xanımları» («Meninlər», 1656), «Toxucular» (1657) və s.-dir. Rəssam portretlərə daha çox üstünlük verirdi. Məs. «IV Filippin portreti», «İnfanta Ferdinandın portreti», «İnfanta Baltasura Karlosun atlı portreti» (1635), «Papa X İnnokentinin portreti» (1650), «İnfanta Marqarita» (1660).
Murilyo (1618-1862) janr rəngkarlığına daha çox fikir verirdi. Əsas əsərləri: «Oğlan itlə» (1650), «Meyvə satan» (70-ci illər) və s. Murilyonun ölümü ilə sanki ispan rəngkarlığı da öz fəaliyyətini dayandırdı.
Flandriya
Hələ XVII əsrin əvvəllərində flamand incəsənəti orta əsrlərə məxsus dini forma və janrlarla həmişəlik vidalaşmışdı. Qeyri- dini janr və süjetlər geniş yayıldı: tarixi, alleqorik, mifoloji, portret, məişət, peyzaj və s. İtaliyadan əvvəlcə manyerizm, sonra Boloniya məktəbinin akademizmi və karavacizm daxil olur. Karavacizm və qədim niderland rəngkarlığının realist ənənələrinin qovşağından realist cərəyan və monumental barokko üslubu inkişaf edirdi. Niderlandın cənub hissəsi, indiki Belçika ərazisi olan Flandriyanın ən iri mədəni mərkəzi XVI əsrin II yarısından başlayaraq Antverpen oldu. Flamand incəsənəti hər şeydən əvvəl Rubensin adı ilə bağlıdır. Həmin dövrdə Flandriyada digər dahi rəssamlar yaşasalar da onlar «Rubens məktəbi» adı ilə tanınaraq, Rubens gunəşi ətrafında fırlanan planetlər kimi başa düşülür.
Flamand rəngkarlıq məktəbinin banisi olan Piter Paul Rubens (1527-1640) flamand barokko məktəbini İtaliyadakından sonra deyil, onunla paralel yaradıb. Flamand Barokkosu italyan barokkosundan getdikcə fərqlənməyə başlayır: flamand barokkosunda dini mövzular əvvəlcə azalır, sonra isə tamamilə yox olur. Rubens həm dini, həm də antik mifologiya süjetlərini eyni ustalıqla qələmə alırdı. Hər iki halda o, «bütpərəst» təsiri bağışlayırdı. Lakin Rubensin daimi və əsas sifarişçisi yezuit ordeni (cəmiyyəti) idi. Əsil barokko rəssamı kimi Rubens çılpaq və yarıçılpaq təsvirlər yaradırdı. Çılpaq qadın bədənini isə o, xüsusi ustalıqla yaradırdı. Rubensin Antverpen mərhələsinə aid olan ilk əsərlərində Venetsiya və Karavaco təsiri duyulur. 1630-cu ildən sonra Rubens yaradıcılığının yetkin dövrü başlayır. Bu tarix onun I arvıadı İzabella Brantın ölümü və onun Yelena Fourmenlə evlənməsi ilə başlayır. Dünyaya 3 mindən çox əsər bəxş edən Rubensin ən məşhur əsərləri bunlardır: «Persey və Andromeda» (1620-1621), «Levkippin qızlarının oğurlanması» (1619-1620), «Yunanların amazonkalarla döyüşü» (1615-1619), «Arvadı İzabella Brant ilə avtoportreti» (1609), «Yelena Fourmen uşaqları ilə» (1636), «Şuba» (1638-1640), «Ər-arvad Rubenslərin portreti» (1631), «Göldən qayıdan kəndlilər» (1635), «Kəndli rəqsi» (1636-1640), «Qulluqçu İnfanta İzabellanın portreti» (1625), «Mariya Mediçi və Fransa kralı IV Henrixin kəbini» (1622-1625), «Mariya Mediçinin tacqoyma mərasimi» (1622-1625) və s.
Van Deyk (1599-1641) Rubensin yaxın köməkçisi idi. Flamand realizminə sadiq qalan rəssam XVII əsrin II yarısında kübar cərəyanın inkişafına təkan verdi. Əsas əsərləri: «Ailə portreti» (1618, 1626), «Müq. Martin və dilənçilər» (1620-1621), «Tikanlı bitkidən tacqoyma» (1620), «Filipp de Rua, Sinyor de Ravelin potrteti» (1630), «Filadelfiya və Yelizaveta İortonun portreti» (XVII əsrin 30-cu illərinin II yarısı), «Tomas Çaloneranın portreti» (1630), «Kişi portreti» (1620), «Mariya Luiza de Tassisin portreti» (1627-1632), «I Karlın portreti» (1635), «Avtoportret» (XVII əsrin 20-ci illərinin sonu – 30-cu illərinin əvvəli), «Markiza Balbinin portreti» (1622-1627), «Tomas İortanın portreti» (30-cu illərin II yar.) və s.
Yakob İordans (1593-1678) dini və mifoloji süjetləri xoşlayır, yaradıcılığında karavaco təsiri duyulurdu. Əsas əsərləri: «Satir kəndlilərin qonağıdır» (1620-ci il. Satir – qədim yünan mifologiyasında məhsuldarlıq allahı, üzümçülük və şərabçılıq allahı olan Dionisin köməkçisi- S.Ş.), «Paxla kralı bayramı» (1638), «Kral içir» (1656), «Dioqen» (1643), «İordanslar ailəsi» (1621), «Paxla kralı» (1638) və s.-dir.
XVII əsrdə natürmort müstəqil janra çevrildi. Monumental dekorativ natürmortun ən parlaq nümayəndəsi Frans Sneyders (1579-1657) idi. «Qu quşu ilə natürmort», «Meyvə piştaxtası», «Balıq piştaxtası» onun əsas əsərlərindəndir.
Monumental rəngkarlıqla yanaşı Flandriyada dəzgah rəngkarlığı da inkişaf edirdi ki, bunun da ən populyar janrı məişət janrı idi. Çox da iri həcmli əsərləri olmayan Brauver (1605-1632) əsasən «Kart oyunu zamanı dua», «Donuzların kəsilməsi bayramı», «Acı dərmanlar», «Xoşagəlməyən atalıq borcu», «Çiyində cərrahiyyə əməliyyatı», «Kiçik yeməkxana səhnəsi» (1631), «Kvartet» və s. əsərləri ilə tanınır.
XVII əsrin II yarısında flamand rəssamlığının məzmunu məhdudlaşır. İdeallaşma tendensiyaları artır. Bu baxımdan Kiçik David Tenirsi göstərmək olar. Xalq bayramları onun ən çox sevdiyi mövzudur. «Kənd bayramı» (1646), «Brüssel ətrafında mənzərə» və s. onun əsas əsərləridir.
Hollandiya
Holland incəsənətinin əsas xüsusiyyətlərindən biri rəngkarlığın digər sənət növləri içərisində üstünlüyü idi. Rəssamlıq peşəsi nadir peşə sayılmırdı. Rəssamların sayı o qədər çox idi ki, onların arasında rəqabət yaranmışdı. Buna görə də onların çoxu rəssamlıqla çörək qazana bilmir və ayrı işlər də görməli olurdular. Rəngkarlığın inkişafı yalnız bu əsərlərlə divarlarını bəzəmək istəyənlərin sayının artmasından deyil, həm də ondan gəlir mənbəyi kimi istifadə edənlərin, onlarla alver edənlərin çoxalmasından irəli gəlirdi. Əvvəlləp əsas sifarişçisi olan Katolik kilsədən və ya nüfuzlu mesenant-feodallardan canını qurtaran rəssamlar bütünlüklə bazarın tələblərindən asılı olur.
Hər janrın özünün şaxələri mövcud idi. Məsələn, peyzajistlər arasında marinistlər – dənizi təsvir edənlər, düzənlik, meşə, qış peyzajı, ay işığı peyzajı çəkənlər, natürmortçular içərisində «səhər yeməyi», «desert» və s. təsvir edənlər mövcud idi. Yalnız ən məşhur rəssamlar bir neçə janrda işləyirdi.
Realist holland incəsənəti italyanlaşan cərəyanla və manyerizmlə mübarizədə formalaşırdı.
Holland incəsənətinin formalaşmasının 1609-1640-cı illəri əhatə edən ilk mərhələsində realist tendensiya daha çox portret və məişət janrında özünü gösiərir.
Frans Hals (1580-1666) holland realist portretinin banisidir. Onun portretləri mövzu və obraz cəhətdən rəngarəngdir. Qrup portretləri də rəssamın yaradıcılığında mühüm rol oüynayır. Məs. «Qocalar evi naibinin portreti». Ən məşhur əsəri «Qaraçıqız»dır (1630).
Rembrandt (1606-1668) – Dünya rəngkarlığının zirvələrindəndir. «Həkim Tulpun anatomiya dərsi» (1632) əsərindəki obrazlar Halsın qrup portretlərindən fərqlənərək eyni hüquqa malik deyil. Burada bütün personajlar psixoloji cəhətdən Tulpa tabedir.
Rembrandt bir-birinin ardınca iri həcmli dini kompozisiyalar işləyir. Məs. «İbrahimin qurban kəsilməsi» (1635). O, tez-tez Saskiyanı və oğlunu təsvir edir. Məs. «Saskiyanın portreti» (1634), «Avtoportret» (1634). Daha məşhur əsərləri «Danaya» (Əsərin üzərində müəllif tərəfindən 1636-cı il göstərilib, lakin belə hesab edilir ki, bu əsər son dövrə aiddir. 1936-cı ildə Ermitacın laboratoriyasında əsəri rentgen şüaları vasitəsilə tədqiq etdikdən sonra qərara gəldilər ki, əsər doğrudan da 30-cu illərdə çəkilib, lakin 10 ildən sonra rəssam özü onun üzərində yenidən işləyib), «Gecə qarovulçusu», «Müqəddəs ailə» (1645), «Xəstələri dirildən İsa» (1649), «Xendrikke pəncərə önündə», «Avtoportret» (1652), «Xendrikke Stoffelsin portreti» (1656-1657), «Yəhudi gəlini» (1666), «Səfil oğulun qayıtması» (1668-1669) və s.-dir. Sonuncu əsər rəssamın yaradıcılığının sonu, «Titusun portreti» (1656) isə gənc yaşında ölmüş oğlunun şəkli olub, dünya incəsənətində ən gözəl gənc oğlan portretidir.
Dünyaya 650 əsər bağışlayan rəssam həyatdan yoxsulluq içərisində gedir. Yan Vermeyer (1632-1675) Hals və Rembrandtdan sonra 3-cü Holland rəssamıdır (bəzi ədəbiyyatlarda rəssamın adı Vermer kimi işlədilir). Onun bədii irsi o qədər də zəngin deyil, çünki rəssam hər əsəri üzərində uzun
müddət işləyirdi. Delfli rəssamın müəlliminin kim olması məlum deyil. Əsas əsərləri: «Aradüzəldənin yanında» (1656), «Qız məktubla» (1657), «Mirvari sırğalı qız», «Hərbçi və gülən qız» (1657), «Qulluqçu süd dolçası ilə» (1658), «Delft mənzərəsi» (1660), «Sevgi məktubu» (1667), «Rəngkarlıq sənəti» (1656-1667) və s.-dir. Rəssam ömrü boyu cəmi 40-a yaxın əsər yaradır və onların heç birinə tarix qoymur. Tədqiqatçılar bunu təqribi müəyyən edib. XVII əsr Holland ustalarının sənəti Avropa rəngkarlığına güclü təsir göstərdi. İngiltərə ilə müharibələrdən xeyli zəifləyən Hollandiya öz gücünü həm iri ticarət dövləti kimi, həm də zəngin bədii mərkəz kimi itirməyə başladı.
Beləliklə, XVII əsrdə Avropanın kapitalizm yolu ilə inkişaf edən İtaliya, İspaniya, Flandriya və Hollandiya kimi ölkələri mədəniyyət tarixini, xüsüsən də bədii mədəniyyəti əsrarəngiz gözəlliklərə malik olan sənət əsərləri ilə zənginləşdirdilər. Bu prosesdə barokko üslubu həlledici rol oynadı.
Tarix: 09.12.2014 / 13:03 Müəllif: Aziza Baxılıb: 506 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)