Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədim Hindistan mədəniyyəti

Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan ən qədim sivilizasiyaların önündə gedərək zəngin tarixi- mədəni irsə malikdir. Qədim sivilizasiya ərzində əldə etdiyi zəngin mədəni irs ərəb və iran xalqlarına, sonra isə Avropaya əhəmiyyətli şəkildə təsir göstərib.
Qədim hind alimlərinin dünya elmində çox böyük bəşəri əhəmiyyət kəsb edən kəşf və nailiyyətləri olmuşdur. "Sıfır" anlayışı və 10-luq say sisteminin müəllifi hesab olunan hind alimləri çox da böyük olmayan xətalarla Yerin Ay və Günəşlə olan məsafəsini, Yerin radiusunu və digər astronomik, elmi kəşflər etmişlər.

Artıq hind sivilizasiyası dövründə (b.e.ə. III minillikdə) onlar şəhərlərin planlaşdırılması, monumental tikililərin qurulmasında uğurlar əldə etmiş, uzunluq ölçüsü və çəki sistemindən istifadə etmişlər .

Hindistanda dünyanın bütün dinləri – induizm, islam, xristianlıq, buddizm, zərdüştlük mövcud olmuşdur. Lakin Qədim Hindistanın «öz» dinləri də mövcud olmuşdu ki, bunlara çaynizm və sikhizm aiddir. Bunlar hind mədəniyyətinin rəngarəngliyinə ciddi təsir göstərmişdi.

Qədim Hindistan mədəniyyəti ( b.e.ə. IV minilliyin ortaları- b.e.-nın VI əsri) dünyanın ən ünikal və nəhəng sənət məbədlərindən biri hesab edilir. Qədim Hindistan tarixi yazılı və arxeoloji mənbələr əsasında öyrənilir. Bu dövrün tarixini əks etdirən yazılı mənbələr çox məhduddur.
Bu qədim ölkə və dövlətin tarixini öyrədən mənbələr Hindistanın həmin tarixi ərzində mədəniyyətinin bir neçə səviyyədə olmasını göstərir. Məsələn, qədim Hindistanda Harappa mədəniyyəti kimi böyük bir mədəni sivlizasiyanın olduğu sübuta yetirilir.

XX əsrin 20-ci illərində ingilis alimlərinin arxeoloji tapıntıları Harappa rayonunda e.ə. IV minillik və II minilliyin ortalarına təsadüf edən mədəniyyəti, Mohenco- Daro və s. aşkar etmişlər. Şəhər tipli tapıntılar ibtidai sivilizasiya tarixinin b.e.ə. III-II minilliyə aid olduğunu göstərir. Çoxsaylı arxeoloji tapıntılar Harappa mədəniyyətinin b.e.ə. III-II minilliyin ortalarına aid olduğunu sübut edir. B.e.ə. II minilliyin I yarısında Harappa mədəniyyətinin tədricən süqutu özünü göstərir və minilliyin ortalarında bu tamamilə itir.

Din, fəlsəfə, dünyanı dərketmə və öyrənmə sahəsi üzrə aparıcı istiqamətlərdən birini mənəvi mədəniyyət abidələri təşkil edirdi. Vedalar deyilən (hərfi mənası - bilik) mənbələrdə dini təsəvvür və görüşlər öz əksini tapmışdır. Vedalar b.e.ə. II minilliyin sonu - I minilliyin əvvəlinə aid edilir. Bunlar san-skritlə yazılmış hərbi, hakimiyyət uğrunda mübarizə, yaradıcı əmək mövzularına həsr edilmişdir. «Müqəddəs bilik» sistemi kimi Vedalar induizmin əsas müqəddəs kitabı hesab edilməklə Qədim hind mədəniyyətinə yeni bir cığır - veda mədəniyyəti kimi daxil olmuşdur. Onun əsasını 4 toplu təşkil edir: Riq-Veda (himnlər kitabı), Sama-Veda (ritual və mahnı toplusu), Yadcur-Veda (qurbanvermə zamanı dua formulları), Atharva-Veda (mahnı və nəğmə, qarğışlar).
Qədim hind-veda mədəniyyətində epik poemalar – «Mahabharata» («Bharat nəslinin böyük müharibəsi») və «Ramayana» («Ramanın qəhrəmanlıqları haqqında hekayələr») mühüm yer tutur.

Hindlilərin ən qədim ibtidai dini adətlərindən birini pirlərdə qurbanvermə mərasimləri təşkil edir. Qədim hind mədəniyyətində Mahadha-Mauri dövrünün də çox böyük mədəni əhəmiyyəti olmuşdur. Bu dövr b.e.ə. IV-II əsrləri əks etdirən tarixdir ki, bu zaman Qanq çayı ətrafında mövcud olan quldar dövlətlərindən biri Mahadhaya Mauri sülaləsi hakimlik etmiş və böyük mədəni tərəqqisi ilə nəinki Hindistanda, bütün Şərq aləmində tanınmışdır. Bir çox ədəbi və təsviri mənbələr həmin dövrün yüksək memarlıq və təsviri sənətindən xəbər verir. Xüsusilə, dini memarlıqda türbə, monastır, məbədlər özünəməxsus yer tutmuşdur. Təkcə Aşokanın hakimiyyəti dövründə 80 min türbə inşa edilmişdir.

Maurilərin ardınca Kuşanlar sülaləsi (b.e-nın I-III əsrləri) qədim Hindistanın tərəqqisini yüksəklərə qaldırdı. Xüsusilə, Kanişkinin hakimiyyəti dövrü (b.e. 78-123) buraya aid edilir. B.e-nın I-III əsrlərində handhar incəsənət məktəbi mühüm yer tutdu. Bu məktəbdə Şimali Hindistan, Orta Asiya, Yunan-Roma məktəbinin ənənələri üstünlük təşkil edirdi. Bu məktəbin özüməxsusluğu Buddanın ideallaşdırılmış gözəl insan obrazında antropomorf təsvirdə verilməsi ilə izah edilir. Kuşan hökmranlığından sonra Quptlar sülaləsinin hakimiyyəti dövrü başladı ki, onun da əsasını rac Çandraqupt (b.e-nın 320-330) qoydu. Bu dövrdə maddi mədəniyyət yüksək inkişaf əldə etdi.

Qupt incəsənətinin zənginliyi və əlvanlığını heykəltəraşlıqdakı müxtəliflik, mağara və Açant məbədləririndəki fasad və divarlardakı təsvirlərdən görmək mümkündür. 30-a yaxın mağarada monumental rəngkarlıq nümayiş etdirilmişdir. Bu təsvirlərdə xalq həyatının səhnləri, Budda həyatından müxtəlif süjetlər, rəngarəng bəzəklər, təbiət gözəllikləri üstünlük təşkil edir.

Quptların dövründə inkişaf etmiş sahələrdən biri də elm idi Hindistanda dinlərin çoxluğu ölkənin mədəniyyətinə əhəmiyyətli dərəcədə təsir etmişdir. IV-VI əsrlər qədim hind incəsənətinin çiçəklənmə dövrüdür. Acanta mağara məbədləri və monastrlarındakı təsvirlər məhz bu dövrə aid olan rəngkarlıq nümunələridir.

B.e.ə. II əsrdən başlayaraq 9 əsr ərzində burada 29 mağara, divar və tavanlardakı müxtəlif rəngarəng təsvirlər göz oxşayırdı. Acanta təkcə budda dininin deyil, həm də elm və incəsənət mərkəzlərindən biri idi. İndi bu şəhər qədim Hindistanın sənət rəmzidir. Buradakı təsvirlər qədim Hindistanın əyani ensiklopediyasıdır.

Hind mədəniyyətində özünəməxsus yer tutan musiqi öz mahiyyətinə görə Avropa sənətindən çox uzaqdır. Qədim Hind dini musiqisi heç vaxt nota köçürülməyib. Ona görə də onu ifa edənlərdə heç vaxt bir-birinə bənzərlik olmamışdır. Çünki hər bir ifaçı, həm də improvizasiyaçı idi. Klassik hind musiqisi xalis hind alətlərində ifa olunurdu. Bunlara ilk növbədə vina və sitara, müxtəlif növlü barabanlar aiddir. Vina aləti simli olub, taxta korpusdan ibarətdir.

Buddizmin ehkamları xalqa yaxın dillərdə olduğuna görə ədəbiyyat da bu dildə yaradılırdı ki, bu dillərdən biri pali idi. Bu ədəbiyyatın ən məşhur abidələrindən «Tipitaka»da («Üç səbət») buddanın əsas ehkamları, mətnləri öz əksini tapmışdır. Məs., «İntizam qaydaları toplusu» («Vinaya pitaka»), «Öyüd səbəti» («Sutta pitaka»), «Ali müdriklik səbəti» («Abhidhamma pitaka») və s.. «Tipitaka»da erkən buddizmin tədqiqi baxımından çox dəyərli məlumatlar vardır. Paliy ədəbiyyatının digər məşhur nümunəsi Çatakidir. Bu, qədim folkloru əks etdirən sənət nümunəsidir.

Ümumədəbi inkişaf prosesinin növbəti mərhələsini klassik sanskrit ədəbiyyatı təşkil edir. Ona kavya ədəbiyyatı da deyilir Hind incəsənətinin qədim sahələrindən biri də teatrdır. Onun nəzəri və praktik xüsusiyyətləri hələ b.e.ə. II əsrdə təşəkkül tapmışdır. Bu teatrı klassik sanskritsk dramına, xalq teatrına və Avropa nümunəli teatr növlərinə bölmək olar. Belə bir mülahizə vardır ki, klassik sanskritsk dramı yunan incəsənəti ilə çox yaxındır. B.e.ə. II əsrə Bharatanın teatr haqqında fundamental əsər olan «Teatr sənəti haqqında traktat» («Natyaşastra»), mərasim, səhnə tamaşaları, mahnıoxuma, musiqili müşayiət və rəqs haqqında, onların bədiiifadə vasitələri haqqında məsələlərə diqqət yetirilir.
Beləliklə , Qədim Hindistan mədəniyyəti dünyanın ən zəngin mədəniyyətlərdən olmuşdur, dünya mədəniyyət xəzinəsinə çox böyük töhfələr vermişdir.


Tarix: 08.12.2014 / 17:26 Müəllif: Aziza Baxılıb: 181 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...