Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kulturologiya və Sivilizasiya

Antik tarixi konsepsiyalarda mədəni tərəqqi ideyası ana xətt kimi keçirilməsinə baxmayaraq, bu təkamül sırasında sivilizasiyanın formalaşması ilə əlaqədar olan sərhəd dəqiq qeyd olunmurdu. “Sivilizasiya” sözü, “mədəniyyət” sözü kimi, hələ qədim romalılar tərəfindən işlənmşdir. Onlar barbarların bəsit həyat tərzindən üstün olan şəhər həyat tərzini bu terminlə ifadə edirdilər. İ.Kant, O.Şpenqler, A.Toynbi, M.Veber, F.Koneçnı, L.Qumilyov, L.Meçnikaov və digərləri sivilizasiyanın mahiyyətini mədəniyyətdən fərqləndirən əsas cəhətləri göstərmək üçün müxtəlif mülahizələr irəli sürmüşlər. Yaradıcı və qurucu prosesi ifadə edən mədəniyyət anlayışından fərqli olaraq, “sivilizasiya” bəşər tarixinin müxtəlif mərhələlərinə xas olan dağıdıcı və neqativ prosesləri də özündə dialiktik şəkildə əks etdirən tarixi sosial-mədəni birlik anlamında işlənir. Keçən minilliklərin sivilizasiya zirvələrinə aparan tikanlı yollar al qana boyandığı kimi, indiki sivil dünyada da zorakılıq, qəddarlıq və dağıntılar mövcuddur. Bununla belə, cəmiyyətin keyfiyyət vəziyyətini və daxilindəki mədəniyyətlərin tarixi inkişafındakı qeyri-bərabərliyi əks etdirən sivilizasiya, tərəqqi yolunda qabaqlama tendensiyalı hərəkəti ilə bəşəriyyətin mədəni inkişaf prosesinin bütövlüyünü sübut edir.

Sivilizasiya sözünün kökü latın mənşəlidir. Latınca “civis” sözü - “vətəndaşlıq”, “şəhər əhalisi”, “vətəndaşlar”, “icma” mənasını verir. Bu söz avropa elminə və ədəbiyyatına XVIII əsrdə, ümumi mədəni inkişaf səviyyəsinin ifadəsi kimi daxil olmuşdur. O zaman bu anlayışa davranış normaları, tərbiyə, nəzakət də daxil edildiyindən, indi də işlədilən “sivil insan” ifadəsi həmin mənanı saxlamaqdadır. XIX əsrin 20-30-cu illərində “sivilizasiya” anlayışı böyük tarixi hadisələr, xalqların tarixi nailiyyətləri, insan yaradıcılığının sintetik ifadəsi olaraq tətbiq edilirdi.Bu anlayışın yayılması və təsdiq edilməsi üçün fransız tarixçisi F.Qizo, eləcə də H.Boklun Avropa, Fransa və İngilis sivilizasiya tarixinə həsr edilmiş tədqiqatları mühüm rol oynamışdır.

XIX əsrin əvvəllərində F.Qizo sivilizasiyanın etno-tarixi konsepsiyasını yaratmış və göstərməyə çalışmışdır ki, real həyatda insanların sosial-mədəni nailiyyətlərinin cəmi olan vahid ümumbəşəri sivilizasiyalarla yanaşı, ayrı-ayrı ölkə, region və xalqların etno-milli nailiyyətlərini əks etdirən lokal sivilizasiyalar da mövcuddur.

Sivilizasiyaların dövrləşdirilməsinə yanaşmada müxtəlif mövqe nümayiş etdirən alimlərdən - Q.B.F.Hegeli, S.Solovyovu, K.Marksı, K.Yaspersi, M.Veberi, P.Çaadayevi, N.Berdyayevi, R.Henonu, M.Petrovu və s. qeyd etmək olar. Bunların arasında ən geniş yayılmışı K.Yaspersin “məhvər sivilizasiyaları” konsepsiyasıdır ki, burada, o, arxaik dövrün mifoloji təsəvvürünü əvəz edib, fəlsəfənin üstünlüyünə əsaslanan yüksək ruhi mədəniyyətli “məhvər” sivilizasiyaların yaranma tarixini b.e.ə.I minilliyin ortasından hesablanmasını təklif edir.


Tarix: 08.12.2014 / 16:46 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...