Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İran mədəniyyəti

Asiyanın cənubunda yerləşən İran qədim Şərqin inkişaf etmiş ölkələrindən biri olmuşdur. Bu inkişaf mədəniyyətdə də özünü təzahür etdirmişdi. Qədim İran mədəniyyəti öz mənəvi zənginliyi iləşöhrət tapmışdır.
Qədim İran əhalisinin etnik tərkibi müxtəlif idi: buraya elamlılar, kutilər, lullubilər, sular, turukilər, prototürklər və başqaları daxil idi. Ölkənin «İran» adlandırılmasına gəldikdə isə, onun coğrafi anlayış olduğu bir çox müəllifləridə məsələn, Y.Yusifovun «Qədim Şərq tarixi» əsərində qeyd edilir.
Qədim İranın zəngin mədəniyyəti incəsənətin müxtəlif sahələrində – ədəbiyyatda, təsviri sənətdə, memarlıqda, həmçinin elmdə, təhsildə əks olunmuşdu. Ədəbiyyatın əsas nümunələri əfsanələrdə, dini rəvayət və hekayətlərdə; təsviri sənət müxtəlif məişət tipli əşyaların bəzədilməsində; memarlıq isə, zərdüşt ideologiyası ilə bağlı məbəd tikililərində təcəssüm tapırdı.
Mədəniyyətin əsas faktı olan yazını qazıntılar üzə çıxarmışdı. Bunlar akkad və elam mixi yazılı kitabələrldə olan piktoqrafik yazılar idi. Mədəniyyətin əsas sahəsini təşkil edən elm dünya mədəniyyət xəzinəsinə özünün yaratdığıtəqvim sistemi ilə daxil olmuşdur.
B.e.ə. VI-IV əsrlərdəki İran incəsənəti, tədqiqatçıların fikrincə, öz sələflərinə nisbətən daha kübar olub, saray mədəniyyətinə daha yaxındır. Bu incəsənətdə qəddarlıq, assuriyalıların sənətinə xas kobudluq yoxdur, bu mədəniyyət daha sakit və rəvandır. Lakin bütün bunlarla yanaşı, mədəniyyətlərdə varislik də mövcuddur. Təsviri incəsənətin başlıca elementləri canlıların – ilk növbədə, qanadlı öküz, şir, şahin quşunun təsvirilə bağlıdır. Hərbçilərin vəşirlərin döyüş səhnələrini, zəfərlərini əks etdirən relyeflərin təsviri daha geniş vüsət tapmışdır.
B.e.ə. II əsrdə İran da Misir kimi Makedoniyalı İskəndər (356-323) tərəfindən zəbt edilən ellin mədəniyyətinin tərkibinə daxil edilir. İskəndər ölkədəki həyat tərzinin, dünyagörüş sisteminin kökündən dəyişdirilməsini vacib hesab etmir. Hətta özü «Babil şahlığına təyin olunma mərasim» ənənəsinə sadiq qalaraq öz tac qoyma mərasimini şəhərin baş məbədində həyata keçirir. Makedoniyalı İskəndərin ölümündən sonra Qədim Mesopotamiyanın süqutu prosesi başlayır.
B.e.ə. III əsrdə İranı Sasanilər sülaləsi idarə etməyə başlayır. Onlar öz kök və mənşələrinin allahdan götürdüklərini sübut etməyə çalışırlar. Bu məqsədlə, müvafiq əmrlərə əsasən hərbçilərin qələbə dolu yürüşlərini əks etdirən səhnələrdən ibarət möhtəşəm relyeflərin təsvirinə geniş yer verilir. Lakin iranlılar üçün heç də bütün müharibələr uğurlu deyildi. Sasani İranının bir çox abidələri bu müharibələrin xarabalıqları altında itib batmışdır. Sasani incəsənətindən bizə saray və məbədlərin xarabalıqları, bir sıra qab, xalça və ipək parçaların hissələri qalmışdır. Xalça sənəti isə, bu ölkə incəsənətinin ən möhtəşəm nailiyyəti hesab edilməlidir.
Rəvayətə görə Ktesifondakı Tək-İkəsrə sarayının baş zalında döşəməyə salınmış nəhəng xalını bu sarayı zəbt etmiş hərbçilər bir neçə hissəyə bölərək qənimət kimi 20 min dirhəmə satmışlar. Sarayın divarları freskalarla, gözəllərin, musiqiçilərin, allahların rəsmləri ilə zəngin idi.
Sasani İranının dövlət dini zərdüştçülük hesab edilirdi. Dinin belə adlandırılması onun banisi Zərdüştün adı ilə bağlıdır. Zərdüştün tarixi şəxsiyyət olub-olmaması elmi cəhətdən dəqiqləşdirilməyib. Lakin bir çox alimlər onu real şəxs hesab edirlər. Belə fərz olunur ki, Zərdüşt e.ə. XII-X əsrlər arasında yaşamışdır. O öz vətəni olan Şərqi İranda dini fikirləri, təlimi ilə çıxışlar etmişdir. Bu hərəkətlərinə görə hakimlər tərəfindən hücumlara məruz qalaraq ayrı-ayrı yerlərə qaçmış və düşmənlərindən biri tərəfindən qətlə yetirilmişdir.
Zərdüştün qanunları qədim abidə hesab edilən «Avesta»da öz əksini tapmışdır. Bu dini abidə özündə müqəddəs ilahi və hüquqi kəlamları, fikirləri birləşdirir. Həmin kitabda dualar, nəğmə və himnlər başlıca elementlər hesab edilir. Avestanın mətni III-VII əsrlərdə Sasanilər dövründə köçürülmüşdür.
İran panteonuna işıq, həqiqət və müqavilə allahı Mitra, su ilahəsi Anahit daxil idi. Bu allahlara irandilli tayfalar sitayiş edirdilər. Avestada və əhəmənilər dövründə Ahuramazda (Hörmüzd) qabaqcıl mövqeyə malik idi və baş Allah hesab edilirdi. Avestada həyatın və kainatın yaradılması Ahuramazdanin əməli kimi qiymətlənirilir.
Zərdüşt təliminə görə şər ilə xeyir, yalan ilə həqiqət arasında ölüm-dirim mübarizəsi gedir və bu ehkamlar Avestada öz əksini tapır.
Avestanın ən qədim hissəsini qatlar (mahnı oxuma) təşkil edir. Bunlar həmin dini abidənin Yasna (dua, ibadət) bölməsində təmsil olunur. Qatlarda Zərdüştün təlimi təmsil olunur. Zərdüşt təlimində təkallahlılıq ideyası irəli sürülərək tərənnüm olunur. Yuxarıda qeyd olunduğu kimi, Zərdüştün təsvirinə görə xeyir və şər dünyanın əvvəlindən mövcud olmuş və onların arasındakı mübarizə daimidir, lakin haqq ifadəçisi olan xeyir şərə həmişə qələbə çalır. Bu ideyanın qayəsindən çıxış edərək zərdüştçülükdə atəşə etiqad və sitayiş qələbə kimi, haqqın qalib gəlməsi və xeyirin təntənəsi kimi çıxış edir. Xeyir — işıq, od anlamında, şər isə, qaranlıq obrazında təcəssüm edilir. Məhz bundan irəli gələrək İranda oda səcdə, sitayiş ayini ilə əlaqədar çoxlu sayda od məbədləri tikilməyə başladı. Məbədlər gümbəz xarakterli zaldan, xüsusi postamentdə qoyulmuş müqəddəs oddan ibarət idi. Bu cür od məbədlərində təbəqələşmə mövcud idi. Sosial statusa əsasən hər kəsin hökmdarlıq dövründə xüsusi odu mövcud idi. Ən məşhur və hamı tərəfindən etiqad edilən od Həqiqət rəmzi olan Bəhramın odu idi.
Avestanın Yasna hissəsində maldarlıq təsərrüfatından bəhs edilirdi. Burada Hörmüzd (Ahuramazda) malqaranın yaradıcısı kimi qələmə verilir. Avestanın digər bölməsi «Yaşta» (qurban vermə) adlanır. Burada ayrı-ayrı ilahələrə həsr olunmuş mahnı və himnlər üstünlük təşkil edir. Belələrindən biri Mitra allahıdır. Bu allaha qədim Hind-İran tayfaları həmişə sitayiş etmişlər. Yaştlarda Qayamarta sitayiş etmək də tövsiyə edilir. Bu Hörmüzdün yaratdığı ilk İnsandır. Qeyd edilir ki, Hörmüzdün fikrini ilk dəfə məhz Qayamart oxumuş və dinləmişdi.
Yaştlarda Zərdüştün mədhi də başlıca yer tutur. Bu mədhlərin məzmununu Zərdüştün xeyirxah fikir sahibi, ilk kahin, döyüşçü və maldar, Hörmüzdə ilk sitayiş edən köhnə dinlərdən üz döndərən ilk kəs olması təşkil edir. Bu dini abidə boyu Zərdüştün obrazının bəzən mifikləşdirilməsinin dəşahidi oluruq. Əsərin başlıca ideyasını aşağıdakı üçlük — xeyir sözlər, xeyir fikirlər və xeyir əməllər təşkil edir. Bütün bunların yerinə yetirilməsi isə həqiqi həyat tərzinin ən başlıca şərti olmalıdır. Zərdüştün fikrincə, insanın bu real həyatda gördüyü, etdiyi, dedikləri onun ölümündən sonrakı həyatının davamını, məzmununu təşkil edir. Onun nəzəriyyəsi öyrədir ki, ölümündən 3 gün sonra ruh xüsusi məhkəmətərəfindən təhlil edilir, gələcək tale haqqında hökm çıxarılır.
Hakim din kimi zərdüştlük VII əsrə qədər davam etsə də, ərəb istilasından sonra islam dininin zorla qəbulu zərdüştlüyün sona yetməsinə başlıca səbəb oldu. Lakin bütünlükdə zərdüşt dini və Sasani mədəniyyətinin digər müsəlman mədəniyətlərinə təsirini heç də inkar etmək olmaz. Bu təsir ərəb-müsəlman mədəniyyətində, ərəblər vasitəsilə İspan və digər Qərbi Avropa ölkələri incəsənətində, Çindən Atlantikayadək böyük bir ərazidə duyuldu.


Tarix: 09.12.2014 / 12:59 Müəllif: Aziza Baxılıb: 145 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...