Roma şəhəri eramızın ilk əsrlərində. Roma Aralıq dənizi sahillərində olan ən böyük şəhər idi. Onu «əbədi qızıl şəhər», ya da sadəcə, «şəhər» adlandırırdılar. Eramızın ilk əsrində burada bir milyon əhali yaşayırdı. Şəhər Tibr çayının hər iki sahilində yerləşirdi. Buraya dağ bulaqlarından 11 kəmərlə öz axarı ilə su gətirilirdi. Sezardan başlayaraq Roma forumu ətrafında abidələr ucaldılır, məbəd və saraylar tikilirdi. Roma imperatorlarının heykəli qoyulurdu. Trayan Dunay qələbələrinin şərəfinə Forumda 40 metr hündürlüyündə sütun ucaltmış, onun üstündə özünün heykəlini qoydurmuşdu.
Kolizey(Colisseum)Romanın ən əzəmətli və gözəl binalarından biri I əsrdə tikilmiş Kolizey (latınca «kolosseus» «böyük», «iri» demək idi) 50 min tamaşaçı tutur, burada qladiator döyüşləri keçirilir və tamaşalar göstərilirdi. Roma şəhərinin ən gözəl memarlıq abidələrindən biri Panteon (bütün allahların məbədi) indiyə kimi qalır. Məbəd kümbəz formasında tikilmişdi. Romada zəfər tağları (triumf) geniş yayılmışdı. Triumf zamanı imperatorlar bu tağların altından keçirdilər. Əvvəllər adi bazar olmuş Forum paytaxtın ən gözəl yerinə çevrilmişdi. Onun yaxınlığında Palatin təpəsi yerləşirdi. Burada imperatorların mərmərdən gözəl sarayları yerləşirdi. İmperatorların saraylarının yaxınlığında quldarların evləri var idi. Onların evlərinin divarları freskalarla bəzədilir, döşəmələri mozaika ilə örtülürdü. Otaqlarda bəzəkli mebellər, həyət və bağlarda gözəl heykəllər qoyulurdu. Varlı romalılara xidmət edən qullar içərisində savadlı həkimlər, müəllimlər, musiqiçilər, rəssamlar var idi. Varlıların alaqapısında it yerinə qul zəncirlənirdi.
Romada zəngin həyat tərzi keçirənlərlə yanaşı, yoxsul, ehtiyac içində yaşayan on minlərlə dilənçi var idi. Onların narazılığının qarşısını almaq üçün onlara imperatorun adından çörək və pul paylayırdılar. Romada 200 min adam pulsuz çörək alırdı. İmperatorun əmri ilə termlər (yunanca «termos» isti deməkdir) hamamlar tikilmişdi. Yoxsul azad adamlar onlardan pulsuz istifadə edirdilər. Burada kitabxana, istirahət otaqları var idi. Onlara pulsuz tamaşalar göstərilirdi. Yoxsullar imperatordan «çörək və tamaşa» istəyirdilər.
Romada ilk teatrı yunan teatrı nümunəsində Pompey tikdirmişdi. Həm quldarlar, həm də azad yoxsullar ən çox qladiator döyüşlərini və döyüş arabalarının qaçış yarışlarını xoşlayırdılar.
Qədim Roma incəsənəti. Romalılar yunan memarlığından geniş istifadə edirdilər. Roma tikintiləri dövlətin əzəmət və qüdrətini nümayiş etdirməli idi. Onlar memarlığa bir sıra yeniliklər gətirdilər. Betonu ixtira etdilər. Beton, tağlar, künbəzlər və qübbələr tikməyə imkan verirdi. Tağ (Arka) qövs şəklində örtüyə deyilir. Tağdan zəfər tağlarında, körpü, bina, su kəməri tikintisində geniş istifadə olunurdu. Qübbə qövs şəklində tavana deyilir. Kümbəz tərsinə çevrilmiş cam şəklində tavana deyilir. Allahların məbədi sayılan və indiyə qədər qalan Panteon kümbəzin ən gözəl nümunəsidir.
Panteon (Pantheon)-allahlar məbədiRomada heykəltəraşlığın özünəməxsus xüsusiyyəti var idi. Onlar yunanların və şərqdən gətirdikləri heykəllərin surətini çıxarır və yenilərini yaradırdılar. Hətta onlar Olimp allahlarına sitayiş edir, amma onların adlarını dəyişirdilər Zevsi Yupiter, dəniz allahı Poseydonu Neptun, Hefesti Vulkanadlandırırdılar.
Roma poeziyası və elm. Roma ədəbiyyatı yunan ədəbiyyatı ilə bağlı idi. E.ə. I əsr və eramızın birinci əsri Roma poeziyasının «qızıl dövrü» adlanırdı. İmperator Avqust şairləri himayə edirdi. Onun dostu, varlı Mesenat şairlərə qayğı göstərir, onun evi şairlərin üzünə açıq idi. Onlardan səxavətini əsirgəmirdi. Sonralar «mesenat» varlı incəsənət himayəçisi mənasında işlənməyə başladı.
Roma şairlərindən biri Vergili (e.ə. 70-19) idi.O, imperator Avqustun sifarişi ilə 12 cilddən ibarət «Eneida» poemasını yazmışdır. Aktsi vuruşması bu poemada təsvir edilib. Vergili bu əsərində Troyanın müdafiəçisi, ilahə oğlu, romalıların atası sayılan Eneyinbaşına gələn hadisələrdən bəhs edir. Eney Troya şəhərindən qoca atasını çıxarır, bir müddətdən sonra İtaliyaya — Romaya gəlir və burada məskən salır. Eney atasının ruhu ilə görüşmək üçün yeraltı səltənətə gedir. Atasının ruhu ona xəbər verir ki, onun nəsli Romanın əsasını qoyacaq. Eney özünün gələcək nəslini və onların arasında Avqustun təntənəsini görür. Avqust Romaya dinclik gətirəcək. Vergili poemasında Avqustun və onun dövrünü təsvir etmiş, bu zaman qədim əfsanələrdən məharətlə yararlanmışdır.
E.ə. I əsrdəyaşamış Tit Lukretsi Kar «Cisimlərin təbiəti haqqında» fəlsəfi poemasını şerlə yazmışdır. Görkəmli şair və alim olan Lukretsi bu əsərində insanın və təbiətin tarixi haqqında o dövrün qabaqcıl ideyalarını əks etdirmişdir. Onun fikrincə, təbiət atomlardan ibarətdir. Onlar bir-biri ilə birləşərək yeri, səma cisimlərini, canlı varlıqları və insanların ruhlarını yaradır. Onun dediyinə görə, əkinçilik, od, incəsənət, yazı allahın insanlara mərhəməti nəticəsində verilməmişdir, insan bütün bunları zəhməti bahasına əldə etmişdir.
Romada elmin müxtəlif sahələri inkişaf etmişdi. Varron (e.ə. II-I əsrlər) «Kənd təsərrüfatı haqqında», «Latın dili haqqında» kitablar, Vitruli (e.ə. I əsr) «Memarlıq» haqqında dərslik yazmışdı.
Böyük Plininin yazdığı «Təbiət tarixi» əsəri 37 kitabdan ibarətdir və dövrümüzə qədər gəlib çatmışdır. Bu kitablarda Roma, Şərq, Yunanıstan alimlərinin astronomiyaya, təbabətə, kənd təsərrüfatına və başqa sahələrə aid yazılmış əsərlərinin məzmunu verilmişdir. Kitabda Iəsrdə Aralıq dənizi sahillərindəki ölkələrin elmi bilikləri toplanmışdı. Plini Vezuvi vulkanını öyrənmək üçün ona çox yaxınlaşmış və bu zaman həlak olmuşdur.
Roma mədəniyyəti böyük tarixi əhəmiyyətə malikdir. Bu mədəniyyət Roma imperiyasının hər yerində yayılmışdı. İmperiyanın əyalət əyanları özlərini romalılara oxşadırdılar, onların dilini öyrənirdilər. Roma nümunəsində şəhərlər salınır, yollar çəkilir, körpülər tikilirdi. Latın dilivə yunan əlifbası əsasında tərtib edilmiş latın əlifbasıgeniş yayılmışdı. Latın dili uzun müddət elmi dil olaraq qalmış, orta əsrlərdə Avropanın bütün əhalisi bu dildə oxuyub yazmışdı. Tibbdə indi də bu dil işlənir. Latın dili italyan, fransız, rumın və digər xalqların dilləri üçün əsas olmuşdur.
Yuli Sezarın tapşırığı ilə İsgəndəriyyədə təqvim tərtib edilmişdi. Bu təqvim indi də bəzi dəyişikliklərlə işlənir. İndiki ayların adında latın adları qalmaqdadır. İyul ayı Yuli Sezarın şərəfinə, Avqust imperator Avqustun şərəfinə adlandırılmışdır. Romada il mart ayında başlandığına görə sentyabr yeddinci, dekabr onuncu ay hesab edilirdi. Romalılar yunan mədəniyyətini inkişaf etdirmiş, ona bir sıra yeniliklər gətirmişdilər. Yunan və Roma mədəniyyətini antik mədəniyyət, yəni qədim mədəniyyət adlandırırlar. Bu mədəniyyət dünyanın bir sıra ölkələrinə yayılmış, Avropanın və bütün dünyanın gələcək mədəniyyətinin inkişafı üçün zəmin olmuşdur.
Tarix: 08.12.2014 / 16:40 Müəllif: Aziza Baxılıb: 496 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)