«İntibah» — adlandırılan dövrü «Renessans» kimi də qeyd etmək məntiqə müvafiqdir. Fransızca eyni mənanı bildirən bu anlayışın beşiyi tarixən İtaliya olmuşdur. İntibah incəsənəti humanizm prinsipləri əsasında (latın sözü olan humanus – «insani» deməkdir) təşəkkül tapmışdır. Bu ideyalar XIV əsrdə təşəkkül taparaq XVXVI əsrin II yarısı ərzində digər Avropa ölkələrində vüsət tapdı. Humanistlər hesab edirdilər ki, hər bir kəs şəxsiyyət kimi inkişaf etmək azadlığına malikdir. Bu inkişafı isə o, öz qabiliyyətləri hesabına aparır. Daha çox incəsənətdə parlaq və tam təcəssüm tapan humanizm ideyalarının əsas mövzusu mənəvi və yaradıcı imkanları ilə zəngin olan harmonik inkişaf etmiş insan obrazı idi.
Renessans sənətkarlarının universallığı onların memarlıq, heykəltəraşlıq, rəngkarlıqla məşğul olması, öz sənətlərini təkmilləşdirmək üçün ədəbiyyat, poeziya, fəlsəfə, habelə dəqiq elmlərin öyrənilməsi ilə əlaqədardır. İntibah incəsənətində dünya və insan haqqında biliklərin elmi və bədii qovuşuğu başlıca əlamət kimi özünü göstərirdi.
İtalyan İntibahı aşağıdakı mərhələlər üzrə dövrləşir:
Protorenessans (XIII-XIV əsrin II yarısı),
Erkən İntibah (XV əsr),
Yüksək İntibah (XV əsrin axırı – XVI əsrin əvvəlləri),
Son İntibah (XVI əsrin sonları).
XIII-XIV əsr İtaliya mədəniyyətində güclü Bizans və qotik ənənələr fonunda yeni sənət xüsusiyyətləri təzahür etməyə başladı ki, bu da gələcək İntibahın başlanğıcından xəbər verirdi. Ona görə də bu dövrü, məhz Protorenessans (daha doğrusu, Renessansa giriş kimi də başa düşmək olar, Protorenessans yunanca «ilkin deməkdir») adlandırırlar.
İtaliyada bu dövr yalnız Toskan və Romada mövcud idi. İtaliya mədəniyyətində köhnə və yeni sənət cizgiləri bir-birilə çulğalaşırdı. «Orta əsrlərin son şairi və yeni dövrün ilk şairi» Dante Aliqyeri (1265-1321) İtalyan ədəbi dilini yaratdı. Onun başladığı işin ardıcılları XIV əsrdə görkəmli florensiyalılar F. Petrarka (13041374), C. Bokkaçço (1313-1375), məşhur memar və heykəltəraşlar Nikkolo və C. Pizano, A. Kambio və rəngkar Otto di Bondone idi.
Memarlıqda İtaliya sənəti uzun müddət orta əsr ənənələrinin qanunlarına uyğun mövcud idi ki, bu əsasən qotika motivlərində daha aydıncasına görünürdü. Bununla yanaşı, İtaliya qotikası daha çox sakit, iti formalara, memarlığın horizontal bölgülərinə, divarların geniş səthlərinə daha diqqət yetirirdi. Florensiyanın ən böyük kilsəsi sayılan Santa-Kroçe Arnolfoun Kambio tərəfindən XIII əsrin sonlarında tikilməyə başlamışdı. Tikili özünün geniş aralıqları, vahid işıqlı daxili məkanı, qotik tacları ilə digərlərindən seçilirdi.
1296-cı ildə Florensiyada Santa-Mariya del Fore kilsəsi tikilməyə başlayır. Onun tikintisinin sona yetməsi yalnız erkən İntibah çağlarına qədər davam edir. 1334-cü ildə cottonun layihəsi əsasında zəngli kilsənin tikintisinə başlanır. Buna kampanila da deyirdilər.
Şəhər sarayları içərisində isə Florensiyadakı palatso della Sinyoriya adlı tikili daha məşhur idi. Belə güman edilir ki, onun da müəllifi Arnolfo di Kambiodur. Bu bina Florensiyanın müstəqilliyinin rəmzi kimi özünü tanıtmışdı.
protorenaissance-protorenessans
Protorenessansın heykəltəraşlığı, xüsusilə, Pizan məktəbində özünü daha dolğun büruzə verirdi. Onun əsasını heykəltəraş Nikolo Pizano (1220-1278/1284 il) qoymuşdu. Onun yaradıcılığını antik ənənələr təşkil etdiyindən, yetkin Roma və erkən xristianlıq dövrü sarkofaq heykəltəraşlıq tərtibatlarının öyrənilməsinə üstünlük verirdi. Pizadakı altıtəbəqəli mərmər kafedra (1260) İntibah heykəltəraşlığının görkəmli nailiyyəti hesab edilməklə, gələcəkdə ümumiyyətlə İntibahın inkişafına təkan verdi. Ağ, qırmızı, çəyhrayı, tünd yaşıl mərmərdən hazırlanmış kafedra bütöv bir memarlıq tikilisini, ansamblını yaradır. Divarlarda İsa peyğəmbərin həyatına aid relyeflər isə, tikilinin gözəlliyini artıran xüsusiyyətlərdəndir.
Nikolo Pizano məktəbindən Protorenessans dövrünün görkəmli sənətkarları çıxmışdı. Onlardan biri oğlu covanni Pizano və heykəltəraş kimi tanınan Arnolfo di Kambiodur. Ata və oğulun birgə işlədiyi ən gözəl işlərdən biri Perucci meydanındakı fəvvarədir. Çoxsaylı relyef və heykəllərlə bəzədilmiş Fonte Macore fəvvarəsi şəhərin fəxrinə çevrildi. Bu əsərlərdə sənətkarlar insan bədəninin hərəkət zənginliyini əks etdirə bilmişlər.
Rəngkarlıqda isə bu dövrün görkəmli nümayəndəsi cotto di Bondon hesab edilir. Onu çox vaxt protorenessans rəngkarlığının islahatçısı da adlandırırlar. Onun yaradıcılığı əsasında böyük və qəti texnikaya malik olan mozaika öz yerini freska texnikasına verdi ki, bu da İntibah təsviri sənəti üçün çox zəruri idi. Əvvəla bu yeni freska, materialın daha həcmli çatdırılması, həm də çoxfiqurlu kompozisiyaların yardılmasını təmin edirdi.
Cotto ilk dəfə təbiəti rəngkarlıqla təqlid etməyə başlamışdı. O, ilk dəfə canlı insanların naturadan rəsmini yaratmağa başlamışdı ki, bunu nə Bizans, nə də orta əsrlər mədəniyyətlərində etməmişlər. cotto rəngkarlığı, əvvəlki rəssamlara nisbətən daha emosionaldır. O, bir çox bədii obrazlar yartmışdı ki, bunları ifadəliliyinə görə etalon kimi qəbul etmək olar.
Citto rəsm əsəri
Protorenessans dövrünün ədəbiyyatı da bəşəri əhəmiyyət kəsb edərək Dante, Petrarka, Bokkaçço kimi dahilər yetişdirmişdi. Aligyeri Dante (1265-1321) yaradıcılığı «yeni şirin üslub» adlanan məşhur məktəb kimi tanınmağa başladı. Burada qadına münasibət ideallaşdırılaraq ona müdriklik, xeyirxahlıq rəmzi kimi yanaşıldı. Onun ilk şerləri məhəbbət məzmunludur, əsərlərinin başlıca qəhrəmanı Beatriçe adlı qadındır.
Dante dünya mədəniyyəti tarixində Dante «İlahi komediya»nın müəllifi kimi silinməz iz buraxmışdır. Əsərin «komediya» adlandırılması o dövrdə əsərlərin pis başlanğıc və yaxşı sonluqla qurtarması ilə izah olunursa, «İlahi» epitet, bədii əhəmiyyət və poetik kamilliyin vəhdəti kimi başa düşülməlidir. «İlahi komediya» üç əsas hissədən – «cəhənnəm», «Məşhər» və «cənnət» dən ibarətdir. Hər hissə 33 nəğməni əhatə edir. Bu əsərdə insanın ölümündən sonrakı həyatı tərənnüm olunur. Hər hissədə müəllif bədii təhlil verir, dünyanın, təbiət və insanın yaranması mövcudluğunun unikal mənzərəsini yaradır. Dante öz əsərində fərdi təxəyyülündən o dərəcədə yerli-yerində istifadə etmişdir ki, əsəri oxuyan hər bir kəs, doğrudan da axirəti səyahət etmiş olur.
Erkən intibah. XV əsrdə İtaliya incəsənəti Avropanın bədii həyatında hakim mövqeyə malik idi. Mədəniyyətin kübar humanist əsasları Florensiyada təzahür taparaq Siyena və Pizanı kölgədə qoymuşdu. Florensiyanı «İtaliyanın çiçəyi» adlandırırdılar. Florensiyanın belə adlandırılmasının başlıca səbəblərindən biri də buradakı memarlığın gündən-günə çiçəklənməsi, qol-qanad açması idi. Bu mənada erkən intibahın görkəmli memarı Filippo Brunelleski (1377-1446) hesab edilirdi. O, həm də memarlıqda dəqiq riyazi hesablama əsasında tikililərin aparılması nəzəriyyəsinin banisi kimi tanınır. Onun erkən yaradıcılığına aid ilk iş Florensiyadakı San-ta-Mariya del Fore kilsəsindəki gümbəzdir. Bu gümbəz məkan plastikası və mühəndis həllinin vəhdətinin ən unikal nümunəsidir. 1421-1444-cü illərdə isə memar İntibah dövrünün tarixində ilk dəfə olaraq Ospedale deli İnnoçenti (italyanca tərcümədə «günahsızların qospitalı və evi») Uşaq Evini tikir. Tikilinin humanist təyinatı onun sakit, rahat simasında təcəssüm tapır. Brunelleski tikililərində erkən İntibah memarlığına xas olan əsas xüsusiyyətlərdən biri də memarlıq nümunəsinin məhz insanlara təyinatını bildirən əsas əlamətlərdir ki, bunlar da ilk növbədə qotik tikililərdən fərqli olaraq insanın boy ölçüsünə uyğun inşaat tikilişindədir. Brunelleskinin memarlıqdakı daha bir yeniliyi antik order əsasında gümbəzli məbədlərin tikilişi idi. Onun belə memarlıq tikililərindən Florensiyadakı San-Lorentso kilsəsindəki yan kapella (1421-1428), Patetsi kapellası (1429-1443) və b. göstərmək olar.
XV əsrin İtalyan memarlığının inkişaf mərhələsi Leon Battist Albertinin (1404-1472) adı ilə bağlıdır. O, həm də görkəmli filosof və alim idi. Antik dövrün pərəstişkarı olan Alberti 30-cu illərdə «Roma şəhərinin görünüşü» adlı topoqrafik xəritəsini, «Memarlıq haqqında on kitab» (1449-1452), «Rəngkarlıq haqqında», «Heykəl haqqında» (1435-1436) traktatlarını yaratmışdı. Onun Florensiyadakı palatsosu (saray) köməkçisi digər məşhur memar Bernardo Rosselino ilə hazırlanmışdır.
Erkən İntibahın heykəltəraşlığı da özünün çiçəklənmə dövrünü yaşayırdı. O, müstəqil memarlıqdan asılı olmadan ayrıca bir sahə kimi inkişaf yolu keçərək yeni-yeni janrları yaradırdı. Heykəltəraşlıq təcrübəsinə zəngin tacir və sənətkarlara məxsus ictimai binaların bəzədilməsinə sifarişlər qəbul edilir, bu məqsədlə bədii müsabiqələrə üstünlük verilirdi. İtaliya heykəltəraşlıq İntibahında böyük hadisələrdən biri 1401-ci ildə Florensiya baptisteriyasının şimal qapılarının tuncdan hazırlanması üzrə müsabiqənin təşkili oldu. Bu müsabiqənin iştirakçıları arasında gənc sənətkarlar Filippo Brunelleski və Lorentso Giberti (1381-1495-ci illərə yaxın) idi. Bu müsabiqədə Giberti qalib oldu. Onun hazırladığı qapıları sonralar Mikelancelo «cənnət qapıları» adlandırmışdı. On kvadrat kompozisiyadan ibarət olan qızılı tuncdan hazırlanmış bu qapılar məkan dərinliyi, fiqur, təbiətin vəhdətinə görə mühüm əhəmiyyət kəsb edir. Bunlar öz ifadəliliyinə görə rəngkarlıq rəsmlərini xatırladırdı.
Sonralar Giberti heykəltəraşlıq məktəbində Donatello kimi yetişdirməsi fəaliyyət göstərir. O, İtaliya heykəltəraşlığının islahatçısı kimi tanınır. Danatellonun əsərlərində yüksək qəhrəmanlıq hissləri daha çox üstünlük təşkil edirdi. Onun Florensiyada Or San-Mikel kilsəsinin fasadları üçün tikdiyi taxçalardakı heykəllərində bu xüsusiyyətləri görmək mümkündür.
1430-cu ildə Donatello İtaliya heykəltəraşlığında ilk çılpaq heykəl olan «David»i yaratmışdır. Heykəl Mediçi palatsosunun daxili həyətindəki fəvvarə üçün nəzərdə tutulmuşdur. Gənc oğlan bədənini yaradan heykəltəraş, sözsüz ki, antik nümunələrdən çıxış etmiş, lakin əsərinə müasir ruh bəxş etmişdir.
XV əsrin I yarısının digər görkəmli heykəltəraşı Yakopo della Kverç (1374-1438) hesab edilir. O, monumental fəvvarə olan Fonte Qayanın heykəltəraşlıq nümunələrinin müəllifidir. Digər məşhur əsəri isə SanPetroniodakı (1425-1438) kilsəsinin portalının relyefləridir.
Florensiya heykəltəraşlarının ikinci nəslindən olan nümayəndələr (della Robbia heykəltəraş ailəsinin nümayəndələri Lukka della Robbia) daha lirik, kübar sənətə meyl edirdi. Lukka della Robbia bina və mehrablar üçün göy fon üzərində medalyonların hazırlanması, çiçək və meyvələrdən ibarət girlyandların, Madonna, İsa peyğəmbər kimi müqəddəslərin büstlərinin yapılmasında çox məşhur idi. Heykəltəraşın yaxın qohumu Andrea della Robbia (1435-1525) da bu sahədə müasirləri tərəfəindən rəğbətlə qarşılanırdı.
Erkən intibah rəngkarlığının görkəmli nümayəndələrindən Mazaçço kimi tanınan Tomazzo di covanni di Simona Kassan, Alessandro Filipepi, Paolo Uçellonu, Sandro Bottiçellini göstərmək olar. Mazaçço öz fərdi bədii üslubuna görə İntibah dövrünün novatorlarından biri idi. Onun məşhur əsəri «Troitsa» adlı freskasıdır.
Florensiyanın Santa-Mariya Novella kilsəsində yaradılan bu rəngkarlıq nüsmunəsi (1427-1428) mehrab kompozisiya rolunu oynayır. Kompozisiya tacvari taxta üzərində hazırlanmışdır. Müəllifin Mizzolino ilə birgə Santa-Mariya del Karmin kilsəsindəki Brankarri kapellası rəsmləri zəngin Florensiya sifarişçisinin adı ilə bağlıdır. Mazaççonun «Adəm və Həvvanın cənnətdən qovulması» freskasında isə, öz dövrünü qabaqlayan müəllifin ideyasında Bibliya mövzusu deyil, məhz qəhrəmanların əhvali-ruhiyyəsindəki psixoloji məqamlar başlıca yer tutur.
Mazaççonun ölümündən sonra onun müasiri Paolo Uçello (1397-1475) öz əsərləri ilə erkən İntibah çağını zənginləşdirdi. O, «Müqəddəs Georgi» adlı kiçik rəsmi ilə tanındı. Gənclik illərində Uçello Gibertinin emalatxanasında çalışaraq Venetsiyadakı San-Marko kilsəsinin mozaikalarını yerinə yetirmişdi. Onun yaradıcılığının son dövrünə aid olan «Gecə ovu» (1460) kompozisiyası təsvirdəki çoxfiqurlu obrazlarla, onların psixoloji həyəcanlarına görə böyük maraq doğuran əsərlərdir.
Erkən İntibahın digər görkəmli rəngkarları F. F. Lippi (1406-1469), P.D.Françeska (1420-1492), A. Mantenye (1431-1506), C. Botiçellinin (1445-1510) və d.-nin adlarını çəkmək olar. Alessandro Botiçellinin yaradıcılığı üzərində xüsusi dayanmaq lazımdır. Onun yaradıcılığının səciyyəvi xüsusiyyətini, personajların daxili aləmi, əhvali-ruhiyyəsi, həyəcanlarına müraciət təşkil edirdi. Ən məşhur əsərləri «Bahar» (1477-1478), «Veneranın doğulması» (1483-1484) rəsmləridir. Onun «Bahar» tablosunun süjeti bu günədək müəmmalı olaraq qalmaqdadır. Bu əsərə ruhən yaxın olan «Veneranın doğulması»nda isə məhəbbət ilahəsi çılpaq Venera balıqqulağının içərisində ayaq üstə dayanaraq yavaş-yavaş sahilə doğru üzür. Hər iki rəsm tablolarında görkəmli rəssam qadın gözəlliyini də tərənnüm etmişdir.
Yüksək İntibah. XV əsrin axırlarından başlayaraq İtaliya İntibahı inkişafının yeni dövrü «Yüksək intibah» adı almış mərhələsi başlayır. Bu mərhələ 40 ilə yaxın dövrü əhatə edir. Bu mərhələ qısaömürlü olmasına baxamayaraq görkəmli sənətkarları ilə məşhurdur. Leonardo da Vinçi, Rafael Santi, Mikelancelo, Domeniko Girlandayo, Andrea Verokio – məhz yüksək İntibahın yetişdirmələridir.
Yüksək İntibah mədəniyyəti əvvəlki mərhələlərə nisbətən tamamilə yeni siyasi şəraitdə inkişaf edir.
Əgər XIV və XV əsrlərdə İtaliya Qərbi Avropanın ən qabaqcıl ölkələri sırasına daxil idisə, artıq XVI əsrin əvvəllərində bu ölkə iqtisadi və siyasi böhrana uğradı. Ona görə də incəsənət bu dövrün mürəkkəbliyinin təzahürünə çevrildi. İqtisadi, siyasi uğursuzluğun əksinə olaraq incəsənətdə yüksək, parlaq ideyalar üstünlük təşkil etməyə başladı. Rəngkarlıq və heykəltəraşlıq personajları heç zaman belə nəhəng, azad və yüksək ehtiraslı olmamışdı. Bu qəhrəmanlarda titanik ideal təcəssüm tapdı. Obrazların iri miqyası əvvəlki İntibah çağlarının obrazlarından fərqlənməyə başladı. Fəal yaradıcı şəxsiyyət yeni İntibah tipləri idi.
Dövrün ən məşhur sənətkarları Leonardo da Vinçi (1452-1519) hesab edilir. O, görkəmli rəssam olmaqla yanaşı, həm də dövrünün alimi idi. Onun erkən yaradıcılığına aid olan «Madonna çiçəklə» (1472) əsərində rəssam əvvəlki sənətkarlarından fərqli olaraq gənc Məryəmin analıq sevincini əks etdirən sadə səhnəni verir. Leonardo da Vinçi memarlıq sənətində də öz sözünü demiş sənətkarlardandır. Rəssamın görkəmli əsərləri «Gizli gecə» (freska), «cokonda», «Madonna körpə ilə», «İsa peyğəmbərin xaç suyuna salınması» və b.-dır. Lakin zəngin Florensiyalı Françesko del cokondonun arvadı Mona Lizanın portreti (1503) dünya incəsənəti tarixində əvəzi olmayan bir əsər kimi hələ neçə-neçə nəsilləri heyran edəcəkdir. Əsərin sənət möcüzələri ilə yanaşı onun haqqındakı əfsanə, elmi fərziyyə və tədqiqatlar bu portreti daha da dəyərləndirən səbəblərdəndir. Əsərdəki obrazın psixoloji məqamı mənəvi hisslərin, əhval-ruhiyyə və fikirlərin qeyri-mürəkkəbliyi, həm də bundan irəli gələn «aydın olmayan» məna ilə izah edilir. Leonardo da Vinçi «Rəngkarlıq haqqında traktat» (1498) əsərində insan anatomiyası, hərəkət, mimika, emosional vəziyyətlərdə bədənin proporsiyaları haqqında çox zəngin və ətraflı məlumat və biliklər verilmişdir. Burada daha çox işıq-kölgə, həcm modelləşməsi, xətli və hava perspektivləri haqqında biliklər də mühüm yer tutur.
Həyatının son illərində Leonardo da Vinçi fransız şahı I Fransiskadan dəvət alaraq 1517-ci ildə Fransaya getmiş və saray rəssamı kimi fəaliyyət göstərmişdir. Çox tezliklə o, həyatını dəyişir. Özünün 1510-1515-ci illərdə işlədyi Avtoportretində yaşından çox qoca görünən rəssam qəmli, kədərli baxışla tamaşaçıya baxır.
Yüksək İntibah dövrünün digər məşhur rəssamı Rafael Santidir (1483-1520). Rafael təsviri sənətdə nova-tor kimi tanınmışdır. Bununla o yüksək gözəllik və harmoniyaya nail olmuşdu. Məhz elə ona görə də Rafaeli yüksək harmoniya daşıyıcısı adlandırırlar. O, öz əsərlərində humanizmin ən parlaq və yüksək təsəvvürlərini təcəssüm etdirmişdir. Onun ən sevimli obrazları Madonna idi. Onun Madonnalar ustadı kimi adlandırılması məqsədəuyğundur. Rəssamın «Konestabil Madonnası» (1502-1503) əsəri erkən yaradıcılığının ən gözəl nümunəsidir. Bu çağın digər tablosu «Məryəmin nişanlanması» (1504) adlı əsəridir. Bu əsərdəki obrazlar, gənc oğlan və qızların təbii zəifliyi tamaşaçını heyran qoyur. Obrazların hərəkətləri, pozaları, jestləri çox dinamik və plastik səciyyə kəsb edir. Rəsm tablosunda artıq heç bir detal və ya cizgi yoxdur. Qızılı, qırmızı, tünd yaşıl rəng çalarları bayram əhval-ruhiyyəsi bəxş edir.
1504-cü ildə Florensiyaya gələn Rafaelin yaradıcılığı yetkinlik əldə edir. Onun bu dövrdə yaratdığı madonnalar körpə İsa ilə daha çox təsvir olunur. O dövrdə peyzaj fonunda istifadə daha başlıca yer tutur. 1505-ci ildə «Madonna yaşıllıqda» əsərində Leonardonun piramida kompozisiyasından istifadə edilərək incə rəng harmoniyalarına diqqətlə yanaşılmışdı.
Madonna yaşıllıqda. Мария с младенцем и Иоанном Крестителем
Rafaelin müvəffəqiyyətləri, onun 1508-ci il Romadakı papa sarayına dəvəti ilə nəticələndi. O, Vatikan sarayındakı otaqların (stans) divarlarının təsvirlərlə bəzədilməsi sifarişini aldı. Rafael və onun tələbələri binanın tavanlarını, divarlarını çoxfiqurlu freskalarla, naxışlarla bəzədilər. 1509-1517-ci illərdə Vatikan stanslarının bəzədilməsi rəssama şan-şöhrət gətirdi. Bütün bunlarla yanaşı bu böyük rəssamın digər məşhur əsərləri «Sikstin Madonnası», «Donna Velatanın», «Lal qadın» portretləri ona şöhrət gətirən əsərlərdəndir.
Rafael mahir rəsm ustadı idi. Bu rəsmlərdə cizgi və xətlərin rahat, azad, səhvsiz məqamlarını duymaq mümkündür.
Yüksək İntibahı Mikelancelo Buonarrottisiz (1475-1564) təsəvvür etmək qeyri-mümkündür. Onun yaradıcılığı İntibaha yetkinlik, bütövlük, kamillik bəxş etmişdir. 1496-cı ildə Romaya gələn gənc Mikelancelo burada sonralar məşhurlaşacaq «Pyeta» («İsa peyğəmbəri oxşama») (1498-1501) əsərini müqəddəs Pyotr kilsə kapellasında yapdı. Bu heykəltəraşlıq nümunəsi öz möhtəşəmliyi ilə kapellaya xüsusi müqəddəslik görkəmi bəxş edirdi.
1501-ci ildə Florensiyaya dönən Mikelancelo Davidin mərmərdən möhtəşəm heykəlini yaratmağa başladı (1501-1504). Heykəl 5,5 m ölçüyə malik olaraq insanın nəhəngliyinin hüdudsuzluğunu üzə çıxarır. Düşmənə daşla zərbə endirməyə hazırlaşan gəncin özünə həm fiziki, həm də mənəvi arxayınçılığı onun qalib olacağından xəbər verir. Bu duyğunu heykəltəraş böyük həssaslıqla, ustalıqla təcəssüm etdirə bilmişdir. Florensiya Respublikası tərəfindən sifariş olunan bu heykəl Bekkyo Palatsosunun girişində qoyuldu. 1504-cü ildə heykəlin təntənəli açılışı ümumxalq bayramına çevrildi. «David» meydanı üç əsrdən artıq bəzədikdən sonra 1873-cü ildə Florensiyanın Zərif Sənətlər Akademiyasının Qalereyasına köçürüldü. Əvvəlki yerində mərmər nüsxəsi qoyuldu.
Mikelancelo özünü heykəltəraş kimi qələmə versə də, onu gözəl rəssam və memar kimi də dəyərləndirmək olar. Belə ki, Vatikanda Sikstin kapellasının Tavanının müəllifi, məhz bu görkəmli sənətkar olmuşdu ki, bunu da 1508-1512-ci illərdə yaratmışdı.
Onun II Yulinin sərdabəsinə yapdığı heykəllər də heyranedicidir. 1515-1516-cı illərdə yaratdığı Peyğəmbər Musanın heykəli yüksək İntibahın möhtəşəm abidələrindəndir. Mikelancelonun yaradıcılığında bir çox işlər yarımçıq və həyata keçməmiş formada qalmışdır. Xasiyyətcə dəyişməz, müstəqil, azad, düzgün olan bu məşhur sənətkar tez-tez hakimiyyəti dəyişən yüksək təbəqə nümayədəlrinin arzu və tələbləri ilə razılaşmalı olurdu. Əsas məsələ ondan ibarətdir ki, müxtəlif zövqlərə malik olan bu şəxslər Mikelancelonu öz tələblərinə əməl etməyi məcbur edirdilər. 20-ci illərdə Florensiyanın siyasi həyatındakı böhran, üsyanlar, vəba xəstəliyi heykəltəraşın bəzi başladığı işlərin yarımçıq qalmasına başlıca səbəb oldu. Lakin bütün bunlara baxmayaraq Mikelancelonun «Qorxulu məhkəmə», «Cənnətdən qovulma», «Göy cisimlərinin yaranışı» və d. freskaları yüksək İntibahın dünya incəsənətinə bəxş etdiyi ən dəyərli və möhtəşəm abidələrdir.
Son İntibah
Bu dövr XVI əsrin 40-cı illərindən başlayır. Bu tarixi mərhələdə İtaliya xarici qəsbkarların hökmranlığı altına düşür. Yalnız Venetsiyada incəsənət sahəsində müstəqillik, sərbəstlik mövcud idi. Demək olar ki, humanist mədəniyyət, incəsənət dərin böhran keçirirdi. Burada antirenessans, antiklassik tendensiyalar manyerizm cərəyanında təzahür tapdı. Lakin bütün bunlara baxmayaraq İntibahın son mərhələsinin görkəmli sənətkarları yetişmişdi. Bunlardan biri, memarlıqda Şimali İtaliyanın yetişdirməsi olan Andrea Palladiodur (1508-1580). Palladionun memarlığa gətirdiyi yeniliklər artıq XVII-XVIII əsrlərdə Avropa klassisizminin palladioçuluq adını daşımasına səbəb oldu. Bu memar öz nəzəri ideyalarını «Memarlıq haqqında dövrü kitab» (1570) adlı əsərində təzahür edir. Onun kompozisiyaları öz təbiiliyi, rahat və sakitliyi, kamilliyi, ciddi nizamlılığı, ətraf mühitlə vəhdətinə görə fərqlənirdi. Onun tikdiyi memarlıq nümunələri Viçentsa və Venetsiya şəhərlərini bəzəyir.
Viçentsa şəhəri Palladionun şəhəri hesab edilir. Bu şəhərdəki memarlığın ən böyük binası 1549-cu ildə tikilən Bazilikadır. 1580-cı ildə tikdirdiyi «Olimpiko» teatrı İtaliyada ən ilk monumental teatr binası hesab edilir. Memar burada Roma teatr tipindən istifadə etmiş, tamaşaçı zalına dairəvi deyil, ellips forması vermişdi. Palladionun memarlıq ideyaları sonrakı tarixi mərhələlərə, xüsusilə, İngiltərə, Fransa, Rusiya memarlıq sənətinə yüksək dərəcədə təsir göstərir.
Bu İntibahın təsviri sənətdə görkəmli rəssamı Paolo Veroneze hesab edilir. Monumentalist rəssam sayılan Paolo Veroneze divarların füsunkar dekorativ ansamblları, plafon təsvirlərinin müəllifi hesab edilirdi. Bu təsvirlər, personajların çoxluğu, əhəmiyyətli detalları ilə zövq oxşayırdı. Venetsiyadakı San-Sebastyano kilsəsinin tavan təsvirləri (1556-1557) gənc rəssamın ən gözəl işlərindən biri idi. Onun «Mardoheya zəfəri» kompozisiyası hər kəsi valeh edən əsərlərdəndir. A. Palladio tərəfindən tikilən Mazeredəki Barbaro-Volpe Villasının freskalarının müəllifi də Paolo Veronezedir.
Yaradıcılığı bu rəssama tam əks olan Son İntibah nümayəndəsi Tintoretto (1518-1594) hesab edilir. Əsil adı Cakono Robusti olan Tintoretto incəsənətdə yeni cığırın nümayəndəsi idi. O, rəssamlıqda simmetriya, ciddi çəki bərabərliyinə qarşı olub, məkan məhdudluğunu aradan götürmüşdü. Onun «Gizli gecə» əsəri dövrünün ən gözəl rəsm əsərlərindəndir. Digər əsəri «Məbədə giriş» adlanır.
Beləliklə, İtaliya İntibahının bütün dövrləri ilə tanışlıqdan sonra onun dünya mədəniyyəti, sivilizasiyasının aparıcı dayaqları olması haqqında qəti nəticə çıxartmaq olar. İntibah incəsənəti bütün sahələri, xüsusilə, təsviri sənət, memarlıq, tətbiqi sənətdə daha unikal səviyyədə inkişaf etmişdir.
Tarix: 09.12.2014 / 13:08 Müəllif: Aziza Baxılıb: 267 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)