Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mədəniyyətdə millilik və beynəlmiləlçilik

Mədəniyyətin inkişafı cəmiyyətin obyektiv qanunlarına əsaslanır. Bu baxımdan mədəniyyət spesifik, xüsusi və ümumi qanunlar əsasında inkişaf edir. Spesifik qanunlar yalnız cəmiyyətin müəyyən mərhələsində mövcud olan mədəniyyətdə, xüsusi qanunlar məzmun baxımından yaxın olan mədəniyyət tiplərində, ümumi qanunlar isə bəşər mədəniyyətinin inkişafı prosesində fəaliyyət göstərir. Qeyd etdiyimiz qanunlar öz inkişafında bir-biri ilə vəhdət təşkil edir. Qanunların belə vəhdəti müxtəlif tipli mədəniyyətlər arasında da əlaqəyə səbəb olur. Nəticədə mədəniyyətin inkişafında təkcə, xüsusi və ümuminin əlaqəsi meydana çıxır. Bu nöqteyinəzərdən mədəniyyətin milli xüsusiyyətlərinin və beynəlmiləl xarakterinin öyrənilməsi müəyyən mənada xüsusinin ümumiyə, ümuminin isə xüsusiyə münasibətindən, nisbət və vəhdətindən asılıdır.

Hər hansı milli mədəniyyət digərindən özünəməxsus üsusiyyətlər və spesifık cəhətlərlə fərqlənir. Lakin milli mədəniyyətlərin fərqlərinə baxmayaraq onların arasında ümumi qanunauyğun əlaqə mövcuddur. Bu əlaqə müxtəlif dövrlərdə müxtəlif şəkildə üzə çıxır. Mədəniyyətin milli və beynəlmiləl xüsusiyyətlərinin izahına keçməzdən əvvəl "millət", "millilik", "xalq" və "xəlqilik" anlayışlarının şərhi zəruridir. Məlumdur ki, insanların etnik birliyinin formalarına qəbilə, xalq və millət daxildir ki, bunlar həmin "birlikdə" müəyyən mərhələləri təşkil edir. Bütün ictimai-iqtisadi formasiyalarda bu "etnik birlik" müxtəlif səviyyələrdə mövcud olmuşdur. Dil, ərazi, şüur, iqtisadi əlaqə birliyi insanların müəyyən qruplarını ayrıayrılıqda birləşdirir ki, bu birləşmələr tarixən qəbilə, xalq və millət anlayışları şəklində təkmilləşir. İnsanlar qəbilə birliyindən xalq, sonra isə millət birliyinə keçərkən xarakterik əlamətlər-ümumi dil, etnik ərazi, şüur itirilmir və davamlı xüsusiyyətlər kimi nəsillərdən-nəsillərə ötrülür. Millət müxtəlif insan qruplarının bəzi fərqləndirici əlamətlərini özündə əks etdirən ən yüksək birlik formasıdır. İnsanların etnik ümumilliyi o zaman millət halında formalaşır ki, buradakı fərdlərin vəhdəti eyni dildə danışan əhalinin mərkəzləşmiş bir dövlət çərçivəsindəki, həyatı və fəaliyyəti ilə şərtlənir.
"Xalq" əslində millətdən əvvəlki mərhələdir. Müasir mənada isə "millət" anlayışından genişdir. Xalqın millət kimi formalaşmasında mühüm əlamətlərdən sayılan milli xarakter, iqtisadi həyat birliyi müxtəlif ictimai-siyasi şəraitdən asılı olaraq dəyişikliyə uğrayır. Elmi mənbələrdə bəzən xəlqilik milliliyin sinonimi kimi işlədilir. Fəlsəfi ədəbiyyatlarda da çox istifadə olunan bu ifadələrin mahiyyətcə bir-birinə yaxınlaşdığı və uzaqlaşdığı məqamlar diqqətdən yayınır. Millilik anlayışında ümumən millətə aid olan struktual cəhətlər öz əksini tapır. Xəlqilik isə ümumən xalq kütlələrinin mənafeyini, millətin bu çoxluq təşkil edən mütərəqqi hissəsinin əhval-ruhiyyəsini özündə toplayır.

Klassik ədəbiyyatımızın görkəmli nümayəndələrinin əsərlərində millilikdən daha çox xəlqilik diqqəti cəlb edir. Əlbəttə, sənətdə xəlqilik daha geniş anlayışdır. Lakin xalqın həyatını, onun çalarlarını əks etdirən hər bir əsəri xəlqi adlandırmaq olmaz. Xəlqilik sənətkarın xalqa, onun taleyinə münasibətindən, o cümlədən üslubundan asılıdır. Hakim siniflərdən, saray həyatından, cəngavərlərdən, fatehlərdən bəhs edən əsərlərdə də xəlqilik ifadə oluna bilər. Belə ki, Nizami Gəncəvinin "İsgəndərnamə", "Xosrov və Şirin", "Yeddi gözəl" əsərləri əsasən hökmdarların, hakim zümrənin mühitini əks etdirsə də, buradakı ümumxalq əhəmiyyətli problemlərin-ədalətli şah, azad məhəbbət, qəhrəmanlıq-yüksək sənətkarlıqla, xalq təfəkkürünə əsaslanan bədii vasitələrlə əksi məhz xəlqilik prinsiplərindəndir.
Müasir milli mədəniyyətin siması isə orta əsr Azərbaycan intibahının ən əlamətdar xüsusiyyətlərinin belə eyni deyil, bəlkə tarixən dəyişilə-dəyişilə, yeniləşə-yeniləşə gələn, əsasını o dövrlərdən götürən estetik təsəvvürlər sistemi ilə cilalanmış bir keyfiyyətdir. Buna görə də kökü xalq tarixinin dərin mənəvi qatlarına bağlı olan bir məfhumu itirmək, unutmaq doğru deyildir. Milli mədəniyyətlərdə unudulmuş, potensial hala keçmiş elə qiymətli demokratik meyllər də var ki, bunları araşdırıb meydana çıxarmaq lazımdır. Beynəlmiləlçilik milli zəmində yaranır, ona məxsus olan həmrəylik, əməkdaşlıq, bərabərlik, qarşılıqlı yardım, dostluq və s. prinsiplər millilik vasitəsilə təzahür edir. Beynəlmiləlçilik prinsipiərinin mahiyyəti bütün millətlər, xalqlar üçün vahiddir. Lakin hər bir millət və xalq bu prinsipləri öz spesifık xüsusiyyətlərinə və həyat tərzinə uyğun olaraq qəbul edir.
Millilik əsasən millətdaxili münasibətlərdə, beynəlmiləlçilik isə millətlərarası münasibətlərdə özünü göstərir. Milli xüsusiyyətlərin beynəlmiləl cəhətlərə çevrilməsi qanunauyğun bir prosesdir. Lakin hər cür milli xüsusiyyət deyil, yalnız mütərəqqi xüsusiyyətlər beynəlmiləl cəhətlərə çevrilir. Mütərəqqi xüsusiyyətlər inkişaf edərək beynəlmiləl prinsiplərə doğru gedir və bu prinsiplərlə qovuşur. Millətlərin mədəni inkişafının ümumi qanunauyğunluqları milli mədəniyyətlərin yaxınlaşmasına və inkişafına kömək edir. Bu, milli inkişafın beynəlmiləl forması kimi özünü göstərir.
Millilik beynəlmiləlçiliyi əks etdirdiyi kimi, beynəlmiləlçilik də milliliyi əks etdirir və onun inkişafına səbəb olur. Milliliklə beynəlmiləlçiliyin dialektikasının əsas cəhətlərindən biri onların nisbətinin düzgün müəyyənləşdirilməsidir, Millətlərin həyatında milliliklə beynəlmiləlçiliyin nisbəti mütləq deyil, nisbi xarakterlidir. Mədəniyyətin milli xüsusiyyətləri ilə beynəlmiləl mahiyyəti arasındakı vəhdət onda öz ifadəsini tapır ki, milli xüsusiyyətlər, milli forma məzmunla uyğunlaşır, onunla şərtlənir. Mədəniyyətin beynəlmiləl xarakterinin milli xüsusiyyətlərə təsiri isə onunla şərtlənir ki, milli xüsusiyyətlər təkmilləşərək öz inkişafında beynəlmiləl cəhətlərlə zənginləşir. Əsl milli sərvətlər, mütərəqqi cəhətlər həmişə beynəlmiləl keyfiyyətlərlə uyğunlaşır. Millətin ərazi, dil, iqtisadi və mənəvi həyat birliyi əsasında formalaşan xüsusiyyətlərindən ən başlıcası milli hisslərdir. Milli psixologiyanın əsas ünsürlərindən biri olan milli hisslər bir tərəfdən millətin həyat şəraitinin, digər tərəfdən isə insanların xalq birliyinə xas olan hisslərinin qanuna uyğun pilləsi kimi formalaşır. Birinci halda milli hisslər millətin ictimai, iqtisadi inkişafına, mədəni məişət xüsusiyyətlərinə emosional münasibəti kimi, ikinci halda isə insan hisslərinin millətə xas olan qanunauyğun varisi kimi çıxış edir.

Milli hisslər, milli xarakter bir növ adət-ənənələr vasitəsilə təzahür edir. Bütün tarixi mərhələlərdə hər hansı bir etnosun həyat tərzində əsas yer tutan adət-ənənələr, ümumiyyətlə, əxlaq normaları ictimai şüurun təzahürü kimi fəaliyyət göstərir. Müəyyən kollektivdə (tayfa, xalq, millət) və ya ictimai qrupda gözlənilən, onun hər bir üzvü üçün adi əxlaq normasına çevrilən irsi davranış qaydası isə adət adlanır. Bütün tarixi dövrlərdə insanların məişətində adət-ənənələr tənzimləyici rol oynamışdır. Həyat tərzinin tarixi inkişaf prosesində yaranmış adətlərə əməl edilməsi hamının vətəndaşlıq borcudur.


Tarix: 08.12.2014 / 17:25 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...