Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Amerikasayağı Alma Piroqu))

Amerikanın ən məşhur şirniyyatlarından biri almalı piroqdur. Mən də çox xoşlayıram, evdə hazırlananı isə lap çox. Bişirilməsi çətin deyil. Qəliz heç nə yoxdur. Xəmirin hazırlanma qaydasını əvvəlki yazıdan öyrəndik, indi isə gəlin xəmiri almayla dolduraq olsun alma piroqu. Ləzzət!

Alma Piroqu
Resept "Martha Stewart’s Cooking School” kitabından adaptə edilmişdir

İçini doldurmaq üçün:
1.5 kq assorti alma /istənilən sort alma ola bilər/ - qabığı soyulub,çəyirdəyi çıxarılmış almalar 6 mm qalınlığında dilimlənir.
¾ fincan şəkər tozu
2 xörək qaşığı un və ya 1+ 1/2 xörək qaşığı qarğıdalı nişastası
1 xörək qaşığı təzə limon şirəsi
¾ çay qaşığı döyülmüş darçın (çox istəsəniz 1 qaşıq götürə bilrəsiz)
¼ çay qaşığı döyülmüş zəncəfil (zövqə görə qatmamaq da olar)
¼ çay qaşığı duz
2 xörək qaşığı xırda doğranmış duzsuz kərə yağı

Xəmir Üçün:

Piroq xəmiri

Xəmirin üzərinə çəkmək üçün:
1 böyük yumurtanın sarısı
1 xörək qaşığı qaymaq
Üzərinə səpmək üçün təxminən 1 xörək qaşığı şəkər tozu

Hazırlanması:
İçliyi hazırlamaq üçün bir qaba doğranmış almalar,şəkər tozu,un,limon şirəsi,darçın,zövqə görə zəncəfil və duz tökülüb qarışdırılır.
Piroq üçün yayılmış xəmir bişiriləcək yumru piroq boşqabın içinə yayılır,üzəri almalı içlik ilə doldurulur və üstünə yağ tikələri yerləşdirilir. İkinci xəmir yayılır və ikinci qat kimi içliyin üzərinə qoyulur. Mətbəx qayçısı ilə hər iki qatın artıq qalan kənarları 2.5sm-də kəsilir. Sonra hər iki qatın kənarları barmaqla basılıb birləşdirilir və bükülür. Baş barmaq və şəhadət barmaqla burulur /eyni zamanda digər şəhadət barmaqla xəmir ehmalca geri basılır. Xəmirin kənarları bu qayda ilə burulmalır. Sonda xəmirin yuxarı hissəsində bıçaqla 7.5sm uzunluğunda uzununa 5 kəsik qoyulur. Bişmədən öncə piroq soyuducuda 20 dəqiqə saxlanılır.
Soba öncədən 205C dərəcə tempraturunda isidilir.

Amerikasayağı Alma Piroqu

Yumurtanın sarısı ilə qaymaq bir qabda qarışdırılır,fırça ilə xəmirin yuxarı hissəsinə çəkilir.( İstəyə görə soyuqduqdan sonra xəmirin yuxarı hissəsində bıçaqla yarpaq və ya digər forma da kəsilə bilər) Sonra üzərinə şəkər tozu səpilir. Sobaya qoyulur. (Piroqun şirəsi axıb tökülməsin deyə folqa da yerləşdirilir.) 10 dəqiqə bişirilir,sobanın tempraturu 190 dərəcəyə endirilir. Piroqun alt və üst hissəsi qızılı rəngə çalana və içindəki şirə köpüklənənədək təxminən 1 saat bişirilir.
Bişmiş piroq sobadan çıxarılır,içlik özünü tutanacan təxminən 2 saat soyudur. Süfrəyə isti halda yaxud otaq tempraturunda verilir. Əgər piroq bütün gecəni qalacaqsa o zaman folqa ilə üzəri örtülür və otaq tempraturunda saxlanılır. Piroqu soyuducuya qoymaq olmaz,çünki nəm çəkər.


Tarix: 29.11.2014 / 15:00 Müəllif: Aziza Baxılıb: 123 Bölmə: Dünya mətbəxi
loading...