Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehdixan Vəkilov

Mehdixan Yusif ağa oğlu Vəkilov — görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, 1958-1962-ci illərdə 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Ali Sovet Sədrinin müavini, tarix elmləri doktoru (1969) və professor (1969). Əməkdar elm xadimi (1973), Qabaqcıl maarif xadimi (1959 və 1973) fəxri adlarına layiq görülmüş, birinci dərəcəli Vətən müharibəsi ordeni (1943), iki Şərəf Nişanı ordeni (1944 və 1961) və SSRİ-nin müxtəlif medalları ilə təltif edilmişdir.

Mehdixan Vəkilov Azərbaycanın xalq şairi Səməd Vurğunun böyük və yeganə qardaşıdır. Diplomat Cavanşir Vəkilovun atasıdır.
Həyatı
Mehdixan Vəkilov 1902-ci il iyun ayının 15-də Qazax qəzasının Yuxarı Salahlı kəndində doğulmuşdur. Dörd sinifli kənd məktəbini bitirdikdən sonra Cənubi Qafqaz müftisi Hüseyn əfəndi Qayıbzadənin Tiflisdə təsis etdiyi pansion tipli məktəbə gondərilmişdir. O, 1918-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər seminariyası əsasında təşkil edilmiş Qazax Müəllimlər Seminariyasına daxil olmuş, 1924-cü ildə həmin tədris ocağını bitirmişdir.

Gənc nəslin tərbiyə edilməsi, xalqın maariflənməsi sahəsində böyük səylər göstərən Mehdixan Vəkilov Gəncə qəzası məktəblərində müfəttiş, Quba qəza maarif şöbəsinin müdiri və Şuşa şəhərində təşkil olunmuş müəllimlər kursunun müdiri vəzifəsində çalışmışdır.

1926-1931-ci illərdə Lenin adına Universitetdə (sonralar Azərbaycan Pedaqoji İnstitutunda) təhsilini davam etdirdiyi dövrdə də vurğunu olduğu sevimli peşədən ayrılmamış, Balaxanı, Suraxanı fabrik-zavod məktəblərində ictimaiyyət fənnindən dərs demişdir. Həmin məktəblərdə onun tələbələri arasında sonralar məşhurlaşmış görkəmli yazıçı Mirzə İbrahimov və tanınmış şərqşünas alim Məmmədağa Sultanov da var idi.

O, 1931-1934-cü illərdə Qəbələdə müəllim olmuş, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, Bakı kolxoz məktəbində ictimai elmlərdən dərs demiş, 1934-1938-ci illərdə Xalq Maarif Komissarlığında müfəttiş, 1938-1941-ci illərdə Respublika Xalq Komissarları Soveti nəzdində İncəsənət işləri idarəsində teatr şöbəsinin müdiri və Elmlər Akademiyası Azərbaycan filialının tarix institutunda şöbə müdiri vəzifələrində çalışmışdır.


Tarix: 11.02.2015 / 12:46 Müəllif: Feriska Baxılıb: 225 Bölmə: Azərbaycan tarixçiləri
loading...