A.Bakıxanov dövrünün ən yaxşı bibliofillərindən idi. Onun zəngin kitabxanası olmuşdur. XIX əsrin 40-cı illərində bir neçə gün A.Bakıxanovun qonağı olmuş prof. İ.Berezin onun çap kitablarından və əlyazmalarından ibarət kitabxanası ilə tanış olmuş və özünün "Dağıstana və Zaqafqaziyaya səyahət" əsərində həmin kitabların siyahısını vermişdir. 270 nüsxədən ibarət qiymətli əlyazmalarını əhatə edən bu kitabxanada Ənvəri, Cami, Savəci, Dövlətşah Səmərqəndi və başqa Şərq klassikləri ilə birlikdə Nizami, Saib Təbrizi, İskəndər bəy Münşi kimi azərbaycanlı müəlliflərin də əsərləri olmuşdur.
iran-Rusiya müharibələri zamanı A.Bakıxanov İranda diplomatik xidmətdə olmuş, 1828-ci ildə Ərdəbildə məşhur Şeyx Səfi kitabxanasında tədqiqat aparmışdı. Bu kitabxana sonralar məşhur "Ağıldan bəla" komediyasının müəllifi A.S.Qriboyedovun "təşəbbüsü" ilə Tiflisə köçürülmüş, burada Bakıxanov onunla birlikdə həmin əlyazmalar üzərində böyük iş aparmış və onların kataloqunu tərtib etmişdi. Tədqiqatçılar A.Bakıxanovun Axalsix kitabxanasının əlyazmaları üzərində işlədiyini yazırlar (bax: Axalsıx kitabxanası əlyazmalarının siyahısı, Saltıkov-Şedrin adına Dövlət kitabxanası, Əlyazmaları şöbəsi, siyahı I, qovqul 4, vər. 3-4). Ədibin bu qiymətli elmi işi o zaman "Tiflisskiye vedomosti"də işıqlandırılmışdı.
Tarix: 09.02.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 59 Bölmə: Azərbaycan tarixçiləri