Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsənəli xan Qaradaği - Pedaqoji fəaliyyəti, Tiflis dövrü

Xan Qaradağski şəhərdə artıq istedadlı bir şair kimi şöhrət tapmaqla yanaşı, 60-cı illərin sonundan müəllimlik fəaliyyətinə başlayır və bu fəaliyyəti ilə də özünə hörmət qazanır. Qohum-qonşular uşaqlarını savadlandırmaq üçün onun yanına göndərirlər. Balacaağa dedikləri Xan Qaradağski onların xahişini məmnuniyyətlə qəbul edir və 20 nəfərə qədər uşaq toplayıb evində dərs deməyə başlayır. Sxolastik üsulu ilə ərəbcə dərs keçməyin çətinliyini bilən Xan Qaradağski, şagirdlərinə dərsi özünun tərtib etdiyi sadə üsulla: təbaşir və yazı lövhəsi ilə, parta arxasında ana dilində keçir. Dərslərində riyaziyyat, Ana dili, ədəbiyyat, coğrafiya və başqa dünyəvi fənlərlə yanaşı Qur’an ayələri və namaz dualarına da xüsusi önəm verirdi. Əzbərləmə metodunun üstün cəhətlərindən də faydalanmaq üçün o, öz şagirdləri üçün xüsusi olaraq müxtəlif səpkili didaktik xarakterli şeirlər yazırdı. Qeyd olunmalıdır ki, Azərbaycan məktəbləri arasında ilk yazı lövhəsi və partalardan istifadə edən məhz Həsənəliağa Xan Qaradağski olmuşdur.

Həsənəliağa nın əmisi 1873-cü ildə əmişə olduğu kimi yayda Şuşaya gəlir və Həsənəliağa əmisinin görüşünə gedərək ondan Tiflisə getməsi üçün icazə alır. Əmisi Balacaağa ilə bir qədər söhbət edib onun rus, fars və ərəbcə olan savadını yoxlayır, şairliyini, fikirlərini də bəyənir və belə deyir: "Mən oğulsuz olmağım haqqında artıq kədərlənməyə bilərəm..." Tezliklə, Məhəmmədhüseynağa qardaşı oğlunu Tiflisə aparır və öz yanında saxlayır. Cənubi Qafqazın paytaxt rolunu oynayan Tiflisdə Həsənəliağa Qafqaz canişininin dəftərxanasında məsul vəzifədə çalışan kollej asessoru əmisi Məhəmmədhüseyn ağanın dostları, tanışları, qabaqcıl ziyalılar ilə yaxından tanış olur. Onların sırasında Mirzə Əbülhəsən bəy Vəzirov, Mirzə Fətəli Axundov, Aleksey Osipoviç Çernyayevski də olur. Gənc Xan Qaradağski Tiflisdə keçirdiyi illər ərzində (1873-1878) əmisinin rus, Qərb və Şərq ədəbiyyatından ibarət olan zəngin kitabxanasından faydalanaraq öz biliyini daha da artırır və bu arada fransız dilini də öyrənir. 1878-ci ildə Həsənəliağa Xan Qaradağski Şuşaya qayıdır. Burada o özünə Mirzə Fərrux adlı birindən iki otaqdan ibarət bir mərtəbəli bir ev alır. İki otaqdan birini yataq, digərini isə dərs otağı edərək evində məktəb açır, pedaqoji fəaliyyətini yeni həvəslə davam etdirməyə başlayır. Uzun bir stolun arxasında stullar üzərində əyləşən uşaqlara Ana dili, hesab dərsi keçir. Dərslik olmadığından hər günün dərsini ayrıca tərtib edib öyrədir, yazdırır. Özünün xüsusi olaraq yazdığı didaktik xarakterli şeirləri əzbərlədir, nəğmə oxudur və s.:

İlin hesabı

Gecə və gündüz neçə saat eyləyir?
Hər kəs tarix tutub hardan söyləyir?

Gecə və gündüz iyirmi dörd saatdır,
Yeddi gün həftədir, beylə hacətdir.

Altmış dəqiqə bir saat, altmış saniyə
Dəqiqədir, hər kəs istər tanıyə.

Dörd həftə bir aydır, on iki də ay
Bir il edir, öyrən ayı, günü say.

Otuz il dövrdir, yüz il əsrdir,
Qəmər ili şəms ilindən kəsrdir.

Qəməri il üç yüz əlli səkkiz gün,
Edər şəmsi üç yüz altmış altı gün.

İl e’tibar olur bizdə hicrətdən,
Bir min üç yüz keçir indi o vəxtdən.

Miladi-İsadən hesab edirlər
Məsihilər, il hesabın gedirlər.

Həştad üç il, dəxi bir min səkkiz yüz
İndi keçür ondan, Qaradaği, düz.

Xan Qaradağski nin şagirdləri içərisində Zülfüqar bəy Hacıbəyov, Cəlil bəy Bağdadbəyovun adlarını çəkmək olar... Həsənəliağanın təşkil etdiyi məşğələlərinin əsas qayəsi uşaqları Qori müəllimlər seminariyasına hazırlamaq idi.

1881-ci ilin yanvar ayının 26-da Qafqaz canişinin təsdiq etdiyi təlimata əsasən Cənubi Qafqazda yaşayan xalqların nümayəndələri ilk tədris ilində öz Ana dillərində almalı idilər. Elə 1881-ci ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müdiri A.O.Çernyayevski Tiflisə dəvət etdiyi azərbaycanlı ziyalıları qarşısında Ana dilində dərslik tərtib etmək kimi bir məsələ qoyur. Dəvət olunanlar sırasında Həsənəliağa da var idi. Onun öz məktəbində təcrübədən keçirtdiyi şeir nümunələrinə tərtib olunacaq ilk əsaslı Azərbaycan dərsliyində ehtiyac duyulurdu. 1882-ci ildə I hissəsi, 1888-ci ildə isə II hissəsi çapdan çıxan "Vətən dili" dərsliyində Həsənəliağa Xan Qaradağskinin müəllifi olduğu 11, tərcümə etdiyi 23 nəzm əsəri özünə yer tapıb. Bu həmin "Vətən dili" dərsliyidir ki, 40 ilə yaxın bir dövrdə Azərbaycan uşaqlarının əsas dərs vəsaiti olmuşdur. Dərsliyin müqəddiməsində Xan Qaradağskinin iştirakı və böyük xidməti xüsusi qeyd olunur: Bu kitabda dərc olınan şeir və nəzmə dair təmsilatın çoxusu zəmanə şairlərinin möhtərəmi cənab Həsənəliağa Xan Qaradağskinin inşadıdır və təmsillər məşhur Krılovdan tərcümədir. Azərbaycan dilində ibtidai sinif şagirdlərinin dərk etmə qabiliyyətinə və hafizəsinə müvafiq təmsilat və şeir çox nadirdir. Bu yolda başlıca həvəs və xidmət göstərən Xan Qaradağski cənablarıdır. Buna görə məktəblər Xan Qaradağskinin bu zəhmətini nəzərdə tutmalıdır. Biz də bu barədə o izzətli və möhtərəm cənablara son dərəcə minnətdarlığımızı və təşəkkürümüzü izhar edirik.

Xan Qaradağskinin ərəb sərf-nəhvinə və hesaba dair dərsliklər tərtib etdiyi də söylənilir.


Tarix: 09.02.2015 / 19:18 Müəllif: Feriska Baxılıb: 155 Bölmə: Azərbaycan tarixçiləri
loading...