Davud bəy Mikayıl bəy oğlu Şərifov (d. 8 iyun 1885 - ö. ?) — Azərbaycanın ilk arxeoloqlarından.
Həyatı
Davud bəy Şərifov 1885-ci il iyul ayının 8-də Tiflis şəhərində hərbçi ailəsində anadan olmuşdu. Polkovnik rütbəli atası Mikayıl bəy hərbi topoqrafiya sahəsində bacarıqlı və istedadlı mütəxəssis kimi tanınmışdı. O, oğlunun təhsilinə xüsusi diqqət yetirmiş və ağır peşəsinə sevgini ona da aşılamışdı.
Davud bəy ilk təhsilini Tiflis şəhərindəki rus oğlan gimnaziyasında almışdı. 1902-ci ildə gimnaziyanı bitirib Kiyev Universitetinin hüquq fakültəsinə daxil olmuş, bir müddətdən sonra təhsilini filologiya-tarix fakültəsində davam etdirmişdi.
Həmin illər bütün Rusiyanı bürüyən inqilabi hərəkat gənc Davud bəy Şərifovdan yan keçməmişdi. O, gündən-günə genişlənən xalq hərəkatının fəal iştirakçısına çevrilmişdi. Şübhəsiz, belə vəziyyət universitet rəhbərliyinin diqqətindən yayınmamışdı. Davud bəy universitetdən çıxarılmışdı. Lakin çox keçmədən Davud bəy Novorossiysk Universitetinə bərpa olunmuşdu. Burada o, coğrafiyaşünas peşəsinə yiyələnmişdi. İstedadlı gənc 1908-ci ildə həmin universiteti birinci dərəcəli diplomla bitirmişdi.
Davud bəy ilk əmək fəaliyyətinə müəllim kimi başlamışdı. O, eyni zamanda, Azərbaycanın zəngin mədəni irsindən xəbər verən tarixi abidələri öyrənməyə maraq göstərmişdi. 1908-1920-ci illər ərzində Qazaxda, Qars şəhərinin fəhlə məktəbində, vaxtilə oxuduğu Tiflis oğlan gimnaziyasında və Bakı oğlan məktəbində müəllimlik etmişdi. O, tarix və coğrafiya fənlərini tədris etmiş və geniş maarifçilik fəaliyyəti ilə məşğul olmuşdu. Qazaxda işləyərkən torpaq komitəsinə sədr seçilmiş və müxtəlif vaxtlarda məsul vəzifələrdə işləmişdi.
Davud bəyin rəsmi elmi fəaliyyətinin ilk mərhələsi 1922-ci ilə təsadüf edir. Həmin ilin oktyabr ayında o, Azərbaycan Ali Qiyabi Pedaqoji İnstitutunda müəllimliyə başlamış, eyni zamanda, diqqətini elmi axtarışlara yönəltmişdi.
Geniş və hərtərəfli elmi fəaliyyəti ilə diqqəti cəlb edən Davud bəy Şərifov 1923-cü ildə Azərbaycan Dövlət Tarix Muzeyinə müdir təyin olunmuşdu. Beş il böyük inadkarlıqla bu çətin vəzifəni davam etdirən Davud bəy həmin müddətdə muzeydə zəngin arxeoloji və etnoqrafik fondlar yaratmışdı.
Davud bəy Şərifov 1923-cü ildə arxeoloji materiallar əsasında “Bizim mədəni irsimiz” adlı dərs vəsaiti yazmışdı. Rus dilində buraxılan kitab tezliklə Azərbaycan dilinə tərcümə olunmuşdu. Kitabda olan fəsil və bölmələr (“Müasir insanın əcdadı”, “İlk əmək alətləri”, “Daş dövrü”, “Daş dövrünün adamı”, “Odla tanışlıq”, “Gilin kəşfi”, “Tunc dövrü”, “Dini görüşlər”, “Millətin yaranması”) onun müəllifinin nə qədər hərtərəfli və dərin biliyə malik olduğunu göstərmişdi. Kitabda Azərbaycanın tarixi abidələrini əks etdirən şəkillərin verilməsi onun dəyərini daha da artırmışdı.
Daim elmi axtarışda və yaradıcılıq fəaliyyətində olan Davud bəy 1924-cü ildə müəllimlər üçün “Coğrafiya” adlı dərslik çap etdirmişdi. Kitabda Azərbaycanın zəngin təbii şəraiti tədqiq edilmiş və onun özünəməxsus xüsusiyyətləri diqqətə çatdırılmışdı.
1924-cü ildə Bakıda “Birinci Ümumazərbaycan diyarşünaslıq qurultayı” keçirilmişdi. İctimai və mədəni tədbirlərdən heç vaxt kənarda qalmayan Davud bəy Şərifov həmin qurultayın plenar iclasında “Azərbaycanda muzey işi” mövzusunda böyük proqram məruzə ilə çıxış etmişdi. Məruzədə respublikada muzey işinin vəziyyəti və gələcək inkişaf perspektivləri dərindən təhlil olunmuşdu. Məhz Davud bəy Şərifovun məruzəsi əsasında vaxtilə Azərbaycandan qanunsuz çıxarılmış maddi mədəniyyət nümunələrinin geriyə qaytarılması haqqında xüsusi qətnamə qəbul edilmişdi.
Davud bəyin səyi nəticəsində az vaxt içərisində Tiflis, Moskva, Leninqrad muzeylərində saxlanılan Azərbaycana məxsus yüzlərcə nadir və dəyərli maddi mədəniyyət nümunələri Vətənə geri qaytarılmışdı. Onların içərisində mis, gümüş və qızıldan zəngin sikkə kolleksiyaları, yüksək zərgərlik məmulatı, Azərbaycan xanlıqlarının rəmzləri, silah və bəzək nümunələri, vaxtilə mahir azərbaycanlı sənətkarları tərəfindən toxunmuş xalılar və digər sənət əsərləri olmuşdu.
1927-ci ildə Azərbaycan Tarixi Muzeyində toplanan eksponatların sayı artıq 50 minə çatmışdı. Qeyd etməyə dəyər ki, muzey fondlarındakı misilsiz xalı nümunələri həmin il Moskvada açılan Ümumittifaq sərgisində nümayiş etdirilərkən yüksək tərifə layiq görülmüşdü.
Azərbaycanın qədim tarixinin öyrənilməsində arxeoloji tədqiqatların fövqəl əhəmiyyət kəsb etdiyini yaxşı bilən Davud bəy 1925-ci ildə o zamanki Şəki qəzasına və Qəbələ mahalına ilk arxeoloji səfər təşkil etmişdi.
Səfər zamanı elmə məlum olmayan bir sıra tarix və mədəniyyət abidələri qeydə alınmış, adı antik dövr və orta əsr tarixçilərinin əsərlərində çəkilən qədim Qəbələ şəhərinin yeri dəqiqləşdirilmişdi. Çöl axtarışlarına Davud bəy özü rəhbərlik etmişdi. Bu səfər, əslində, Azərbaycan arxeologiya tarixində milli mütəxəssislər tərəfindən təşkil edilən ilk elmi ekspedisiya olmuşdur.
Ekspedisiya 1926-cı ildə öz axtarışlarını daha da genişləndirmişdi. Nic kəndi yaxınlığındakı Yaloylutəpə adlanan qədim dəfn yerində aparılan qazıntı işləri ilə Qafqaz Albaniyasına aid mükəmməl bir mədəniyyətin izləri üzə çıxarılmışdı. Qafqaz Albaniyasına aid bu qədim mədəniyyət Azərbaycan arxeologiyasına Yaloylutəpə mədəniyyəti adı ilə daxil olmuşdu. Qazıntılar zamanı qədim dəfn yerindən özünəməxsus özəllikləri ilə seçilən müxtəlif biçimli nəfis gil qablar, tunc və digər metallardan hazırlanmış əmək alətləri, silah və bəzək nümunələri və çoxlu sayda digər tapıntılar üzə çıxarılmışdı. Onların çoxu yüksək bədii xüsusiyyətlərə malik olmaqla əsl sənət nümunələrini xatırlatmışdı. Sonrakı illərin tədqiqatları ilə Yaloylutəpə mədəniyyətinə aid yeni abidələr aşkar olunmuş və bu mədəniyyətin geniş coğrafiyaya malik olması müəyyən edilmişdi.
Davud bəy Şərifovun başçılıq etdiyi arxeoloji axtarışlarda qədim Qəbələ şəhərinin tədqiqi xüsusi yer tutmuşdu. Axtarışlar zamanı qədim şəhərin müdafiə divarları, giriş yolu, bürcləri dəqiq ölçülmüş və təsvir olunmuşdu. Şəhərin mədəni təbəqəsini müəyyən etmək məqsədilə onun müxtəlif yerlərində kəşfiyyat qazıntıları aparılmışdı. Əldə edilən maddi mədəniyyət nümunələri şəhərin əsasən orta əsrlər tarixi ilə bağlı olmuşdu.
Onun rəhbərliyi ilə Qəbələ şəhərinin yerində başlanan ilk arxeoloji işlər şəhərin tarixinin öyrənilməsinin perspektivlərini üzə çıxarmış, gələcək geniş miqyaslı qazıntılar üçün əsas olmuşdu.
Yaloylutəpə və Qəbələdə uğurlu çöl axtarışlarından sonra Davud bəy Şərifov 1928-ci ildə Gəncə qəzasının payına düşən Çovdar adlı nadir abidənin tədqiqinə başlamışdı. Bu qədim dəfn yerindən ibarət olan abidədə müxtəlif illərdə qısa müddətli axtarışlar aparılsa da, onun haqqında tarixçilər üçün əhəmiyyət daşıyan dəyərli arxeoloji dəlillər əldə edilməmişdi.
Davud bəy Şərifovun yeni qazıntıları ilə Çovdar abidəsində daş qutulardan ibarət 42 qəbir açılmışdı. Bunların hər birində vaxtı ilə bükülü vəziyyətdə dəfn olunmuş insan qalığına və zəngin avadanlığa təsadüf olunmuşdu. Müxtəlif ölçülü və biçimli nəfis gil qablar, tuncdan hazırlanmış müxtəlif və mükəmməl döyüş ləvazimatı, çoxlu sayda bəzək əşyaları aşkara çıxarılan qədim qəbirlərin avadanlığını təşkil etmişdi. Onların hərtərəfli tədqiqi və təhlili Çovdar dəfn abidəsinin e.ə. II minilliyin sonlarına və I minilliyin əvvəllərinə – Son tunc və ilk dəmir dövrünə aid olmasını sübuta yetirmişdi. Çovdar abidəsinin öyrənilməsi ilə həmin dövrdə Azərbaycan ərazisindəki mövcud cəmiyyətlərin zəngin maddi mədəniyyəti yüksək iqtisadi və ictimai durumu, Qərb və Şərqlə geniş mədəni əlaqələr haqqında biliklər əsaslı şəkildə genişlənmişdi. Onu da diqqətə çatdırmaq lazımdır ki, Davud bəy Çovdar abidəsində aparılmış arxeoloji qazıntıların nəticələrinə xüsusi əsər həsr etmişdi.
Çox təəssüf ki, Çovdar qazıntıları daima çöl axtarışlarına can atan zəhmətkeş alim Davud bəy Şərifovun arxeologiya sahəsində son tədqiqatları olmuşdur. Tezliklə Tarix Muzeyinin direktoru vəzifəsindən çıxarılan istedadlı alim həmişəlik arxeoloji fəaliyyətdən kənar düşmüşdü. İnamlı və uğurlu addımları ilə ön sırada duran, nüfuzu gündən-günə artan Azərbaycanın Tarix Muzeyi ilə bəzi təşkilatlar arasındakı düşünülmüş münaqişələr milli mədəni irsini böyük əzm və inadkarlıqla öyrənən vətənpərvər alimdən də yan keçməmişdi.
Qəribədir ki, Davud bəy Şərifovdan sonra Azərbaycanın Tarix Muzeyinə başçılıq iki erməniyə - S.Manutsyan (1928-1932-ci illər) və A.Melkumyana (1932-1934-cü illər) tapşırılmışdı. Təəccüblü deyildir ki, onların başçılığı dövründə muzeyin milli mütəxəssislərinə qarşı təqiblər başlanmış, onların bir çoxu muzeydən uzaqlaşdırılmışdı. Eyni zamanda, muzeyin Davud bəy Şərifov tərəfindən böyük çətinliklə əldə edilən bir çox dəyərli eksponatları Moskvaya - İnqilab muzeyinə göndərilmiş və geri qaytarılmamışdı. Böyük vətənpərvər alimin on il əvvəl erməni gülləsindən aldığı sağalmaz yaranın üstünə sanki duz tökmüşdülər.
Hansı şəraitdə olursa-olsun xalqının şanlı tarixini, zəngin mədəni irsini öyrənməyi və onu geniş ictimaiyyətə, xüsusən gənclərə çatdırmağı özünə borc və şərəf bilən möhkəm iradə sahibi Davud bəy Şərifov bundan sonra əsl vətəndaşlıq vəzifəsini müəllimlikdə görmüşdü. O, Bakının orta məktəblərində coğrafiya və tarix fənlərindən dərs deməyə başlamışdı. Bu şərəfli işi Davud bəy böyük əzmlə ömrünün sonlarınadək davam etdirmişdi. Bununla yanaşı, o, vaxtaşırı Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda da müəllimlik etmişdi. Məlumdur ki, 1944-46-cı illərdə Davud bəy Şərifov Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində etnoqrafiyaya, coğrafiya fakültəsində isə coğrafiyaya aid silsilə mühazirələr oxumuşdu.
Yorulmaz alim 1950-ci ildə universitetdə coğrafiya sahəsində namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Acı təəssüf hissi ilə onu da qeyd etməliyik ki, ilk elmi fəaliyyətini bilavasitə arxeologiya sahəsində başlayan, gözəl nəticələr və yetkin təcrübə əldə edən, adı və əsərləri Azərbaycandan çox-çox uzaqlarda tanınan Davud bəy Şərifov ömrünün son dövründə sanki yaddaşlardan silinmiş və biganəliyin qurbanı olmuşdur. Kamillikdən uzaq, xəbis insanların pislikləri, qərəzli əməlləri istedadlı və işgüzar alimi daim izləmişdi.
Tarix: 09.02.2015 / 19:14 Müəllif: Feriska Baxılıb: 529 Bölmə: Azərbaycan tarixçiləri