Cəmil Həsənli (tam adı:Cəmil Poladxan oğlu Həsənli; 15 yanvar 1952, Ağalıkənd, Biləsuvar, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı tarixçi; alim; ictimai-siyasi xadim; tarix elmləri doktoru (1992); Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi (2009); Demokratik Qüvvələrin Milli Şurasının qurucu üzvlərindən biri (2013); Azərbaycan Respublikasının əməkdar müəllimi (2009); Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrası üzrə professoru (1993); Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı. Demokratik Qüvvələrin Milli Şurasının sədri və lideri.
Həyatı
Cəmil Poladxan oğlu Həsənov 15 yanvar 1952-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur.
Təhsili
1960-1970-ci illərdə Cəlilabad rayonunun Alar kənd orta məktəbində təhsil almışdır.
1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş və 1975-ci ildə həmin fakultəni bitirmişdir.
1977-ci ilin payızında Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası üzrə əyani aspiranturaya daxil olmuş və 1980-ci ildə buranı bitirmişdir.
1983-1984-cü illərdə Moskva Dövlət Universitetində ixtisaslaşma kursu keçmişdir.
1984-cü ildə Bakı Dövlət Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasında "SSRİ-Amerika münasibətləri" mövzusunda namizədlik müdafiə edib tarix elmləri namizədi dərəcəsini almışdır. 1990-ci ildə Xalq təhsili üzrə SSRİ Dövlət Komitəsinin qərarı ilə dosent elmi adına layiq görülmüşdür. 1992-ci ildə “Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918-1920” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1993-cü ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə “Avropa və Amerika ölkələrinin müasir tarixi” kafedrası üzrə professor vəzifəsini tutmuşdur. 1994-cü ildən Bakı Dövlət Universitetinin professorudur.
1998-cü ildə Cənubi İllinoys Universitetində yay məktəbində, 2011-ci ildə Vudro Vilson mərkəzində (Vaşinqton DC.), 2013-cü ildə Humbolt Universitetində tədqiqat proqramlarında iştirak etmişdir.
Əmək fəaliyyəti
1975-ci ildə ali məktəbi bitirib, Cəlilabad rayonunun Təzəkənd orta məktəbində tarix müəllimi işləmişdir.
1976-1977-ci illərdə V.İ.Lenin mərkəzi müzeyinin Bakı filialında mühazirəçi vəzifəsində çalışmışdır.
1980-ci ildən başlayaraq ADU-da tarix təlimatçısı (1980-1985), köməkçi professor (1985-1992) və "Avropa və Amerika ölkələrinin müasir tarixi" kafedrasının müdiri (1992-1994) işləmişdir. 2011-ci ildə könüllü olaraq ştatdan çıxmışdır.
Tarix: 09.02.2015 / 19:11 Müəllif: Feriska Baxılıb: 152 Bölmə: Azərbaycan tarixçiləri