Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsənəli xan Qaradaği - Tarixçi, ədəbiyyatşünas, folklorşünas

Həsənəliağa Xan Qaradağski nin Qarabağ tarixinə dair "Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları, Pənah xan, İbrahim xan və Mehdiqulu xan əyyami-hökumətlərinin əksər vəqaye və hekayətləri" adlı əsərini görkəmli tarixçimiz Nazim Axundov tərtib etmiş olduğu "Qarabağnamələr" kitabına Mirzə Adıgözəl bəyin "Qarabağnamə", Mirzə Camal Cavanşirin "Qarabağ tarixi", Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ", Mirzə Yusif Qarabağinin "Tarixi-şərif", Rzaqulu bəy Mirzə Camal oğlunun "Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri", Əhməd bəy Cavanşirin "Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair", Mirzə Rəhim Fənanın "Tarixi-cədidi-Qarabağ", Həsən İxfa Əlizadənin "Şuşa şəhərinin tarixi" adlı əsərləri ilə birgə daxil etmişdir.

Qarabağnamə lərin bu gün tariximiz üçün nə dərəcədə əhəmiyyət kəsb etməsindən söz açmaq artıq bir işdir. Həsənəliağa Xan Qaradağski Şuşaya həsr etmiş "Qarabağ şəhəri" adlı əsərin də müəllifidir. Bu əsərdən bir neçə sətir:

Bu Şuşa qəl’əsinin üç yanı hündür qayadır,
Bir yanı açıq olan yerləri də müstəhsər .

Gün doğanı, batanı, cənubu vardır qayalı,
Şimalı bircə açıq dağ-təpəlidir bu şəhər.

İrəvan, Gəncə, Ağoğlan adı ilə məşhur
Qəl’ənin üç qapısı var dəxi möhkəm bürclər.

Həsənəliağa Xan Qaradağski "Təzkireyi-Qaradaği"nin müəllifidir. Burada qədim Qarabağ şairlərinin tərcümeyi-halı yazılmış, əsərlərindən seçmələr daxil edilmişdir. Azərbaycan ədəbiyyatşünaslığı Xan-Qaradağskiyə ən azı bizim günlərə gəlib çatdırdığı öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə borcludur: "Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrdə yaşamış Qaradaği vermişdir". Hələ 1878-ci ildə 250-dən artıq atalar sözünü toplayıb tərtib edən də Həsənəliağa Xan Qaradağskidir. Onu ilk folklorşünas adlandırmış olsaq yanılmarıq.


Tarix: 09.02.2015 / 19:19 Müəllif: Feriska Baxılıb: 249 Bölmə: Azərbaycan tarixçiləri
loading...