Həsənəliağa Xan Qaradağski nin ədəbi fəaliyyəti onun pedaqoji fəaliyəti ilə sıx bağlı olduğundan, burada hər hansı bir sədd çəkmək imkanı yoxdur. Xan Qaradağskinin didaktik xarakterli şeirlərini, düşünməcələrini, təmsillərini, müxtəlif nümunələrdən etdiyi tərcümələrini onun ədəbi-pedaqoji, maarifçi fəaliyyəti ilə əlaqələndirməli, qəzəl, müxəmməs, müşairə səpkisində yazdığı əsərləri isə sırf ədəbi fəaliyyəti ilə bağlamaq mümkündür. Həsənəli ağanın ədəbi fəaliyyəti isə Şuşada fəaliyyət göstərmiş olan "Məclisi-fəramuşan" poetik məclisi ilə bağlıdır. Ələlxüsus, məclisə başçılıq edən, Həsənəliağaya ağsaqqallıq edən Mir Möhsün ağa Nəvvabın adı ilə bağlıdır. Bu iki şəxsin arasında mövcud olan qarşılıqlı dərin hörmət və alicənab münasibət onların bir-birinə yazdıqları şeir-məktublarda özünü açıq göstərir.
Həsənəli ağa Xan-Qaradağskinin bizə gəlib çatmış olan şeiriyyatı sırasında 50-dən çox qəzəl, müxəmməslər, növhələr, onlarla məktub vardır.
"Məclisi-fəramuşan" poetik məclisinin ən fəal iştirakçılarından biri Həsənəliağa olmuşdur. Şair kimi təxəllüsü Qaradağidir. Əsərləri əsasən Azərbaycan dilindədir. Bununla yanaşı fars dilində yazmış olduğu bir neçə qəzəl müəllifidir.
Qaradaği nin yaxın müsahiblərindən Mir Möhsün Nəvvab, Xurşudbanu Natəvan, Mirzə Ələsgər Növrəs, Sədi Sani Cinli, Möbid və başqa şairlərin adlarını çəkmək olar. Həmin şairlər ilə müşairələrindən və başqa qəzəllərindən bir qismi Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab", "Divan", habelə Həsənəliağa Qaradağinin (Xan Qaradağskinin) "Fələyin bir belə dövrü olacaqmış...", "Əsərləri" adlı kitablarında çap edilmişdir. Xan Qaradağskinin bir çox əsəri hələ nəşr olunmayıb; əlyazmaları Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır.
Qaradaği nin qəzəlləri ilk əvvəl yaşıdları, müsahibləri, get-gedə isə şəhər əhalisi tərəfindən oxunub sevilir, xanəndələrin repertuarına daxil olur. Onun "Fələyin bir belə dövrü olacaqmış nə bilim", "Əbrvəş meh üzünə zülf salanda sayə", "Salıbdı indi nəzərdən, gedib o yar məni" və sairə qəzəlləri müasir xanəndələr tərəfindən rəğbətlə oxunur:
Fələyin bir belə dövrü olacağmış, nə bilim?
Saralıb bağü gülistan solacağmış, nə bilim?
Ürəyim yaralanıb, sinəmə dağlar çəkilib,
Gözümə qan sağılıb yaş dolacağmış, nə bilim?
Bitirib bağ salıb bir neçə güllər yetidim,
Uzadıb dəsti-qəza kim yolacağmış, nə bilim?
Əl çəkib nakəsidən çərx elə nakəsimiş,
Bir mənə cövrü cəfalar qılacağmış, nə bilim?
Aşiqə naz eyləmək adət olub mə’şuqə,
Bu qədər naz eyliyib can alacağmış, nə bilim?
Bəslədim zülfü, dedim, başıma salsın sayə,
Dolanıb boyna ilan tək çalacağmış, nə bilim?
Səltənət rütbəsini xar tutardım şahikən,
Məni başdan ayağa qəm salacağmış, nə bilim?
Ruzgarın dolanıb haləti bir özgə hala,
Ey Qaradaği, mənə qəm qalacağmış, nə bilim?
Ədəbi məclislərin, xüsusilə "Məclisi-fəramuşan" və "Məclisi-üns" ətrafında toplaşan şairlərin əksəriyyətinin yaradıcılığını ənənəvi şeiriyyat (qəzəliyyat) təşkil etdiyi halda, Seyid Əzim Şirvani, Qasım bəy Zakir, Mir Möhsün Nəvvab və başqaları kimi Həsənəliağa Xan Qaradağski də həmin çərçivədən çıxaraq, tərbiyəvi, düşündürücü, satirik əsərlərlə yanaşı təmsil janrına da ("İt dostluğu", "Varlı" və b.) müraciət etmişdir.
Tarix: 09.02.2015 / 19:19 Müəllif: Feriska Baxılıb: 158 Bölmə: Azərbaycan tarixçiləri