Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsənəli xan Qaradaği - Uşaqlıq dövrü, təhsil illəri

Balacaağa adı ilə el arasında çağırılan Həsənəliağa 1848-ci il 28 yanvar tarixində Şuşada hərbi xidmətçi ailəsində anadan olmuşdur. Anası Xatın xanım ərə getdiyinə görə Balacaağa ilk əvvəl dayısının, sonradan Tiflisdə yaşayan əmisi Məhəmmədhüseynağa xan Qaradağskinın himayəsində boy atır. 8-9 yaşa çatdıqda Şuşaya gəlmiş əmisi Məhəmmədhüseynağa xan Qaradağski Balacaağanı Şuşada fəaliyyət göstərən rus Qəza məktəbinə qoyub Tiflisə qayıdır. Şuşada oxuyarkən maddi yardımı anası Xatın xanımdan alır, lakin anası göndərdiyi pul və ərzağı qohumları özlərinə sərf etdiklərindən uşaq çox ehtiyac və əziyyətə dözməli olur. O, anasının yanında olmaq fikrinə düşür, lakin məktəbi buraxmaq istəməyib Şuşada oxumaqda davam edir. Həsənəliağa dayısının himayəsi altında yaşadığı illər ərzində keçirtdiyi acı günlər haqqında yazır: "Məktəbdən evə gəldikdə dayımın arvadı sacda bişirilmiş "xamralı" deyilən çörəyin birini əlində iki qatlayıb, sonra bir də qatlayıb dörd hissə etdikdən sonra hissənin birini mənim üçün verirdi. Bu mənim naharım olurdu. Bu nahardan sonra mən dərhal dərs hazırlamağa başlardım. Dərsi hazırlarkən dayımın uşaqları mənə çox vaxt mane olurdular – istehza edib gülürdülər, çünki çox az vaxtlarda mən onlarla oynamağa gedirdim. Onların hərəkətləri bəzən təhqirə qədər çatırdı. Lakin mən davam edib dərslərimi hazırlamaq üçün sakit və əlverişli yer tapırdım. Mən özümə pilləkənin altında xəlvət yer düzəltmişdim. Qaranlıq olduğu üçün şam yandırıb burada dərs hazırlayırdım. Bir neçə gündən sonra, uşaqlar yerimi tapdılar, məni yenə də dinc buraxmadılar. Onlar yuxarıdan başıma su tökməkdən və yaxud yanıma gəlib mane olmaqdan əl çəkmirdilər. Bir dəfə iki əlimlə kitabı tutub oxuduğum zaman, çöpü şama tutaraq yandırdıqdan sonra əllərimə yapışdırdılar, kitab əlimdən düşdü, mən bərk diksindim, onlar bundan şadlanıb güldülər. Əlimdən ağlayıb, kiriməkdən başqa heç zad gəlmirdi... Rusca oxuyanları müsəlmanların çox hissəsi sevmirdi, dindarlar belə adamı kafir adlandırırdılar. Hətta mən qoca nənəm Hürzad xanımın evinə gedən zaman, o məni xoş dil ilə qarşılayıb yemək təklif edirdisə də, lakin yeməkdən qabaq özü su ilə mənim ağzımı suya çəkirdi ki, sən məktəbdə "urusca" danışmısan ağzın murdar olub".

Həsənəliağa 1866-cı ildə Qəza məktəbini bitirir. Əmisinin göndərdiyi maddi vəsait hesabına o, Şuşanın Tazə məhəllə adlanan yerində ev tutur və tək yaşamağa başlayır. Rus təhsilli Balacaağa ərəb, fars dillərini, islamın əsaslarını öyrənmək üçün qonşuluğunda yaşayan Mirzə Bəşir Yusifzadənin atası Mirzə Ələkbər Yusifzadədən dərs almaq qərarına gəlir. Mirzə Ələkbər Yusifzadə ərəb, fars dillərini Həsənəliağaya öyrədir, Sədi, Firdovsi, Nizami, Xaqani, Füzuli və sair şairlərin əsərlərini orijinalda mənimsəməyə kömək edir. Şeiriyyata böyük həvəs göstərərək özü də qəzəl, müxəmməs yazmağa başlayır.


Tarix: 09.02.2015 / 19:17 Müəllif: Feriska Baxılıb: 216 Bölmə: Azərbaycan tarixçiləri
loading...