1497-ci ildə Şəki hakimi Şah Hüseynlə Fərrux Yasar arasında hərbi toqquşmaya gətirib çıxaran narazılıq baş verdi. Şirvanşahın Şah Hüseyn tərəfindən qızışdırılan oğlu Şeyxşah da Fərrux Yasara qarşı çıxdı. Onlar 8 gün ərzində Şirvanın tərkibinə daxil olan Qəbələ mahalını viran və talan etdilər. Lakin digər oğulları və böyük qoşunla Qəbələ hakimi Əbülfət bəyin köməyinə gələn Fərrux Yasar Şah Hüseyn və Şeyxşahın qoşunlarını məğlub etdi. Bundan sonra Şeyxşah atası ilə barışdı.
Fərrux Yasar dövlət idarəçiliyinə, Şirvanın şəhər və yerlərində rəiyyətin dolanışığına böyük diqqət yetirir, qanuna riayət olunmasını tələb edirdi. O, dövlət idarəçiliyinin mühüm məsələlərində alimlərin və ali rütbəli din xadimlərinin fikrilə hesablaşırdı. Şirvanşah onların rolunu yüksək qiymətləndirir, onlara dövlətin dayağı kimi baxır, rəiyyəti onların köməyi olmadan itaətdə saxlamağı mümkün saymırdı. Fərrux Yasar dərvişlərə ehtiram göstərir, xeyriyyə işləri ilə məşğul olurdu. O, h.895 (1490)-cı ildə Bakıdakı Əbu Səid ibadətgahının vəqfinə Abşeronda neftli torpaqlar, əkin yerləri və üzümlüklər vermişdi.
Fərrux Yasarın həlak olması ilə Şirvanşahlar dövlətinin tərəqqisinə və qüdrətinə son qoyuldu.
Tarix: 11.02.2015 / 18:23 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Şirvanşahlar dövləti