20 Yanvar abidə-kompleksi — Bakıda 1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış kompleks.
1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış bu kompleks Bakı şəhərinin Yasamal rayonundakı "20 Yanvar" dairəsində yerləşir. Kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlanıb. Azərbaycan paytaxtında "20 Yanvar abidə-kompleksi"nin açılışı 20 yanvar 2010-cu ildə olmuşdur. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
Kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyev olan kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə mərhum prezident Heydər Əliyevin "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızılı hərflərlə həkk edilib.
Tarix: 02.02.2015 / 18:54 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Ümumi