Manna dövlətinin adı çəkilən mixi yazılı mənbələrdə göstərilir ki, o, e. ə. 616-cı ildə Aşşurun Babillə son müharibəsinədək Aşşurun müttəfiqi olaraq qalmaqda idi. "Gedd salnaməsi" məlumat verir ki, Aşşuru ağır məğlubiyyətə uğradan Babil hökmdarı Nabopalasar (e. ə. 605-ci ildə ölmüşdür) aşşur əyanlarını və onlara köməyə gələn mannalıları əsir aldı. Gedd salnaməsində bu haqqda deyilir:
"Nabu-apal-usurun (Nabopalasar) 10-cu ilində, ayar ayında o, Akkadın qoşununu yığdı və Purattu çayının kənarı ilə getdi; Suxeylilər və Xindanlılar onunla döyüşə girişməyib öz vergilərini onun qabağına qoydular. Ab ayında onlar xəbər verdilər ki, Assuriya qoşunları Kablindədir; Nabu-apal-usur onlara qarşı qalxıb, ab ayının 12-də Assuriya qoşunu ilə döyüş etdi, Assuriyanın qoşununu qırdı, Assuriyaya böyük zərbə vurdu, çoxlu qənimət apardı. Onların köməyinə gələn Manna və Assuriya əyanları zəbt edildilər. Həmin vaxt o Kablin şəhərini zəbt etdi. (Şimal ərazilərinə yürüşlər haqqında). 12-ci ilin ab ayında [....] əmri ilə Madaylı Ninəvaya qarşı [....] tələsib, Ninəva vilayətinin Tarbis şəhərini onlar zəbt etdilər [....]. O, Tiqlat çayının kənarı ilə enib, Aşşura hücüm etdi, şəhərdə döyüş etdi; [....] şəhəri dağıtdı, böyük adamlara qüvvətli zərbə vurdu, onun qənimətini zəbt etdi, əsir apardı. Madaylının köməyinə gələn Akkad çarı və onun qoşunu döyüşə çatmadılar, Aş[şur dağıdılmışdı]. Akkadın çarı və U[mak]iştar şəhər yaxınlığında bir-biri ilə görüĢdülər, dostluq və ittifaq (müqaviləsi) bağladılar. [Umakiş]tar və onun qoşunu öz ölkəsinə qayıtdı, Akkad çarı və onun qoşunu öz ölkəsinə qayıtdı. .... ..14-cü ildə Akkad çarı Öz qoşununu yığdı [....]. Ummanmandanın çarı Umakiştar Akkad çarının qarşısına [....], bir-biri ilə görüşdülər Akkad çarı [....] və Umakiştar [....] Radan çayından keçdilər və Dəclə çayının sahili ilə getdilər [....] Ninəvanın əleyhinə [....] siman ayından ab ayına kimi 3 döyüş [....] şəhərə güclü zərbə vurdular."
Aşşuru qəti olaraq tamamilə məğlubiyyətə uğradan madaylar Yaxın Şərqdə rəqabətsiz bir qüdrətli dövlətin əsasını qoydular. Onlar Manna dövlətini çox güman ki, e. ə. 615-610-cu illər arasında özlərinə tabe etmişlər.Lakin hələ bir müddət Midiyadan asılı bir dövlət kimi də olsa Manna öz müstəqilliyini saxlamışdı. Mannanın adı çəkilən sonuncu yazılı mənbə Bibliyadır. İeremiya kitabında Urartu dövləti, Manna və skiflər e. ə. 593-cü ildə madaylarla birlikdə Babil əleyhinə çıxışa çağrılırlar.
Tarix: 27.01.2015 / 17:57 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Ümumi