Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adil xan Ziyadxanov

Həyatı
Əbülfət ağanın üçüncü оğlu Adil xan 25 sеntyabr 1872-ci ildə Gəncə şəhərində dоğulmuşdu. Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacarın nəticəsidir. Anası Azər Humayun xanım naibüssəltənə Abbas mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən mirzənin qızıdır. Tiflis klassik gimnaziyasını və Moskva Universitetinin hüquq fakültəsini bitirib. Avropa və Şərq dillərini əla bilib. 1905-dən Bakıda Ə.B.Topçuboşovun (1865-1934) redaktorluğu altında çıxan "Kaspi" qəzetiylə əməkdaşlıq edib, orada maarifçi məqalələrlə çıxış edib. Həmin ildə Azərbaycan türkləri adından çar II Nikolaya göndərilmiş petisiyanı o da imzalamışdı. 1906-da Tiflisdə canişinin rəhbərliyi altında təşkil olunmuş erməni-müsəlman münaqişəsini nizamlayan çoxgünlük yığıncaqlarda da öz millətinin mənafeyini qətiyyətlə müdafiə edib. 1908-də Şərqi və Qərbi Avropa ölkələrinə səyahət edib və gördüklərini "Avropada üç aylıq bir səyahətim" adıyla Gəncədə nəşr etdirib (1909). Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra xarici işlər nazirinin müavini təyin edilib (30.10.1918). Xarici işlər naziri Ə.B.Topçubaşov İstanbulda bulunduğundan, A.Z. nazir vəzifəsini icra edib. 16.11.1918-də Bakıya gələn İngiltərə hərbi qüvvələrinin komandanı, general V.Tomsonu Azərbaycan hökuməti adından A.Z. qarşılayıb və onunla danışıqlar aparıb. Az sonra baş nazir və xarici işlər naziri təyin edilmiş Fətəli xan Xoyskinin (1875-1920) müavini olan A.X.Z. gənc dövlətin xarici siyasətinin formalaşmasında mühüm işlər görüb. Onun yazdığı, ana dilimizdə və fransızca nəşr edilmiş "Azərbaycan" kitabının 2 min nüsxəsi 1919-da Parisə – Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Ə.B.Topçubaşova göndərilərək Avropa ölkələrində, ABŞ və Kanadada yayılıb. Azərbaycan hökuməti Tehranda Azərbaycan diplomatik nümayəndəliyinin yaranması haqqında 16 iyun 1919-cu il tarixində qərar verib və 4 oktyabrda nümayəndəliyin ştatını təsdiqləyərək nazir müavini A.X.Z.-ı nümayəndəliyin başçısı təyin edib. 7 aprel 1920-də tərtib etdiyi siyahıya görə, bu vaxt Tehrandakı Azərbaycan diplomatik nümayəndəliyində aşağıdakı şəxslər çalışırdı (texniki işçilər çıxılmaqla):

Adil xan Ziyadxanov – diplomatik nümayəndə, Əkbər ağa Sadıqov – onun müavini, Mirzə Ələkbər xan – ikinci katib əvəzi, Cəlal Şirinli – kargüzar əvəzi, Ehtiyac Şükürov – kargüzar köməkçisi, Qulamrza Babayev – diplomatik kuryer, Mirzə İbrahim xan – ikinci münşi, Camal Şirinli – dəftərxana xidmətçisi, Yusif xan – təsərrüfat müdiri. Qonşu ölkədə işlərkən çox məhsuldar diplomatik fəaliyyət göstərib 15 yanvar 1920-də Azərbaycan Cümhuriyyətinin ilk fövqəladə və səlahiyyətli səfiri kimi Tehrana ayaq basıb və bununla iki ölkə arasında diplomatik əlaqələr daha da genişlənib. O, İranda olarkən özünün ana dilimizdəki "Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti" adlı kitabını yerli soydaşlarımız arasında pulsuz payladıb, "Qələmin uçuşu" adlı iki hissəlik kitabınısa fars dilində nəşr etdirərək Azərbaycanın azadlıq uğrunda çarpışmasından ətraflı danışıb. Bu kitablar Şeyx Məhəmməd Xiyabaninin azadlıq hərəkatına (04-10.1920) səfirin çox incə töhfəsiydi. Cümhuriyyət süquta uğradıqdan sonra Bakıya qayıtmayaraq Tehranda qalıb. 22 iyun 1921-də Sovet hökuməti onun diplomatik fəaliyyətini dayandırıb. Bundan sonra Tehran bələdiyyə idarəsində Sosial Təminat Nazirliyində, Təbrizdə dəmiryolu və gəmiçilik idarəsində müxtəlif vəzifələrdə çalışıb. 1934-də İstanbula köçüb və ömrünün qalan hissəsini Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Adil xan Ziyadxanov 1954-cü ildə İstanbulda vəfat etmişdir.

Ailəsi
Adil xan Rеyhanət xanım Həsən ağa qızı Baкıxanоva ilə həyat qurmuşdu. Mahrux bəyim adlı qızı vardı.


Tarix: 29.01.2015 / 18:57 Müəllif: Feriska Baxılıb: 217 Bölmə: Ümumi
loading...