Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəzz qalası

Bəzz qalası - Güney Azərbaycanın Şərqi Azərbaycan ostanının Qaradağ mahalındakı Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşən qala.

Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400-600 metr dərinlikdə dərələr əhatə edir. Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: "Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb"[2].

Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans İmperiyası və Azərbaycan Atabəyləri dövlətinə aid sikkələr tapılıb. Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Həmçinin qala ərazisindən təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılmışdır. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli qardaşlarımız qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər[3].

Bəzz qalası haqqında elmi araşdırmalar, məqalələr və s. mövcuddur. Tahir Navahı "Bəzz qalası" adlı Azərbaycanın ilk dini-bədii romanını yazıb[4]. Bəzz qalasına dair akademik Ziya Bünyadovun elmi araşdırmaları var[5][6]. Tədqiqatçı E. Rayt (E. M. Wright) öz elmi məqaləsində (Babak of Badhdh and al-Afshin during the years A.D. 816-841.) Bəzz qala-şəhərini Xürrəmilər hərəkatının Azərbaycandakı mərkəzi hesab edir. Ət-Təbəri isə öz əsərində yazır ki, Bəzz qalası "Babəkin şəhər və vilayəti" olub. Əl-Biruni yazır ki, "Bəzz - Babək əl-Xürrəminin ölkəsidir".


Tarix: 07.01.2015 / 23:43 Müəllif: Feriska Baxılıb: 77 Bölmə: Ümumi
loading...