Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aza (hökmdar)

Aza – Manna dövlətinin ikinci hökmdarı, hökmdar İranzunun oğlu və Ullusununun qardaşı.

Aza da atası İranzu kimi Assura meylli siyasət yürütmüşdü. Lakin, o, çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar. Aza öz dövləti ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, "çıxılmaz Uauş dağı"nda (Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının V zalındakı divar yazısında deyilir:

"...Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannalılar ölkəsinin canişinləri Uişdişli Baq [dattini və] Zikertulu [Metattini] Şarrukinin (Assuriyalı) və hökmdarlarının oğlu Azanın əleyhinə qaldırdı və [....] Mannalılar ölkəsində qiyam edib, sıldırım Ua[uş] dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq və onu Assuriyanın tabeliyinə qaytarmaq üçün Aşşura, mənim ağama əllərimi ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini soydum və Mannalılara göstərdim. Ullusununu, onun (Azanın) qardaşını taxta əyləşdirdilər, mən də ona bütün [....] Mannalılar ölkəsini tabe etdim."
Adın etimologiyası
İ. H. Əliyev bu adı hürrit mənşəli sayır. E. A. Qrantovskiyə görə, İran dillərində az – aparmaq (Azərbaycan dilində azdırmaq felində bu söz vardır) sözündəndir Q. Qeybullayev qeyd edir ki, sözün sonunda "y" səsinin düşməsilə bu ad türkmənşəli Asay, (türkcə as – iltifat, nəvaziş, ağıl, zəka, dərrakə sözündən və ay şəkilçisindən) adı ilə eynidir. V əsrdə Alban çarı Asay, erkən orta əsrlərdə xakasların xaqanı Ajo, uyğur xaqanlarından Aço, oğuzlarda Azak şəxs adları ilə müqayisə olunur.


Tarix: 27.01.2015 / 18:22 Müəllif: Feriska Baxılıb: 113 Bölmə: Ümumi
loading...