Miandob şəhərindən şərqdə Leylan kəndi rayonunda yerləşən Qazaka (Qanzaka, madalıların qanza sözündəndir, "sərvət, xəzinə" deməkdir), ehtimal ki, artıq Atropatın zamanında dövlətin paytaxtı oldu.
Təəssüf ki, biz ölkənin iqtisadi həyatına, siyasi və mədəniyyət tarixinə çox az bələdik. Yazılı mənbələrin sayı cüzi, arxeoloji material son dərəcə azdır. Lakin həm bilavasitə qaynaqlardan alınan sübut-dəlillər, həm də dolayı məlumatlar və fərziyyələr əsasında ümumən Atropatena haqqında bildiklərimiz belə hesab etməyə əsas verir ki, Atropatena kənd təsərrüfatının, sənətkarlığın, ticarətin, şəhər həyatının çox inkişaf etdiyi, yüksək mədəniyyəti, əhalisinin Atropatena dili və yazı ənənələri olan bir ölkə idi.
Cənubi Azərbaycan ərazisində müstəqil dövlət yaradılması qədim ənənələrə malik ölkədə təsərrüfat həyatının fəallaşmasına, məhsuldar qüvvələrin yüksəlməsinə, ticarətin və sənətlərin canlanmasına çox kömək etdi. Daha sonrakı məlumatlar göstərir ki, Atropatenada məbəd torpaq sahibliyi inkişaf edibmiş. Antik müəlliflərin məlumatına görə, münbit torpaqlar maqlara məxsus imiş. Quldarlıq da inkişaf edibmiş.
Cənubi Azərbaycan tayfalarının və xalqlarının – kuti, lullubi, hurri, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos – Hellinizm dövründə madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı.
Atropatena fenomeninin ümumi xarakteristikasını verərkən qeyd etmək lazımdır ki, bu dövlət yeni şəraitdə köhnə Madanın etno-mədəni ənənəsini mahiyyətcə davam etdirsə də və ətraf aləm tərəfindən Mada kimi qavranılsa da, Azərbaycan məfhumunun özü, həmçinin onunla bağlı siyasi və etno-mədəni xarakterli hadisələr və vəziyyətlər məhz Atropatena dövründə təşəkkül tapmağa başlamışdı.
Mədəniyyəti
Atropatenanın maddi mədəniyyət abidələri indiyədək çox az, kifayət olmayan dərəcədə öyrənilmişdir. Bu, birincisi, yazılı mənbələrin azsaylı və natamam, yarımçıq, qırıq olması və ikincisi, bu bölgənin arxeoloji cəhətdən tədqiqinin azhəcmli olması ilə izah edilir. Lakin buna baxmayaraq, artıq indi Atropatenanın yaşayış məskənlərini və onların tiplərini, memarlıq prinsiplərini, tikinti texnikasının üsullarını, dəfn adətlərinin tipləri, bu dövlətin pul dövriyyəsinin səviyyəsini və maddi mədəniyyətin bəzi başqa cəhətlərini bu və ya digər dərəcədə səciyyələndirmək olar.
Almaniya Arxeoloji İnstitutunun ekspedisiyasının Astara-Ərdəbil bölgəsindəki kəşfiyyat işləri Mada-Atropatenada Parfiya dövründə tikilmiş qalalar haqqında təsəvvür yaradır. Bu işlərin gedişində uzun zaman ərzində, o cümlədən keramik materialın mühakimə yürütməyə imkan verdiyi kimi, Parfiya dövründə də fəaliyyət göstərmiş bir sıra qalalar: Qaleye-Sasan, Qaleye-Növduz, Ərdəbildən 30 kilometr şimal-qərbdə olan "Qala" qeydə alınmışdır. Onların yerləşməsində və quruluşunda bir sıra ümumi cəhətləri görmək olar. Bütün qalalar uca, çətinliklə fəth oluna bilən təpələrdə yerləşir, iri, yonulmamış daşlardan tikilmiş güclü divarlarla, yarımdairəvi qüllələrlə əhatələnmişdir, zəif daxili tikilişə malikdir, lakin bununla belə divarların daxilində həmişə içməli su ehtiyatlarını mühafizə etmək üçün çən (və yaxud çənlər) vardı.
Bütün dövrlərdə və xüsusilə qədim zamanlarda inşaat materialının seçilməsi tamamilə ətraf landşaftın şəraitindən asılı olmuşdur. Müxtəlif vilayətlər arasındakı iqtisadi əlaqələrin nisbətən inkişaf etməməsi üzündən inşaat materiallarının daşınması çətin idi və buna görə də yerli materiallara üstünlük verilirdi. Atropatenanın coğrafi şəraiti inşaat materialı kimi daşın geniş surətdə tətbiq olunmasına yardım edirdi. Düzdür, emalı xeyli zəhmət tələb etdiyi üçün daş (əsasən yonulmamış) ilk növbədə müdafiə xarakterli qurğuların (şəhər və qala divarları, qüllələr, istehkamlar və s.) tikintisində istifadə edilirdi. Gil və yaxud gips məhlulu ilə möhkəmləndirilmiş kiçik daşlar və çaydaşıları adətən bişmiş kərpicdən ucaldılan binaların özülü olurdu. Bişmiş kərpici öz əhəmiyyətinə görə bu vilayətdə ikinci inşaat materialı hesab etmək olar (Qaleye-Zöhhakdakı pavilyon). İctimai təyinatlı binaların memarlıq baxımından bəzədilməsində daş, xüsusilə əhəngdaşı, qumdaşı geniş surətdə tətbiq edilirdi. Məsələn, Qaleye-Zöhhakda olan sarayda xeyli sayda bəzək detalları qeydə alınmışdır. Burada qarətçilik məqsədilə aparılmış qazıntılar nəticəsində binanın daş kvadratlardan tikilmiş otaqlarından biri qismən açılmışdır.
Tikintidə ağac çox məhdud surətdə tətbiq edilirdi (damın üstünü örtmək üçün tirlər, qapının yan taxtaları və üst tirləri və s.) və mahiyyətcə ikinci dərəcəli inşaat materialı idi.
Bişmiş kərpicdən tikilmiş qurğularda tez quruyan əhəng və ya gil məhlulu tətbiq edilirdi. Tağların və arkaların hörülməsi texnikası aşağıdakı kimi idi: kərpiclər ya tağın mərkəzinə radial münasibətdə yastısına yerləşdirilir, ya da dikinə qoyulmuş şəkildə hörülürdü. Qarışıq hörgü üsulu da tətbiq edilirdi (Qaleye-Zöhhakda olduğu kimi).
Saray, məbəd binalarının, ictimai qurğuların memarlıq tərtibatının detalları, onların inşası zamanı tətbiq olunmuş materiallar Atropatenanın kifayət dərəcədə çoxsaylı abidələrində aşkara çıxarılmışdır. Lakin onların əksəriyyəti ya başqa məqsədlərlə aparılmış işlər zamanı, ya da onların yeni və ən yeni dövrün qurğularında yenidən istifadə olunması gedişində qeydə alınmışdır. Bu hal isə onların dəyərini xeyli azaldır. Çox güman ki, yalnız iki abidə Mada-Atropatena ərazisində mövcud olmuş memarlıq prinsiplərinin az və ya çox dərəcədə tam mənzərəsini verir: mülki xarakterli yaşayış yerinin nümunəsi kimi Qaleye-Zöhhak və məbəd qurğusu olduğu güman edilən, Təkab yaxınlığında yerləşən Kerefto (Karafto, Karaftu) qaya kompleksi.
Tədqiqatçılar tərəfindən yaşayış məskənlərindən və qəbirlərdən əldə olunmuş zəngin və rəngarəng saxsı materialı Atropatenada keramika istehsalının geniş şəkildə inkişaf etdiyini və yerli sənətkarların-dulusçuların yüksək səviyyəli ustalığını təsdiq edir. Keramika həm formaların müxtəlifliyi (kuzələr [çox hallarda burunlu], güldanlar, nimçələr, bardaqlar, möhtərlər və b.), həm də məmulatın yüksək keyfiyyəti ilə seçilir. Qabların əksəriyyəti yaxşı çökdürülmüş gildən hazırlanmış, bərabər yandırılmışdır. Qablar qırmızı, sarıya çalan açıq-qəhvəyi və yaxud boz-qara rənglidir. Anqob və cilalama geniş surətdə tətbiq edilirdi. Qırmızı boya ilə zəncir, həndəsi fiqur, çiçək motivləri və s. şəklində naxışlanmış qabların (əsasən kuzələrin) çoxsaylı qrupu mövcuddur. Boyalı keramika ilə yanaşı, ştampla naxışlanmış keramik formalara da təsadüf olunur. Minalanmış qablar ayrıca qrupu təşkil edir.
Keramika materialının artımı ilə əlaqədar olaraq keramikanın bu və ya digər qrupunun mövcudluğunda müəyyən dövrlərin, mərhələlərin ayrılması imkanı yarandı ki, bu da, şübhəsiz, sonralar Atropatenanın keramika məktəbinin yaranmasına gətirib çıxarmalı idi.
Hazırda Atropatena keramikasının təkamülündə iki mərhələni ayırmaq olar: erkən (e.ə. III – II əsrlər) və son (e.ə. I əsr – eramızın II əsri) inkişaf mərhələləri.
Erkən mərhələ Madada olduğu kimi, boyalı keramikanın olması ilə səciyyəvidir. Lakin Atropatena keramikası yerli xüsusiyyətlərə malikdir. Fərqlər həm qabların naxışlanmasında, həm də onların profillərində müşahidə olunur.
Madanın və Mada-Atropatenanın keramika sənətləri arasındakı fərqləri qeyd edərkən Atropatenanın özündə də boyalı qabların dekorunda ciddi yeknəsəkliyin olmasını da göstərmək lazımdır.
Tiplərin və formaların daha əhəmiyyətli dərəcədə müxtəlifliyi sonrakı mərhələdə müşahidə edilir. Təxminən e.ə. II əsrin ikinci yarısından etibarən hazırda Parfiya dövrünün arxeoloji obyektlərinin tarixinin müəyyən edilməsində əsas olan keramika tipi yarandı. Bu, qırmızımtıl-qəhvəyi rəngli (variantları: oxra rəngli, qonur) keramikadır və ədəbiyyatda "clinkyware" adı almışdır. Keramikanın bu növü Parfiya dövrünün əvvəlində meydana gələrək təqribən həmin dövrün sonunadək mövcudluğunu davam etdirmiş, eramızın II əsrinin sonlarından tez olmayaraq aradan çıxmışdır. Bu tipli keramikanın xüsusilə çoxlu qalıqları Qaleye-Zöhhakda qeydə alınmşdır.
E.ə. I əsr – eramızın I əsri üçün zoomorf keramikanın mövcudluğu səciyyəvidir. Üç-dörd kiçik ayaqcıqları olan, burun hissəsi realist və yaxud stilistik surətdə tərtib olunmuş heyvan başı şəklində hazırlanmış qablar zoomorf keramikanı təmsil edir.
Atropatenanın qəbir abidələri indiyədək kifayət dərəcədə öyrənilməmişdir. Əslində iri gil qablardan ibarət olan, ədəbiyyatda "küp qəbirlər" adını almış qəbirlərdən başqa Atropatena ərazisindən qəbirlərin digər növləri hələlik məlum deyildir.
Küp qəbirlər təsərrüfat təyinatlı iri gil qablarda (hündürlüyü 1,50-1,80 metr, eni isə çox hallarda 1 metrdən artıq) dəfn adətinin təzahürüdür. Küp qəbirləri heç bir məzarüstü qurğulara malik deyildir. Meyit çox zaman üfüqi vəziyyətdə olan küpün içərisində sıx bükülü vəziyyətdə küpün boğaz hissəsinə doğru yönəlmiş halda, sağ və ya sol böyrü üstə yerləşdirilirdi. Belə bir fikir irəli sürülmüşdür ki, kişilər sol, qadınlar isə sağ böyrü üstə dəfn edilirdi. Dəfn üçün nəzərdə tutulmuş küpün içərisində xırda avadanlıq və bəzək əşyaları (qolbağlar, boyunbağılar, üzüklər, muncuqlar və s.) yerləşdirilir, küpün yanında isə gil qablar qoyulurdu. Gil qabların içərisində qırmızı və qara rəngli boyalarla, həndəsi ornamentlərlə bəzədilmiş qabları (əsasən küpləri), içərisi oyma və ştamp bəzəklərlə naxışlanmış qara cilalı camları qeyd etmək lazımdır. Dəfn küplərinin oriyentasiyası sərbəstdir.
Küp qəbirlər uzun müddət ərzində əsasən eramızdan əvvəlki dövrün son əsrlərinə aid edilirdi. Lakin son zamanlar Naxçıvan ətrafında və Ağcabədi bölgəsində (Mil düzündə) tədqiq olunmuş qəbirlər ən erkən küp qəbirlərini e.ə. VI-III əsrlərə aid etməyə imkan verir.
Atropatena ərazisindən tapılmış sikkə dəfinələri və sikkələrin ayrı-ayrı nümunələri hələ azsaylıdır. Lakin mövcud olan sikkələr kütləsi bu dövlətin pul dövriyyəsinin səviyyəsi haqqında təsəvvür yaratmağa imkan verir. Hellinizm dövründə Atropatena ərazisində pul dövriyyəsi hələlik az təsadüf edilən sikkələr əsasında təsdiqlənir. Onların arasında Makedoniyalı İskəndərin ölümündən sonra dövriyyəyə buraxılmış, Urmiya gölü yaxınlığındakı qəbirlərdən birində aşkar olunmuş draxmanı (e.ə. III əsr) qeyd etmək lazımdır.
Atropatena ərazisində Parfiya hökmdarlarının sikkələri, əsasən draxmaları çox geniş yayılmışdı. E.ə. I əsrin – eramızın II əsrinin draxmaları xüsusilə geniş şəkildə təmsil olunmuşdur. Həmin draxmalar II Oroddan (e.ə. təqribən 57-37-ci illər) başlamış IV Vologezədək (eramızın 147-191-ci illəri) dövrü əhatə edir.
Atropatena ərazisində tapılmış iki dəfinə Atropatenada pul dövriyyəsinin səviyyəsi haqqında təsəvvür yaratmaq üçün böyük əhəmiyyətə malikdir: 1923-cü ildə Əhərdə tapılmış və I Qotarzdan II Orodadək olan dövrdə buraxılmış, təxminən 600 Parfiya draxmasından ibarət olan dəfinə və Azərbaycan Respublikasının Şirvan bölgəsində aşkar olunmuş, II Artabandan (10-38-ci illər) IV Vologezədək olan dövrdə buraxılmış 110 draxmadan ibarət olan dəfinə.
Eramızın ilk əsrlərində Atropatenada Parfiya draxmaları ilə yanaşı məhdud miqdarda olsa da imperator Avqustun Roma denariləri də dövr edirdi. Artıq sikkələrin bu, o qədər də tam olmayan siyahısı Atropatenada pul dövriyyəsinin inkişaf etdiyini təsdiqləyir.
Tarix: 29.01.2015 / 16:35 Müəllif: Feriska Baxılıb: 279 Bölmə: Ümumi