Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atropatena Sasanilərin tərkibində

226-cı ildə baş verən tacqoyma mərasimində Sasanilər sülaləsi başçısı Ərdəşir Şahənşah (şahlar şahı) titulunu qəbul etməklə, 651-ci ilə qədər mövcud olan Sasanilər dövlətinin əsasını qoydu. Gənc dövlətin fəal xarici siyasəti tezliklə qonşu Bizansla toqquşmaya gətirib çıxartdı. Artıq IV əsrin son rübündə bütün Cənubi Qafqaz Bizans və Sasanilər dövlətləri arasında nüfuz dairələrinə bölündü, Ermənistanın böyük hissəsi, Albaniya və İberiya Sasanilər dövlətinə birləşdirildi. Bu imperiyanın dastakertinə – vilayətinə çevrilən Adurbadaqan isə öz torpaqlarının münbitliyinə və təbii sərvətlərinə (başlıca olaraq neft, duz) görə dövlətin iqtisadiyyatında birinci dərəcəli rol oynadı; zərdüştiliyin mühüm mərkəzi də Adurbadaqan oldu.

603-cü ildə başlanan növbəti Sasani-Bizans müharibəsi 628-ci ilə kimi davam etdi. Tərkibində Azərbaycan türklərinin də olduğu sasani qoşunları 622-ci ilə kimi uğurla vuruşurdular; hələ 614-cü ildə Yerusəlim ələ keçirildi, Konstantinopol mühasirəyə alındı və Misir fəth edildi. Ancaq 622-ci ildən vəziyyət köklü surətdə dəyişdi, belə ki, məhz bu vaxtdan II Xosrovun qüvvələrinin bir hissəsi şərq sərhədinin köçərilərdən qorunmasına cəlb olundu. 623-cü ilin aprelində Ermənistana basqın edən Bizans imperatoru İrakli Dvini ələ keçirib, Adurbadaqan ərazisinə daxil oldu; Qazaka işğal edildi, buradakı Azərgüşnasp məbədi isə dağıdıldı. Bunun ardınca Azərbaycanın Naxçıvan, Urmiya şəhərləri, o cümlədən Həmədan tutulub darmadağın edildi.

Erkən sasani dövründə Adurbadaqan Sasani dövlətini təşkil edən şəhrlərdən (şəhr – ölkə və ya vilayət deməkdir) biri idi. Sasani ənənəsinə əsaslanan ərəb qaynaqları hələ ilk Sasani hökmdarı I Ərdəşirin (224-241) Albaniya, Balasakan və Sisakan hakimlərinin şahlıq hüquqlarını təsdiq etdiyi haqqında məlumat verir. Onun oğlu I Şapurun (241-272) dövründə imperiyanın tərkibi haqqında Nəqşi-Rüstəmdə "Zərdüştün Kəbəsi" adlı qədim od məbədindəki kitabədə Sasanilər dövlətinə tabe "İran olan" və "İran olmayan" iyirmi yeddi "şəhrin" içində "İran olmayan" Adurbadaqan, İberiya, Ermənistan, Sikan, Albaniya, "Qafqaz dağlarına və Alban qapısınadək" Balasakanın da adları çəkilir.

Sasanilər imperiyasına daxil olan müxtəlif vilayətlərin ərazisində, o cümlədən Azərbaycanda aşkar edilən kitabə və bullalarda (dövlət sənədlərinə bağlanan möhürlərdə) qeyd edilən titulların və inzibati terminologiyanın eyniliyi, eləcə də müxtəlif qaynaqlardakı xəbərlər göstərir ki, Adurbadaqan – Cənubi Azərbaycan ərazisində də bütün imperiyaya xas olan ərazi bölgüsü və inzibati idarəçilik qüvvədə idi.

Bu vilayətlərin hakimləri şəhriyar – "şəhr sahibləri", əyalətlərininki isə payqospan – "tərəfləri (yerləri) qoruyanlar" adlanırdılar. I Şapurun kitabəsi bu sözlərlə tamamlanır: "...Və bütün bu çoxsaylı şəhrləri [və onların] şəhriyar və payqospanlarını mən bizə bac verənə və rəiyyətimizə çevirdim". VI əsrdə I Xosrov Ənuşirəvanın inzibati islahatları nəticəsində dörd iri canişinlik – "kusf (hərfən: "tərəf, "cəhət") təsis edildi. Mənbələrin (ortafars və ərəb) məlumatına görə Cənubi Azərbaycan "Azərbaycan kustu" adlanan Şimal canişinliyinin tərkibində idi. Buraya həmçinin Albaniya, İberiya, Ermənistan, Balasakan, Sisakan, Rey, Gilan, Deyləm, Dəmavənd, Təbəristan, Ruyan (Rovan), Amul, Həmədan və Muğan da daxil idi. Son Sasanilər dövründə artıq bütün tarixi Midiya torpaqları canişinliyin tərkibində idi. Bəzi ərəb müəllifləri (ət-Təbəri) xəbər verirlər ki, dövlətin dörd canişinliyə bölünməsi hələ I Xosrova qədərki dövrdə həyata keçirilmişdi; I Xosrov hakimiyyət başına keçən kimi Sasanilərin dörd əyalətini idarə edən dörd payqospana, o cümlədən Adurbadaqan, Ermənistan və qonşu yerlərin payqospanı Zadoy Nahverqana xəbər göndərmiş, dövlətin baş hərbi rəisi – spahbedin vəzifələrini dörd "kustun" spahbedləri arasında bölüşdürmüşdü. Ərəb müəlliflərinin (ibn Xordadbeh və b.) əsərlərində böyük bir ərazini – Sasani imperiyasının Ermənistandan Təbristanadək bütün Şimal əyalətlərini, eləcə də talışların, xəzərlərin, alanların və b.-nın torpaqlarını idarə edən Azərbaycan spahbedi haqqında məlumat vardır.

Cənubi Azərbaycanda Təxti-Süleymandakı Adurquşnasp od məbədində aparılan qazıntılar zamanı tapılan V-VII əsrlərə aid edilən bullaların təhlili göstərir ki, kust termini həmçinin vilayət, nahiyə və ya bir neçə nahiyə mənasında da işlənirdi. Bu bullalar "Adurbadaqan tərəfin" inzibati-ərazi hakimiyyəti quruluşunu öyrənmək baxımından da maraq doğurur. Belə ki, Paris Milli kitabxanasında Albaniya katolikosuna aid edilən möhürdə belə bir yazı var: "Albaniya və Balasakan vilayətlərinin (kustlarının) böyük katolikosu".

Hələ Arşakilər dövründə çox vaxt özünü idarə edən şəhərlərin idarəsinə gəldikdə, Sasanilər dövründə bu şəhərlər şəhrablar tərəfindən idarə olunurdu. Adurbadaqan kustun tərkibinə daxil olan şəhərlərin də idarəçiləri bilavasitə şahənşaha tabe olan şəhrablar idilər. Təxti-Süleymanda aşkar edilən VI-VII əsrlərə aid bullalarda Azərbaycan şəhrabı (burada, görünür, ya Şimal kustunun bir parçası olan bütün Azərbaycan vilayətinin, ya da vilayət paytaxtının hakimi nəzərdə tutulur) haqqında məlumat vardır.

Siryani dini rəvayətlərində Adurbadaqan mərzbanı Tohm-Hörmüzdün, Mihran nəslindən olan Bet-Daraye mərzbanı Şahrənin, yenə həmin nəsildən olan Albaniya və İberiya mərzbanı Piran-Quşnaspın (onun xristian adı Qreqor olub; xristianların təqibi zamanı, 542-ci ildə əzablara məruz qalıb) və b.-nın adları çəkilir. Mənbələr Sasanilər dövründə mərkəzi hakimiyyətdə yüksək vəzifələr tuta bilmiş azərbaycanlılardan Rişəhr döyüşünün iştirakçısı, Pars mərzbanı Şəhrak haqqında məlumat verir.

Tədqiqatlardan aydın olur ki, bütün Şimal – Adurbadaqan kustunu idarə edən spahbed və payqospandan fərqli olaraq, mərzbanlar nisbətən daha kiçik əraziyə nəzarət edirdilər. IX-X əsr ərəb coğrafiyaşünaslarının məlumatının təhlili "böyük mərzbanlar" adlanan Adurbadaqan mərzbanlarının iqamətgahının Ərdəbil, Bərdə, Dərbənd (Bab əl-Əbvab) və bəlkə də Qazaka və ya Şizdə yerləşdiyini göstərir.


Tarix: 29.01.2015 / 16:34 Müəllif: Feriska Baxılıb: 284 Bölmə: Ümumi
loading...