Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ullusunu

Hakimiyyəti dövrü
Mannanın ən qüdrətli çağları şah İranzunun və onun oğlu Ullusununun hakimiyyət dövlərinə təsadüf edir. Mannanın ən qüdrətli şahlarından olan İranzunun ölümündən (təqr. b. e. ə. 716 -cı il) sonra hakimiyyətə onun oğlu Aza gəlir. Aza atasının siyasətini davam etdirərək, Urartuya qarşı mübərizəsində Assuriya ilə müttəfiq olur. Buna görə də Mannanın Assuriyaya düşmən münasibəti bəsləyən Metatti, Telusina və Baqdattu kimi vilayət başçıları açıq şəkildə onun siyasətinə qarşı çıxırlar. Nəticədə onlar Azanı öldürür və taxta onun qardaşı Ullusununu gətirirlər. Ullusunu taxt-tac uğrunda çəkişmələrdə öz iradəsinin əksinə olaraq, Urartu təmayüllü siyasət yeritməyə məcbur olur. 0, hətta Assuriya ilə həmsərhəd olan bir neçə vilayətini də Urartuya güzəştə gedir. Hadisələrin bu cür dönüşündən qəzəblənən Assuriya Manna üzərinə hücuma keçir. Assuriya şahı II Sarqon Baqdattunu tutaraq onun dərisini soymağı əmr edir. Baqdattunun dərisini soyur, cəsədini isə mannalara görk olmaq üçün nümayiş etdirirlər. Assuriyalılar Mannanın paytaxtı İzirtu şəhərini yandırır, bir çox qalalarını zəbt edirlər. Ullusunu tabe olmaqdan başqa yol görmür. Elə bu vaxt II Sarqon Ullusunuya bir məktub göndərir. Burada Ullusunudan tələb edilir ki, "öz hörmətli aqsaqqalları, qoşun başçıları, məsləhətçiləri, tayfasının özəyi olan adamlar, canişinləri və ölkəsini idarə edən digər rəhbərlərlə birliklə onun qarşısına çıxsın". Bundan əlavə həmin məktubda Ullusunudan "öz böyük oğlunu qiymətli hədiyyələrlə" Sarqonun yanına göndərməsi də tələb olunur. Ullusunu II Sarqonun şərəfinə yazılmış bir daş sütun ucaldır. Sarqon dönüklüyünü Ullusunuya bağışlayır və onu öz taxtından məhrum etmir.

B. e. ə. 714-cü ildə Sarqon Urartu üzərinə yürüşə gedərkən iki şah arasında müqavilə imzalanır. Şahlar müəyyən olunmuş yerdə görüşürlər və Ullusunu Sarqonun qoşununa döyüş atları, mal-qara və digər hədiyyələr verir. Sarqon əvəzində Urartuya güzəştə gedilmiş Manna torpaqlarını da almaqı Ullusunuya və'd verir. Assuriya çarı Ullusununun şərəfinə ziyafət düzəldir. Bu ziyafətdə Ullusunu Sarqondan aşağı yerdə əyləşdirilsə də, onun oturduğu yer atası İranzunun vaxtilə əyləşdiyindən yuxarıda idi. Sarqonun səlnaməçiləri bu barədə onun dilindən yazırlar: "Mən onların ağasına, şahına, Ullusunuya süfrə açdım. Onu öz atası, valideyni İranzudan yuxarıda oturtdum, onu yüksəltdim." II Sarqon Urartu ilə müharibəni davam etdirir. Ullusunu öz müttəfiqinə hər cür yardım göstərir. Urartu qoşunları sarsıdıcı məğlubiyyətə uğrayırlar. Sarqon tutduğu əski Manna qalalarını Ullusunuya qaytarır. Sarqonun qoşunları Urartunun paytaxtına qədər irəliləyir, bir çox şəhərləri viran qoyur və xeyli qənimət ələ keçirirlər. Urartu şahı I Rusa bu məğlubiyyətinin biabırçılığına dözə bilməyərək, intihar edir, Sarqon Ullusunuya 22 qala və iki möhkəmləndirilmiş şəhər bağışlayır. Urartunun məğlubiyyətindən sonra Ullusunu vaxtilə itirilmiş Manna vilayətlərini geri qaytarmaq uğrunda müharibəyə başlayır və uğurlar qazanır. Manna öz yüksəlişinin zirvəsinə çatır. Assuriya bu dövləti özünün bərabərhüquqlu müttəfiqi kimi qəbul edir. II Sarqonun vəfatından sonra Ullusunu hətta Assuriyanın da bir sıra torpaqlarını ələ keçirir.

Ullusununun hakimiyyəti dovründə Mannada böyük məbədləri, saray və mülkləri olan yeni qalalar və şəhərlər salınır, sənətkarlıq inkişaf etdirilir. İ. M. Dyakonov yazır ki, "Manna, daha doğrusu, bu ölkənin Urmiya ətrafında yerləşən şimal vilayətləri, yəni, gələcək Atropatena ərazisində yerləşən vilayətlər özlərinin iqtisadi inkişaf səviyyəsinə görə şərqi Midiyanın əksər ərazilərindən yüksəkdə dayanırdılar.

Adın etimologiyası
Prof. Q. Qeybullayeb qeyd edir ki, bu şəxs adında -l səsinin qoşalaşmasının səbəbi aydın deyil. Əgər bu səs assur dilində qoşalaşmayıbsa, onda ullu komponenti qədim türkcə ulla – hörmət olunan, hörmətlə yanaşılan, sayılan sözünün fonetik şəkli ola bilər. Asurca yazılışda bu sözdə l səsi qoşalaşdırılmışsa, onda bu ad türk dillərindəki ulu (q) – məğrur, vüqarlı, qüvvətli və sun – keşikçi, nəzarətçi sözlərindən ibarətdir. XIII əsrdə türk xaqanı Uluq , VIII əsrdə qırğızlarda Əren – Uluq xaqan , Çingiz xanın nəvəsi Uluqbəy adları ilə müqayisə olunur. Y.B. Yusifov adı türkcə ulu – böyük əzəmətli sözü əsasında "Böyük adam" kimi izah edərək onu hökmdar ləqəbi və ya rütbəsi hesab edir


Tarix: 27.01.2015 / 18:43 Müəllif: Feriska Baxılıb: 298 Bölmə: Ümumi
loading...