Ellinizm dövründə, Atropatenada yunan dili geniş yayılmışdır. Cənubi Azərbaycan tayfalarının və xalqlarının – kuti, lullubi, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos – madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı. Atropatena əhalisinin atropaten dili və yazı ənənələri olan bir ölkə idi.
Bəzi müəlliflərin apardıqları araşdırmalar nəticəsində gəldikləri qənaətə görə, Atropatena əhalisinin böyük bir qismini aborigen türk tayfaları əsasında formalaşmış atropatenlilər təşkil edirdi və Atropatena tarixi Azərbaycan torpaqlarının bir hissəsində Azərbaycan türklərinin ulu əcdadları olan atropatenlilər tərəfindən yaradılmış bir dövlət olmaqla, nəhəng Midiya dövlətinin həm siyasi, həm də etnik varisidir.
Mənbələrdə adları keçən Atropatena ərazisində yaşayan tayfalardan biri də Qafqaz albanlarıdır. I əsr müəllifi Strabonun verdiyi məlumatdan aydın olur ki, Qafqaz albanları təkcə Azərbaycanın Arazdan şimaldakı ərazisində deyil, həm də Arazadan cənubdakı ərazilərində yaşamışlar. Strabon albanların Atropatenada, Midiya dağlarında yaşamasını qeyd edir. Müəllif yazır ki, albanlar kellər, kaduslar, utilər və mardların qonşuluğunda yaşayırlar. Midiya dağları Xəzərin cənub-qərbindəki indiki Talış dağlarıdır. Astaraçayla Qarasu çayı arasında yerləşən bu dağlar Bağrov dağları da adlanır. Deməli, albanların bir hissəsi kaduslarla bir ərazidə yaşayırdı. Bu ərazi Atropatenaya məxsus idi. Bunu Midiya dağları ifadəsi də göstərir. Bu məlumatı toponimik faktlar da təsdiq edir.
Cənubi Azərbaycan ərazisində Qarqar, Qərqər–Nəsir, Baba Qarqar, Karkarak, Kərkərə, Kərkər, Alamdar–Qarqar adlı kəndlər vardır. Bu toponimlər Atropatenada yaşamış qarqarların adı ilə bağlıdır.
Albaniyada və Ermənistanda yaşamış türkdilli Şirak tayfasının Atropatenada da yaşadığını V əsr müəllifi Feofilakt Simokattanın Atropatenada Siraqan yaşayış məntəqəsini qeyd etməsi təsdiq edir. Həmin müəllif Muğanda türk tayfalarının yaşadığını yazmışdır. Hazırda Cənubi Azərbaycanda Şirac–Xeyl və Şiracməhəllə adlı kəndlər vardır və bu toponimlərdə şirak etnonimi şirac şəklində qalmışdır. Şiraklar Azərbaycanda Çiraq və Çiraqlı da adlanmışlar. Cənubi Azərbaycanda Çirak, Çiraq–Abdal, Çeraktəpə, Çirakçi, Çeraqlu, Çeraqil (Çirak etnonimi və il – tayfa sözündən), Sirak və Şirakdeh kəndləri vardır.
Atropatena ərazisində həmçinin peçeneqlərin də yaşaması məlumdur. Peçeneqlərin qapan, qarabaq, göyərçi və kul tayfaları cənubda Qaban, Qarabaq, Qeqarçi, Quqarçin, Quqarçili, Quqerdçi, Qullar, Qullar-Taqi, Qullar–Qara, Sufi və Qullar Məhəmməd Hüseynkənd adlarında qalmışdır
Cənubi Azərbaycandakı Xazarian, Xəzərkəndi, Xəzərgəran, Xəzərabad, Xəzərli, Xəzər-Böyük, Xəzər-Çoban və Xəzərşax kənd adları isə erkən orta əsrlərdə Atropatenada yaşamış xəzərlərlə əlaqədardır.
Atropatenada yaşayan İrandilli etnoslardan ən böyüyü kaduslar idi. Bu etnosu ilk dəfə Herodot qeyd etmişdir. Sonrakı antik müəlliflər də kaduslar haqqında məlumat verirlər və onları dağ yerlərində çox döyüşkən olduqlarını qeyd edirlər. Strabon kadusların dəniz kənarındayaşadığını yazır. O, kadusların ərazisinin Xəzər dənizinin sahili boyu 500 stadij (təxminən 190 km) uzunluqda olduğunu göstərir.
Atropatenada tatlar, yəhudilər, gurganlar, parslar və mardlar da yaşayırdılar. Onların bir hissəsi Sasanilər vaxtında şimala köçürülmüşdür. Erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisinə bir sıra yeni türk tayfaları gəlib məskunlaşmışdır.
Tarix: 29.01.2015 / 16:27 Müəllif: Feriska Baxılıb: 197 Bölmə: Ümumi