Azanın ölümündən sonra hakimiyyətə onun qardaşı Ullusunu keçirildi. Aşşurlular, əlbəttə müttəfiq dövlətni itirilməsi ilə razılaşa bilməzdilər və II Sarqon öz hakimiyyətinin VI, VII və VIII illərində Mannanın özünü və ondan ayrılmış əraziləri tabe etmək üçün yürüş edir. II Sarqon sonra Mannanın özünün paytaxtı İzirtunun üzərinə hucuma keçdi, mannalılarla qanlı döyüş təşkil etdi, İzirtu yaxınlığında yerləşən Zibia və Armait qalalarını ələ keçirdi. Görünür həmin qalalar İzirtuya girəcəyi qoruyurmuşlar. Bu haqqda II Sarqonun Dur – Şarukkin sarayındakı kitabəsində deyilir:
"[Mannalı Ullusunu....] ilahi Aşşurdan [....] ölkəsinin pərən-pərən olmasına [....] Urartulu Ursaya arxalandı və Karallalı Aşşurleni və Allabriyalı İttini mənim əleyhimə qaldırdı, Urartuya qulluq etməyə çağırdı. Ürəyimin [qəz]əbi ilə çəyirtkə kimi mən bu ölkəni bürüdüm. Mən İzirtunu, Mannalılar ölkəsində olan onun çar şəhərini məhv etdim, qartal kimi onlara böyük qırğın törətdim, İzirtunu yandırdım və Zibiya ilə Armait (şəhərlərini) zəbt etdim. Mannalı Ullusunu və onun bütün ölkəsi bir nəfərə kimi yığışıb ayaqlarımı qucaqladılar; mən (onları) əfv etdim, Ullusununun günahlarını bağışladım və [atasının] hökmdar taxtına (əyləşdirdim). Allabriyalı İttini ailəsi ilə birlikdə köçürdüm; Karallalı Aşşurleni [....], Qanu[....] şəhərini [....] Niksamanm vilayətini mən zəbt etdim."
Mannada daxili çətinliklərdən istifadə edən urartulu I Rusa Ullusunun 22 qalasını tutdu və mannalı canişini Dayaukkunu ona qarşı qaldırdı. E. A. Qrantovski müəyyən etmişdir ki, digər canişinlərlə birgə qiyam edən Dayaukku Mannaya tabe olan Missi ölkəsinin hakimi idi. Ullusunu olduqca ağır vəziyyətə düşdü. O, Aşşurun himayəsindən qurtulmaq və Urartu tərəfindən yardım almaq istəyindən əl çəkməli oldu. II Sarqon onu bağışladı, "bütün günahlarından keçdi" və Manna taxtında saxladı. Həmin dövrdən Ullusunu II Sarqonu müdafiə etdi və Urartu ilə mübarizədə ona yardım göstərdi. Mannalılar Aşşur qoşunlarını taxıl məhsulları, ot-ələf, at, iri və xırdabuynuzlu heyvanlarla təchiz edirdilər. II Sarqonla Ullusunu arasında müqavilə bağlandı. Bu müqaviləyə əsasən sonuncu özündən əvvəlki hökmdarlara nisbətən Aşşurdan müəyyən imtiyazlar aldı. II Sarqon məlumat verir:
"...Hakimiyyətimin yeddinci ilində Urartulu Rusa Mannalı Ullusunuya xəyanət edib, onun 22 qalasım zəbt etdi. O, Manna canişini Dayukkunun oğlunu zamin götürdü və Ullusunu haqqında yalan söz deyib şübhə yaratdı. Aşşura, [mənim ağama] əllərimi ucaltdım, bu 22 qalanı mən mühasirəyə aldım, zəbt etdim və Assuriyanın hüdudlarına daxil etdim. Mən Dayukkunu ailəsi ilə birlikdə köçürdüm, məzlum olmuş Mannalılar ölkəsini bərpa etdim. Nairi hökmdarı Yanzudan onun Hubuşkiya şəhərində bac (aldım). Urartulu Ursanın vilayətində 9 şəhərini [....], [....] onların mal-qarasını [....], qalalarını, ətraflarındakı məskənlərlə birlikdə [....], Andiyalı Telusinanın vilayətində [....] zəbt etdim. 4200 adamı mal-dövləti ilə birlikdə əsir apardım; bu qalaları mən sökdüm, dağıtdım, [od vurdum]. Öz hökmdar heykəlimi hazırlatdım, onun üstündə mənim hakimim Aşşurun qələbəsi haqqında yazdırdım və İzirtuda, Manna[lılar ölkəsinin hökmdar şəhərində ucaltdım]."
II Sarqonla Ullusunu arasında müqavilə bağlandı. Bu müqaviləyə əsasən sonuncu özündən əvvəlki hökmdarlara nisbətən Aşşurdan müəyyən imtiyazlar aldı. II Sarqon məlumat verir: "onların ağası, hökmdar Ullusunuya fəxri süfrə açdım, onun taxtını atası İranzununkundan hündur yüksəltdim". Görünür, müqaviləyə əsasən II Sarqon urartulular tərəfindən zəbt edilmiş və öncə Aşşura birləşdirilmiş 22 qala və iki möhkəmləndirilmiş şəhəri Mannaya qaytarmalı olmuşdur. Urmiya gölündən cənubda yerləşən bu qalalar Dayaukkunun tabeliyində idilər. Urartu koalisiyasının məğlubiyyəti ila nəticələnən Uauş dağı yaxınlığındakı döyüşdən sonra II Sarqon Urmiya gölünün şimal sahilləri boyu yürüşünü davam etdirdi. Subi əyalətindəki bir çox qalalar, eləcə də Sanqibutu (Qədim zəngi boyunun yaşadığı vilayət) əyalətindəki zəngin Ulxu (Ulxunun Mərənd vadisində yerləşdiyi güman olunur. Mərənd vadisinin şərq hissəsində Livar kəndi yaxınlığında e. ə. VIII əsrə aid edilən şəhər tipli böyuk Urartu qalası aşkar edilmişdir.) şəhəri Mannaya qaytarıldı.
Tarix: 27.01.2015 / 17:52 Müəllif: Feriska Baxılıb: 168 Bölmə: Ümumi