Təbrizdə Qara Yusif əsir Şirvanşah İbrahimlə danışıqlar aparmağa başladı. O, İbrahimdən 1200 İraq tüməni, Şeyx Bəhluldan 200 tümən, qazı Mövlana Zahirəddindən 100 tümən məbləğində can bahası tələb etdi. Sonra Qara Yusif Şirvanşahdan sarayda (Bakıdakı Şirvanşahlar sarayında) saxlanılan cavahiratın və qızılın öz xəzinəsinə gətirilməsi tələbini irəli sürdü. Lakin bu zaman Təbrizin tacir və sənətkar rəisləri, başda Şeyx Əxi Qəssab olmaqla, Qara Yusifin divanına gələrək əgər Qara Yusif pul əvəzinə mal qəbul etməyə razılıq verərsə, Şirvanşahın can bahasını dərhal ödəməyə hazır olduqlarını bildirdilər. Qara Yusif buna razı oldu və təbrizlilər Şirvanşahın azad edilməsi üçün Qara Yusifın divanına 1200 tümən məbləğində mal verdilər, əvəzində isə Şeyx İbrahim həmin məbləği Şirvan divanından almaq üçün Əxi Qəssabın və tacirlərin adına bərat kağızları verdi. Bundan sonra Qara Yusif Şirvanşah I İbrahimi buxovdan azad edib ziyafətdə öz yanında oturtdu.
Tarix: 22.01.2015 / 18:55 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Ümumi