Digər xristian ölkələrində olduğu kimi, Arranda da yunan diofizit dini etiqadından kənara çıxan bir çox hallar var idi və bunlar qriqoryan təriqətinə düşmən, müxtəlif bidət cərəyanları şəklində təzahür edir və amansızlıqla təqib olunurdu. Ortodoks "kilsə knyazlarının" üstünlüyü və təzyiqi yerli Alban ruhanilərini hiddətləndirir və onların qəzəbinə səbəb olurdu. Lakin Alban kilsəsini təqib etməkdə və onun müstəqil olmaq hüququnu məhdudlaşdırmaqda erməni qriqoryan kilsəsi xüsusi rol oynamışdır. Erməni katolikosluğu həmişə özünün ilkinliyini və Alban kilsəsindən üstün olduğunu iddia edirdi. Alban "bidətçilərinin" "başına ağıl qoymaq" üçün öz əleyhdarını təhqir etməkdə heç bir vasitədən çəkinmirdi. Erməni və Alban ruhaniləri arasında əsrlər boyu mübarizə olmuşdur. Alban kilsəsi b.e. 74-cü ilindən mövcuddur.
Erməni katolikosları Alban kilsəsini öz nüfuzuna tabe etmək üçün əvvəlcə Sasanilərin, sonra isə Ərəb xilafətinin silahlı qüvvələrinin köməyinə əl atırdılar. Nəhayət, Alban kilsəsi erməni katolikosunun xahişi əsasında 1836-cı ildə Peterburq Müqəddəs Sinodunun qərarı ilə ləğv edildi və daha yaşamadı.
Bir çox tədqiqatçılar arasında belə bir fıkir vardır ki, "Alban xalqı heç bir zaman ayrıca dini kilsədə təşəkkül tapmamış və onun dili dua icra edilən dil olmamışdır" (yəni Alban dilində kilsə ayinləri icra olunmurdu). Lakin Z. Bünyadov qeyd edir ki, "biz bu cür iddialarla razılaşa bilmərik, çünki əsrlər boyu erməni kilsəsinin Alban kilsəsinə qarşı mübarizəsi məhz bunun əksini sübut edir, hər dəfə Alban ruhaniləri öz kilsələrinin hər bir başqa kilsədən və xüsusilə erməni kilsəsindən asılı olmayıb müstəqil olduğunu müdafiə üçün hər dəfə öz səslərini ucaldanda, bu kimi hadisələr erməni katolikosluğunun heç xoşuna gəlmirdi, odur ki, erməni katolikosluğu hər vasitə ilə bu kimi təşəbbüslərin əleyhinə çıxırdı. Alban katolikosları Arran ilə qonşu olub ondan asılı olan knyazlıqların (məsələn, Sünik) yepiskoplarını bu vəzifədə təsdiq etmək üçün öz əllərini onların başına qoyub dua etmək hüququna malik olduqlarına baxmayaraq, erməni katolikosları Alban katolikoslarının bu hüququna etinasız yanaşırdılar. Məsələn, Sebeos bildirir ki, hələ ermənilərin üsyanından və İran mərzbanı Surenin 577-ci ildə öldürülməsindən əvvəl,
"Sünik torpağının hakimi Vaqay üsyan edib ermənilərdən ayrıldı və İran şahı Xosrovdan xahiş etdi ki, Sünik torpağının arxivini (divanını) Dvindən Paytakaran (Beyləqan) şəhərinə köçürsün və onların şəhərini də Atrpatakan hüdudlarına daxil etsin ki, erməni adı onların üzərindən götürülsün. Bu əmr yerinə yetirildi".
S.T.Yeremyan Alban və erməni kilsələri arasındakı kilsə ixtilaflarından danışarkən bu nəticəyə gəlir ki, "VII əsrdən (qəti olaraq VIII əsrin əvvəllərindən) Alban kilsəsinə erməni kilsəsinin bir hissəsi kimi baxılırdı" və bu zaman Arran vilayətlərindən Sünik, Artsak, Uti və başqaları erməniləşdirildi.
Yuxarıda qeyd edildiyi kimi, Mitilenli Zaxarinin VI əsrə aid olan "Suriya xronikası"nda deyilir:
"Bu şimal tərəfdə (Zaqafqaziyada) özlərinin 24 yepiskopu olan beş dindar xalq vardır. Qurzan da Ermənistan torpağındadır, onların dili yunan dilinə oxşayır, onların İran şahına tabe olan xristian padşahı vardır. Arran torpağı da həmin Ermənistan torpağındadır, onların [öz] dili, dini və xaçpərəst xalqı vardır, onların da İran şahına tabe olan padşahı vardır".
Qurzanın (İberiya, Gürcüstan) və Arranın VI əsrdə öz dilləri və öz padşahları olduğunu nəzərə alaraq qeyd etmək olar ki, nə Qurzan, nə Arran etnik və ya siyasi cəhətdən Ermənistanın bir hissəsi olmamışlar. Burada birlik sırf kilsə birliyi olmuş və 527-ci ildə Dvin şəhərində çağırılan Alban, İberiya və erməni kilsələrinin yığıncağında elan edilmişdi; lakin 607-ci ildə həmin Dvində bu kilsələr erməni kilsəsindən ayrılmışdır Azərbaycan tarixi üçün isə bu cəhət daha çox əhəmiyyətlidir ki, Suriya xronikası müəllifi açıqca deyir ki, Arranın öz dili vardı və bu dil müəllifin xronikada adını çəkdiyi xalqlardan heç birinin dilinə əsla oxşamırdı. N.V.Piqulevskaya qeyd edir ki, "VI əsrdə güclü erməni təsirinə baxmayaraq, bu vilayət (Arran) hələ öz doğma ləhcəsini saxlamışdı".
Biz yalnız bunu əlavə edək ki, "güclü erməni təsiri" xeyli dərəcədə onda ifadə olunurdu ki, ərəblərin basqını və Ərəb-Bizans, ondan əvvəl isə, İran-Bizans müharibələri zamanı Arrana külli miqdarda erməni köçmüşdü və bunlar yerli əhali ilə qarışaraq, qriqoryan kilsəsinin təlimi və ehkamlarını yaymaqda bu kilsəyə böyük yardım göstərirdilər. Buna baxmayaraq, təkcə VI əsrdə deyil, habelə IX-X əsrlərdə Bərdə ətrafında Arran dili qalmışdı. Orta əsrlərdəki ərəb müəllifləri və coğrafiyaşünasları (İstəxri, İbn Havqəl, Müqəddəsi və s.) bildirirlər ki, Arran əhalisi öz Arran dilində danışırdı. XIII əsrdə Gəncədə yaşamış alban tarixçisi Kirakos Gəncəli yazır ki, yalnız Alban "rəislərinin", yəni zadəganlarının əksəriyyəti erməni dilini bilirdi və bu dildə danışırdı. Müasir tədqiqatçılar (A.Y.Krımski, V.F.Minorski, S.Nəfisi, Z.İ.Yampolski və s.) da bu fikrə şərikdirlər ki, IX-X əsrlərdə Bərdə şəhərinin ətrafında Arran dilində danışırdılar.
Beləliklə, Arranın öz dili olduğundan bəhs edən həm Suriya mənbəyi, həm də IX-X əsrlərdəki ərəb müəlliflərinin verdiyi məlumat belə bir həqiqəti təsdiq edir ki, Arran nə etnik, nə də siyasi cəhətdən Ermənistan və ya onun bir hissəsi olmamışdır, yalnız eyni adlı bir kilsəyə mənsubiyyət buna səbəb olmuşdur ki, suriyalılar Arran və Qurzanı Ermənistanın tərkibinə daxil etmiş və Ermənistan adlandırmışlar.
VIII əsrin əvvəllərində erməni katolikosu İlya, xəlifə Əbd ül-Malikə (685-705) xəbərçilik edib bildirmişdi ki, albanlar Xilafət əleyhinə Bizansla ittifaq bağlayırlar. Onda, Əbd ül-Malik ərəblərin hərbi siyasi qüdrətinə istinad edərək, Arran katolikoslarını İlyaya tabe etdi. Ermənistan, Arran və İberiya torpaqlarının Suriya və ərəb mənbələrində "Arminiya" adlandırılması yalnız onların inzibati birliyini və Ermənistan katolikosluğunun iddialarına iltifatla yanaşan Xilafətdə erməni keşişlərinin yaxınlığını ifadə edirdi.
Alban kilsəsinin Bizansdan kömək umub ona arxalanması ərəblərin heç xoşuna gəlmirdi. Buna görə də ərəblər erməni katolikosluğunun xahişlərini böyük həvəslə qəbul edir və beləliklə, bir oxla "iki dovşan" vururdular, yəni Zaqafqaziyada Bizansın mənafeyini sarsıdır və qriqoryan keşişlərindən yardım görürdülər; bu keşişlər isə Arranda öz mənafelərini yeridirdilər. Erməni katolikosu İlya xəlifə Əbd ül-Malikə aşağıdakı məzmunda bir məktub yazır:
"Hökmdar Əbd ül-Malik Əmir əl-Mömininə erməni katolikosu İlyadan. Qadir Allahın iradəsi ilə bizim tabe ölkəmiz Sizə qulluq edir. Biz və Alban kilsəsi bir ilahi İsa dininə etiqad edirik. Partav taxtında oturan indiki Alban katolikosu yunan imperatoru ilə sazişə girib öz ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun və onun himayəsini qəbul etsin. İndi qoy bu Sizə məlum olsun, ta bu barədə qərar qəbul edəsiniz, çünki bu bədəfkarlıqda onun bir əyan qadın həmfikri də vardır. Böyük hökmdar, Siz öz hakimiyyətinizlə əmr buyurun onlar Allaha qarşı işlədikləri günah üstündə müstəhəqq olduqları cəzaya çatsınlar".
Onsuz da bölgədə hərbi əməliyyata başlamaq üçün bəhanə axtaran xəlifə isə bu məktubdan sevinərək erməni katolikosuna aşağıdakı məzmunda bir məktubla cavab verir:
"Ey Allahın xadimi və erməni xalqının katolikosu İlya, sənin səmimi məktubunu oxudum və sənə mərhəmətim olduğuna görə öz sədaqətli bəndəmi çoxlu qoşunla göndərdim. Əmr etdik ki, bizim hökmranlığımıza qarşı qiyam edən albanlarda sizin dininizə uyğun dəyişiklik edilsin. Bizim hökmü bəndəmiz Partavda, sənin hüzurunda icra edəcəkdir: Nersesi və bədəfkarlıqda onun həmfikri olan qadını bir zəncirə bağlayacaq və elə şahanə mühakimə edəcəkdir ki, onlar bütün qiyamçıların yanında rüsvay olsunlar".
Hadisələrin daha sonrakı cərəyanını isə alban tarixçisi Moisey Kalankatlı öz əsərində bu cür təsvir edir:
Böyük erməni patriarxı Albaniya paytaxtı Partava gəlib böyük kilsədə oturdu və əmr etdi ki, Nersesi onun hüzuruna gətirsinlər. Lakin Nerses gizlənmişdi və onu tapa bilmirdilər; onda böyük din xadimi, Alban knyazı Şeroy onun yaxın adamlarını tutub əmr etdi ki, Nersesi gətirsinlər; sonra onu böyük yığıncağın ortasında İlyanın qarşısına gətirdilər. Lakin bu aciz adam cavab verə bilmədiyi üçün padşahın əmri ilə dəhşətli əzab çəkdi, həmin qadınla addım – addım gətirildi və onların sürgün edilməsi qərara alındı. Nerses buna dözə bilmədi, 8 gün heç bir şey yemədi və öldü. O vəsiyyət etdi ki, özünü ayağındakı zəncirlə basdırsınlar. Nerses Şeroya lənət yağdırdı, çünki hakimiyyət üstündə Şeroy və Sprama arasında başlayan çəkişmədə, o [Şeroy], Nerseslə Spramanın məhv olmasına səbəb oldu. Nerses pravoslav məzhəbinin patriarx taxtında 14 il oturdu və 3 il yarım günahkar qaldı (688-704-cü illər). Bütün bunlardan sonra dini yığıncaq həlim adam Simeonu seçdi və onu Albaniyanın katolikosu etdi. O, ölkədə Nersesin hərcmərcliyini dayandırdı və yolunu azmış kilsəyə çoxlu həqiqi etiqad qərarı verdi. O özünün Bərdəkür adlanan yay iqamətgahında əmr etdi ki, Nersesin bidət dolu bütün kitablarını sandıqlara doldurub Trtu [Tərtər] çayına atsınlar.
Bu əhvalatı IX əsrin başqa (erməni) mənbəyi də təsdiq edir. "Böyük Yegiya öz hikmət və mərdliyi ilə ismaililərin amirapeti (xəlifəsi) Əbd-əl Malikə məktub yazıb ərz etdi ki, bizim ölkədə bir yepiskop və onun kimi bir qadın (I Varaz Trdatın arvadı Sprama) vardır; bunlar sizin böyük dövlətinizə tabe olmaqdan boyun qaçırıb, oxuduğumuz dualarda sizin adınızı çəkmək məsələsində bizimlə (erməni kilsəsi ilə) bir deyildirlər, əksinə, yunan padşahının adını çəkib ölkəmizi onlara vermək fıkrindədirlər. Əgər təcili surətdə onları aramızdan götürüb məhv etməsəniz, onlar vergi məsələsində və digər işlərdə tez bir zamanda böyük imarətə [Bizansa] tərəf keçərlər". Sonra amirapet bunu oxudu və boyük patriarxın elçisinə minnətdarlıqla hörmət etdi və xadimlərindən birini göndərib əmr etdi ki, dərhal həmin Nersesi böyük qadınla birlikdə onun yanına göndərsinlər. O gəldi, hər ikisini tutub zəncirlə bağladı, dəvələrə mindirib amirapetin yanına apardı.
Az sonra xəlifənin nümayəndələri knyaz Şeroyu və Arranın bir çox knyaz və əyanlarını Suriyaya apardılar.
Arran yarımmüstəqil vəziyyətini itirir və tamamilə ərəblərin hakimiyyəti altına keçir. Sonralar erməni kilsəsi Alban ruhanilərini tutduqları mövqelərdən sıxışdırıb çıxarmış və ölkədə ərəblərin əlləri çatmayan dağlıq yerlərdə yaşayan albanları möhkəm qriqoryanlaşdırmağa başlamışdı. Erməni ruhaniləri Arran kilsəsinin nüfuzunu yerli əhali arasında tədricən heçə çıxarmış və ərəb hakimlərinin əli ilə albanların bütün ədəbi abidələrini dağıdıb Alban mədəniyyətini, heç olmazsa, azacıq xatırlada biləcək hər şeyi məhv etmişlər. Bütün bu işlər, əvvəlcə Xilafətin köməyi ilə, sonralar isə digər istilaçıların icazəsi və köməyi ilə görülmüşdür.Qriqoryan kilsə xadimləri Arran ədəbi abidələrini məhv edərkən, əvvəlcə bu abidələri qrabara çevirirdilər.
Məsələn, Moisey Kalankatuklunun "Ağvan tarixi" əsəri ilə, albanların bir çox başqa ədəbi əsərləri kimi. T.Ter-Qriqoryan qeyd edir ki, Moisey Kalankatuklunun əsəri öz əvvəlki şəklində bizə gəlib çatmamışdır və onun üzünü köçürüb yazanlar erməni rahibi olduqlarına görə, əsərin üzünü köçürəndə erməni katolikoslarının göstərişi ilə mətndə qəsdən təhriflərə yol vermişlər. S.T.Yeremyan "Ağvan tarixi"nin bizə gəlib çatan məhz erməni variantlarına istinad edərək yaza bilmişdir ki, guya Moisey Kalankatuklu "öz Albaniya ölkəsinin tarixini" yalnız qədim ədəbi erməni dilində yaza bilərdi".
T.Ter-Qriqoryan "Ağvan tarixi" əlyazmasına erməni kilsə xadimlərinin münasibətini göstərən maraqlı faktlar gətirir. Məsələn, Eçmiədzin katolikosu Simeon əlyazmasının kənarlarında bu sözləri yazmışdır: "Yalnız Albaniya tarixində [deyilir ki,] – buna bütün nüsxələrdə deyil, ancaq bəzi nüsxələrdə rast gəlmək olar – guya Yegişedən sonra (b.e. 74-cü ili) Müqəddəs Qriqoriyədək (340) Albaniya patriarxı taxtında başqaları (albanlar) da oturmuşlar. Lakin bu yalandır və bunlar sonradan əlavə edilmişdir". Başqa bir yerdə: "Bizim dırnaqla işarə etdiyimiz yerlər – yalandır və sonralar şöhrətpərəstlər tərəfindən öz xeyrinə əlavə edilmişdir, çünki digər tarixlərdə ("Ağvan tarixi" əlyazmalarında) bu əsla yoxdur. Belə güman olunur ki, bunu katolikos Ananiyadan sonra (945-ci il) Alban rahibləri etmişlər".
Albaniya şairi Dəvdəkin əsərlərinin aqibəti də belə olmuşdur. S.T.Yeremyan onu "Alban-erməni işxanı Cuanşerin saray şairi" hesab edir . Z. M. Bünyadov isə qeyd edir ki, , Davtakın qəsidələrini Albaniyanın deyil, hesab etmək doğru deyildir.
Mxitar Qoşun "Qanunnamə"sinin taleyi də M.Kalankatuklunun "Ağvan tarixi"nin taleyinə bənzəyir. Məlumdur ki, Mxitar Qoşun başlıca əsərinin adı "Datastanak", yəni "Qanunnamə"dir və onu müəllif təxminən 1184-cü ildə (erm. erasının 633-cü ilində) tərtib etmişdir . Lakin Qoşun bu əsərinin naşirləri nədənsə əlyazmasında olmayan "hayos" sözünü onun adına əlavə etmişlər və beləliklə, Qoşun özünün heç bir zaman yazmadığı yeni qondarma ad: "Datastanagirk hayos", yəni "Erməni qanunnaməsi" adını uydurmuşlar.
Məlum olduğu kimi, Qoş bu "Qanunnamə"ni "Alban sülalə kilsələrinin nəcib başçısı" Albaniya katolikosu III Stepannosun dəfələrlə etdiyi xahişinə görə yazmışdır. "Qanunnamə"yə heç bir sistem və rəhbər rabitə olmadan Şərqi Roma imperiyası qanunları ilə yanaşı Albaniya kilsə qanunları, "Musanın qanunları" və xalq adətləri daxil edilmişdir ki, bu da "Qanunnamə"nin erməni hüququ sənədlərinə aid olmasını söyləmək imkanını sıfıra endirir.
Arran tarixinə dair bir çox digər orta əsr mənbələri kimi Qoşun "Qanunnamə"si və Kirakos Gəncəlinin "Tarix"i də qrabarca yazılmış Alban ədəbiyyatı abidələri hesab edilməlidir. Azərbaycanda Arran (Albaniya) tarixinin xristian dövrü tədqiqatçılarının mövcud olmaması buna imkan vermişdir ki, ortada dildən başqa heç bir əsas olmadığı halda, bütün bu ədəbiyyat nədənsə, erməni ədəbiyyatı hesab edilmişdir. Geniş yayılmış Alban ədəbi abidələrinin mövcud olduğu, Ermənistan dövlətinin Matenadaran kitab anbarında tapılmış əlyazmaları ilə təsdiq olunur.
Məsələn, A.D.Anasyan bu yaxınlarda belə bir əlyazması tapmışdır (siyahı № 101, səh, 386a-389a; siyahı № 2121, səh. 341b-343b); "Müqəddəs və ilahi mərhəmin tarixi haqqında"; bunu müqəddəs keşiş babalar Şərqdə (yəni Albaniyada) alban dilində tapmış və erməni dilinə tərcümə etmişlər".
A.Q.Şanidze göstərir ki, VII-IX əsrlərdə albanlar Qafqazın bütün siyasi və mədəni həyat sahələrində gürcü və ermənilərlə bərabər fəal surətdə iştirak etmişlər. S.T.Yeremyan belə bir sual verir: "Səbəb nədir ki, erməni və gürcü yazıları tətbiq olunduğu ilk günlərdən etibarən erməni və gürcü dillərində indiyədək mövcud olan zəngin ədəbiyyat meydana gəldiyi halda Alban yazısı və Alban dilində mətnlər heç izi-tozu qalmadan yox olmuşdur?".Z. M. Bünyadov isə qeyd edir ki, bu sualın cavabını, nəticə etibarilə Alban kilsəsinin bütün hüquqlarını zorakılıqla qəsb etmiş qriqoryan katolikosluğunun albanlara zidd olan siyasətində axtarmaq lazımdır. Alban ədəbi abidələrinin yox olmasını heç də bununla əsaslandırmaq olmaz ki, "Alban dili daha dini ibadət dili deyildi" və yaxud "Alban kilsəsi dini cəhətdən erməni kilsəsinə mənsub idi".
Ərəb istilasından sonra, qriqoryanlaşdırma prosesi albanların kəskin müqavimətinə rast gəldi, buna görə də bu çox uzun sürdü. XIII əsrdə Gəncədə yaşamış alban tarixçisi Kirakos Gəncəli yazır ki, "...erməni dilini yalnız Alban rəislərinin əksəriyyəti, yəni zadəganlar bilir və bu dildə danışırdı." Deməli, hətta XIII əsrdə Arran əhalisinin hamısı erməni dilini bilmir və öz ana dilində danışırdı. Bunu S.T.Yeremyan da təsdiq edir və bu nəticəyə gəlir ki, "Alban ədəbiyyatı" yenə də yaşayırdı".
Arranın dağlıq vilayət və rayonları olan Sünik , Artsak, Xaçın, Şəki, Girdiman əhalisi ilə indiki Gəncə, İsmayıllı, Qəbələ, Oğuz rayonlarının və Azərbaycan Respublikasının bir sıra digər rayonların əhalisi, həmçinin Ermənistan Respublikasında Sisian, Basarkeçər və digər rayonların bəzi kənd yerlərinin əhalisi indi erməni olsa da, bu əhalinin adət və ənənələri, qonşuluqda yaşayan və ata-babaları müxtəlif səbəblər üzündən müsəlman olan Azərbaycan türklərinin adət və ənənələrinin eynidir. Bu rayonların əhalisi məhz onlardır ki, "erməni dini kilsəsinə qoşulmuş və ermənilərlə qarışmışlar"
İ.P.Petruşevski göstərir ki, erməni kilsəsi Albaniyada "ölkəni erməniləşdirmək aləti olmuşdur. Onun bu rolu VIII əsrin başlanğıcından etibarən xüsusilə nəzərə çarpır, yəni o zamandan sonrakı erməni monofızit katolikosu Yegi xalkedonçuluq edən Alban katolikosu Nersesi (Bakuru) ərəb xəlifəsinin köməyi ilə devirmişdi və Albaniyada ruhanilər və knyazların bir hissəsinin, Alban kilsəsinin erməni kilsəsindən müstəqilliyini qorumaq cəhdini əks etdirən xalkedonçuluq (pravoslav, yunanpərəst, gürcüpərəst) hərəkatı ermənipərəst monofızitlər tərəfındən yatırılmışdır".
N.Y.Marr da vaxtilə göstərmişdir ki, Albaniya ərəb xəlifələrinin köməyi ilə "Ermənistanın antixalkedon kilsəsinin əlinə keçmişdir". Kalankatlı bu haqqda yazır:
Ruhanilərin başına əl qoyub onları keşişliyə keçirmək hüququ Alban katolikoslarından erməni katolikoslarına keçdi və bundan sonra Arranda xalkedonçuluğa rəğbət bəsləyənlər "qılıncla və əsarətdə məhv edilməli" idi.
Aydın olur ki, İslamın Azərbaycanda yayılmasından əvvəl, nə Artsak və nə də əhalisi erməniləşdirilmiş albanlardan, hazırda isə ermənilərdən ibarət olan digər vilayət və rayonlar "heç bir zaman erməni mədəniyyəti mərkəzlərinə mənsub olmamışdır. Erməni kilsəsi heç olmazsa Sünikdə Orbeli naxararları dövründə və ondan sonra göstərdiyi mədəni təsiri Arran xalqlarının erməniləşmiş nəsilləri arasında göstərə bilməmişdir."
Beləliklə, erməni kilsəsi "Albaniyanın bütün kilsələrində sülh"ü yalnız yadelli işğalçıların köməyi ilə bərqərar etmişdi.
Erməni katolikosluğu və naxararlarının mənafeyi hər dəfə tələb etdikdə erməni kilsəsi həmişə yadelli işğalçıların köməyinə əl atır, "xaç bayrağı ilə öz yolu üzərində tarixi Aqvaniya və onun bir hissəsi olan Qarabağ (Artsak) xalqlarını" yox edirdi.
N.Vartapetov qeyd etdiyi kimi, erməni kilsəsi "həmişə özü üçün yeni şəraitə bacarıqla uyğunlaşırdı və siyasi vəziyyətdən asılı olaraq, Səfəvilərə, sonra da rus çarına qulluq göstərirdi; necə ki, vaxtilə eynilə həmin qaydada hərəkət edib Bizans imperatorları, İranın Sasani şahları, ərəb xəlifələri, monqollar və digərləri qarşısında baş əymişdi".
Tarix: 10.01.2015 / 13:26 Müəllif: Feriska Baxılıb: 125 Bölmə: Ümumi