Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avesta Tarixi

Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əvvəlki əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı İsgəndər tərəfindən yandırılmışdır.

Bizə məlumdur ki, hələ e.ə. IV əsrin son rübündə yunan alimi Feopomp Makedoniyalı İsgəndərin tapşırığı ilə zərdüştilik dininin qədim kitablarını öyrənirdi. Plini [1] məlumat verir ki, zərdüştlik dininin ən yaxşı bilicilərindən biri olan Hermippin (e.ə. III əsr) sözlərinə görə, zərdüştiliyin müqəddəs kitabları özündə 2 milyondan artıq misranı ehtiva edirdi. Maraqlıdır ki, ənənəyə əsasən Sasani hökmdarı I Şapur əsli itirilmiş, lakin tərcümələrdə və xüsusilə qədim yunan dilinə (Dekartda iddia edilir ki, "Avesta"nın və ya onun ayrı-ayrı hissələrinin qədim yunan dilinə tərcüməsi vardı) tərcümədə mühafizə olunmuş "Avesta"nın kitablarını pəhləvi dilinə tərcümə etməyi əmr etmişdi. Güman etmək olar ki, məhz qədim yunan dilinə tərcümə edilmiş "Avesta" Feopomp üçün öyrənmə obyektinə çevrilmişdi. Zərdüştilik kitablarının yazılı mətnlərinin mövcudluğunu nəinki qədim yunan müəllifi Pavsaninin zərdüşt kahininin "k i t a b ı avazla oxudugunu " yad etməsi, habelə qədim yazıçıların hələ Sokrat dövründə Zərdüştün "lokiyalarının olması haqqındakı məlumatları" da təsdiqləyir. Bəzi tədqiqatçılar Herodotun qurban verilərkən maqların teoqonik nəğmələr oxuması haqqındakı məlumatlarında da "Qat"ın – "Avesta"nın bir qisminin yazılı mətninin mövcudluğuna işarəni görürlər. Nəhayət, "Avesta"nın, ən azı onun ayrı-ayrı hissələrinin yazılı mətninin hələ Əhəmənilər hakimiyyətinə qədərki dövrdə mövcud olduğunu məntiqi səciyyəli bir hal da təsdiqləməlidir. Zənn edirik ki, yazıda maddiləşmiş "Avesta" olmasaydı, qədim yunan fəlsəfəsinə və iudaizm dininə o, çətin ki, təsir edə bilərdi. .

Beləliklə, yunan müəlliflərinin hesab etdikləri kimi 2 milyon misranı özündə ehtiva edən və yaxud zərdüştilik ənənəsinin və sonralar ərəb və farsdilli müəlliflərin iddia etdikləri kimi, 12 min öküz (inək) dərisi üzərində qızıl hərflərlə yazılmış "Avesta"nın (və yaxud onun ayrı-ayrı hissələrinin) yazılı mətni Makedoniyalı Aleksandrın yaşayıb fəaliyyət göstərdiyi dövrdən xeyli əvvəl mövcud olmuşdur. .

Yunan-Makedoniya işğalı zamanı məhv olmuş və bir neçə əsr ərzində daha çox şifahi surətdə saxlandığı güman olunan (əlbəttə, ola bilər ki, kitablardan ayrı-ayrı fraqmentlər də qalmışdı) məhz bu "Avesta"nı Parfiya hökmdarı Arşaki Vologez (görünür, I Vologez) bərpa etməyə cəhd göstərmişdi.

Lakin alimlərin hesab etdikləri kimi, ilkin "Avesta"dan yaddaşda heç də hər şey qala bilməzdi (bəzi tədqiqatçılar hesab edirlər ki, 350 min sözdən artıq ola bilməzdi), hər halda "Avesta"nın hifz olunmuş hissələri artıq yuxarıda xatırlandığı kimi, e.ə. I əsrdə kodifikasiya olunmuşdu.

İlk Sasani hökmdarı Ərdəşir Papağanın dövründə (225-240-cı illər) "Avesta"nı çox fəal surətdə toplamağa və bərpa etməyə başladılar. Güman etmək olar ki, Avesta IV əsrdə hələ göstərilmiş zamanadək imperiyanın dövlət əhəmiyyətli müqəddəs məkanına çevrilmiş Atropatenada ali kahin Äturpät Mahrspandan tərəfindən kanonlaşdırılmışdı.

"Avesta" sonralar da redaktələrə məruz qalmışdır. Axırıncı redaktədən sonra güclü surətdə seyrəlmiş "Avesta" 21 naskdan (kitabdan) ibarət idi. Lakin "Avesta"nın bu mətni də bizə tam şəkildə gəlib çatmamışdır. Artıq ərəblərin hakimiyyəti dövründə zərdüştiliyin müqəddəs kitabları yenidən təqiblərə məruz qaldı. Bizə məlumdur ki, ərəb işğalı dövründə digər qeyri islam ədəbiyyatı kimi, "Avesta"nın əlyazmaları da amansızcasına yandırılırdı.

Bu barədə Biruni məlumat vermişdir. Belə ki, Parfiya dövründən Sasanilərin hakimiyyəti zamanınadək olan ən azı 6-7 əsr ərzində bir çox ilahiyyətçi alimlər, kahinlər, adı məlum olmayan xeyli əməkçi nəsilləri tərəfindən bərpa olunan "Avesta" kitablarının bir qismi qayıtmaz şəkildə məhv oldu.

Kiçik Avesta əsasən bizə məlum olan Böyük Avestadan seçilmiş, zərdüştiliyə sitayiş edən şəxs üçün gündəlik həyatda zəruri olan duaların minimum məcmuəsidir. Kiçik Avestaya bəzən ənənə üzrə Yaştları da daxil edirlər. Kiçik məcmuələr və s. şəklində ayrı-ayrı "Avesta" fraqmentləri (bizə qədər gəlib çatmamış Avesta kitablarından) də qalmışdır. Mütəxəssislərin hesab etdikləri kimi, bütün bunlar Sasanilər dövründə bərpa olunmuş "Avesta"nın yalnız dörddə bir qismidir.

Sasanilər dövründə bərpa olunmuş 20 kitabın (21 kitabdan) adları və qısa məzmunu bizə IX əsrin zərdüştilik əsəri Denkartdan məlumdur. Özü də qeyd etmək lazımdır ki, bu kitabların qısa icmalı "Avesta"nın öz mətni üzrə deyil, "Avesta"nın pəhləvi dilinə tərcüməsi əsasında hazırlanmışdır. Müxtəlif "Avesta" nasklarının məzmunu başqa pəhləvi kitablarında da izah edilmişdir. Göstərmək lazımdır ki, pəhləvi kitabları mahiyyətcə bizə "Avesta"nın itirilmiş hissələri haqqında bəzi təsəvvürlər yaratmaq imkanı verən yeganə mənbədir.

Hindistan parsları, onlarda zərdüştilik dininin müqəddəs kitablarının mövcudluğu haqqında erkən məlumatlar Avropaya yalnız XVII əsrdə çatmışdır. Tezliklə Oksford kollecinin kitabxanasında (İngiltərə) "Avesta"nın Hindistandan gətirilmiş ilk əlyazmaları meydana çıxmış və tədqiqatlara başlanmışdır.


Tarix: 10.01.2015 / 12:52 Müəllif: Feriska Baxılıb: 119 Bölmə: Ümumi
loading...