Eneolit dövrü daş dövründən sonra başlamışdır.[2] Cəmiyyətin tarixi inkişafının ən mühüm mərhələlərindən birində - Eneolit dövründə insanlar mis külçəsinin döyülmə xassəsini icad edərək ondan əşyalar hazırlamağa başladılar. Mis-daş dövrü daşdan tunca keçid mərhələsi idi. Bəzi ölkələrdə bu mərhələ nisbətən tez, digərlərində isə gec başlanmışdır. Birinci dəfə mis əşyalar Qədim Şərq ölkələrində meydana gəlir.[3]
Azərbaycan və bütün Cənubi Qafqaz misişləmə peşəsinə çox erkən yiyələnmiş ölkələr sırasına daxildir. Azərbaycanda Eneolit dövrü eramızdan əvvəl VI minillikdən başlanır və IV minilliyin ortalarına qədər davam edir. Eneolit dövründə iqtisadiyyat və mədəniyyətdə ümumi yüksəliş müşahidə olunur, əkinçilik və maldarlıq təsərrüfatın əsas sahələri olur, əhalinin sayı xeyli artır, əkinçi-maldar qəbilələri geniş ərazilərdə yayılır, qəbilələrarası əlaqələr güclənir. Bu dövrdə Qədim Şərqin bəzi rayonlarında siniflərin və dövlətin meydana gəlməsi üçün zəmin yaranır.
Eneolit dövründə Azərbaycanda oturaq həyat sürən qəbilələr məskən salmışdılar. Əkinçilik mədəniyyəti onlara yaxşı məlum idi. Onlar müxtəlif taxıl növləri becərir, əkin-biçin alətləri hazırlayır, məhsulu yığır, döyür və istifadə edirdilər. Onların sürülərində, demək olar ki, bütün əsas ev heyvanları var idi. Əkinçilik və maldarlıq məhsulları Azərbaycanın Eneolit dövrü qəbilələrinin başlıca ərzaq mənbəyini təşkil edirdi.
Zaqafqaziyada eneolitin öyrənilməsi 50-ci illərdə Naxçıvan şəhəri yaxınlığındakı I Kültəpə yaşayış yerinin qazıntılarından başlandı. Həmin illərdə Mil düzündə aparılan arxeoloji tədqiqat işləri böyük marağa səbəb oldu. Burada aşkar edilən yaşayış yerlərində I Kültəpənin qədim mədəni təbəqəsi üçün səciyyəvi olan saxsı məmulatının varlığı müəyyən edildi. Abidələrdən əldə edilən material Eneolit dövrü mədəniyyətinin Şimali Azərbaycanda böyük ərazidə yayılması və onun Ön Asiya aləmi ilə əlaqəli inkişafını söyləməyə əsas verdi
60-cı illərdən başlayaraq Mil-Qarabağ düzənliyində Qarqar çayından şimalda yerləşən abidələrin öyrənilməsi göstərdi ki, buradakı erkən əkinçilik mədəniyyətini əks etdirən çoxsaylı yaşayış məskənlərinə Azərbaycanın və bütün Zaqafqaziyanın digər vilayətlərində rast gəlinməmişdir. Zaqafqaziyada eneolit mədəniyyətinin lokal xüsusiyyətlərinin, əlaqələrinin və qarşılıqlı təsirlərin, xronoloji məsələlərin öyrənilməsində Ağdam rayonunda Çalağantəpə, İlanlıtəpə və Leylatəpə qazıntılarından əldə edilən məlumatlar mühüm əhəmiyyət kəsb edir.
Eneolit yaşayış yerlərinin bir qrupu da Muğanda Cəlilabad rayonu ərazisində aşkar edildi və 1971-ci ildən Əliköməktəpə yaşayış yerində qazıntı işləri aparıldı. Cənubi Azərbaycanda, xüsusi ilə Urmiya gölü rayonunda bir neçə erkən əkinçilik mədəniyyəti abidələri öyrənildi.[4] Həsənli, Hacı Firuz, Dəlmətəpə və s. abidələrdə erkən əkinçi mədəniyyəti qalıqları aşkar olundu. 1948-ci ildə Urmiya gölünün qərb sahilində Göytəpə yaşayış yerində İlk Tunc dövrü təbəqəsindən altda eneolit və daha qədimə aid mədəni təbəqənin varlığı müəyyən edildi. Sonralar eyni vəziyyətə Urmiya gölünün şərqində Yanıqtəpə yaşayış yerində rast gəlindi. Ancaq Cənubi Azərbaycanın həmin bölgələrdəki abidələri öz xüsusiyyətlərinə görə fərqlənirlər, bu isə eramızdan əvvəl VI-IV minilliklərdə burada bir neçə lokal əkinçi mədəniyyətlərini ayırmağa əsas verdi.
Azərbaycan və bütün Cənubi Qafqaz ərazisində Kür çayının orta axarında aşkar edilən eneolit yaşayış yerlərinin çox böyük əhəmiyyəti oldu. Ötən əsrin 50-70-ci illərində Şəmkir və Qazax rayonlarında çox maraqlı eneolit abidələri tədqiq edilib öyrənildi. Bunlardan birinci növbədə Şomutəpə, Töyrətəpə, Babadərviş, Qarğalartəpəsi, Rustəpəsi, Keçili və s. yaşayış yerlərini göstərmək olar. Topoqrafik, memarlıq və mədəni qalıqların xarakterinə görə eyni tipli yaşayış yerləri Gürcüstanın Azərbaycanla qonşu rayonlarında da, xüsusən, Marneuli düzənliyində tapılmış, ilk dəfə Şomutəpə mədəniyyəti altında qeyd olunan bu yaşayış məskənləri çox güman ki, Ön Asiya - Qafqaz aləminin şimal həndəvərində yayılmış ən qədim əkinçi qəbilələrin vahid etno-mədəni mənsubiyyətini əks etdirir. Cənubda, xüsusən Naxçıvan ərazisində, Mil, Qarabağ və Muğan düzlərində yayılmış abidələr I Kültəpə tipli mədəniyyəti əks etdirir və görünür, eneolit dövrünün başqa etno-mədəni şaxəsini təşkil edir.
80-ci illərdə Ağdam rayonundakı Leylatəpə yaşayış yerində aparılan tədqiqatlar göstərdi ki, eramızdan əvvəl IV minilliyin başlanğıcında Azərbaycanın Qarabağ düzənliyinə Mesopotamiyanın Obeyd mədəniyyəti ilə oxşar mədəniyyətə malik qəbilələr köçmüşlər. Onlar Zaqafqaziyaya bir sıra mədəni və texniki yeniliklər, o cümlədən metaləritmə istehsal üsulunu gətirmişlər.
Beləliklə, XX əsrin ikinci yarısında aparılan arxeoloji tədqiqatlar Azərbaycan ərazisində istehsal təsərrüfatının inkişaf mərhələsini əks etdirən Eneolit dövrünün varlığını və bu dövrün Azərbaycan tarixində fərziyyə olması fikrinin əsassız olduğunu sübuta yetirdi.
Tarix: 07.01.2015 / 17:13 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Ümumi