Qaraçöp xalçaları – Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər
Ümumi məlumat
"Qaraçöp xalçaları"nın adı müasir Gürcüstan Respublikasının ərazisində, Qazax rayonundan 20 km şimal-qərbdə yerləşən eyni adlı Qaraçöp toponimilə bağlıdır. Etnik azərbaycanlıların məskunlaşdığı keçmiş Muğanlı rayonunda yerləşən Muğanlı, Ləmbəli, Tüllər, Qəmbəli, Düzəqrəm kəndləri ümumilikdə "Qaraçöp" adı ilə tanınırdı. Qazax xalçaçılıq məktəbi Borçalı xalçaçılıq zonasını özündə birləşirməklə yanaşı Ləmbəli, Muğanlı və Tüllər kəndləri məktəbin əsas mərkəzlərindən sayılırdı. Burada toxunan xalçalar ümumi "Qarabirçək" adı ilə daha çox tanınırdı.
Bədii analiz
XIX əsrə aid Qaraçöp xalçası
"Qaraçöp xalçaları"nın orta sahəsini dövrələyən köbə haşiyələri "Gəncə xalçaları" və "Qazax xalçalar"ının haşiyə zolaqları kimidir. "Qaraçöp xalçaları"nın yerliyi adətən yaşıl rəngdə olur.
"Qaraçöp xalçaları"nın orta sahəsi əsasən xalçanın mərkəzində yerləşən böyük səkkizbucaqlı göldən ibarətdir. Xətləri qarmaqşəkilli çıxıntı sırası ilə tərtib edilmiş kiçik ölçülü analoji göllər isə orta sahənin künclərində yerləşir. Qarmaqşəkilli çıxıntılar mərkəzi göldə (medalyonda) daxili xətt boyunca keçdiyi halda, kiçik göllərdə (medalyonlarda) xarici xətt boyunca sıralanır. Ağ yerlikli daxili sahədə çox sayda kiçik ulduzabənzər naxışlar yerləşdirilmişdir.
Texniki xüsusiyyətlər
Orta ölçülü "Qaraçöp xalçaları" daha çox istehsal olunurdu. Bu xalçaların ölçüsü əsas etibarilə çox da böyük olmur.
"Qaraçöp xalçaları"nın ölçüləri 120x300 sm-dən 150x260 sm-ə qədər ölçülər arasında dəyişir.
"Qaraçöp xalçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı 26x26 ilmədən 35x35 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 68 min ilmədən 120 min ilməyə təsadüf edilir.
"Qaraçöp xalçaları"nda xovun hündürlüyü 5-8 mm-dir.
Tarix: 24.03.2013 / 16:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Toxuculuq