Nabur xalçaları - Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir.İstehsalı
"Nabur" xalçalarının adı Qobustan rayonunda Şamaxıdan 25km şərq istiqamətində yerləşən kəndin adından götürülmüşdür. "Nabur" xalçaları XX əsrin əvvəlindən başlayaraq Şamaxının cənubunda - Bicovda, Qaşadda, Çaylıda, Qubada, Qonaqkənddə, həmçinin Dağıstanın Tabasaran rayonunda yerləşən məşhur xalçaçılıq məntəqələrində böyük miqdarda istehsal olunmağa başladı. Ona görə də bəzi sənətşünaslar bu xalçanı "Quba" və ya "Tabasaran" xalçası hesab edirdilər.
Bədii xüsusiyyətləri
"Nubar" xalçasının ara sahəsinin kompozisiyası əsas etibarilə şaquli oxda yerləşmiş və öz aralarında birləşmiş bir neçə böyük göldən ibarətdir. Kənarları dilikli olan bu rombşəkilli göllər Şirvan kilimlərinin göllərini xatırladır. Əksər hallarda xalçanın ara sahəsində üç göl yerləşir. Xalçanın uzunluğundan asılı olaraq göllərin sayı beş və daha çox ola bilər. Bir cüt gölü olan "Nabur" xalçasına nadir hallarda rast gəlmək olar. "Nabur" xalçalarının köbə zolağı "kaşı" adlnan orta haşiyədən, iki zəncirədən və ara sahəni haşiyələndirən iki çəpərdən ibarətdir. "Nabur" xalçasında ara sahənin fonu qırmızı və ya tünd - abı rəngdə olur, lakin göy fon daha xarakterikdir.
Texniki xüsusiyyətləri
"Nabur" xalçalarının ölçüsü 110x200sm-dən 130x220sm-ə qədər olur. Nadir hallarda böyük ölçülü xalçalar istehsal olunur. Əksər hallarda uzunsov xalçalar toxunur. İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 40x40 ilmədən 50x50 ilməyə qədərdir (bir kvadrat metrdə 160 min ilmədən 250 min ilməyə qədər). Xovun hündürlüyü 4-6mm-dir.
Tarix: 24.03.2013 / 15:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 146 Bölmə: Toxuculuq