Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fatmayı xalçaları

Fatmayı xalçaları – Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər


Ümumi məlumat

"Fatmayı xalçaları" öz adını Abşeron yarımadasında, Bakı şəhərindən 20 km şimalda yerləşən Abşeron rayonunun Fatmayı kəndindən almışdır. Bir çox xalça ustaları bu xalçaları "Qala xalçaları" da adlandırırlar.

Bədii analiz

"Fatmayı xalçalarının ümumi naxışlarının həm iri, həm də xırda elementləri, naxış detalları, köbə zolaqları həndəsi naxışlardan ibarət olmaqla yanaşı həm də çox mürəkkəbdir.

"Fatmayı xalçaları"nın orta sahəsinin yerliyi əksər hallarda göy rəngdə olur. Açıq palıdı yerlikli xalçalara az-az hallarda təsadüf edilir. Gölün və köbə naxışlarının rəngi orta sahənin yerliyinə uyğun gəlir.

Orta sahənin kompozisiyası üfiqi xətt boyunca yerləşmiş, "xonça" adlanan və sevinc, şənlik, bayram, toy əlamətini ifadə edən bir neçə (ikidən beşə qədər) böyük göldən ibarətdir. "Fatmayı xalçaları"nın orta sahəsinin aşağısında birinci xonçanın elementi "Gəlin bəzəyi" təsvirindən, yuxarı hissəsindəki digər xonçanın elementləri isə "Şirni xonçası" təsvirindən ibarətdir.

Xalçanın orta sahəsində cütləşmiş cıqqa buta elementləri bir sıraya düzülərək iki kəndin qohumlaşmasını, bir kənddən olan qızın başqa kəndə ərə verilməsini simvolizə edən böyük və kiçik ölçülü elementlərlə örtülmüşdür.

Abşeron xalçaçılıq məktəbinin xalçaları üçün daha xarakterik olan "Kaşı" və ya "Bəşirqızı" adlanan orta haşiyələr Quba xalçaçılıq məktəbinə daxil olan xalçalarda da tez-tez işlənir. "Fatmayı xalçaları"nda da bu haşiyə toxunmuş və hər iki tərəfində iki zəncirə var. Budağın üstündə olan dörd ləçəkli xırda çiçəklər bir-birinin ardınca sıraya düzülərək zəncirə elementlərini ifadə edir.

Bakının şimalında yerləşən rayonların xalçaçıları bu elementləri "Şami" və ya "Qaysıbişah" (budaq üzərində qaysı) adlandırırlar. Orta sahəni dövrələyən ağ yerlikli kiçik haşiyənin elementləri xovsuz xalçaların (zili və sumax) naxışlarından götürülmüşdür.

Texniki xüsusiyyətlər

Uzunsov ölçülü "Fatmayı xalçaları" daha çox istehsal olunurdu. Bu xalçaların ölçüsü əsas etibarilə böyük olur.

"Fatmayı xalçaları"nın ölçüləri 110x230 sm-dən 130x350 sm-ə qədər ölçülər arasında dəyişir.

"Fatmayı xalçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı 40x40 ilmədən 55x55 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 200 min ilmədən 300 min ilməyə təsadüf edilir.

"Fatmayı xalçaları"nda xovun hündürlüyü 4-6 mm-dir.


Tarix: 24.03.2013 / 15:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 251 Bölmə: Toxuculuq
loading...