Lampa – Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən xovlu xalça.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər
Ümumi məlumat
Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən "Lampa xalçaları" əvvəlcə XIX əsrin I yarısında Şuşada toxunmuş, bir müddət sonra həmin xalçalar Qarabağ xalçaçılıq məktəbinin bütün xalçaçılıq məntəqələrində toxunmağa və təkmilləşməyə başladı. Bir qayda olaraq, "Lampa xalçaları" dəst (komplekt) şəkildə : iki yan və bir ortalıq xalçası kimi toxunurdu.
Bədii analiz
Həm strukturuna, həm də kompozisiyasına görə "Lampa" xalçaları Qarabağ xalçaçılıq məktəbinin ən mürəkkəb əsəri hesab olunur. Müəyyən dərəcədə Cəbrayıl qrupuna daxil olan "Xanlıq xalçası" və Təbriz qrupuna daxil olan Ləçək–turunc xalçasını xatırlatmasına baxmayaraq, bu xalçaların kompozisiyası çox orijinaldır. "Lampa" xalçalarının kompozisiyası uzunsov formaya malikdir. Bu xalçanın kompozisiyası üçün orta sahənin mərkəzində böyük səkkizkünclü medalyon (göl) səciyyəvidir. Gölin yuxarı və aşağı hissələrində "Lampa" üçün xarakterik olan uzunsov formalı kətəbələr yerləşir. Göllər və kətəbə ardıcıl olaraq orta sahənin sonunadək təkrarlanır. Əksər hallarda bu böyük elementlər – şaquli forma yaradan qellər və kətəbə "başlıq"la başa çatır. Şuşa xalçaçıları bu elementi "çəllək" adlandırır. Orta sahənin gölə yaxın olan boş qalmış aralıqları tutuquşu təsviri ilə doldurulur. "Lampa" üçün xarakterik olan bu element orta sahəni çox gözəl bəzəyir. Bundan əlavə, orta sahənin başında və sonunda ( künclərdə) geniş kənarlı ləçəklər yerləşdirilir ki, bu da orta sahəni bəzəyir. 100X600 ölçülü uzunsov xalçalarda kənar haşiyə nazik olur. Bu prinsipə uzunsov formalı "Lampa" xalçalarında da riayət olunur. Beləliklə, belə nəticəyə gəlmək olar ki, XIX əsrin xalçaçılığının məhsulu olan "Lampa" xalçaları Şuşada böyük yaşayış evlərinin divar və tavanını bəzəmək zərurəti ilə meydana gəlmişdir. "Lampa" xalçalarının namazlıq formasında olanlarına da rast gəlmək mümkündür[1].
Texniki xüsusiyyətlər
"Lampa xalçaları", bir qayda olaraq, uzunsov formada toxunurdu. Başqa ölçülərdə toxunmuş "Lampa xalçaları"nada rast gəlmək mümkündür.
"Lampa xalçaları"nın ölçüləri 100X500 sm-dən 150X700 sm-ə qədər ölçülər arasında dəyişir.
"Lampa xalçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı 35X35 ilmədən (düyündən) 40X40 ilməyə (düyün) qədər yerləşir. Bir kvadrat metrdə isə 122 min ilmədən 160 min ilməyə təsadüf edilir.
"Lampa xalçaları"nda xovun hündürlüyü 7–9 mm-dir.
"Lampa xalçaları" Qarabağ xalçaçılıq məktəbinin yüksək kateqoriyalı xalçalarından sayılır
Tarix: 24.03.2013 / 15:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 231 Bölmə: Toxuculuq