Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mərəzə xalçaları

Mərəzə xalçaları - Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir.

İstehsalı

"Mərəzə" adlı xalçalar təkcə Mərəzədə deyil, "Çuxanlı", "Nabur", Göylər" və başqa xalçaçılıq məntəqələrində istehsal olunur. Ticarət bazarlarında "Mərəzə" xalçalarına "Qobustan" ("Kavıstan", "Kovıstan"), "Kabristan" və ya "Qebrıstan" deyir, bəzən isə səhvən "Mərəzəli" adlandırırdılar.

Bədii xüsusiyyətləri

"Mərəzə" adını daşıyan xalçalar Şirvan tipli xalçaların ən qədimlərindən hesab olunur. Onların çox müxtəlif kompozisiyaları var. Burada onların əsas variantları təqdim edilmişdir.

Birinci variant

Birinci variantlı "Mərəzə" xalçasının ara sahəsinin kompozisiyası Azərbaycanın digər xalçalarının kompozisiyasından əhəmiyyətli şəkildə fərqlənir. Bu xalçaların bütün sahəsi şaquli istiqamətdə enli zolaqlara bölünmüşdür. Zolaqların bəzəkləri əsas etibarilə "İlanqaç" adlanan budaqda yerləşmişdir. Bu zolaqlar əsrlər boyu Hindistanda istehsal olunan tirmə parçadan götürülümüş, sonra assimlyasiya edərək xalçaçılıq sənətinin xüsusiyyətlərini əldə etmiş və şəklini dəyişmişdir. Naxışın tirmə parçadan götürülməsi təkcə Şirvan xalçalarına aid deyil, həm də Qarabağın "Xan tirmə" və Cənubi Azərbaycanın "Sərabi" xalçalarına aiddir. Birinci variantlı "Mərəzə" xalçasında orta haşiyənin naxışlarının əsasını qeyri - müəyyən formalı bir neçə təsvir təşkil edir. Bunlar özünün qədim, ilkin formasını itirmiş butanın çox üslublaşdırılmış əyrixətli təsvirləridir.

İkinci variant

İkinci variantlı "Mərəzə" xalçalarında ara sahənin kompozisiyası onu təkcə birinci variantlı "Mərəzə" xalçasından deyil, Quba - Şirvan tipli bütün xalçalardan fərqləndirir. Xalçanın ara sahəsinin əvvəlində və sonunda Azərbaycanın qrup şəkilli "yallı" xalq rəqsini oynayan insanların sxematik təsviri verilmişdir. Bu təsvir xalçaçılar arasında "əl - ələ" adını almışdır. Bu fiqurların sayı xalçanın enindən asılı olaraq artıb azala bilir. Bundan başqa ara sahədə bir neçə element simmetrik yerləşdirilmişdir. Bu elementlər xalq arasında "ala qapı" və "bəzəkli qapı" adını almışlar. Onların arasında şaquli istiqamətdə taxt adlanan bir cüt element var. İkinci variantlı "Mərəzə" xalçasının özünəməxsus köbə naxışları olur. Tünd qırmızı rəngli orta haşiyə sıraya düzülmüş kiçik butalardan ibarətdir. Belə butaları İranın cənubunda, xüsusən Kirman şəhərində istehsal olunan qalın parçalı tirmədə, həmçinin Hindistanda hazırlanan bej rəngli tirmə şalın zolaqlarında görmək olar. Ona görə də "Mərəzə" xalçalarının orta haşiyəsini xalq arasında "tirmə sayağı" adlandırırlar. Xalçanın daha bir xüsusiyyəti ondan ibarətdir ki, orta haşiyənin (zəncirənin) elementlərindən ara sahənin detallarında istifadə olunur. İkinci variantlı "Mərəzə" xalçalarının ara sahəsinin fonu ya sürməyi, ya da tünd - abı olur. Bəzən tünd - qırmızı fonlu xalçalar da istehsal olunur. Qocaman xalça ustalarının bildirdiyinə görə, əvvəllər "Mərəzə" xalçaları tünd - kərpic fonda istehsal olunurdu.

Texniki xüsusiyyətləri

"Mərəzə" xalçalarının ölçüsü 80x20sm-dən ("Namazlıq") 130x200sm-ə qədər olur. Orta ölçülü "Mərəzə" xalçalarına çox nadir hallarda rast gəlmək olur. İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 40x40 ilmədən 50x50 ilməyə qədərdir (bir kvadrat metrdə 160 mi ilmə). Xovun hündürlüyü 4-7mm-dir.


Tarix: 24.03.2013 / 15:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 252 Bölmə: Toxuculuq
loading...