Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Görədil xalçaları

Görədil xalçaları – Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalça növü.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər


Ümumi məlumat

"Görədil xalçaları" öz adını Bakı şəhərindən 20 km şimalda yerləşən Goradil kəndinin adından almışdır. "Görədil xalçaları" təkcə Goradil kəndində deyil Mərdəkan, Pirşağı, Bül-bülə, Novxanı və Nardaran Bakıətrafı kəndlərdə də toxunurdu. Bəzi xalçaçılar bu xalçanı "Novxanı xalçası" hesab etsələrdə, bu xalçalar "Novxanı xalçalarından çox fərqlənir.

Bədii analiz

"Görədil xalçaları"nın orta yerliyinin kompozisiyası "Novxanı xalçası"nda olduğu kimidir. Orta sahədə yerləşən iki və ya üç böyük göldən başqa göllərin arasında sağ və sol tərəflərdə cüt-cüt yerləşmiş firuzəyi yerliyi olan dörd balaca göl toxunmuşdur. Qalan boşluqlar isə həndəsi və nəbati naxışlarla tamamlanmışdır. Orta sahənin hər bir küncündə sarı yerlikli, pilləli şəkildə düzbucaqlı yerləşir. Bu pillələrdən orta sahənin mərkəzinə doğru uzanan diaqonal cizgilər keçir. Goradil kəndinin xalçaçıları bu cizgiləri "çəpər" və ya "saç" adlandırırlar.

Bakı xalçaçılarının "Quyu haşiyə" və ya "Kankan" adlandırdıqları qara yerlikli orta haşiyəsi istər formasına, istərsə quruluşuna görə çox orijinaldır. Orta haşiyədə yumru başı olan xaçabənzər element çarxı təsvir edir. Ortadakı kvadrat quyunu, quyudan bir qədər aşağıda yerləşən trapesiya formalı element isə dolu (dol - dəridən hazırlanmış vedrə) təsvir edir. Bir az da aşağıda kəlləbaşı elementi quyu qazan kankanı, onların arasında qalın xətt isə kəndiri ("burazı") simvolizə edir. Bütün Yaxın Şərqdə, o cümlədən Azərbaycanda suyun simvolik təsviri hesab edilən oturan iki quş çarxın yuxarı hissəsində təsvir edilmişdir.

Orta haşiyənin hər iki tərəfində Quba rayonunda "Çaxmaqlı qızıl gül", Şabran rayonunda isə "Güzgü haşiyə" adlandırılan ağ yerlikli iki kiçik haşiyə yerləşir. Cıqqa buta elementi ilə bəzədilmiş qırmızı yerlikli mədahillər xalçanın kənarlarını və ara haşiyəni dövrələyir.

Texniki xüsusiyyətlər

"Görədil xalçaları" əsasən 130x230 sm ölçüdə istehsal olunmuşdur. Təsadüfi hallarda 130x300 sm ölçülü uzunsov xalçalar hazırlanırdı.

"Görədil xalçaları"nda ilmələrin sıxlığı: bir kvadrat desimetrdə 40x40 ilmədən 38x45 ilməyə qədər yola bilir. Hər bir kvadrat metrdə 160 min ilmədən 170 min ilməyə qədər düyün vardır. Hər kvadrat metrində 250 min ilmə olan "Görədil xalçaları"na az-az hallarda rast gəlinir.

"Görədil xalçaları"nın xovunun hündürlüyü 3-4 mm-dir.


Tarix: 24.03.2013 / 15:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 271 Bölmə: Toxuculuq
loading...