Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Əd-Duha” surəsinin təfsiri

Məkkə surələrindəndir.

Bizə Əbu Həsən Əhməd ibn Məhəmməd ibn Abdulla ibn Əbu Bəzza əl-Mukri nəql etdi ki, mən İkrimə ibn Süleymana oxudum. O da İsmayıl ibn Qastantin və Şibl ibn Abbada oxumuşdur. “Əd-Duha” surəsi çatdıqda onlar mənə dedilər: “Hər surənin sonunda təkbir gətir! Biz İbn Abbasa oxumuşduq, o da bizə belə etməyi bildirmişdi. İbn Kəsir də Mucahidə oxumuş, o da belə bildirmişdi. Mucahid də İbn Abbasa oxumuş, o da bu cür demişdir. İbn Abbas da öz növbəsində Ubey ibn Kəbə oxumuşdur və ondan bu cür təlimat almışdır. Ubey ibn Kəb də bildirir ki, o, Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) oxumuş və ondan belə təlimat almışdır. Bu hədisdə Əbul Həsən Əhməd ibn Məhəmməd ibn Abdulla əl-Bəzzi mufrəddir....

O, Qasim ibn ibn Əbu Bəzzanın övladlarından biri idi. O, qiraətlə məşğul olan imamlardandır. Hədisə gəlincə, Əbu Hatim ər-Razi onu zəif hesab etmiş və bildirmişdir ki, mən ondan hədis rəvayət etmirəm. Həmçinin, Əbu Cəfər əl-Uqeyli deyir ki, onun hədisi qəbulolunmazdır. Lakin Şeyx Şihabəddin Əbu Şamə “Şatibiyyə”nin şərhində nəql edir ki, Şafi bir kişinin namazda təkbir gətirdiyini şitmiş və demişdi: “Əhsən sənə, sünnəyə riayət etdin!” Bu da hədisin səhih olduğunu bildirir. Qarelər bu təkbirin yeri və necəliyi barədə ixtilaf etmişlər. Bəzilərinin sözlərinə görə, “əl-Leyl” surəsindin sonunda təkbir edilir, bəziləri də “əd-Duha” surəsinin sonunda təkbir gətirilməlidir. Təkbirin necəliyi barədə bir qisim alimlər bildirmişlər ki, yalnız “Allahu əkbər” demək kifayətdir. Digər bir qisim qarelərin fikrincə isə “Allahu əkbər. Lə iləhə illallah. Vallahu əkbər” demək lazımdır. Qarelər təkbirin “əd-Duha” surəsinin əvvəlində deyilməsi barədə qeyd edirlər ki, bir müddət Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) vəhyin nazil olması dayandı. Ondan sonra vəhy mələyi gələrək Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) “And olsun səhərə! And olsun sakitləşməkdə olan gecəyə...!” surəsini bütöv çatdırdı. Bu zaman Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) sevincindən təkbir gətirdi. Bu məlumatın səhih və ya zəif olduğunu sübut edən heç bir rəvayət yoxdur. Ən doğrusunu Allah bilir.

1) And olsun səhərə!
2) And olsun sakitləşməkdə olan gecəyə!
3) Rəbbin səni nə tərk etdi, nə də acığı tutdu.
4) Həqiqətən, axirət sənin üçün dünyadan daha xeyirlidir!
5) Şübhəsiz, Rəbbin sənə bəxş edəcək və sən də razı qalacaqsan!
6) Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!
7) Səni şaşqın vəziyyətdə tapıb doğru yola yönəltmədimi?!
8) Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!
9) Elə isə yetimə xor baxma!
10) İstəyəni də qovma!
11) Və Rəbbinin nemətindən söhbət aç!

İmam Əhməd deyir: Bizə Əbu Nəim nəql etdi ki, Əsvad ibn Qeys Cundəbin belə dediyini eşidib: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) naxoşlamışdı və bir-iki gecə namaza qalxmadı. Bir qadın gəldi və dedi: “Ey Məhəmməd, görürəm şeytanın səni tərk etdi. Bu ərəfədə izzət və cəlal sahibi Allah bu ayələri nazil etdi: “And olsun səhərə! And olsun sakitləşməkdə olan gecəyə! Rəbbin səni nə tərk etdi, nə də acığı tutdu”. Hədisi Buxari, Muslim, Tirmizi, Nəsai, İbn Əbu Hatim və İbn Cərir müxtəlif ravilər vasitəsilə Əsvad ibn Qeysdən, o da Cundəbdən rəvayət etmişdir. Onun əsl adı İbn Abdulla əl-Bucəlidir. Başqa bir rəvayətdə Süfyan ibn Uyeynə Əsvad ibn Qeysdən nəql edir ki, Cundəb belə demişdir: Cəbrayıl əleyhissəlamın Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) vəhy gətirməsi bir qədər gecikdi. Müşriklər dedilər ki, Rəbbi Məhəmmədi tərk etdi. Bu zaman Allah təala aşağıdakı ayələri nazil etdi: “And olsun səhərə! And olsun sakitləşməkdə olan gecəyə! Rəbbin səni nə tərk etdi, nə də acığı tutdu”. İbn Əbu Hatim deyir: Əbu Səid əl-Əşac Amr ibn Abdulladan nəql etdi ki, Əsvad ibn Qeys Cundəbin belə dediyini eşidib: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) barmağına daş ataraq dedi: “Sən ancaq qanayan bir barmaqsan. Məgər üzləşdiyin bu hadisə Allah yolunda deyilmi?” Cundəb deyir ki, iki-üç gün Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) gecə namazına qalxmadı. Bir qadın ona dedi: “Görürəm şeytanın səni tər etdi”. Bu zaman “And olsun səhərə! And olsun sakitləşməkdə olan gecəyə! Rəbbin səni nə tərk etdi, nə də acığı tutdu” ayələri nazil oldu. Bu tərtibat Əbu Səidə məxsusdur. Deyilənə görə, həmin qadın Əbu Ləhəbin arvadı Ummu Cəmildir. Bu hədis Buxari və Muslimdə qeyd edilmişdir. Lakin qeyri-məqbul olan hal Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) gecə namazı qılmamasını və ayənin nazil olmasını səbəb gətirməkdir.
İbn Cəririn rəvayətinə gəlincə, İbn Əbu Şəvarib Abdulvahid ibn Ziyaddan, o da Abdulla ibn Şəddadan nəql etdi ki, Xədicə Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) belə demişdi: “Nə oldu? Rəbbinin sənə acığımı tuttu? Ona görə də Allah təala bu ayələri nazil etdi: “And olsun səhərə! And olsun sakitləşməkdə olan gecəyə! Rəbbin səni nə tərk etdi, nə də acığı tutdu”. Habelə İbn Cərir deyir ki, bizə Əbu Kureyb Vaki vasitəsilə Urvadan, o da atasından rəvayət etmişdir ki, Cəbrayıl əleyhissəlamın Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) vəhy gətirməsi bir az ləngidi. Bu səbəbdən Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) çox pis oldu. Xədicə ona dedi ki, sənin halından belə görünür ki, Rəbbinin sənə acığı tutdu. Bundan sonra “And olsun səhərə! And olsun sakitləşməkdə olan gecəyə! Rəbbin səni nə tərk etdi, nə də acığı tutdu” ayələri sona qədər nazil oldu”. Hədis bu iki şəkildə mürsəl hədisdir. Xədicənin bu cür danışması dəqiq deyil. Tutaq ki, o, belə demişsə də, kədərini və dilxor olduğunu dilə gətirmişdi. Ən doğrusunu Allah bilir.
Əbu İshaq da daxil olmaqla bəzi sələf alimləri qeyd edirlər ki, Cəbrayıl əleyhissəlam bu surəni nazil edərkən Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) Allah təalanın onu yaratdığı görkəmdə görünmüşdü. O, Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) taxtda əyləşdiyi an yaxınlaşdı və “Sonra (Cəbrail Allahın Öz) bəndəsinə (Mühəmmədə) vəhy buyurduğunu vəhy etdi”. (ən-Nəcm, 10) Ona vəhy etdiyi surə budur: “And olsun səhərə! And olsun sakitləşməkdə olan gecəyə! Rəbbin səni nə tərk etdi, nə də acığı tutdu...” Ovfi İbn Abbasın belə dediyini nəql etmişdir: “Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) Qurandan ayələr nazil oldu. Sonra bir neçə gün ayələrin nazil olması dayandı. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bundan bir qədər kədərləndi. Bu zaman müşriklər sözlər qoşaraq “Rəbbi onu tərk etdi və ona acığı tutdu” – deməyə başladılar. Allah təala isə yenidən öz elçisinə Quran ayələri nazil edərək buyurdu: “Rəbbin səni nə tərk etdi, nə də acığı tutdu”.
Allah təala səhərə və onun saçdığı nura and içir. “And olsun sakitləşməkdə olan gecəyə!” Yəni sakitləşərək qaralan gecəyə... Mucahid, Qatədə, Dahhak, İbn Zeyd və başqaları bu cür qeyd etmişlər. Bunlar yaradan Allahın qüdrətinə açıq-aşkar dəlil, sübutdur. Həmçinin Allah təala buyurur ki, “And olsun bürüməkdə olan gecəyə! And olsun işıqlanmaqda olan gündüzə!” (əl-Leyl, 1-2) Başqa bir ayədə uca Allah buyurur ki, “Səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur. (Bütün) bunlar yenilməz qüvvət sahibi, (hər şeyi) bilən Allahın təqdiridir”. (əl-Ənam, 96)
“Rəbbin səni nə tərk etdi, yəni səni yalnız buraxmadı. Nə də acığı tutdu”. Yəni səni qarşı qəzəblənmədi, hirslənmədi.
“Həqiqətən, axirət sənin üçün dünyadan daha xeyirlidir!” Yəni axirət həyatı sənə bu həyatdan daha xeyirlidir. Ona görə də Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dünyada insanların ən zahidi və dünya bər-bəzəyini və nemətlərini ən çox tərk edən idi. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) həyatını əks etdirən tarix bunu açıq şəkildə ortaya qoyur. Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) ömrünün son anlarında sona qədər dünyada qalıb, sonra Cənnətə daxil olmaqla izzət və cəlal sahibi Allahın dərgahına qovuşmaq arasında seçim etmək imkanı verilmişdi. Lakin həmin vaxt o (Ona Allahın salavatı və salamı olsun!) rüsvayçı və rəzil olan bu dünyadan üz döndərərək Allah təalanın dərgahına qovuşmağı üstün tutdu.
İmam Əhməd deyir: Bizə Yezid Məsudi vasitəsilə Abdulla ibn Məsuddan nəql etdi ki, “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bir həsirin üzərində yatmışdı. Həsir onun bir tərəfində iz buraxmışdı. Oyandığı zaman həsirin iz qoyduğu yeri ovxalamağa başladım və dedim: “Ey Allahın elçisi, bizə xəbər versəydin, həsirin üstünə sərmək üçün bir şey gətirərdik”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Dünyadan mənə nə?! Mən dünya ilə özümü bir ağacın kölgəsində oturub, sonra oranı tərk edib gedən bir kimsənin halına bənzədirəm”. Hədisi Tirmizi və İbn Macə də Məsudidən rəvayət etmişlər. Tirmizi hədisin səhih-həsən olduğunu söyləmişdir.
Növbəti ayədə uca Allah buyurur: “Şübhəsiz, Rəbbin sənə bəxş edəcək və sən də razı qalacaqsan!” Yəni Rəbbi ona və ümmətinə Axirət yurdunda razı qalacaqları şeyləri bəxş edəcək. Onlar üçün qırağında incilər düzülmüş və palçığı müşkdən olan kövsər suyu hazırlanmışdır. Bu haqda bir qədər sonra da söhbət açılacaq. Əbu Amr əl-Övzayi Abdulla ibn Abbasdan, o da atasından nəql edir ki, Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) özündən sonra ümmətinin üzünə açılacaq xəzinə qapıları ərz edildi. O, bunlara görə məmnun oldu. Allah təala “Şübhəsiz, Rəbbin sənə bəxş edəcək və sən də razı qalacaqsan!” ayəsini nazil etdi. Allah təala ona Cənnətdə min saray bəxş etdi. Hər sarayda da lazım olan zövcələr və xidmətçilər var idi. Bu hədisi İbn Cərir rəvayət etmişdir. Hədisin Abdulla ibn Abbasdan nəql edilməsi səhihdir. Süddi İbn Abbasdan nəql edir ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) razı qaldığı şeylərdən biri də odur ki, onun əhli beytindən heç kəs Cəhənnəmə girməyəcək. Bunu İbn Cərir və İbn Əbu Hatim rəvayət etmişlər. Həsən bununla şəfaətin nəzərdə tutulduğunu söyləmişdir. Əbu cəfər əl-Baqir də bu cür qeyd etmişdir. Əbu Bəkr ibn Əbu Şeybə deyir ki; bizə Muaviyə ibn Hişam Əli ibn Saleh vasitəsilə Əlqamədən, o da Abdulladan belə nəql etmişdir: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Biz elə bir ailəyə mənsubuq ki, Allah dünyanın əvəzində bizə Axirəti seçmişdir. “Şübhəsiz, Rəbbin sənə bəxş edəcək və sən də razı qalacaqsan!”
Daha sonra uca Allah Öz qulu və elçisi olan Məhəmmədə (Ona Allahın salavatı və salamı olsun!) olan nemətlərini sayaraq buyurdu: “Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!” Məhəmməd peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) anasının bətnində olarkən atası artıq vəfat etmişdi. Bəziləri isə deyirlər ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) anadan olduqdan sonra atası vəfat edib. Altı yaşında çatdıqda anası Əminə bint Vahb da vafat etdi. Bundan sonra babası Abdulmuttalib onu himayəyə götürmüş və ölünə kimi ona baxmışdı. Babası öldüyü zaman onun səkkiz yaşı var idi. Babasından sonra onun himayəsini əmisi Əbu Talib öz üzərinə götürdü. Əbu Talib onu böyüdüb boya-başa çatdırmış, hər zaman dəstəkləmiş, hörmətini saxlamış və qırx yaşından sonra peyğəmbərlik risaləsi ilə vəzifələnən bu qardaşı oğlunu müşrik xalqın əziyyətindən və tənəsindən qorumuşdu. Buna baxmayaraq Əbu Talib yenə də bir bütpərəst idi. Bütün bunlar Allah təalanın gözəl təqdir və tədbiri ilə həyata keçdi. Nəhayət, hicrətdən bir qədər əvvəl Əbu Talib də vəfat etdi. Bundan sonra vəziyyət çətinləşdi. Qövmün müşrik və cahil camaatının ona qarşı təzyiq və əziyyətləri daha da artdı. Belə olan halda Allah təala ona hicrət yolunu münasib bildi və ona müşrik camaatdan uzaqlaşıb Ovs və Xəzrac qəbilələrindən ibarət olan ənsar yurduna pənah aparmağı əmr etdi. Beləcə uca Allah Öz yolunu ən mükəmməl şəkildə tənzim etdi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) onların yanına pənah gətirdikdən sonra onların sevgisi, dəstəyi və köməyi ilə qarşılaşdı, onları müşriklərlə mübarizə və müharibədə hər zaman yanında gördü. Allah onların hamısından razı olsun! Bütün bunlar Allah təalanın onu necə qoruduğunu və necə Öz himayəsində saxladığını göstərir.
“Səni şaşqın vəziyyətdə tapıb doğru yola yönəltmədimi?!” Bu ayə Allah təalanın digər bir ayəsi ilə oxşardır. Belə ki, uca Allah buyurur ki, “Sənə də beləcə əmrimizdən olan bir vəhy (möminlərə mənəvi həyat verən Quran) göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən”. (əş-Şura, 52) Bəzilərinin fikrincə, ayədə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) kiçik yaşlarında Məkkə kənarlarında itib sonra da geri qayıtması nəzərdə tutulur. Digər bir qisim insanlar isə deyirlər ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) əmisi ilə Şama gedərkən itmişdi. Gecə vaxtı dəvəyə minmiş və İblis onun yolunu dəyişdirmişdi. Bu ərəfədə Cəbrayıl əleyhissəlam gəlmiş və İblisi Həbəşistana qovmuşdu. Sonra da karvanı öz yoluna yönəltmişdi. Hər iki rəvayəti Bəğəvi nəql etmişdir.
Daha sonra Allah təala buyurur: “Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!” Yəni Allah yoxsul və kasıb halında səni varlandırdı və sən Allahdan başqa heç kəsə möhtac olmadın. Allah təala Öz elçisinə səbr edən yoxsul və şükr edən varlı mövqelərinin hər ikisini bəxş etdi. Ona Allahın salavatı və salamı olsun! Qatədə “Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni şaşqın vəziyyətdə tapıb doğru yola yönəltmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!” ayələri haqda söyləyir ki, bunlar izzət və cəlal sahibi Allahın Öz elçisini (Ona Allahın salavatı və salamı olsun!) göndərməsindən əvvəl onun onun yaşadığı durum idi. Bunu İbn Cərir və İbn Əbu Hatim nəql etmişlər. Buxari və Muslimin eyni adlı – “Səhih” kitablarında Əbdürrəzzaq vasitəsilə Əbu Hureyrədən rəvayət olunan hədisdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurur: “Zənginzlik mar-dövlətin çoxluğu deyil. Əsl zənginlik ruhun zəngin olmasıdır”. Muslimin “Səhih”ində Abdulla ibn Amrdan rəvayət olunan digər bir hədisdə isə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurur: “Müsəlman olub lazımınca ruziləndirilən və Allahın ona verdikləri razı qalan kimsə artıq nicata çatmışdır”.
Daha sonra Allah təala buyurur: “Elə isə yetimə xor baxma!” Yəni yetim olduğun zaman Rəbbinin sənə sığınacaq verdiyi kimi, sən də onlara sığınacaq ver, hər zaman onlara mülayim ol, onlara xor baxma, onları alçaltma! Qatədə demişdir: “Yetimə şəfqətli bir ata kimi ol!” “İstəyəni də qovma!” Yəni şaşqın olduğun zaman Allah sənə doğru yolu göstərdiyi kimi, səndən elm, doğru yol istəyən kimsələri qovma! İbn İshaq bu ayənin təfsirində deyir ki, yəni Allahın zəif və gücsüz qullarına qarşı zalım, qəddar, təkəbbürlü və kobud olma! Qatədə deyir ki, yəni miskini mülayim və şəfqətlə yola sal!
Növbəti ayədə uca Allah buyurur ki, “Və Rəbbinin nemətindən söhbət aç!” Sən kasıb ikən Allah səni varlandırdı. Elə isə sən də Allahın nemətindən söhbət aç! Belə ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə bir dua etdiyi nəql edilmişdir: “Bizi nemətinə şükr edən, onlarla səni mədh edən və onlarla kifayətlənən kəslərdən et! Bizə verdiyin nemətləri davam et!” İbn Cərir deyir: Bizə Yaqub İbn Aliyyədən, o da Səid ibn İyyas əl-Cəriridən Əbu Nadrənin belə dediyini nəql etmişdir: “Müsəlmanlar nemət haqda söhbət açmağı nemətə şükr etmək hesab edərdilər”.
Abdulla ibn Əhməd deyir: Mənsur ibn Əbu Muzahim Numan ibn Bəşirdən nəql etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) minbərdə üzərində buyurmuşdu: “Aza şükr etməyən çoxa da şükr etməz. İnsanlara təşəkkür etməyən, Allaha da şükr etməz. Allahın nemətləri haqda danışmaq şükr, danışmamaq isə nankorluqdur. Toplu halında olmaq mərhəmət, ayrılıq isə əzabdır”. Bu hədisin isnadı zəifdir. Buxari və Muslimin eyni adlı – “Səhih” kitablarında Ənəsdən belə nəql olunur ki, mühacirlər dedilər: “Ey Allahın elçisi, bütün savabları ənsarlar götürdülər”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Siz onlar üçün Allaha dua edib, onları təriflədikcə, xeyr!” Əbu Davud deyir ki, Muslim ibn İbrahimin Əbu Hureyrədən rəvayət etdiyinə görə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “İnsanlara təşəkkür etməyən Allaha da şükr etməz”. Hədisi Tirmizi Əhməd ibn Məhəmməd vasitəsilə İbn Mubarəkdən, o da Rəbi ibn Muslimdən nəql etmişdir. Tirmizi habelə hədisin səhih olduğunu söyləmişdir.
Əbu Davud deyir: Abdulla ibn Cərrahın Cabirdən nəql etdiyinə görə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Kim bir bəla ilə üzləşər və o haqda söhbət açarsa, Allaha şükr etmiş olar. Onu gizli tutan isə nankorluq edər”. Əbu Davud bu hədisi fərdi olaraq nəql etmişdir. O, başqa bir hədis qeyd edərək deyir: Bizə Musəddəd Cabirdən nəql etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Kimə bir şey verilərsə, əgər o onda varsa, ondan əl çəksin, yox əgər yoxdursa, onu tərifləsin. Kim neməti tərifləyərsə, Allaha şükr edər. Onu gizlədən isə nankorluq edər”. Əbu Davud deyir ki, bu hədisi Yəhya ibn Eyyub da Cabirdən nəql etmişdir. Bu hədisi də Əbu Davud fərdi nəql etmişdir. Mucahid ayə barədə demişdir: “Yəni Rəbbinin sənə bəxş etdiyi peyğəmbərliyi danış!” Ondan nəql edilən digər bir rəvayətdə isə deyilir ki, “yəni Quran barəsində danış!” Leys “Və Rəbbinin nemətindən söhbət aç!” ayəsi haqda Həsən ibn Əlinin belə dediyini nəql etmişdir: “Yəni etdiyin xeyir əməlləri din qardaşlarına danış!” Məhəmməd ibn İshaq isə demişdir: “Yəni Allahın bəxş etdiyi peyğəmbərlik neməti və kəramati haqda danış, söhbət et və insanları bu yola çağır!” Məhəmməd ibn İshaq deyir ki, Allahın elçisi də (Ona Allahın salavatı və salamı olsun!) Rəbbinin ona bəxş etdiyi peyğəmbərlik risaləsini inanıb əmin olduğu kəslərə gizli şəkildə yaymağa başladı. Ona namaz əmr olunduqda da nazaz qıldı.
“Əd-Duha” surəsinin təfsiri başa çatdı. Həmd və səna Allaha məxsusdur.


Tarix: 20.04.2013 / 19:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 793 Bölmə: Sureler
loading...