Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-ƏRAF (SƏDD) SURƏSİNİN ŞƏRHİ 22-40

(7.22) “Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?”

Şeytan, itaətsizlikdən uzaq olmaları və ismətlə davranmaları sayəsində tutduqları o yüksək pillədən Adəm və Həvvanı aşağı saldı. O onları günah girdabına batırdı və onlar qadağan edilmiş ağacın meyvəsindən yedilər. Lakin onlar o meyvələrdən dadan kimi, nəzərlərindən gizli qalan ayıb yerləri onlara göründü. Allah qorxusu onların ruhi libası olduğu üçün onların zahiri görünüşünə də təsir edirdi, lakin günah işlətdikdən sonra onların ayıb yerləri aşkar oldu və onlar bir-birilərindən utanmağa və Cənnət ağaclarının yarpaqları ilə ayıb yerlərini örtməyə başladılar. Belə olduqda Allah tənə və məzəmmətlə onlara müraciət edərək deyir: “Məgər sizə bu ağacın meyvələrindən yemək qadağan olunmamışdımı? Məgər sizə deyilməmişdi ki, şeytan – sizin açıq-aydın düşməninizdir? Bəs niyə ona qulaq asıb qadağan olunmuş əməli törətdiniz?”


(7.23) “(Adəm və Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər”.

Allah Adəmə və Həvvaya rəhm etdi, onlara tövbə etməyə imkan verdi və onların tövbəsini qəbul etdi. Onlar öz günahlarını boyunlarına alıb etiraf etdilər, Ondan bağışlanmalarını dilədilər: “Ey Rəbbimiz! Biz bizə qadağan olunmuş əməl törətmiş və özümüz özümüzə böyük ziyan vurmuşuq. Əgər Sən bizi bağışlamasan, işlətdiyimiz günah bizə böyük zərər verə bilər. Günahlarımız yu, bizi cəzadan xilas et, tövbəmizi qəbul et və bizi sonrakı belə əməllərdən qoru”.
Allah onları bağışladı və Quranda bu barədə deyilmişdir: “...Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi... Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi” (Taha, 20/121-122).
İblis isə günah əməllərini və zalımlığını davam etdirdi. Buna görə, əgər insanlar Adəm kimi öz günahlarını etiraf edir, bağışlanma diləyir, törətdikləri əməllər üçün təəssüflənirlərsə və Rəbbə itaətsizlik etməkdən əl çəkirlərsə, onda Allah onları seçilmiş qulları edir və onları doğru yola yönəldir. Yox, əgər onlar İblis kimi günah işləyərək, öz günahlarını artırırlarsa, onda Allah onları Özündən uzaqlaşdırır.


(7.24) “(Allah) buyurdu: “Bir-birinizə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış vasitələri) vardır”.

Allah Adəmə və Həvvaya müraciət edərək onlara Cənnəti tərk etmək əmri verir. Hərçənd bu ayədə fel cəm halında verilirsə də, tərk etmək hökmü təkcə Adəm ilə Həvvaya aid idi, çünki İblis daha əvvəl səmaya qovulmuşdu. Sonra Allah onlara İblislə birgə yerə enmək hökmü verdi ki, şeytanların daima insanları izləyəcəyi hamıya aydın olsun. İblis doğrudan da daima insanladır, addım-addım onun ardınca gedir və Adəmin nəsillərini azğınlığa salmaq üçün əlindən gələni hər şeyi edir.
Buradan belə bir nəticə çıxarmaq olar ki, Allah Adəmi, Həvvanı və İblisi Cənnətdən Yerə qovmuşdur və onlara burada bir-birinə düşmən olaraq qalmaq nəsib edilmişdir. Yer kürəsi onlar üçün müvəqqəti bir məskəndir və onlar burada müəyyən bir vaxtadək maddi nemətlərdən ləzzət çəkmək və onlardan istifadə etmək imkanı almışlar.


(7.25) “(Allah) buyurdu: “Orada yaşayacaq, orada öləcək və oradan (dirildilib) çıxarılacaqsınız!”

Adəmi, onun zövcəsini və törəmələrini yerə endirdikdən sonra, Fövqəluca Allah yerdə onların başına nə gələcəyindən xəbər verir: onlara orada yanılmalar və sınaqlarla dolu tam bir həyat sürmək nəsib olacaq. Onlara elçilər göndəriləcək və Kitablar nazil ediləcək və sonra onlar öləcəklər və torpağa basdırılacaqlar. Adəmin bütün nəsilləri onlar üçün müəyyən edilmiş müddəti yaşayıb başa vurduqdan sonra, Allah insanları dirildəcək, onları yerdən çıxardacaq və son dayanacaqları olan məskəndə məskunlaşdıracaq.



(7.26) “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız”.

Allah insanlara, onların geyinməsi üçün zəruri olan hər şeylə təmin edilməsi ilə bağlı göstərdiyi mərhəmətini xatırladır. Burada geyim adı altında nəinki təkcə bəzəkli libaslar, həm də dadlı yeməklər, içkilər, minik heyvanları, gözəl qadınlar və bir çox başqa şeyləri nəzərdə tutulur.
Allah qullarını onlara zəruri olan hər şeylə və hətta bundan daha çoxu ilə təmin etmiş və bildirmişdir ki, maddi nemətlər insan həyatının mənasını təşkil etmir. Allah o nemətləri onlara ona görə göndərmişdir ki, insanlar onlardan Ona ibadət etmək və itaət göstərmək üçün istifadə etsinlər(Qalın şrift və kursiv tərcüməçinindir. F.S.). Məhz buna görə, sonra Fövqəluca Allah xəbər verir ki, ən yaxşı libas – təqva(Təqva – Allah qorxusu. F.S.) libasıdır. O, dünyəvi geyimdən daha yaxşıdır, çünki həmişəlik insanla qalır. O, nə köhnəlmir, nə də dağılıb yırtılmır və həmişə qəlbin və ruhun bəzəyi olaraq qalır, yer paltarına gəldikdə isə, onunla ancaq bədənin ayıb sayılan hissələrini müəyyən vaxtlarda örtmək və yaxud bəzənmək üçün onları geymək olar, o, insana başqa faydalar gətirə bilməz. Bundan başqa, insan libasdan məhrumdursa, onun ayıb yerləri açıq qalır, lakin bu ona ziyan vermir, çünki bu mövcud şəraitdən irəli gəlir. Əgər insan Allah qorxusundan məhrumdursa, onda onun mənəvi qüsurları aşkara çıxır və bu onu rüsvayçılığa və şərəfsizliyə məhkum edir. Bax buna görə libas Allahın möcüzələrindən biridir və insanlar onun sayəsində onlara fayda verənlə zərər vuranı bir-birindən ayıra bilir və öz mənəvi libaslarını sahmana salmaq üçün zahiri paltardan istifadə edirlər.
Sonra Fövqəluca Allah Adəmin nəslini şeytana itaət etməkdən çəkindirir ki, o, bəşəriyyətin ulu babasının başına gətirdiyini onların da başına gətirə bilməsin:


(7.27) “Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik”.

Ey Adəmin nəsilləri! Şeytan itaətsizliyi gözləriniz qarşısında bər-bəzəkli göstərir, sizi günah işlətməyə çağırır və itaət etməməyə ruhlandırır. Ona tabe olmayın, çünki o, sizin ulu valideynlərinizi Cənnətdən məhz bu üsulla çıxartmağa nail olmuşdu. Şeytan onları yüksək mövqelərindən məhrum etmiş və onları çox aşağı pilləyə salmışdı. İndi isə o, bu qayda ilə sizinlə davranmağa cəhd göstərir. O, sizi rahat buraxmır və əlindən gələni edir ki, sizi tovlayıb yoldan çıxartsın. Buna görə ondan çəkinin, onunla müharibə aparın və şeytanın sizə yaxınlaşa biləcəyi yolları yaddan çıxarmayın.
Həqiqətən, şeytan və cinlərdən olan iblislər yorulmadan sizi müşayiət edirlər və sizi elə yerlərdən müşahidə edirlər ki, orada onları görə bilmirsiniz. Onlara ancaq kafirlər lazımdır, çünki imanın yoxluğu – insanın iblislərə yaxınlığının rəhnidir. Fövqəluca Allah bu barədə belə buyurur: “Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət etmələri, Şeytanı özlərinə dost, havadar seçmələridir!)” (Nəhl, 16/99-100).


(7.28) “(Şeytanla dost olanlar) ədəbsizlik (bütpərəstlik adəti üzrə Kəbəni çılpaq təvaf) etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir” - deyirlər. (Ey Peyğəmbərim!) De: “Allah ədəbsizlik (yaramaz işləri) əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?”

Fövqəluca Allah müşriklərin yaramaz vəziyyəti haqqında xəbər verərək bildirir ki, onlar günah işlədərək deyirdilər ki, bunu etməyi onlara Allah tapşırmışdır. Onlar Kəbənin ətrafını lüt təvaf edər və digər çox çirkin hərəkətlərə yol verərək, deyərdilər: “Atalarımız belə edərdilər və Allahın Özü belə etməyi buyurub”. Onların iddiasının birinci hissəsi doğru idi, amma ikinci hissə müdhiş bir yalan idi. Onların yalanını ifşa etmək üçün Fövqəluca Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, belə desin: “Allah iyrənc hərəkətlər etməyə əmr vermir. Allahın kamilliyi və müdrikliyi alçaq hərəkətlər törətməyə hökm verməklə bir araya sığmaz, bu, istər sizin alçaq əməllərinizlə və ya digər günahlarla bağlı olsun. Doğrudanmı siz Allah haqqında bilmədiyiniz şeyləri danışacaqsınız? Bundan da dəhşətli böhtan ola bilərmi?”

(7.29) “De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə (namaz vaxtı) üzünüzü (bütlərə deyil, Ona tərəf və ya qibləyə) tutun. (Allah) dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!”

Allah zalımlıq etməyi buyurmaz. O, Ona ibadətdə və məxluqlarla qarşılıqlı münasibətdə ədalətliliyə riayət etməyi əmr edir. O, buyurur ki, insanlar həmişə Ona doğru can atsınlar və ibadət mərasimlərinin yerinə yetirilməsində səy göstərsinlər. Xüsusilə, bu namaza aiddir, çünki hər bir müsəlman onu qəlbi və vücudu ilə qılmalı, hər cür nöqsan və diqqətsizlikdən çəkinməlidir. O, həmçinin əmr edir ki, Ona şərik qoşulmadan səmimiyyətlə müraciət edilsin. Bu hökm həm insanın dua üçün Allaha müraciətinə və həm də Ona ibadət vasitəsi olan namaza şamil edilir. Əgər insan Ona namaz vasitəsilə ibadət edirsə, bundan mənfəət güdməməlidir. Bu halda insanın yeganə məqsədi Allaha ibadət və Onun mərhəmətini qazanmaq olmalıdır.
Allah insanları ilk dəfə yaratmış və onları öldükdən sonra hökmən dirildəcəkdir, çünki məxluqları yaratmağa qadir olan, onları hökmən yenidən də yarada bilər. Şübhəsiz ki, təkrar yaratmaq, ilk dəfə yaratmaqdan daha asandır.


(7.30) “(Allah) insanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə (haqq yoldan) azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər”.

Allah insanların bir qismini, onlara müvafiq əməllər işlətməkdə yardım göstərərək və onların yolu üstündəki maneələri aradan qaldıraraq, doğru yola yönəldir, digərlərini isə azdırır, çünki onlar özlərini azğınlığa salan və məhvə məhkum edən əməllər törədirlər. Onlar Allahı qoyub şeytanları özlərinə havadar və köməkçi tuturlar. Məlumdur ki, kim belə edirsə, mütləq açıq-aşkar azğınlığa düşür.
Onlar özləri Rəhmanın himayəsindən boyun qaçırır və şeytanın hamiliyinə üstünlük verirlər. Buna görə onlar Allahın yardımından məhrum edilirlər. Allah onların taleyini özlərinə həvalə edir və onlar nəhəng bir ziyana düşmüş olurlar. Lakin buna baxmayaraq, onlar elə güman edirlər ki, doğru yolla gedirlər, axı dünya onların gözündə artıq tərsinə çevrilmişdir və onlar qərara almışlar ki, həqiqət – yalan, yalan isə həqiqətdir.
Bu Quran ayələri dini hökmlərin və qadağaların Allahın müdrikliyinə tabe olmasını və qulların mənafelərinə xidmət etməsini təsdiq edir. Fövqəluca Allah xəbər verir ki, O, heç vaxt sağlam təfəkkürə zidd olan yaramaz əməllər törədilməsinə hökm vermir, çünki O, ədalətə riayət edilməsini və səmimi olmağı əmr edir.
Bu ayələr həm də onu sübut edir ki, insan düz yola təkcə Allahın mərhəməti sayəsində gəlir, azğınlığa isə, O, onu Öz köməyindən məhrum etdikdə, düşür. Bu isə, insan öz nadanlığı üzündən şeytanı özünə havadar götürdüyü və onu azğınlığa məhkum edən əməllər törətdiyi vaxt baş verir.
Bu ayələr həm də ona dəlalət edir ki, əgər azmış adam doğru yolla getdiyini hesab edirsə, bu ona heç də bəraət qazandırmır, çünki o düz yola gəlmək imkanına malik olduğu halda bunu etmir. Onun öz düzgünlüyünə əminliyi onun zalımlığının nəticəsidir, çünki o özü doğru yolu tapmaqdan boyun qaçırır.



(7.31) “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!”
( Burada Z. Bünyadovun və V. Məmmədəliyevin tərcüməsində verdiyim ayənin ərəbcəsində “zinətlərinizi sözü “gözəl libaslarınızı” ifadəsi ilə verildiyi üçün ayənin çevirisi ilə şərhin mətni arasında, ilk nəzərdə, müəyyən uyuşmazlıq hiss oluna bilər ki, bunu nəzərə almaq lazımdır. F.S.)

Adəmin nəsillərinə libas nazil etdikdən və onlar onun sayəsində öz lüt bədənlərini örtdükdən sonra, Fövqəluca Allah insanlara əmr edir ki, özlərinin ayıb yerlərini fərz və əlavə namazlar zamanı da örtsünlər. Ayıb yerlərinin örtülməsi insan bədənini bəzəyir, onların açıq olması isə onu eybəcərləşdirir.
Başqa bir şərhə görə, bu ayədə zinətləriniz sözü altında təmiz və gözəl libaslar nəzərdə tutulmuşdur. Deməli, müsəlman namaz qılan zaman nəinki örtülməli yerlərini örtməli və həm də çirkaba və nəcisə bulaşmamış təmiz və gözəl paltar geyməlidir.
Sonra Allah insanlara Onun məxluqlarını təmin etdiyi halal və təmiz nemətlərdən yeyib-içməyi əmr edir. Lakin bu zaman həddi aşaraq, orqanizmə zərər verə bilən çoxlu ərzaq sərf etmək və ya çox bahalı və zərif yeməli şeylər, içkilər və paltar almaq və yaxud haram məhsullardan yemək olmaz. Allah israfçı adamları sevmir, çünki israfçılıq Onun qəzəbinə səbəb olur və orqanizmə və insanın rifahına ziyan vurur və bəzi hallarda isə insanı vacib sədəqə vermək imkanından məhrum edir.
Bir sözlə, bu gözəl ayə ləzzətli xörəklərdən və içkilərdən istifadə etməyi əmr edir, yemək və içməkdən boyun qaçırmağı qadağan edir və bunların istifadə edilməsində israfçılığı yasaqlayır.


(7.32) “(Ey Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyaya iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), Qiyamət günündə (Axirətdə) isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir xalq üçün belə ətraflı izah edirik”.

Fövqəluca Allah bu ayədə ləzzət alınmasından Onun icazə verdiyi nemətlərdən istifadə olunmasını haram elan edən günahkarları qınayır. Cürbəcür gözəl libasları geyməyi və hər cür yeməklərdən və içkilərdən istifadə etməyi kim haram etmişdir? Allahın Öz qullarına əta etdiyi şeyləri insanlara haram etməyə kim cəsarət edir? Allahın qoymadığı məhdudiyyətləri qoymağa kim cəsarət edir?!
O, qullarına hər növ nemətlərdən zövq almağa və Ona daha yaxşı ibadət etmək üçün o nemətlərdən istifadə etməyə icazə vermişdir. Lakin onlardan istifadə etmək ancaq möminlərə icazə verilmişdir, çünki Allah bildirmişdir ki, dünya həyatında nemətlər onlar üçün təyin edilmişdir, Axirətdə isə bu nemətlər müstəsna olaraq təkcə onlara məxsus olacaqdır. Axirətdə heç kim möminlərin alacağı zövqünə şərik ola bilməyəcək.
Bu ayədən məlum olur ki, günah işlətmək üçün nemətlərdən istifadə edən kafirlər onlardan istifadə etmək haqqına malik deyillər və buna görə cəzalandırılacaqlar. Qiyamət günü başlandıqda onlar istifadə etdikləri bütün dünyəvi nemətlər haqqında sorğu-sual ediləcəklər. Allah ayələrini bilik sahiblərinə belə izah edir, çünki təkcə onlar Onun izahlarından faydalana bilirlər və qəti bilirlər ki, bu ayələr Allah tərəfindən nazil edilmişdir. Onlar ayələrin üzərində düşünür və onların mənasını dərk edirlər.


(7.33) “De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zina etmək, lüt gəzmək və s.), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur”.

Bu ayədə Allah bütün səmavi şəriətlərdə haram edilmiş günahkar əməlləri etməyin haram olunduğunu bildirir. O, çirkin əməllərə qurşanmağı (buraya nifrət doğuran ağır günahlar – zinakarlıq, homoseksuallıq və başqa bənzər günahlar aiddir) qadağan etmişdir. Çirkin əməllər sırasına açıq-aydın bədən hərəkətləri ilə törədilən əməllər və qəlbdə törədilən gizli əməllər daxildir. Sonunculara təkəbbürlülüyü, özündənrazı qalmanı, şöhrətpərəstliyi, münafiqliyi və digər belə günahları aid etmək olar.
Bundan başqa, Allah, insanın Onun qarşısında yerinə yetirməli olduğu vəzifələrinə laqeyd yanaşmaqla bağlı olan günahlara yol verməsini və beləliklə özünü cəzaya məhkum etməsini qadağan etmişdir. O, insanların həyatına, əmlakına və namusuna qəsd etməyi də haram etmişdir. Bir sözlə, insanlara Allah qarşısında və Onun qulları qarşısında öz öhdəliklərini pozmaq bütün hallarda haram edilmişdir.
İnsanlara barəsində Allahın heç bir dəlil nazil etmədiyi çoxallahlığa etiqad etmək qadağan olunmuşdu. Əksinə, nazil edilmiş ayələr təkcə Ona ibadət etməyin zəruriliyini təsdiq edirdi. Bu ayədə Allaha şərik qoşma dedikdə Onunla bərabər yaradılmışlara sitayiş etmək nəzərdə tutulur. Yəqin ki, bu həm də nümayişkərana ibadətə, Allahdan savayı başqasının adı ilə and içməyə və kiçik şirkin digər təzahürlərinə də aiddir.
İnsanlara həmçinin məlumatları olmadığı halda Allahın adları, sifətləri, əməlləri və hökmləri haqqında danışmaq qadağan olunmuşdu. Bütün hallarda bunu etmək qəti surətdə qadağan edilmişdi, çünki belə cinayətlər həm insana və həm də cəmiyyətə ziyan vurur. Onları etdikdə insan zalımlıq girdabına düşür, Allah qarşısında öz vəzifəsini kobudcasına pozur, məxluqların haqqına qəsd edir və Onun dinini təhrifə uğradır.


(7.34) “Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı (ölüm, tənəzzül və ya əzaba düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!”

Allah Adəmin nəsillərini yerə endirdi, onları orada yerləşdirdi və onlar üçün müəyyən bir müddət müəyyənləşdirdi ki, onu nə yaxınlaşdırmaq, nə də uzaqlaşdırmaq mümkün deyil. Nə bütöv xalqlar, nə də ayrı-ayrı insanlar buna qadir deyillər.

(7.35) “Ey Adəm oğulları! Sizə içərinizdən peyğəmbərlər gəlib ayələrimi söyləyən zaman Allahdan qorxaraq pis işlərdən çəkinib özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!”

(7.36) “Ayələrimizi yalan hesab edib onlara təkəbbürlə yanaşanlar isə cəhənnəmlikdirlər və onlar orada əbədi qalacaqlar!”

Allah Adəmin nəsillərini Cənnətdən çıxartdıqdan sonra, onlara elçilər göndərdi və Kitablar nazil etdi ki, onları sınaqdan keçirtsin. Elçilərə həvalə olunmuşdu ki, Vəhyləri insanlara oxusunlar və şəriət hökmlərini onlara izah etsinlər.
Allah bu barədə xatırlatdıqdan sonra, Allahın elçilərinin çağırışına cavab verənlərin üstünlüyü və həmçinin onların çağırışına cavab verməkdən boyun qaçıranların ziyana düşməsi haqqında xəbər verir. Kim bütpərəstlikdən, ağır günahlardan və kiçik xətalardan çəkinirsə və Allahın haram buyurduğu bütün şeylərdən özünü qoruyursa, kim qəlbən və bədən hərəkətləri ilə saleh əməllər işləyirsə, o, başqalarının qorxduğu, məşum hadisələrdən ehtiyat etməyə bilər və keçmişdə törətdiklərinə görə kədərlənməyə bilər. Həqiqətən də, əgər insan qorxu və kədərdən mühafizə edilirsə, onda o, tam əmin-amanlıq, xoşbəxtlik və əbədi uğur əldə etmişdir.
Allahın ayələrini təkəbbürlə inkar edən günahkarlar isə qəlbən onlara iman gətirməkdən və bədənləri ilə itaət etməkdən boyun qaçırdıqlarına görə mütləq Cəhənnəm əzabkeşləri olacaq və orada əbədi qalacaqlar. Onlar öz Rəbbinin ayələrinə etinasız yanaşdıqlarına və onları inadkarcasına inkar etməkdə davam etdiklərinə görə unudulacaq və əbədi işgəncəyə məruz qoyulacaqlar.


(7.37) “Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Kitabda (Lövhi-məhfuzda) yazılmış qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz (göndərdiyimiz mələklər) canlarını almaq üçün yanlarına gəldikdə: “Allahdan başqa ibadət etdiyiniz bütləriniz haradadır?” – deyincə: “Onlar bizi qoyub qaçdılar!” – deyə cavab verəcək və öz əleyhlərinə, kafir olduqlarına şahidlik edəcəklər”.

Allaha böhtan atanlardan, Ona şərik qoşanlardan, Onun qüsurları olduğunu deyənlərdən və Onun heç vaxt demədiyini Onun adından danışanlardan da günahkar adam yoxdur. Öz Rəbbinin haqqı izah edən və doğru yolu göstərən aydın ayələrini yalan adlandıranlardan daha günahkar bir adam yoxdur.
Onlar yerin gözəlliklərindən zövq alır və onlar üçün Lövhi-məhfuzda müəyyən edilmiş yer nemətlərindən istifadə edirlər, lakin bu onlara heç bir fayda verməyəcəkdir, çünki uzun sürməyən zövq alma uzunmüddətli cəza ilə əvəz ediləcəkdir.
İnsanların canını almaları tapşırılmış mələklər onların yanına gələrək, onları qınayacaqlar: “Əvvəllər səcdə etdiyiniz bütlər və heykəllər indi haradadır? Sizin onların köməyinə ehtiyacınız olduğu an gəlmişdir. Onlar sizə fayda verə biləcəklərmi və ya sizi şərdən müdafiə edə biləcəklərmi?” Günahkarlar belə cavab verəcəklər: “Onlar yoxa çıxdılar və bizi Allahın cəzasından heç qurumadılar”.
Onlar özləri özlərinin əleyhinə şəhadət verəcəklər və zalım olduqlarını və həqarətli, sonsuz cəzaya layiq olduqlarını etiraf edəcəklər.


(7.38) “(Allah Qiyamət günü onlara) buyuracaq: “Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!” Hər tayfa girdikcə (özündən əvvəlki) dindaşına və tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə orada (Cəhənnəmdə) toplandığı zaman sonra gələnlər (tabe olanlar) əvvəl gələnlər (tabe olduqları) barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat Cəhənnəm əzabı ver! (Allah) buyuracaq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!”

Mələklər kafirlərə deyəcəklər: “Sizdən əvvəl yaşamış cin və insanlarla birlikdə Cəhənnəmə girin! Siz eyni əməlləri etmişsiniz, kafirliyə etiqad etmiş və təkəbbürlü olmuşsunuz və buna görə də sizin hamınız Cəhənnəmdə rüsvay olmağa, məhvə və əbədi cəzaya layiqsiniz”.
Hər dəfə bir xalq Cəhənnəmə düşəndə, o, ona qohum olan xalqı lənətləyəcək. Fövqəluca Allah buyurur: “(İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəbbətə) görədir. Sonra da Qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz Cəhənnəm odu olacaq, özünüzə də (Allahın əzabından qurtarmağa) kömək edən kimsələr tapılmayacaqdır!” (Ənkəbut, 29/25).
Nəhayət, hamısı bir-birinin ardınca Cəhənnəmə girib orada toplanacaqlar. Onların arasında ilk və sonrakı nəsillərin nümayəndələri, rəhbərləri və onların müti ardıcılları olacaqdır. O zaman öz rəhbərlərinin ardınca itaətkarlıqla gedən günahkarlar onları azğınlığa aparanlardan Allaha belə şikayət edəcəklər: “Ey Rəbbimiz! Bizi yoldan çıxaran onların, öz çirkin cinayətlərini bizim gözümüz qarşısında bər-bəzəkli göstərmələri oldu. Onların Cəhənnəm əzabını ikiqat artır!” Allah isə belə buyuracaq: “Hər biriniz öz qismətinə düşən cəzanı alacaqdır!”


(7.39) “Əvvəl gələnlər isə sonrakılara: “Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. (Biz sizi günah işlərə məcbur etmədiyimiz, əksinə, siz onları könüllü surətdə gördüyünüz üçün hər ikimiz eyni əzaba düçar olmalıyıq). Buna görə də qazandığınız günahların cəzası olaraq dadın əzabı! – deyəcəklər”.

Kafirliyin öndərləri onların ardınca gələnlərə deyəcəklər: “Siz heç nə ilə bizdən yaxşı deyilsiniz. Biz birlikdə azğınlığa düşmüş və bizi cəzaya məhkum edən günahlara birlikdə yol vermişik. Sizi bizdən üstün edən nədir? Öz əməllərinizlə layiq olduğunuz əzabı dadın!” Buna baxmayaraq kafirliyin öndərləri və rəhbərləri sözsüz ki, onların yolu ilə itaətkarlıqla gedən günahkarlardan daha dəhşətli cəza alacaqlar. Bu isə müsəlman alimlərinin və rəhbərlərinin, onların saleh davamçılarına nisbətən daha gözəl mükafat alacaqları kimidir.
Fövqəluca Allah buyurur: “Törətdikləri fitnə-fəsada görə (insanları) Allah yolundan döndərən kafirlərin əzablarının üstünə bir əzab da artıracağıq!” (Nəhl, 16/88).
Bu və digər oxşar ayələr Allahın ayələrini inkar edən kafirlər əbədi əzab çəkəcəklərinə dəlalət edir. Amma şübhəsiz ki, onların cəzalarının həddi törətdikləri cinayətlərin, inadkarlıqlarının, zalımlıqlarının və yalanlarının ağırlığından asılı olacaqdır. Bu dünyada bir-birilərinə bəslədikləri məhəbbət və qayğıkeşlik Qiyamət gününün başlaması ilə düşmənçiliklə və qarşılıqlı lənətləmələrlə əvəz olunacaq.

(7.40) “Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara (müşriklərə və kafirlərə) belə cəza veririk!”

Fövqəluca Allah bu ayədə Onun ayələrini rədd edənlər və onlara iman gətirməkdən boyun qaçıranlar üçün hazırlanmış cəza barəsində xəbər verir. Onlar aydın və inandırıcıdır, lakin kafirlər təkəbbürlə özlərini ayələrdən yüksək tutur və onlardan irəli gələn hökmləri rəhbər tutmaqdan imtina edirlər. Bundan başqa, onlar ayələri yalan adlandırır və onlardan üz döndərirlər. Buna görə onlar xeyirli sonluğa olan ümidlərini itirəcəklər.
Onlar öldükdə səma qapıları onların ruhları qarşısında açılmayacaq. Mələklər onlarla birlikdə göyə ona görə qalxacaqlar ki, Allahın dərgahına daxil olsunlar və xahiş edəcəklər ki, səma qapılarında keçməyə icazə verilsin, lakin onlara rədd cavabı veriləcək. Dünya həyatında onlar Allaha iman səviyyəsinə qalxa bilmədilər, onu dərk edib, sevə bilmədilər və buna görə də ölümdən sonra onlar Onun yanına qalxa bilməzlər. Həqiqətən, əvəz həmişə işlədilmiş əməllərə uyğun gəlir.
Bu ayədən aydın olur ki, səma qapıları Allahın hökmlərini itaətkarlıqla yerinə yetirən və Onun ayələrinə iman gətirmiş möminlərin ruhu qarşısında taybatay açılacaqdır. Onlar Onun dərgahına qalxa və ora – Allahın icazə verəcəyi yerə girə biləcəklər. Onlar Onun yaxınlığından zövq ala və Onun lütfkarlığını qazana biləcəklər.
Quran müddəalarından biri olan Cəhənnəmdə əzab çəkənlər, dəvə iynənin deşiyindən keçdikdə, Cənnətə girəcəklər ifadəsinə gəldikdə isə bu bir hadisəni digər bir misli görünməmiş hadisə ilə bağlamağın nümunəsidir. Dəvə ən iri heyvanlardan biridir, iynənin dəliyi isə ən kiçik və ən dar məxluqdur. Nəzərə alınsa ki, dəvə heç vaxt iynənin dəliyindən keçə bilməz, onda Allahın ayələrini inkar edən kafirlər həmçinin heç vaxt Cənnətə girə bilməzlər. Fövqəluca Allah belə buyurur: “Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!” (Maidə, 5/72). Allah tez-tez günah işlədənləri və yol verilən sərhədləri pozanları belə cəzalandırır.


Tarix: 20.04.2013 / 14:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 571 Bölmə: Sureler
loading...