(1) Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Bu o deməkdir ki, mən Allahın adı ilə başlayıram. Bu söz birləşməsinin lüğəti təhlilindən aydın olur ki, burada Uca Rəbbin bütün gözəl adları nəzərdə tutulur.
Allah – bu adlardan biridir və “O, İlahiləşdirilən, İbadət Edilən, Tək, Öz ilahi – kamil və nöqsansız sifətlərinə görə ibadətə layiq olan Rəbdir”.
Gözəl Mərhəmətli və Rəhmli adları Onun böyük rəhmdilliyinin dəlilləridir ki, hər şeyi və hər varlığı əhatə edir. Allahın təqva sahibi olan və Onun peyğəmbərlərinin və elçilərinin yolu ilə gedən qulları tam mənada Allahın rəhmi ilə mükafatlandırılacaqlar. Bütün digər məxluqlar isə Allahın mərhəmətinin ancaq bir qismini alacaqlar.
Nəzərə almaq lazımdır ki, sələflərdən olan bütün din alimləri Allaha və Onun ilahi sifətlərinə iman gətirməyin zəruri olması haqqında yekdil idilər. Allah – Mərhəmətli və Rəhmlidir, yəni, qullarında təcəssüm edən rəhm sahibidir. Bütün nemətlər və savablar Onun mərhəməti və rəhminin saysız-hesabsız təzahürlərindən biridir. Eyni tərifi Allahın qalan adları haqqında da demək olar. O hər şeyi biləndir, yəni, bütün məxluqat haqqında biliyə malikdir. O hər şeyə qadirdir, yəni, qüdrət sahibidir və bütün məxluqat üzərində hökmrandır.
(2) “Həmd olsun Allaha – aləmlərin Rəbbinə!”
Bu, Allahın, kamil sifətlərinə və əməllərinə görə tərifləndiyi sözlərdir. O, bunları ya Öz mərhəməti, ya da ədaləti üzrə həyata keçirir. Həmd bütünlüklə Ona məxsusdur və O, bu tərifə tam layiqdir. O, təklikdə bütün aləmlərə hökmranlıq edir. Allahdan başqa bütün varlıqlar bu aləmlərə aiddir. O, Kainatı yaratmış, onun sakinlərini yaşamaq üçün vacib olan vasitələrlə təmin etmiş və onları geniş səxavəti ilə himayəsinə götürmüşdür. Onun himayəsindən məhrum olanlar yaşaya bilməzlər. Məxluqlarına iltifat etdiyi bütün nemətlər Uca Allahın hədiyyəsidir.
Uca Allahın hökmranlığı iki formamdadır: ümumi və xüsusi. Ümumi hökmranlıq – Onun məxluqları yaratmasında, onlara ruzi verməsində və doğru yol göstərməsində təzahür edir və buna müvafiq olaraq onlar bu dünyada öz yaşayışını qururlar. Xüsusi hökmranlıq isə, Allahın Öz sevimli qullarını dindarlıq ruhunda tərbiyə etməsində, iman gətirib, imanlarını təkmilləşdirmələrində onlara kömək etməkdə, onları doğru yoldan azdıra və Ondan uzaqlaşdıra bilən hər şeydən qorumaqda özünü göstərir. Bu hökmranlığın mahiyyəti ondan ibarətdir ki, Allah Öz qullarına hər hansı xeyirxahlığa doğru yolu asanlaşdırır və onları hər cür şərdən saxlayır. Ola bilsin ki, məhz buna görə, peyğəmbərlər çox vaxt öz dualarında Allahı özlərinin Rəbbi adlandırırdılar. Əslində, bu insanların məqsədi Allahın yalnız xüsusi hökmranlığı ilə bağlı idi.
Bu ayədə Uca Allah Özünü Aləmlərin Rəbbi adlandırır və bununla da vurğulayır ki, O tək yaradır, idarə edir və nemət verir. O zəngindir və Öz yaratdıqlarına ehtiyacı yoxdur. Əksinə, bütün yaradılmışlar Ona möhtacdır və hərtərəfli Ondan asılıdırlar.
(3) “Mərhəmətli və Rəhmli Olana,
(4) Din gününün Sahibinə!”
Hökmdar – səltənəti və hakimiyyəti Olandır və buna uyğun olaraq hökm verməyə və qadağalar qoymağa, mükafatlandırmağa və cəzalandırmağa, Öz tabeliyində olanları hökmü altında saxlamağa tam haqqı vardır. Əsil hakimiyyətin kimə mənsub olması xeyir və şərin əvəzinin veriləcəyi Gün aydın olacaqdır. Bu – Qiyamət gününün vəsflərindən biridir. Həmin gün insanlar öz xeyirli və bəd əməllərinin əvəzini alacaqlar. Məhz həmən gün Allahın yaratdığı məxluqlar Allahın hakimiyyətinin möhkəmliyini, Onun ədalətinin və müdrikliyinin kamilliyini aydın görəcəklər. Onlar əvvəllər olduqları hər şeyi itirəcəklər. Hökmdarlar və onların təbəələri, kölələr və azad insanlar – hamısı Rəbbin qarşısında bərabər, Onun əzəmətinə itaətkar və Onun qüdrəti önündə müti olacaqlar. Onlar Onun hökmünü gözləyəcək, Onun əcrini arzulayacaq və Onun intiqam alacağından dəhşətə gələcəklər. Bax buna görə Allah Özünü xeyir və şərin əvəzinin veriləcəyi Günün Hökmdarı adlandırmışdır, halbuki Onun hakimiyyəti bütün zamanları əhatə edir.
(5) Təkcə Sənə ibadət edirik və təkcə Səndən yardım diləyirik”.
Bu o deməkdir ki, biz təkcə Sənə ibadət edir və təkcə Səndən yardım istəyirik. Ərəb dilinin qrammatikasına uyğun olaraq, əvəzlik felin qarşısında durarsa, hərəkət, heç bir başqasına deyil, məhz ancaq xatırlanan şəxsə aid edilir. Buna görə şərh etdiyimiz ayə aşağıdakı mənanı daşıyır: biz Sənə ibadət edirik və başqa heç kimə ibadət etmirik, kömək üçün Sənə dua edirik və başqa heç kimə kömək üçün dua etmirik.
İbadət, kömək üçün duadan əvvəl yad edilmişdir və bu ifadə xüsusinin ümumiyə daxil edilməsinin nümunəsidir, çünki sadalanarkən ümumi olanı xüsusidən əvvəl qeyd etmək qəbul olunmuşdur. Bununla yanaşı sözlərin bu qaydada ardıcıllığı göstərir ki, Uca Allahın haqqı Onun qullarının haqqından üstündür.
İbadət – həm qəlbən və həm də bədənlə yerinə yetirilən və Allahın sevdiyi və bəyəndiyi bütün sözləri və əməlləri əhatə edən anlayışdır. Yardım haqqında dua – Uca Allaha, xeyir verməsi və şərdən qoruması üçün, yalvarışla yönəldilən və mütləq gerçəkləşəcəyinə inam bəslənilən müraciətdir.
Məhz ibadət və kömək haqqında dua əbədi xoşbəxtlik əldə etməyin və hər cür bəladan xilas olmağın həqiqi vasitəsidir. Bundan özgə bir qurtuluş yolu yoxdur. Bax elə buna görə də çox vacibdir bilək ki, ibadət ancaq Allah üçün Onun Elçisinin (s. ə. s) Sünnəsinə tam uyğun olaraq yerinə yetirildikdə öz əsil mənasını kəsb edir. Bu iki şərti yerinə yetirmədikdə heç bir ibadətin mənası olmaz.
Kömək haqqında duanın ibadət formalarından biri olmasına baxmayaraq Uca Allah onun barəsində ayrıca qeyd etmişdir. Çünki hər hansı mərasimi yerinə yetirəndə Allahın qulu öz Rəbbinin köməyinə möhtac olur. Onun yardımı olmadan insan heç vaxt Allahın hökmlərini qüsursuz icra edə və günahlardan çəkinə bilməz.
(6) “Bizi doğru yola yönəlt –”
Bu: bizə doğru yol göstər, ona yönəlt və o yolla getmək üçün kömək et, deməkdir. Bu aydın yol Allaha doğru aparır və Cənnətdə sona çatır. Bu yolu keçmək isə, haqqı dərk edənə və əməllərində onu rəhbər tutana müyəssər olacaqdır.
Bu, həm də o deməkdir ki: bizi doğru yola yönəlt və bizi o yolla apar. Birinci, İslama tərəf döndərilməyi və bütün başqa dinlərdən əl çəkməyi, ikinci isə, dini qanunları öyrənməyi və onları təcrübədə həyata keçirməyi nəzərdə tutur. Bu dua, İslamda ən faydalı, dərin və hərtərəfli dualardan biridir. Allah insanlara namazın hər rükətində bu sözlərlə Ona dua etməyi buyurmuşdur. Çünki hər bir insan Allahın köməyinə möhtacdır.
(7) ““qəzəbinə düçar olmuşların və azmışların deyil, nemət verdiklərinin yoluna!”
Düz yol – Uca Allahın nemət bəxş etdiyi peyğəmbərlərin, doğru danışan möminlərin, şəhidlərin və təqvalıların yoludur. Bu, həqiqəti bildikdən sonra ondan üz çevirmişlərin və buna görə Onun qəzəbinə düçar olmuşların yolu deyildir. Məhz bu qismət yəhudilərə və onlara oxşayanlara nəsib olmuşdur. Bu, xristianlar və onlara oxşayanlar kimi, öz nadanlığı və yanlışlığı üzündən haqdan üz çevirərək azmışların da yolu deyildir.
Özünün ifadə və üslub yığcamlığına baxmayaraq, bu surə özündə, Quranın o biri surələrində olmayan şeyləri ehtiva edir. Onda tövhidin üç tərkib hissəsi əks olunmuşdur. Tək Allahın hökmranlığına iman “aləmlərin Rəbbi” sözləri ilə ifadə edilmişdir. Ancaq Allahın ibadətə layiq olmasına iman, “Allah” adının özündə və “Təkcə Sənə ibadət edirik və təkcə Səndən yardım diləyirik” sözləri ilə bildirilir. Təkcə Allahın gözəl adların və kamil sifətlərin sahibi olmasına iman gətirilməsi “Əlhəmdulillah” (Allaha həmd olsun) sözlərindən irəli gəlir ki, bu barədə öncə bəhs etmişdik. Tövhidin bu tərkib hissəsi Uca Allahın Özünün təsvir etdiyi və Muhəmməd Peyğəmbərin (s. ə. s) Onu təsvir etdiyi bütün ad və sifətlərinə iman gətirməyi nəzərdə tutur. Eyni zamanda, Allahın sifətlərinin həqiqi mənasını dəyişmək və onları məxluqların sifətlərinə oxşatmaq yolverilməzdir.
Bu surədə Muhəmmədin (s. ə. s) peyğəmbərliyinin gerçəkliyinin dəlilləri vardır. Onlar “Bizi doğru yola yönəlt” sözlərində öz əksini tapmışdır. Həqiqətən, Peyğəmbərin (s. ə. s) şəriəti olmasaydı, bu mümkün olmazdı.
“Din gününün Sahibi” ifadəsində, insanların etdikləri əməllərə görə əvəzini hökmən alacaqlarına göstəriş vardır. Bu əvəz ədalətlə veriləcəkdir, çünki “din” (“əvəz”) sözü məhz ədalətli qarşılıq verilməsini nəzərdə tutur.
Surə həmçinin qədərilərin və cəbbarilərin yanlış görüşlərini ifşa etməklə, insanların seçim haqqı olmasına baxmayaraq, mövcud olan hər şeyin Allahın qədərinə müvafiq baş verdiyini təsdiq edir. Bundan başqa surədə bütün bidət və zəlalət tərəfdarlarının nəzəriyyələri təkzib edilir, çünki “Bizi doğru yola yönəlt” sözləri müsəlmanları haqqı dərk etməyə və onları öz əməllərini lazımi qaydada yerinə yetirməyə yönəldir. Bidət, dində yenilikçilik və zəlalət tərəfdarlarının hər biri isə, hökmən düz yoldan üz çevirirlər.
Bununla yanaşı, bu surədə Uca Allaha səmimiyyətlə qulluq etməyə və kömək üçün yalnız Ona dua etməyə çağırış vardır. “Təkcə Sənə ibadət edirik və təkcə Səndən yardım diləyirik” ayəsinin mənası da bundadır. Həmd yalnız aləmlərin Rəbbi Allaha məxsusdur!
Tarix: 20.04.2013 / 16:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 350 Bölmə: Sureler