Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 131-140 Ayələr

(131) “Göylərdə və yerdə nə varsa Allaha məxsusdur. Biz sizə qədər Kitab əta edilmiş şəxslərə və həmçinin sizə əmr etmişdik ki, Allahdan qorxasınız. Siz iman gətirməsəniz, bilin ki, göylərdə olanlar da, yerdə olanlar da Allaha məxsusdur. Allah Zəngindir və Həmdolunandır”.

Uca Allah bu ayədə bildirir ki, Onun hakimiyyəti bütün varlıqlara aiddir və O, kainatda gedən bütün prosesləri Öz qədərinin və dininin qanunları üzrə idarə edir. Dininin qanunlarına görə Allah insanların birinci və sonuncu nəsillərinə, bundan əvvəlki Kitabların və sonuncu Vəhyin bütün ardıcıllarına təqvaya etiqad etməyi tapşırmışdır. O, onlara hökmlər və qadağalar nazil etmiş, onlar üçün qanunlar qoymuş və onlara riayət edənlərə mükafat verəcəyini və etinasızlıq göstərənlərə və onları unudanların hər birini isə məşəqqətli cəzaya məruz qoyacağını vəd etmişdir.
Əgər insanlar iman gətirməkdən boyun qaçırsalar, təqvalı olmasalar və Allahın iradəsinə zidd olaraq saxta tanrıçalara sitayiş etsələr, onlar özlərindən başqa heç kimə ziyan gətirməzlər. Onlar Allaha bir qətrə də olsa zərər vura bilməzlər və Onun hakimiyyətini isə sarsıda bilməzlər, çünki Onun daha ləyaqətli, daha qüdrətli və daha çoxsaylı qulları vardır ki, onlar Ona itaət edir və Onun əmrlərini yerinə yetirirlər. Məhz buna görə, Allah buyurur ki, insanlar iman gətirməkdən boyun qaçırsalar belə, onsuz da göylərdə və yerdə olanlar Ona məxsusdur.
Onun gözəl adları arasında – Zəngin və Ehtiyacsız adları haqqında. O, mütləq mərdliyə və hər şeyi əhatə edən xeyirxahlığa sahibdir ki, bunun mənbəyi də İlahi mərhəmətinin xəzinəsidir. Bu xəzinə gecə-gündüz ardı-arası kəsilməyən zəngin hədiyyələr və bol bəxşişlər verilməsindən azalmır. Əgər göylərin və yerin birincidən sonuncuya qədər olan bütün sakinləri bir yerə yığışaraq Allahdan onların bütün istəklərini yerinə yetirməsini istəsəydilər, bu, Allahın varını qətiyyən azaltmazdı, çünki O, Səxavətli, Zəngin və Şanlı Rəbdir. Ona bir söz bəs edir ki, quluna hədiyyə etsin və ya onu cəzaya məruz qoysun. O, bir şeyi istədikdə, “Ol!” deyən kimi, o da olur.
Onun var-dövlətinin kamilliyi və heç nəyə möhtac olmaması Onun qüsursuz keyfiyyətlərində özünü büruzə verir. Əgər O, heç olmazsa kiçicik bir nöqsana da malik olsaydı, o, özünü göstərərdi. Lakin bu baş vermir, çünki Onun bütün keyfiyyətləri mütləq qüsursuzluqdur. Onun zənginliyinin və özünəbəsliyinin mükəmməlliyi də özünü Onun kainatı idarə etməsində Ona yardım edə biləcək zövcəsinin, uşağının, şərikinin, köməkçisinin olmamasında göstərir. Onun zənginliyinin və özünəbəsliyinin mükəmməl olmasının bir təzahürü də Ona olan kəskin ehtiyacdır ki, ali və aşağı aləmlərin bütün sakinləri istənilən şəraitdə və bütün işlərində bunu öz üzərində hiss edirlər. Onlar kiçikdən böyüyə qədər Ona yalvararaq öz ehtiyaclarını təmin etməsini diləyirlər, Allah da onların xahişlərini yerinə yetirir, onlara var-dövlət verir, onlara mərhəmət göstərir və onları düz yola yönəldir.
Allahın bir gözəl adı da Həmdolunandır . Bu ad onu göstərir ki, Allah tərifə, sevgiyə, şöhrətə və ehtiram edilməsinə yeganə layiq Olandır, çünki O, tərifəlayiq vəsflərlə, gözəllik və əzəmət keyfiyyətlərinə malikdir. Həm də O, yaratdıqlarına bol hədiyyələr bəxş edir və bu da onu bildirir ki, O, istənilən şəraitdə həmd edilməyə (təriflənməyə) layiqdir.
Allahın iki gözəl Zəngin və Həmdolunan adları necə füsunkardır! O, özünəbəs və hər cür tərifə layiqdir. O, mütləq zənginliyə malikdir və ən yüksək tərzdə həmd olunmağa layiqdir, bu keyfiyyətlərin vəhdəti isə Ona daha bir kamillik bəxş edir.


(132) “Göylərdə olanlar da, yerdə olanlar da Allaha məxsusdur. Allahın Hami və Qoruyan olması kifayətdir”.

Allah Öz hakimiyyətinin göylərə və yerə aid olduğunu xatırladır və O, bütün varlıqlara sərəncam çəkir. Bu o deməkdir ki, O, bütün məxluqlar haqqında məlumata malikdir, Öz hikmətinə əsaslanaraq bütün gedən və baş verən prosesləri idarə edir. Həqiqətən, bu keyfiyyətlər işlərə sərəncam çəkənlərin kamilliyini xüsusilə vurğulayır. Sərəncamçı ona sərəncam çəkməsi üçün etibar edilmiş şeylər haqqında biliklərə, qüvvəyə və zəruri qərarlar qəbul etmək və onları həyata keçirmək bacarığına malik olmalı, həm də qəbul etdiyi qərarlar müdrik və faydalı olmalıdır. Əgər o, sadalanan keyfiyyətlərə tam mənada malik deyilsə, onda bu açıq-aydın qüsurdur. Amma Uca Allah hər hansı qüsurdan uzaqdır, axı O, Özübəs və Tərifəlayiqdir. O, kamil qüdrətə, nöqsansız istedadlara malikdir və istənilən arzunu həyata keçirə bilər.

(133) “Ey insanlar! Əgər O istəsə, sizi yox edib, yerinizə başqalarını gətirər. Allah buna qadirdir!”

Əgər Allaha lazım olsa, O, bir qisim insanları məhv edib, onların əvəzinə başqalarını gətirər, onlar da Ona əvvəlkilərdən daha yaxşı itaət edərlər. Allah bu sözləri ilə kafirliyə etiqad edənləri və Ondan üz döndərənləri sərt şəkildə təhdid edir. O, Ona itaətdən boyun qaçıran insanlarla hesablaşmır. O, onları cəzalandırmağa da tələsmir və onlara möhlət verir, lakin onları heç vaxt unutmur.

(134) “Kim ki, bu dünyada mükafat istəyir, bilsin ki, Allahın həm bu dünya və həm də Axirət üçün mükafatı vardır. Allah Eşidəndir və Görəndir”.

Allah ayədə xəbər verir ki, əgər insanın niyyətləri və fikirləri o dərəcədə alçalaraq təkcə bu dünya ilə bağlılığı qalmışdırsa və Axirət həyatı haqqında düşünmürsə, onda o, uzaqgörən adam deyil və onun məqsədi məhduddur. Özünün bütün cəhdlərinə baxmayaraq, o, onun üçün müəyyən olunmuş maddi nemətlərdən artığını əldə edə bilməyəcəkdir, çünki Allah bütün yaradılmışların Vahid Hökmdarıdır. Bu dünyada və Axirət həyatında mükafatları O paylayır. Qoy insanlar Ona yalvarsınlar ki, onları hər iki dünyada mükafatla təltif etsin və onlara bu işdə kömək olsun, axı onlar Ona itaət etmədən Allahın nemətlərini əldə edə bilməyəcəklər. Onlar yerdə yaşadıqları və ölümdən sonrakı həyatda Ona yardım göstərməsi haqqında dua etməsələr və özlərinin Ona daima möhtac olduqlarını dərk etməsələr xoşbəxtliyə nail ola bilməyəcəklər.
Allah İlahi hikmətinə əsaslanaraq ya düz yola yönəldir, ya da Öz köməyini əsirgəyir, ya nemətlər bəxş edir, ya da mərhəmətindən məhrum edir. Məhz buna görə Allah bu ayəni Özünün gözəl adları olan Eşidən və Görənlə sona yetirir.

(135) “Ey iman gətirənlər! Allahın hüzurunda şəhadət verərkən, hətta şahidliyiniz sizin əleyhinizə və ya valideynlərinizin əleyhinə və yaxud da yaxın qohumlarınızın əleyhinə də olsa, ədaləti müdafiə edin. Şahidlik etdiyiniz varlı və ya kasıb olsa da, Allah hər ikisinə sizdən daha yaxındır. Ədalətdən geri çəkilməmək üçün istəklərinizə yol verməyin. Əgər siz yalan desəniz və ya haqdan boyun qaçırsanız, bilin ki, Allah sizin etdiklərinizdən agahdır”.

“Qəvvam” (möhkəm, mətin) sözü qabartma formasıdır. Bu o deməkdir ki, Uca Allah Öz mömin qullarına istənilən şəraitdə ədalətlilik məsələsində mətin olmağı əmr edir. Burada ədalətlilik dedikdə, Allahın və Onun qullarının qarşısında öz vəzifələrini dönmədən yerinə yetirmək nəzərdə tutulur. Allahla münasibətlərində ədalətliliyə riayət etmək üçün insan Allahın səxavətindən günah işlətmək üçün istifadə etməməli, ondan ancaq Allaha xoş olan əməlləri yerinə yetirmək üçün istifadə etməlidir. İnsanlarla münasibətlərində ədalətliyə riayət etmək üçün o, onların qarşısında öz vəzifələrini, onlardan öz vəzifələrini özünün qarşısında yerinə yetirmələrini tələb edəcəyi kimi, icra etməlidir. O, onun himayəsində olanları maddi cəhətdən təmin etməli, vacib ianələr və borclarını verməli, adamlarla ünsiyyətdə, onların onunla necə rəftar etmələrini istədiyi kimi, davranmalıdır, yüksək əxlaqi keyfiyyət göstərməli, ona göstərilən xidmətlərə görə minnətdarlığını bildirməli və b.
Ədalətliliyin ən böyük təzahürlərindən biri sözlərə və onları söyləyənlərə qarşı qərəzsiz münasibət bəsləməkdir. İnsan çəkişən iki tərəfdən hər hansı birinə qohumluq əlaqələrinə və ya şəxsi rəğbətinə görə üstünlük verməməlidir. Əksinə, o, hər iki tərəfin mövqeyinə ədalət müstəvisindən yanaşmalıdır.
Ədalətliliyin daha bir təzahürü, necə olmasından asılı olmayaraq, hətta o sevimli insanların və ya şahidin özünün əleyhinə olsa belə, doğru şahidlik etməkdir. Bax, məhz buna görə Allah ədalətlə şahidlik etmək, (hətta bu şəhadət insanın öz əleyhinə, valideynlərinin və ya yaxın qohumlarının əleyhinə olsa belə) hökmü vermişdir. Müqəssirin varlı və ya kasıb olmasından asılı olmayaraq, onu təkcə Allah ən yaxşı tərzdə müdafiə edə bilər. Buna görə, insanlar varlıların tərəfini onların varına görə saxlamamalı, kasıbların tərəfini də, onlara ürəkləri yandığına görə saxlamamalıdırlar. Əksinə, onlar, kimin əleyhinə yönəlməsindən asılı olmayaraq, həqiqi şəhadət gətirməlidirlər.
Ədalətə möhkəm tərəfkeş olmaq möminliyin, təqvalılığın və dindarlığın ən əlamətdar dəlillərindən biridir və əgər qul doğrudan da özü üçün xeyir arzu edirsə və xilas olmaq istəyirsə, bu şərtlərə xüsusi diqqət yetirməli, onu həmişə yadda saxlamalı, onu öz düşüncələrinin obyekti etməli və ədalətə doğru can atmasının və ya ona riayət etməsinin qarşısını alan nə varsa, özünü onlardan azad etməlidir. Ədalətə doğru yolda ən böyük maneənin alçaq hisslərə yol verməyin olduğunu nəzərdə tutaraq, Allah insanlara, ədalətdən geri çəkilməmələri üçün öz istəklərinə tabe olmağı qadağan etmişdir.
İnsanlar həqiqətə zidd olan ehtiraslarına güzəştə getməməlidirlər, çünki əgər onlar belə etsələr hökmən haqdan dönərlər və qərəzsiz olmazlar. Bunun səbəbi isə ondadır ki, istəklər ya insanı uzaqgörənlikdən məhrum edir və sonra da o, həqiqəti yalan, yalanı isə həqiqət hesab etməyə başlayır, ya da onu şüurlu surətdə həqiqətədən imtina etməyə vadar edir. Lakin əgər insan özünü öz ehtiraslarından qoruyarsa, onda Allah ona düzgün hərəkət etməyə kömək göstərər və onu doğru yolla aparar.
Ədalətliliyin müsəlmanların vəzifəsi olduğunu izah etdikdən sonra, Uca Allah şahidlik edərkən və digər hallarda dillə həqiqətin təhrif olunmasını qadağan edir. Allah gerçək olanı həm tamamilə və həm də qismən təhrif etməyə qadağa qoyur və bu qadağa yalan şahidliyə, natamam şəhadətə və ya hadisələrin yanlış təsvirinə də aid edilir. Məhz bu, dili əzib-büzmək və həqiqətdən yayınmaq adlanır. Allah həmçinin, ədalət insana bir vəzifə kimi həvalə olunduğu üçün, ona ondan yayınmağı qadağan edir. Bu o deməkdir ki, şahid şəhadət verməkdən boyun qaçıra bilməz, hakim isə verməli olduğu hökmün verilməsindən imtina edə bilməz.
Allah insanların gördükləri hər işi Öz elmi ilə ehtiva edir və onların aşkar və gizli fəaliyyətlərindən xəbərdardır. Bu barədə xatırlatma yalan söyləyən və öz vəzifəsindən yayınan insanlara qorxunc bir xəbərdarlıqdır. Bu isə o deməkdir ki, o, daha çox şüurlu surətdə həqiqət olmayan ittihamnamələr çıxardan və ya yalan şəhadət verənlərə şamil edilir. Bu cinayətlər, iki əvvəlkindən daha ağırdır, çünki əvvəlki əməllər sadəcə həqiqətdən yayınma olduğu halda, bunlara yalanın təsdiq olunması da əlavə olunur.


(136) “Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Öz Elçisinə nazil etdiyi Kitaba və əvvəllər nazil etdiyi Kitablara iman gətirin! Kim də Allaha, Onun mələklərinə, Onun Kitablarına, Onun elçilərinə Qiyamət gününə iman gətirməyibsə, o, dərin azğınlığa düşmüşdür”.

Bilmək lazımdır ki, dini hökmlər iki növ olur. Onların bəziləri müəyyən olunmuş hökmləri yerinə yetirməyən və ya müvafiq keyfiyyətlərə malik olmayan insanlara yönəldilənlərdir. Bu halda onlara bu hökmləri yerinə yetirmək əmr olunur. Bu qrupa kafirlərə yönəldilmiş iman gətirmək əmri daxildir. Uca Allah buyurur: “Ey Kitab verilənlər! ...Bizim sizdə olanı təsdiq etmək üçün nazil etdiyimizə iman gətirin!...” (Nisa, 4/47).
Digər hökmlər müəyyən hökmləri yerinə yetirən və müvafiq keyfiyyətlərə malik olan insanlara ünvanlanmışdır. Bu hökmlər onların mənimsədiklərini təkmilləşdirmələri və hələ nail olmadıqlarını isə əldə etmələri üçün təyin olunmuşdur. Buna misal olaraq bu ayədə xatırlanan və möminlərə ünvanlanan Allaha iman gətirmək haqqında hökmü göstərmək olar.
O hökm göstərir ki, iman sahibləri öz imanlarını təkmilləşdirməli, səmimiyyətini və həqiqətsevərliyini artırmalı, qüsurlu əməllərdən uzaq olmalı və günahları üçün tövbə etməlidir. O həm də bildirir ki, hər bir mömin yeni dini biliklər qazanmalı və əvvəllər etmədiyi xeyir işlər görməlidir, çünki əgər o, müqəddəs nassları eşidibsə, mənasını anlayıbsa və ona iman gətiribsə, onda o, onları yerinə yetirməlidir. Bu, qəlbin və vücudun bütün əməllərinə aiddir, çünki onların hər biri imanın tərkib hissələrindəndir. Bu, çoxsaylı naslar və əksər İslam alimlərinin yekdil rəyi ilə təsdiq olunur. Bu həmçinin onu bildirir ki, mömin ölüm anı gələnədək yorulmadan daima bu yolla getməli və möhkəm olmalıdır. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və müsəlman olaraq ölün!” (Ali İmran, 3/102).
Allah Ona, Onun elçilərinə, Qurana və ondan əvvəlki Müqəddəs Kitablara iman gətirməyi əmr etmişdir. Bunlara iman gətirmək vacibdir, çünki qul o halda mömin ola bilər ki, özündə bütün bu keyfiyyətləri birləşdirə bilsin. Dindar hələ daha təfsilatlı biliklər əldə edənə qədər bunlara bütövlükdə iman gətirməlidir, əgər o, həmin bilikləri artıq əldə etmişsə, onda o, hər bir konkret müddəaya iman gətirməlidir. Belə imana sahib olan hər hansı bir şəxs, düz yolla irəliləyir və hökmən uğur qazanacaqdır. Lakin insan Allaha, Onun mələklərinə, Onun Kitablarına, Onun elçilərinə və Qiyamət gününə iman gətirməkdən boyun qaçırırsa, o, dərin bir azğınlığa düşmüş olur. Doğru yoldan yayınaraq məşəqqətli cəzalanmaya aparan yola düşən kəsdən daha azğın kim ola bilər?!
Bilmək lazımdır ki, bu ayədə sadalanan şeylərdən birini inkar etmək, sadalananların hamısına birdəfəliyə iman gətirməməyə bənzərdir, çünki bu müddəalar bir-biri ilə sıx bağlıdır və buna görə, onlardan birini qəbul edib digərini rədd etmək olmaz.

(137) “Həqiqətən, Allah, iman gətirdikdən sonra kafir olanları, sonra yenə iman gətirdikdən sonra, bir daha kafir olanları bağışlamayacaq və onları doğru yola yönəltməyəcək”.

Əgər insan dəfələrlə haqq dini qəbul etdikdən sonra, ondan üz döndərirsə, doğru yola gəldikdən sonra, yenidən azğınlığa yuvarlanırsa, gözü açılır, sonra yenə də haqqı görməkdən məhrum olursa, əgər o, mömin olduqdan sonra yenə kafirliyə qayıdırsa və ona etiqad edirsə və hətta öz bədbəxtliyini artırırsa, onda o, Allahın yardımından, etibarlı rəhbərlikdən və əfv olunmaqdan sonsuzluğa qədər uzaqdır. Bu onunla izah edilir ki, o, elə addımlar atır ki, onlar özlüyündə onun bağışlanması yolunda ən nəhəng maneələrdir. Kafirlik ona düçar olmuş bəlaya və onun ayrılmaz xassəsinə çevrilir və o, artıq ondan xilas ola bilmir.
Uca Allah buyurur: “...Onlar haqq yoldan çıxdıqda, Allah da onların qəlbini azdırdı. Allah günahkarları düz yola yönəltmir” (Səff, 61/5).
“Biz onların qəlbini və ağıllarını tərsə döndərdik, çünki onlar ona birinci dəfədən iman gətirmədilər və onları öz zalımlıqları içində kor-koranə dolaşan qoyduq” (Maidə, 6/110).
Şərh etdiyimiz ayədən göründüyü kimi, insan öz kafirliyini artırmayaraq, gerçək imanın ağuşuna qayıdaraq kafirliyi tərk etdikdə, hətta dəfələrlə dindən geri çəkilsə də, Allah onu bağışlayır. Əgər bu dini ehkam kafirlərə qarşı belədirsə, deməli, o, yerdə qalan bütün digər günahlara da aid edilir. Buna görə, əgər qul dəfələrlə günah işlədərək hər dəfə tövbə etdikdə, Allah onu hökmən yenə bağışlayır.


(138) “Münafiqləri onları gözləyən məşəqqətli əzabla müjdələ



(139) “o şəxsləri ki, özlərinə möminlərin əvəzinə, köməkçi və dost kimi, kafirləri seçirlər. Doğrudanmı onlar o kəslərdən güc-qüvvət almaq istəyirlər? Halbuki qüdrət təkcə Allaha xasdır.

“Bişara” sözü “xoş xəbər” deməkdir. Lakin müəyyən şəraitdə bu söz birləşməsi “kədərli xəbər” mənasında işlədilir. O, bu ayədə həmin mənada işlədilmişdir. Uca Allah özlərini müsəlman kimi göstərən və ürəklərində kafirliklərini gizlədən münafiqləri ən dəhşətli, qorxunc, əzablı cəza barəsində xəbərlə kədərləndirməyi əmr edir. Onlar belə cəzaya layiqdirlər, çünki kafirləri sevir, onlarla dostluq edir, onlara kömək göstərir və iman sahibləri ilə dostluğu rədd edirlər. Onlar niyə belə davranırlar? Doğrudanmı onlar həmin dostları ilə bərabər qüdrət və əzəmət əldə edəcəklər?
Münafiqləri məhz bu məziyyətlərlə səciyyələndirmək olar. Onlar Allah haqqında pis fikirləşirlər və inanmırlar ki, Allah Öz mömin qullarına kömək edir. Onlar kafirlərin bir sıra imkanlarına diqqət yetirir və qalan şeyləri isə görə bilmirlər və buna görə də onları özlərinə dost götürür, onların sayəsində uğur qazanmağa cəhd edir və onların yardımına ümid bəsləyirlər.
Lakin qüdrət təkcə Allaha məxsusdur, çünki qulların taleyi Onun əlindədir və buna görə də Onun istənilən iradəsi danışıqsız icra edilir. O, Öz dininə yardım etməyi və mömin qullarına qələbə bəxş etməyi öhdəsinə götürmüşdür, buna baxmayaraq onlar bu yolda bir sıra sınaqlardan keçməlidirlər. Hərçənd bəzən Allah düşmənlərə müsəlmanlarla mübarizədə qısamüddətli uğur qazanmağa yol verir, xeyirli son və əsaslı qələbə mütləq möminlərə məxsus olacaqdır.
Bu ayə kafirlərlə dostluq edənlərə və möminlərlə dostluğu rədd edənlərə qorxunc xəbərdarlıqdır, çünki bu xislət münafiqlərin iç üzüdür. Ayədən həmçinin aydın olur ki, möminlərə qarşı məhəbbət və onlarla dostluq və habelə kafirlərə nifrət və onlara qarşı düşmən münasibəti imanın(İmanın və ya imansızlığın. F.S.) təzahürüdür.


(140) “O, artıq Kitabda sizə nazil etmişdir ki, onların Allahın ayələrinə inanmadıqlarını və onlara istehza etdiklərini eşitdiyiniz halda söhbəti dəyişib başqa mövzuya keçincəyənədək onlarla bir yerdə oturmayın. Əks halda siz də onlara oxşayarsınız. Həqiqətən, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmdə cəmləşdirəcəkdir”.

Allah artıq sizə nazil etdiyi Kitabında günah işlədənlərin və kafirliyə yol verənlərin, Allahın ayələrini inkar edənlərin və onların barəsində saymazlıq göstərənlərin məclisində iştirak etməklə bağlı şəriət hökmünü izah etmişdir. Öz əməllərinə məsuliyyət daşıyan hər bir şəxs Onun ayələrinə iman gətirməli, onları oxumalı və onlara hörmətlə yanaşmalıdır, çünki onlar məhz bu məqsədlər üçün nazil edilmişdir və bu məqsədlə Allah insanları xəlq etmişdir.
Onun ayələrinə inamsızlıq imanın tam əksidir, onlara qarşı etinasızlıq təzahürü isə onlara ehtiram göstərmənin əksidir. Özlərini belə aparanlar kafirlər və münafiqlərdir. Onlar mübahisə salaraq Allahın ayələrini yalanlamaq və yalanı müdafiə etmək istəyirlər. Eynilə öz yanlış baxışlarını qorumağa çalışaraq, hər biri haqqı bəyan edən və təkcə həqiqəti bildirən Allahın ayələrinə sayğısızlıq göstərən müxtəlif bidət əhli bu cür davranır.
Bu ayə, insanların, Allaha itaətsizlik göstərildiyi, Onun hökmlərinə və qadağanlarına etinasızlıq göstərərək günah törədildiyi və Onun Öz qulları üçün müəyyən etdiyi hədlərin aşıldığı məclislərdə iştirakını qadağan edir. Belə məclislərdə oturmaq, onun iştirakçıları başqa mövzuya keçənədək və Allahın ayələrini inkar edərək onlara istehza etməkdən əl çəkənədək yasaqlanmışdır.
Əgər bir şəxs bu tələbin əksini edərsə, onda o özü də kafirlərə tay olar, çünki o öz hərəkəti ilə, əslində, kafirliyi və Allahın ayələrinə saymazyana münasibəti bəyənmiş olur. Kim ki, itaətsizliyi bəyənir, o, Allaha itaətsizlik göstərənə bənzərdir. Bütün bu deyilənlərdən aydın olur ki, əgər insanın iştirak etdiyi məclisdə Allaha itaətsizlik göstərilirsə, o, imkanı daxilində buna maneçilik göstərməlidir. Əks təqdirdə o, belə məclisi tərk etməlidir.
Qiyamət günü Allah bütün kafirləri və münafiqləri bir yerdə cəmləşdirəcəkdir, çünki onlar dostluq edir və birlikdə iman gətirməkdən boyun qaçırırdılar, münafiqlərə isə, ilk nəzərdə, möminlərin yanında olmaları heç bir fayda gətirməyəcək. Uca Allah buyurur: “Həmin gün münafiq kişilər və münafiq qadınlar möminlərə deyəcəklər: “Dayanın, biz sizdən bir qədər nur alaq”. Onlara belə cavab veriləcək: “Geriyə qayıdın və nur axtarın”. Nəhayət onların arasına darvazaları olan hasar çəkiləcək, daxili tərəfində mərhəmət, zahiri tərəfində isə əzab olacaq. ۩ Münafiqlər onlara: “Məgər biz sizinlə deyildik?” deyə soruşacaqlar. Onlar deyəcəklər: “Bəli, lakin siz özünüz özünü aldadırdınız, fürsət gözləyirdiniz, şübhə edirdiniz və Allahın hökmü gələnədək özünüzü xam xəyallarla aldadırdınız. Tovlayan (şeytan) sizi Allahla əlaqədar aldatdı. ۩ Bu gün nə sizdən, nə də kafirlərdən fidyə alınmayacaqdır. Sizin məskəniniz, sizə daha çox yaraşan Od olacaqdır. Bu gəliş yeri necə də pisdir!” (Hədid, 57/13-15).


Tarix: 20.04.2013 / 16:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 554 Bölmə: Sureler
loading...