Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NEHL

1 Allahın (möminlərin zəfər çalacağı, müşriklərin və kafirlərin məhv olacağı barəsindəki) əmri mütləq gələcəkdir. Buna görə də onu tələm-tələsik (vaxtından əvvəl) istəməyin. Allah Ona şərik qoşulan bütlərdən pak və ucadır. (Allah hər şeyin fövqündədir. Onun heç bir şəriki yoxdur!)
2 (Allah) Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!”
3 (Allah) göyləri və yeri haqq olaraq yaratmışdır, (Allah) Ona şərik qoşulan bütlərdən ucadır!
4 Allah insanı nütfədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, (böyüyüb yetkinlik həddinə çatanda haqqı inkar, batili iqrar edib qiyamətdə diriləcəyinə inanmayaraq) birdən-birə açıq-aşkar bir düşmən kəsildi.
5 Davarı da (dəvə, inək, kəl, qoyun, keçi və s. ) O yaratdı. Bunlarda (onların yununda) sizin üçün istilik, cürbəcür mənfəət (südünü içmək; özlərini minmək, yer sürmək) vardır, həm də onlardan (onların ətindən) yeyirsiniz.
6 Onları səhər naxıra, axşam axura gətirdikdə (səhər otlamaq üçün çölə göndərib axşam tövləyə qaytardıqda) baxıb zövq alırsınız (fərəhlənirsiniz).
7 Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə (bir yerdən başqa yerə) daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir!
8 Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri və s.) də yaradacaqdır.
9 Doğru yolu (islamı) göstərmək Allaha aiddir. Ondan (haqdan) kəc olan yol (və ya haqdan kənara çıxan) da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı doğru yola salardı.
10 Göydən sizin üçün yağmur endirən Odur. Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar (və otlar) da içər (ağaclar və otlar da onun vasitəsilə bitər).
11 (Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır!
12 O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır!
13 (Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri (heyvanları, bitkiləri, meyvələri və s.) də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Allahın qüdrətini, əzəmətini bildirən) əlamətlər vardır!
14 Təzə ət (balıq əti) yeməyiniz, taxdığınız bəzək şeylərini (inci, sədəf, mərcan) çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey insan! Allahın) nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, (bundan sonra Allahın nemətlərinə) şükür edəsiniz! [Və ya: Sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. (Bütün bunlar) Onun lütfünü aramanız və (kərəminə) şükür etməyiniz üçündür!]
15 (Allah yer kürəsi möhkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın, beləliklə də) sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və (istədiyiniz yerə) gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı;
16 (Yollarda dərə, təpə, çuxur kimi) əlamətlər də (müəyyən etdi). (İnsanlar gecə vaxtı) yollarını (və qibləni) ulduzlar vasitəsilə taparlar.
17 Heç yaradan (Allah) yaratmayana (bütlərə) bənzəyərmi?! Məgər düşünmürsünüz?! (Belə bir sadə, açıq-aydın həqiqəti xatırlayıb bütlərə ibadət etməyin səhv olduğunu anlamırsınız?!)
18 Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
19 Allah sizin nəyi gizli saxladığınızı və nəyi aşkar etdiyinizi (ürəyinizdə olanları, bütün gizli və aşkar əməllərinizi) bilir!
20 (Müşriklərin) Allahdan qeyri ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər, əksinə, onlar özləri (daşdan, ağacdan və sairədən) yaradılmışlar.
21 Onlar ölüdürlər, diri deyillər və (insanların, bütün məxluqatın) nə vaxt diriləcəklərini də bilməzlər. (Elə isə onlara ibadət etmək düzgündürmü?!)
22 Sizin tanrınız bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə (Allahın qüdrət və əzəmətini, vəhdaniyyətini) inkar edər. Onlar (haqqa boyun qoymağı, Allaha iman gətirməyi) özlərinə sığışdırmazlar.
23 Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz!
24 (Müşriklərdən: ) “Rəbbiniz (Muhəmmədə) nə nazil etmişdir?” – deyə soruşduqda, onlar: “Qədimlərin əfsanələrini!” – deyə cavab verərlər ki,
25 Qiyamət günü öz günahlarına tamamilə, nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarına da qismən yüklənsinlər. Bir görün onların daşıyacaqları (yük) necə də pisdir!
26 Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də (hiss edib) bilmədilər ki, əzab onlara haradan gəldi.
27 Sonra qiyamət günü (Allah) onları rüsvay edəcək və: “Barələrində (möminlərlə) çənə-boğaz olduğunuz şəriklərim haradadır?” – deyə soruşacaqdır. Elm verilmiş kimsələr (peyğəmbərlər və möminlər) isə: “Bu gün kafirlər rəzalətə və əzaba (pisliyə) düçar olacaqlar!” – deyəcəklər.
28 Mələklər (küfr etməklə, Allaha şərik qoşmaqla) özlərinə zülm edənlərin canlarını aldıqda onlar (ölüm qorxusundan Allahın əmrinə) təslim olub: “Biz heç bir pislik etmirdik!” – deyəcək (mələklər də onlara belə cavab verəcəklər): “Xeyr, (elə deyildir) Allah sizin nələr etdiyinizi çox yaxşı bilir!
29 Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına (təbəqələrinə). Təkəbbürlülərin (Allaha iman gətirməyi özlərinə ar bilənlərin) məskəni necə də pisdir!”
30 Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: “Rəbbiniz (öz peyğəmbərinə) nə nazil etmişdir? – deyə soruşduqda isə onlar: “Xeyir (nazil etmişdir)” – deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri (gözəl həyat) gözləyir. Axirət yurdu (Cənnət) isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir!
31 Onlar (ağacları) altında çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır!
32 O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə daxil olun!” – deyərlər.
33 O kafirlər (canlarını almaq üçün) yalnız mələklərin onların yanına gəlməsini, yaxud sənin Rəbbinin (əzab) əmrinin gəlib çatmasınımı gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi. Onlar özləri özlərinə zülm edirdilər.
34 Onlara öz əməllərinin cəzası (pisliklər) artıq yetişdi. İstehza etdikləri (əzab da) onları yaxaladı.
35 Müşriklər (nadanlıqları üzündən və ya istehza məqsədilə) dedilər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız Ondan başqa heç bir şeyə tapınmaz, Onsuz (Allahın razılığı, hökmü olmadan) heç bir şeyi haram etməzdik”. Onlardan əvvəlkilər də belə etmişdilər. Peyğəmbərlərin vəzifəsi isə yalnız açıq-aşkar bir təbliğdir. (Peyğəmbərlər heç kəsi zorla bir işə vadar etməz. Onların borcu ancaq Allahın hökmlərini insanlara təbliğ etmək, insanların borcu isə Allahın onlara verdiyi ağıl və iradə ilə haqqı batildən ayırmaq, yaxşı işlər görüb savab qazanmaqdır).
36 Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə (Allahın əzəli elmi ilə) haqq yoldan azmalı olmuşdur. (Ey müşriklər!) Yer üzündə dolaşıb görün ki, (peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu!
37 (Ya Rəsulum!) Sən onların doğru yola gəlməsini həddindən artıq istəsən də (bunun heç bir faydası yoxdur). Çünki Allah yoldan çıxartdıqlarını (bir daha) doğru yola salmaz. Onlara (Allahın əzabından xilas olmaqla) kömək edənlər də olmaz!
38 Onlar: “Allah, ölən bir kimsəni diriltməyəcəkdir!” – deyə Allaha möhkəm and içdilər. Xeyr! (Allah qiyamət günü ölüləri qəbirlərindən çıxarıb dirildəcəyi haqda) doğru vəd etmişdir. Lakin insanların əksəriyyəti (bunu) bilməz!
39 (Allah hər bir mömini və kafiri öləndən sonra dirildəcəkdir ki) ixtilafda olduqları məsələləri izah etsin və (qiyamət günü ölülərin diriləcəyini) inkar edənlər də özlərinin yalançı olduqlarını bilsinlər.
40 Biz hər hansı bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: “Ol!” deməkdir. O da dərhal olar.
41 Zülmə məruz qaldıqdan sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik. Axirət mükafatı (Cənnət) isə daha böyükdür. Kaş (kafirlər və hicrətdən geri qalanlar bunu) biləydilər!
42 (O mühacirlər hər cürə əziyyətə) dözənlər və yalnız Rəbbinə təvəkkül edənlərdir!
43 (Ya Rəsulum!) Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik. Əgər (bunu) bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun! (Müşriklər belə iddia edirdilər ki, peyğəmbərlər bəşərdən deyil, ancaq mələklərdən ola bilər. Buna cavab olaraq bildirilir ki, insanlara göndərilən peyğəmbərlər mələk yox, məhz insan, özü də yalnız kişilərdən ibarət olmalıdır).
44 Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!
45 (Peyğəmbərlərə qarşı) pis hiylələr quranlar (pis işlər düzüb qoşanlar) Allahın onları yerə gömməyəcəyinə, yaxud özləri də bilmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyinə əmindirlərmi?!
46 Və ya gəzib dolaşarkən (səfər əsnasında) əzabın onları yaxalamasından (Allahın onları məhv etməsindən qorxmurlarmı?) Axı onlar (Allahı) aciz edə bilməzlər (Allahın əzabından qaçıb canlarını qurtara bilməzlər!)
47 Yoxsa onlar tədriclə əzaba giriftar olmayacaqlarına (əmindirlər)?! Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! (Allah bəndələrinə əzab verməkdə tələsməz!)
48 Məgər onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmürlərmi ki, onların kölgələri Allaha acizanə surətdə səcdə edərək sağa-sola əyilir?!
49 Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!
50 Onlar öz (başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər!
51 Allah belə buyurdu: “İki tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır. Ancaq Məndən qorxun!”
52 Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də (itaət və ibadət də) daim Onundur. Belə olduğu təqdirdə Allahdan başqasındanmı qorxursunuz?
53 Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız!
54 Sonra sizi o müsibətdən qurtardığı zaman bir də görürsən ki, aranızda bir dəstə Rəbbinə şərik qoşur.
55 Onlar bunu özlərinə verdiyimiz nemətlərə nankorluq etmək üçün edirlər. Hələ ki (dünyada) kef çəkib ləzzət alın. (Başınıza gələcək müsibəti) sonra biləcəksiniz!
56 (Müşriklər) onlara verdiyimiz ruzidən heç bir şey bilməyənlərə (heç nə anlamayan bütlərə) pay ayırırlar. Allaha and olsun ki, yaxdığınız iftiralara görə sorğu-sual ediləcəksiniz!
57 Onlar Allaha qızlar isnad edirlər. (Mələklər Allahın qızlarıdır, deyirlər). Allah pakdır, müqəddəsdir. (Onun oğula-qıza ehtiyacı yoxdur. ) Özlərinə gəldikdə isə istədiklərini (oğlan uşaqlarını) aid edirdilər.
58 Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar.
59 Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. (Allah bilir!) Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? (Diri-diri basdıracaq?) Bir görün onlar necə pis mühakimə yürüdürlər! (Oğlanları özlərinə götürüb qızları Allaha isnad edirlər. )
60 Ən pis sifət (evlənmək üçün qadınlara ehtiyac hiss etdikləri halda, qız uşaqlarını diri-diri torpağa basdırmaq) axirətə inanmayanlara, ən yüksək sifət (vəhdaniyyət) isə Allaha məxsusdur. Allah yenilməz qüvvət (qüdrət) sahibi, hikmət sahibidir!
61 Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər.
62 (Müşriklər) özlərinin bəyənmədiklərini (qızları) Allaha isnad edərlər. Dilləri də: “Onları ən gözəl aqibət (Cənnət, Allah rizası) gözləyir!” - deyə yalan söylər. Şübhəsiz ki, onları Cəhənnəm gözləyir. Onlar (Cəhənnəm atəşinə daxil olduqdan sonra hamı tərəfindən) tərk olunacaqlar. (Və ya onlar gündən-günə Cəhənnəmə yaxınlaşanlardır. )
63 (Ya Rəsulum!) Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik. Şeytan onlar öz (çirkin) əməllərini xoş göstərmişdi. Bu gün Şeytan onların dostudur (havadarıdır). Onlar (qiyamət günü) şiddətli əzaba düçar olacaqlar!
64 Biz Kitabı (Quranı) sənə yalnız (müşriklərə) ixtilafda olduqları (tövhid, qiyamət, qəza-qədər və s. bu kimi) məsələləri izah etmək və möminlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik!
65 Allah göydən bir yağış endirər, onunla yer üzünü öldükdən (quruduqdan) sonra dirildər. (Öyüd-nəsihətə) qulaq asanlar üçün bunda bir ibrət vardır. (Allah quru torpağa həyat verə bildiyi kimi, insanları da öləndən sonra diriltməyə qadirdir!)
66 Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər. (Qanın və ifrazatın dadı, qoxusu və rəngi əsla südə qarışmaz. Əksinə, südə elə bir tam verərik ki, o, içənlərə xoş gələr).
67 Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrət vardır.
68 Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal);
69 Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: “Rəbbinin yollarını itaətlə tut!”) (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!
70 Allah sizi yaratmışdır, sonra da (əcəliniz çatanda) öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən rəzil (ixtiyar) çağına (80-90 yaşlarına) çatdırılar ki, (vaxtilə) bildiyi hər şeyi unudar. (İnsan qocalığın ən düşkün dövründə bildiyini unudar, xasiyyətini dəyişib uşaq kimi olar. Bu, əsasən, kafirlərə aiddir. Lakin Quran oxuyan, oruc tutub namaz qılan, sidq-ürəkdən ibadət edən şəxsin isə ixtiyar çağında belə, ağlı başında olar, uzun ömür onun qiymətini və kəramətini Allah yanında daha da artırar). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
71 Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar (varlılar) tabeçiliyində olanları (qulları, kənizləri) öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar. (Və ya onlar hamısı ruziyə şərik olduqları halda, varlılar öz ruzilərini tabeçiliyində olanlara verməzlər. Var-dövlət sahibləri öz ruzilərini onlara tabe olanlarla bərabər bölməyi, onları mallarına şərik etməyi özlərinə rəva bilmədikləri halda, hər şeyin xaliqi olan Allaha cansız bütləri və digər tanrıları şərik qoşmağı necə rəva görürlər?) İndi onlar Allahın nemətlərini inkarmı edirlər?
72 Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (halal) nemətlərindən sizə ruzi verdi. Belə olduqda, onlar (müşriklər) batilə inanıb Allahın nemətini inkarmı edirlər?
73 (Müşriklər) Allahı qoyub göylərdən və yerdən onlara verəcək heç bir ruzisi olmayan və buna gücləri də çatmayanlara (bütlərə) ibadət edirlər.
74 (Allah qoşduğunuz şərikləri, Onun yaratdıqlarını) Allaha bənzətməyin. Allah (heç bir şəriki olmadığını, heç bir məxluqun Ona bənzəmədiyini) bilir, siz isə (bu həqiqəti) bilmirsiniz!
75 Allah belə bir məsəl çəkdi: “Heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir qul özünə verdiyimiz gözəl ruzidən (Allah yolunda) gizli və aşkar sərf edən birisi ilə (azad bir insanla) eyni ola bilərmi?! Həmd (hər cür tərif və şükür) yalnız Allaha məxsusdur, lakin (müşriklərin) əksəriyyəti (bunu) bilməz!
76 Allah iki nəfər (Özü ilə bütlər) barəsində yenə belə bir məsəl buyurdu: (bu iki nəfərin) biri dilsizdir (laldır), heç bir şeyə gücü çatmaz. O öz ağasına bir yükdür, onu hara yollasa, xeyirlə qayıtmaz. O heç doğru yolda olub haqq-ədaləti əmr edən (insanları ədalətli işlər görməyə sövq edən) bir kimsə kimi ola bilərmi?!
77 Göylərin və yerin qeybini (gözə görünməyən, heç kəsə bəlli olmayan məchul sirlərini) bilmək ancaq Allaha məxsusdur. Qiyamətin qopması (əmri) bir göz qırpımında, yaxud daha tez olar. Allah, həqiqətən, hər şeyə qadirdir!
78 Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz!
79 Məgər (müşriklər) yerlə göy arasında (uçaraq Allaha) ram olmuş quşları görmürlər?! Onları (havada) yalnız Allah saxlayır (bütün hərəkətlərini ancaq Allah idarə edir). Həqiqətən, bunda möminlər üçün ibrətlər vardır!
80 Allah evlərinizi sizə məskən (yaşayıb dincəlmə yeri) etdi, heyvanların dərilərindən həm köç vaxtı, həm də bir yerdə qaldığınız zaman (daşınması) sizin üçün yüngül (asan) olan evlər-çadırlar düzəltdi, onların yunundan, tükündən və qılından müəyyən vaxta qədər (ömrünüzün sonuna kimi və ya onlar köhnələnədək) istifadə edəcəyiniz ev əşyası (pal-paltar, xalça-palaz) və (satlıq) mal verdi.
81 Allah yaratdığı şeylərdən (ağaclardan, evlərdən, dağlardan və buludlardan) sizin üçün (günəşin hərarətindən qorunmaq məqsədilə) kölgəliklər əmələ gətirdi, sizdən ötrü dağlarda sığınacaqlar (mağaralar, kahalar), sizi istidən (və soyuqdan) saxlayacaq (yun, kətan, pambıq) köynəklər, (sizi müharibədə) qoruyacaq zirehli geyimlər düzəltdi. Allah nemətini sizə belə tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz (müsəlman olasınız)!
82 (Ya Rəsulum! Əgər bütün bunlardan sonra müşriklər) yenə də (səndən) üz döndərsələr (ürəyini qısma)! Çünki sənin vəzifən ancaq (Mənim dinimi, hökmlərimi) açıq-aşkar təbliğ etməkdir!
83 Onlar Allahın nemətini (Muhəmməd əleyhissəlamı peyğəmbər göndərməklə onlara etdiyi lütfü) bilir, lakin sonra onu (Muhəmməd əleyhissəlamın peyğəmbərliyini) danırlar. Onların əksəriyyəti kafirdir.
84 Qiyamət günü hər ümmətdən bir şahid (öz peyğəmbərini) gətirəcəyik. (Onlar möminlərin lehinə, kafirlərin əleyhinə şahidlik edəcəklər). Kafirlərə (üzrxahlıq etməyə) izin verilməyəcək, heç üzr diləmələri də istənilməyəcəkdir!
85 Zalımlar (kafirlər, müşriklər) əzabı (Cəhənnəm əzabını) görüncə (yalvarıb-yaxaracaqlar), lakin (əzabları) yüngülləşdirilməyəcək, (tövbə üçün) onlara bir an belə möhlət də verilməyəcəkdir!
86 Müşriklər (Allaha qoşduqları) şəriklərini (bütləri, tanrıları) gördükdə: “Ey Rəbbimiz! Bunlar bizim Səndən savayı (bizi Sənə yaxınlaşdırmaq məqsədilə) ibadət etdiyimiz şəriklərimizdir!” – deyəcəklər. (Bütlər də) onlara: “Siz əsl yalançısınız! (Biz sizi Allahı tərk edib bizə tapınmağa dəvət etməmişdik!)” – deyə cavab verəcəklər.
87 (Müşriklər) o gün (günahlarını etiraf edərək) Allaha təslim olacaq, özlərindən uydurub düzəltdikləri (bütlər) də aradan çıxacaqlar!
88 Törətdikləri fitnə-fəsada görə (insanları) Allah yolundan döndərən kafirlərin əzablarının üstünə bir əzab da artıracağıq!
89 Qiyamət günü hər ümmətə özlərindən bir şahid (hər ümmətin öz peyğəmbərini) göndərəcəyik (tutacağıq). (Ya Rəsulum!) Səni də bunlara (öz ümmətinə) şahid gətirəcəyik. Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!
90 Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!
91 Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin. Allahı özünüzə zamin edib möhkəm and içdikdən sonra onu pozmayın. Həqiqətən, Allah nə etdiyinizi bilir!
92 Möhkəm əyirdiyi ipliyi sonradan qıran (təzədən açıb sökən) qadın kimi olmayın. Siz bir ümmət digərindən (sayca) çox olduğu üçün aranızdakı andları yalana çevirirsiniz (fitnə-fəsad aləti edirsiniz). (Bu gün bir qəbilə ilə müqavilə bağlayır, sabah daha qüvvətli, daha varlı bir qəbilə ilə rastlaşdıqda əvvəlki ilə bağladığınız müqaviləni pozub onunla sazişə girisiniz). Allah bununla yalnız sizi sınayır. O, qiyamət günü ixtilafda olduğunuz (dini) məsələləri sizə izah edəcəkdir!
93 Əgər Allah istəsəydi, sizi (eynilə dində olan) tək bir ümmət edərdi. (Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər. Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız!
94 Aralarınızdakı andlarını yalana çevirib fitnə-fəsad aləti etməyin. Yoxsa ayağınız möhkəm olduğu ikən sürüşər (imana gəldikdən sonra ondan xaric olarsınız) və (insanları) Allah yolundan döndərdiyinizə görə (dünyada) əzabı dadarsınız. (Hələ axirətdə də) sizi dəhşətli bir əzab gözləyir! (Peyğəmbərlə əhd bağladıqdan sonra hörmət, ehtiram qazanan şəxs sözündə möhkəm durmayıb əhdini pozsa, nüfuzunu itirər və özünü fəlakətə, məhvə düçar etmiş olar).
95 Allahla bağladığınız əhdi ucuz satmayın. (Əhdi pozmadığınıza görə) Allah yanında olan (savab) sizin üçün (dünya mənfəətindən) daha yaxşıdır. Kaş biləydiniz!
96 Sizdə olan (dünya malı) tükənər, Allah dərgahında olan (axirət nemətləri) isə əbədidir. (Allah yolunda əziyyətlərə) dözənləri etdikləri yaxşı əməllərin müqabilində mükafatlandıracağıq (yaxud gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı mükafat verəcəyik!)!
97 Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)
98 (Ya Rəsulum!) Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın! (“Əuzu billahi minəş-şeytanır-rəcim” sözlərini de!)
99 Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!
100 Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət etmələri, Şeytanı özlərinə dost, havadar seçmələridir!)
101 Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə (bir ayənin hökmünü ləğv edib onu başqası ilə əvəz etdikdə) – Allah nə nazil etdiyini (hansı hökmün bəndələri üçün daha münasib olduğunu) Özü daha yaxşı bilir – (Kafirlər Muhəmmədə): “Sən ancaq bir iftiraçısan (Allahın adından yalan uydurursan!)” – deyərlər. Xeyr! Onların əksəriyyəti (cahil olduğu üçün əsl həqiqəti, bir hökmü başqası ilə əvəz etməyin hikmətini) bilməz!
102 (Ya Rəsulum!) De: “Ruhülqüds (Cəbrail) onu (Quranı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və (onlara Cənnətlə) müjdə vermək üçün haqq olaraq nazil etmişdir!”
103 Biz (müşriklərin): “(Quranı) ona (Muhəmmədə) bir insan (ara-sıra görüb danışdığı Cəbr ər-Rumi adlı xaçpərəst bir gənc və ya Səlmani–Farsi) öyrədir!” – dediklərini də bilirik . Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu (Quranın dili) isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir! (Ərəblər özləri Quranın dil, üslub gözəlliyi qarşısında heyranlıqlarını, acizliklərini gizlədə bilmədikləri halda, əcəmlər bu cür fəsahətli ərəb dilini haradan bilə bilərlər?!)
104 Allahın ayələrinə inanmayanları, sözsüz ki, Allah doğru yola salmaz. Onları (axirətdə) şiddətli bir əzab gözləyir!
105 Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!
106 Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!
107 Bu (əzab) ona görədir ki, onlar dünyanı (fani dünya malını) axirətdən (axirət nemətlərindən) üstün tutarlar. Allah kafirləri doğru yola salmaz!
108 Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Onlar (Allahın kafirlər üçün hazırladığı əzabdan) qafildirlər!
109 Şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır!
110 Fitnəyə məruz qaldıqdan sonra hicrət edənləri, daha sonra cihad edib (bu yolda hər cür əzab-əziyyətə) səbr edənləri isə (bütün) bunlardan sonra Rəbbin, şübhəsiz ki, bağışlayandır, (onlara) rəhm edəndir!
111 O gün (qiyamət günü) hər kəs öz canının hayında olar, hər kəsə əməlinin əvəzi (cəzası) verilər və onlara heç bir haqsızlıq edilməz!
112 Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı.
113 Onlara özlərindən bir peyğəmbər gəlmişdi. Onlar onu yalançı saydılar, buna görə də əzab (Bədr müharibəsi) onları zülm edərkən (zülm etdikləri zaman) yaxaladı.
114 Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin!
115 Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur. (Özgənin malına əl uzatmamaq şərtilə) başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
116 Diliniz (bizə belə əmr edildiyi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): “Bu halaldır, o haramdır!” – deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar!
117 (Onlar üçün dünyada) az bir mənfəət vardır, (axirətdə isə) onları şiddətli bir əzab gözləyir!
118 Yəhudilərə haram etdiyimiz şeyləri daha əvvəl sənə xəbər vermişdik. Biz (bunları haram buyurmaqla) onlara zülm etmədik. Onlar (günah işlər görməklə) özləri özlərinə zülm edirdilər. (Buna görə də Allah bir çox nemətləri onlara haram buyurdu).
119 Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən (Allaha şərik qoşan), ondan sonra tövbə edib özlərini islah edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin (tövbədən) sonra (bəndələrini) bağışlayandır, rəhm edəndir!
120 Həqiqətən, İbrahim Allaha müti, batildən haqqa tapınan bir imam (rəhbər) idi. O heç vaxt müşriklərdən olmamışdı. (Və ya: İbrahim özü bir ümmət idi. Bir ümmətə xas olan bütün yaxşı cəhətlər, gözəl xüsusiyyətlər onda cəmlənmişdi).
121 O, (Allahın) nemətlərinə şükür edən idi. (Allah da) onu (sədaqətinə, səmimiliyinə görə peyğəmbərlik üçün) seçmiş və düz yola yönəltmişdi.
122 Biz ona dünyada gözəl nemət (peyğəmbərlik, hamı tərəfindən sevilib hörmət olunmaq) bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də (ən yüksək dərəcələrə nail olacaq) salehlərdəndir!
123 Sonra (Ya Rəsulum!) sənə: “Batildən haqqa dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!” – deyə vəhy etdik.
124 Şənbə günü (ibadət etmək) ancaq onun barəsində ixtilafda olanlara (ibadət və istirahət günümüz cümə deyil, şənbə olsun deyə, mübahisə edən yəhudilərə) vacib edildi. Həqiqətən, Rəbbin qiyamət günü ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir.
125 (Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
126 (Ey möminlər! İntiqam almaq məqsədilə birinə) cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin. (Artıq cəza isə zülm etməkdir ki, bu da günahdır). Əgər (onlardan intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir. (Əfv etmək, rəhm göstərmək savab qazanmağa çox gözəl vəsilə olduğu üçün, sözsüz ki, qisas almaqdan daha üstündür).
127 (Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir. (Dəvətini qəbul etmədiklərinə, iman gətirmədiklərinə görə) onlardan (müşriklərdən) ötrü kədərlənmə və (səni öldürmək məqsədilə) qurduqları hiylələrə görə də ürəyini qısma!
128 Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!


Tarix: 04.01.2013 / 14:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1747 Bölmə: Sureler
loading...