(9.37) “Həqiqətən, (haram ayları) təxirə salmaq (məsələn, rəcəbi şəbana və ya zülqədə, zülhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü artırmaqdır ki, bununla kafir olanlar (doğru yoldan) azdırılırlar. Onlar Allahın haram etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə onu (ləngidilən ayı) bir il halal, bir il haram sayarlar. (Ayları gecikdirmək, yerlərini dəyişdirmək və qəməri ilə daha bir ay əlavə etməklə haram olan bir ayı bəzən halal, halal olan bir ayı da bəzən haram hesab edərlər). Pis əməlləri onlara gözəl göstərilmişdir. Allah kafir qövmü doğru yola yönəltməz!”
Cahillik dövründə müşriklər ( Bütpərəstlər. F.S.) haram ayları başqa vaxta keçirirdilər ki, bu da onların yaramaz bidətçi uydurmalarına xas bir hərəkət idi. Haram ay ərzində onlara düşmənlə döyüşmək lazım gəldikdə, onların o ayı başqa bir müddətə keçirir və sonradan çalışırdılar ki, Allahın döyüş əməliyyatları aparmağı qadağan etdiyi ayların saylarını düzəldirdilər. Belə ki, onlar haram ayı qabağa çəkir və qadağan olunmamış aylardan bəzilərini haram elan edirdilər. Onlar, öz nəfslərinə uyaraq, haram aylarda müharibə aparmağı özlərinə rəva görür və döyüş əməliyyatları aparılmasına yol verilən ayları isə haram sayırdılar. Lakin Fövqəluca Allah ayədə bildirir ki, onlar bununla ancaq öz kafirliklərini və azğınlıqlarını dərinləşdirirdilər, çünki bu, bir neçə günahın eyni zamanda törədilməsini əks etdirirdi.
Birincisi, onlar özlərinin uydurduqları bidəti Allahın şəriətinin və Allahın dininin bir hissəsi adlandırmışdılar, halbuki Allah və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) ona heç bir aidiyyəti yox idi.
İkincisi, onlar dini təhrif edərək, haramı halal, halalı isə haram elan etmişdilər.
Üçüncüsü, onlar səmavi dini yanıldaraq və İlahi əhkamları hiyləgərliklə saymamazlığa salaraq Allahı və Onun qullarını aldatmağa cəhd göstərmişdilər.
Dördüncüsü, onlar Allahın şəriətinə zidd adətlərdən uzun müddət o dərəcədə istifadə etmişdilər ki, onların qüsurluluğunu görə bilmirdilər və hətta bu adətləri düzgün hesab edirdilər. Onlar azğınlığa düşmüşdülər və Fövqəluca Allahın qadağan etdiyinin əksini etməyi özlərinə rəva görürdülər. Şeytanlar yaramaz əməlləri onlar üçün bəzəyib süsləmişdilər və günahlar onların gözündə gözəl əməllər kimi görünməyə başlamışdı. Bunun səbəbi – onların elə əvvəllər də öz çirkin əməllərini gözəl hesab etmələri olmuşdu. Həqiqətən, küfrü ürəklərində gözəl qiyafədə təsvir edənləri Allah doğru yola yönəltmir. Onlar gördükləri möcüzələrdən asılı olmayaraq haqq dinə gəlməkdən boyun qaçırarlar.
Bilmək lazımdır ki, bu gözəl surənin bir çox ayələri Təbuk yürüşü ilə əlaqədar nazil edilmişdi. Onda Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) müsəlmanları bizanslılara qarşı döyüşə hazırlaşmağa çağırmışdı. O zaman havanın hərarəti çox yüksək idi, müsəlmanlar isə ciddi maddi çətinliklər içindəydilər və kifayət qədər ərzağa malik deyildilər. Bu səbəblər üzündən bəzi müsəlmanlar yürüşə həvəssiz hazırlaşırdılar. Məhz onda Fövqəluca Allah onları fəaliyyətsizlikdə məzəmmət etmiş və onları daha fəal olmağa dəvət etmişdi:
(9.38) “Ey iman gətirənlər! Sizə nə oldu ki, “Allah yolunda döyüşə çıxın!” – deyildikdə yerə yapışıb qaldınız. Yoxsa Axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki dünya malı Axirətlə müqayisədə yalnız cüzi bir şeydir!”
Doğrudanmı siz bilmirsiniz ki, haqq din və möhkəm əqidə sizdən Allahın hökmlərini ləngitmədən yerinə yetirməyi, Onun lütfkarlığını qazanmağa can atmağı və dininizin düşmənləri ilə mübarizə aparmağı tələb edir? Niyə sizi cihada getməyə çağıranda siz yerə yapışıb qalır və rahat həyat axtarırsınız? Siz dünya həyatından razı qalan və təkcə maddi nemətlərə can atan və Axirət həyatına etinasız yanaşan insanlar kimi davranırsınız. Axı Axirətdən üstün tutduğunuz bu dünyanın nemətləri, onunla müqayisədə hədsiz dərəcədə cüzidir.
Məgər Fövqəluca Allah sizə ağıl verməyib ki, doğrudan da nəyin üstün olmasını müəyyən edə biləsiniz? Məgər dünya nemətləri birincisindən tutmuş sonuncusuna qədər Cənnət səadəti ilə müqayisədə dəyərsiz deyilmi? Məgər bu dünyadakı qısamüddətli həyat layiqmidir ki, insan onu özünün yeganə məqsədi etsin və öz niyyət və səylərini abcaq onunla bağlasın? Doğrudanmı sizin bütün istəkləriniz narahatlıqlar və təhlükələrlə dolu keçici dünya zövqləri ilə məhdudlaşdırılır? Sizi dünya aləmini qəlblərin rahatlıq tapdığı və baxışların heyran qaldığı hər cür nemətlərlə dolu sonsuz Axirət həyatından üstün tutmağa vadar edən nədir? Allaha and olsun ki, iman qəlbinin dərinliyinə kök salmış insan, sağlam düşüncə qabiliyyətinə malikdirsə və doğrudan da ağıllı insanlardan sayılırsa, dünya həyatına Axirət həyatı müqabilində heç vəchlə heç vaxt üstünlük verməz.
Bunları xatırlatdıqdan sonra Allah müsəlmanları, Onun yolunda döyüşmədən boyun qaçıranları cəzalandıracağı ilə təhdid edir. Fövqəluca Allah buyurur:
(9.39) “Əgər siz bu döyüşə çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz edər. Siz isə Ona heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir!”
Əgər siz yürüşə çıxmaqdan imtina etsəniz, onda Allah həm bu dünyada və həm də öləndən sonra sizi şiddətli əzaba düçar edər, çünki hökmdar təbəələrini yürüşə çıxmağa çağırdıqda, hərbi yürüşdə iştirak etməkdən boyun qaçırmaq, insanı sərt cəzaya məhkum edən ən böyük günahlardan biridir. Belə günah dəhşətli nəticələr törədə bilər, axı, hökmdarın əmrini yerinə yetirməkdən və səfərə çıxmaqdan imtina edən insan Fövqəluca Allaha itaətsizlik göstərir, Onun yasaqını pozur, Onun dininə kömək etməkdən qaçır, Onun Kitabını və səmavi şəriətini müdafiə etmir, müsəlmanların kökünü kəsməyi və onların dinini məhv etməyi öz qarşısına məqsəd qoyan düşmənlərlə mübarizədə qardaşlarına yardım etmir. O da ola bilər ki, digər zəifimanlılar ondan nümunə götürsünlər və onda Allahın düşmənlərinə qarşı vuruşan döyüşçülərin sıraları seyrələr.
Belə bir günah işlədən insan doğrudan da ən sərt təhdidə layiqdir və buna görə Fövqəluca Allah belə günahkarları nəinki əzabverici cəzaya məruz qoyacağı ilə qorxudur, həm də onları başqa bir tayfa ilə əvəz edəcəyini vəd edir. Bu, müsəlmanların Onun əmrini yerinə yetirməsindən və ya onu unutmasından asılı olmayaraq, Allahın İslamı müdafiə edəcəyi və Öz Sözünü şərəfləndirəcəyi vədi ilə izah olunur. Allah bütün varlıqlar üzərində hökmrandır. Onun üçün mümkün olmayan bir şey yoxdur və heç kim də Ona qalib gəlməyə qadir deyil!
(9.40) “Siz Peyğəmbərə kömək etməsəniz də, Allah ona artıq yardım göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən biri öz yoldaşına dedi: “Kədərlənmə, Allah bizimlədir!” Sonra Allah ona arxayınlıq nazil etdi, sizin görə bilmədiyiniz döyüşçülərilə ona kömək etdi və kafirlərin sözünü alçaltdı. Təkcə Allahın Sözü ucadır. Allah Qüdrətli və Müdrikdir!”
Əgər siz Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) kömək göstərməkdən imtina etsəniz, bilin ki, Allahın siz ehtiyacı yoxdur və siz Ona heç vəchlə zərər vura bilməzsiniz. O, artıq Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onun (ona Allahın salavatı və salamı olsun!) yanında cəmi bir nəfər olduğu zaman Öz yardımını göstərmişdir. Bu isə kafirlər onu (ona Allahın salavatı və salamı olsun!) Məkkədən qovan zaman baş vermişdi. Onlar onu (ona Allahın salavatı və salamı olsun!) öldürmək niyyətindəydilər və buna yaxşıca hazırlaşmışdılar və Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) şəhəri tərk etməyə məcbur etdilər. O (ona Allahın salavatı və salamı olsun!), Əbu Bəkr Sıddıq (Allah ondan razı olsun) ilə yola çıxmışdı və onlar Məkkənin aşağı hissəsində yerləşən Saur dağının mağarasında sığınacaq tapmışdılar. Onlar, şəhərdə ehtiraslar sakitləşənə qədər orada qaldılar.
Onların vəziyyəti təhlükəli və ağır idi, çünki düşmənlər hər ikisini tapıb öldürmək niyyəti ilə hər tərəfi gəzib dolaşırdılar. Lakin Fövqəluca Allah onlara təsəvvür edilməsi mümkün olmayan yardım etdi. Əbu Bəkrin narahatçılığını görərək, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ona (A.o.r.) dedi: “Kədərlənmə, çünki Allah bizimlədir. O, bizə kömək edir və bizi yardımsız qoymaz”. Allah Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) qəlbinə yəqinlik salmışdı ki, o da onu (ona Allahın salavatı və salamı olsun!) özünü sakit saxlamağa və hətta öz yol yoldaşını arxayınlaşdırmağa imkan verirdi. Bundan əlavə, Allah insanların görə bilmədiyi döyüşçülər göndərmişdi. Onlar Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) mühfizə edən alicənab mələklər idilər.
Allah kafirləri alçaldaraq Öz yardımından məhrum etdi. Onlar qəti niyyətlə Elçini (ona Allahın salavatı və salamı olsun!) öldürə biləcəklərini və ya tutacaqlarını güman edirdilər. Onlar bərk qəzəblənmişdilər və əllərindən gələn hər şeyi edirdilər ki, niyyətlərini həyata keçirə bilsinlər. Lakin Allah onlara kömək etmədi və onlar istədiklərinə nail ola bilmədilər. Bundan başqa, onlar heç nə edə bilmədilər. Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) yardım etdi və onu (ona Allahın salavatı və salamı olsun!) qorudu. Şərh olunan ayədə Allahın yardımı adı altında məhz bu mühafizə nəzərdə tutulur.
Bilmək lazımdır ki, Allahın yardımı iki növ olur. Birinci növ – düşmənlərini yox etmək istəyən möminlərə göstərilən yardımdır. Allah onlara istədiklərinə nail olmaq üçün düşmənlərini darmadağın etməyə kömək edir. İkinci növ – qüvvətli düşmənlərin məhv etmək istədiyi zəif müsəlmanlara göstərilən yardımdır. Allah onlara da kömək edir ki, təhlükəni onlardan uzaqlaşdırsın və onları məhv olmaqdan qoruyur. Aydındır ki, bu növ yardım müsəlmanlara daha çox faydalıdır. Məhz belə bir köməyi Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!), o (ona Allahın salavatı və salamı olsun!) yol yoldaşı ilə mağarada qalan zaman göstərmişdi.
Allahın Sözü həmişə ən alidir və bu, həm Allahın təyin etdiyi qədərə və həm də dini qanunlara aiddir. Onlar bütün qalan sözlərdən və qanunlardan alidir. Fövqəluca Allah buyurur: “...Biz (peyğəmbərləri təkzib edən) günahkarlardan intiqam aldıq. Möminlərə kömək etmək Bizə vacibdir!...” (Rum, 30/47);
“Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə (qiyamət günündə) yardım edəcəyik!” (Mumin, 40/51);
“And olsun ki, peyğəmbər qullarımıza əvvəlcədən bu sözümüz deyilmişdi: Onlar mütləq qalib gələcəklər. Bizim əsgərlərimizin zəfər çalması labüddür!” (Saffat, 37/171-173) .
Allahın dini inandırıcı sübutlara, açıq-aşkar möcüzələrə və sarsıdıcı dəlillərə əsaslanması sayəsində həmişə bütün başqa dini etiqadlardan üstündür. Onun gözəl adları arasında – Qüdrətli və Müdrik adları. Heç kim Onun öhdəsindən gələ bilməz və ya Ondan qaçıb canını qurtara bilməz. O, hər şeyi öz yerində yerləşdirir və möminlərin qələbəsini İlahi hikmətin zəruri saydığı bir başqa vaxtadək ləngidir.
Bu gözəl ayə Əbu Bək Sıddığın (A.o.r.) üstünlüyünə dəlalət edir. O (A.o.r.), hicrət zamanı Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yol yoldaşı idi. Bu böyük şərəfə ondan (A.o.r.) başqa heç kim nail olmamışdı. Mömin müsəlmanlar yekdilliklə əmindirlər ki, bu ayədə məhz Əbu Bəkrdən (A.o.r.) bəhs edilir və kim ki, Əbu Bəkrin (A.o.r.) Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Mədinəyə hicrəti zamanı onun (ona Allahın salavatı və salamı olsun!) yol yoldaşı olduğunu qəbul etmirsə, kafir sayılır, çünki o, bu barədə Quran ayəsini inkar etmiş olur.
Bu ayə həmçinin sakitliyin və əminliyin faydasını xüsusilə vurğulayaraq, onların, ağır və təhlükəli vəziyyətdə olan qullarına Allahın bəslədiyi mərhəmətinə xas keyfiyyətlər olduğunu göstərir. Qulun sakitliyi və arxayın olması, onun nə dərəcədə öz Rəbbini yaxşı dərk etməsindən və Onun vədinin doğruluğuna iman gətirməsindən asılıdır. Onlar həm də qulun imanından və cəsurluğundan asılı olur.
Bu ayədən bir daha aydın olur ki, möminlərin ən yaxşıları belə çətinliklərdən və təhlükələrdən kədərlənə bilərlər. Lakin Allahın qulu belə hissiyyatdan xilas olmağa can atmalıdır, çünki o onun qəlbini və qətiyyətini zəiflədir. Sonra Fövqəluca Allah mömin qullarını Onun yolunda döyüşə çağıraraq buyurur:
(9.41) “Sizə yüngül gəlsə də, ağır gəlsə də, döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Bilin ki, bu sizin üçün daha xeyirlidir”
Ey möminlər! Sizə yüngül və ya ağır gəlməsindən, bunu həvəslə və ya həvəssiz etməyinizdən asılı olmayaraq müqəddəs müharibəyə yollanın. Qızmar isti havada da, bərk şaxtada da – istənilən şəraitdə Allah yolunda vuruşun. Əlinizdən gələni edin, malınıza heyfiniz gəlməsin və həyatınızı belə qurban verin. Siz döyüş əməliyyatlarında nəinki iştirak etməlisiniz, həm də öz sərvətinizi, əgər buna zəruriyyət varsa, döyüşən müsəlmanların ehtiyaclarına sərf etməlisiniz. Allah yolunda öz malınızla və canınızla mübarizə aparmaq sizə hərəkətsizlikdən daha yaxşıdır, çünki belə saleh əməllərin sayəsində siz Onun iltifatını qazanar və Onun hüzurundə yüksək pillələrə ucaldılar, Onun dininə kömək edər və Onun fədakar döyüşçüləri sırasına daxil olarsınız.
(9.42) “Əgər o (dəvət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar: “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq”,- deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir”.
Ey Muhəmməd! Əgər hərbi yürüş adamlara asan qazanc və dünyavi nümətlər əldə etməyə imkan versəydi, əgər yol uzun və məşəqqətli olmasaydı, onda adamların çoxu həvəslə sənin ardınca gələrdilər. Belə bir yürüş onlara ağır gəlməzdi. Lakin gediləcək məsafə onlara olduqca uzaq, yol isə çox ağır göründü və onlar sənə qoşulmadılar. Belə rəftar nümunəvi əməl deyil, çünki əsil qul istənilən şəraitdə öz Rəbbinə ibadət edir. O, ona ğır olduqda da, yüngül olduqda da öz vəzifələrini yerinə yetirir. O, bütün vaxtlarda Allahın qulu olaraq qalır. Kəmetiqad olanlar and içirlər ki, onlar yürüşə üzürlü səbəbə görə çıxmırlar. Onlar and içirlər ki, sənin çağırışına cavab verə bilmirlər. Lakin cihadda iştirak etməkdən imtina və yalan danışıqları onları məhv edir, axı Allah gözəl bilir ki, onlar yalan deyirlər.
Allah bu sözlərlə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə birlikdə Təbuk yürüşünə çıxmayan münafiqləri qınayır. Onlar özlərinə bəraət qazandırmaq üçün saxta tarixçələr uydurmuşdular və Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) də onların boş iddialarını qəbul etmişdi. O (ona Allahın salavatı və salamı olsun!) kimin doğru dediyini və kimin də yalan söylədiyini aydınlaşdırmadı. Buna görə sonra Fövqəluca Allah onu (ona Allahın salavatı və salamı olsun!) belə tələsik qərar qəbul etdiyi üçün məzəmmət etdi:
(9.43) “Allah səni bağışlasın! (Allah səni əfv etdi). Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara (cihadda iştirak etməməyə) izin verdin?”
Ey Muhəmməd! Adamlara şəhərdə qalmağa və yürüşdə iştirak etməməyə icazə verdiyinə görə Allah səni bağışlasın! Sən onları sınaqdan keçirməliydin ki, onlardan doğru danışanları və yalan söyləyənləri ayırd edə biləsən. Sən təkcə doğrudan üzürlü səbəbi olanlara şəhərdə qalmağa icazə verməliydin.
(9.44) “Allaha və Axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izin istəməzlər (o saat cihada çıxarlar). Allah müttəqiləri tanıyır!”
(9.45) “Səndən (cihada çıxmamaq üçün) izin istəyənlər ancaq Allaha, Axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar”.
Fövqəluca Allah bu ayələrdə bildirir ki, Allaha və Axirət gününə iman gətirən möminlər evdə qalmağa və cihadda iştirak etməməyə görə icazə istəməzlər. Onlar Onun yolunda öz malını və öz həyatlarını qurban verir, çünki saleh əməllər etmək və haqq dinə etiqad göstərmək arzusu onları, hətta dəvət edən olmasa da, Allah xatirinə döyüşməyə ruhlandırır. Həm onlar heç vaxt üzürlü səbəb olmadan döyüş əməliyyatlarında iştirak etmək vəzifəsindən azad olunmağı xahiş etmirlər. Allaha təqvalı möminlər haqqında hər şey məlumdur. Buna görə, O bildirir ki, onları fərqləndirən xüsusiyyət – onların heç vaxt evdə oturub, cihada getməmək məqsədilə icazə istəməməsidir. Təkcə günahkarlar icazə istəyərlər, çünki onlar kamil imandan və möhkəm əqidədən məhrumdurlar. Onların saleh əməllər işlətmək arzusu o qədər də böyük deyil və onlar cihadda iştirak etməkdən qorxurlar. Onlar evdə qalmağa icazə istəməyə məcburdurlar, çünki onları şübhələr didişdirir və onlar tam çaşqın haldadırlar.
(9.46) “Əgər onlar (münafiqlər cihada) çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər. Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə də (cihada çıxmaqlarına) mane oldu. Onlara: “(Evdə) oturanlara (qocalar, zəiflər, qadınlar və uşaqlarla bərabər) siz də oturun!” – deyildi”.
Fövqəluca Allah izah edir ki, hərbi yürüşdə iştirak etməkdən imtina edən münafiqlərin davranışı onların səfərə çıxmaq niyyətində olmadıqlarını təsdiq edir. Onların özlərinə qazandırmaq istədikləri bəraət saxta və əsassız idi. İnsanın saleh əməl işlətməsinə üzürlü səbəb o vaxt mane ola bilər ki, o, həmin əməlin icrası üçün əlindən gələni etmiş olsun. Əgər münafiqlər yürüşə çıxmaq üçün səy göstərsəydilər və bunu üzürlü səbəbə görə edə bilməsəydilər, onda onların bəraəti əsaslandırılmış olardı. Lakin münafiqlər yürüşdə iştirak etmək istəmirdilər və yürüş üçün heç bir hazırlıq aparmırdılar. Onlar ərzaq və ləvazimat tədarükü etmirdilər və bu, onların vuruşmamaq istəyini birmənalı şəkildə təsdiq edirdi.
Allah Özü də onların möminlərlə birlikdə yürüşə çıxmasını istəmirdi. O, belə etdi ki, onlara əvvəlcə döyüşdə iştirak etməyə əmr verməsinə, onları haqq işə ruhlandırmasına və buna görə onlara zəruri hər şeyi əta etməsinə baxmayaraq, onlar ləngisinlər və yubanıb geciksinlər. İlahi hikmət tələb edirdi ki, Allah onlara ağır yürüşə hazırlaşmağa kömək etməsin və onları bundan çəkindirsin. Sonra isə onlara, qadınlar və üzürlü səbəblərə görə məcbur olub qalanlarla birlikdə qalmaları buyuruldu. Bu barədə xatırlatdıqdan sonra Fövqəluca Allah bu qədərin hikməti haqqında xəbər verərək, belə buyurur:
(9.47) “Əgər (münafiqlər) sizinlə birlikdə (cihada) çıxsaydılar, yalnız içinizdə pozuntunu (fəsadı) artırar və sizi fitnəyə uğratmaq üçün aranıza soxulardılar. İçinizdə onlara qulaq asanlar da vardır. Allah zalımları tanıyır!”
Ey müsəlmanlar! Əgər münafiqlər sizinlə birgə səfərə çıxsaydılar, onların aranızda olması qoşunlarınıza zərər vurardı. Onlar aranızda düşmənçilik və ixtilaf salmaq ümidi ilə fitnə-fəsad və kin-küdurətlə dolu dedi-qodu yayardılar. Aranızda elə adamlar da vardır ki, onlar sağlam düşünmək bacarığına malik deyillər və onlar tələskənliklə o fitnəkarların sözlərinə qulaq asaraq aldanardılar. Təsəvvür edin ki, əgər münafiqlər sizinlə birgə yürüşə çıxsaydılar sizə nə qədər ziyan vurardılar. Onlar yorulmadan sizə məqsədinizə çatmaqda maneə yaradaraq, sıralarınızı zəiflədər, sizi düşmənlə mübarizədən çəkindirər və sizlərdən bəziləriniz də onların yalançı iddiaları ilə razılaşar və onların məsləhətlərinə qulaq asardınız. Həqiqətən, bu, sizin ciddi qüsurunuz olardı.
Fövqəluca Allah ilahi müdrikliyinə əasalanaraq münafiqləri yürüşə qatılmaqdan yayındırdı və onlara möminlərlə birlikdə yola çıxmağa imkan vermədi. Bununla O, müsəlmanlara mərhəmətini göstərdi və onları zərərdən başqa bir şey gətirməyəcək kəslərdən qoruyub saxladı. Allah ədalətsiz zalımları gözəl tanıyır və qullarına onlardan mühafizə olunmağı öyrədir. O, iman gətirənlərə izah edir ki, günahkarlarla yaxın olmaq onlar üçün necə təhlükəli nəticələr verə bilər. Sonra Fövqəluca Allah münafiqlərin əvvəllər də bədxah niyyətdə olduqlarını xəbər verərək, buyurur:
(9.48) “Onlar əvvəl də (Ühüd döyüşündə) fitnə törətmək istəmiş və sənin üçün bir sıra işləri alt-üst etmişdilər. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir oldu”.
Siz Mədinəyə hicrət etdiyiniz zaman onlar cəhd edirdilər ki, planlarınızı pozsunlar. Onlar fikirlərinizi qarışdırır və fitnə-fəsad qururdular ki, təbliğ etdiklərinizin yalan olduğunu ifşa etsinlər və dininizə zərər vursunlar. Onlar, haqq gələnə və Allahın hökmü zahirə çıxana qədər bu cür davranmaqdan əl çəkməmişdilər. Münafiqlərin fitnə-fəsadları nəticə vermədi və yalanları izsiz-tozsuz yox oldu. Həqiqətən də, Allah Öz mömin bəndələrini belə insanlardan qoruyur və onların iman sahibləri ilə birlikdə cihada getməməsindən sonuncular kədərlənməməlidirlər.
(9.49) “Onlardan (münafiqlərdən): “Mənə (döyüşə getməməyə) izin ver, məni fitnəyə salma!”– deyənlər də var. Bilin ki, onlar özləri fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir!”
Münafiqlər arasında elə bir adam tapıldı ki, o, özünü doğrultmaq üçün tamamilə qəribə bir dəlil gətirdi. O dedi: “Mənə evdə qalmağa icazə ver və məni fitnəyə salma! Əgər mən yürüşə çıxıb Əsfər nəslindən olanların qadınlarını görsəm, onlaın qarşısında dayana bilmərəm”. Bu adam əl-Cudd b. Keys idi. Allah onu rüsvay etsin! O, öz münafiqliyini ( İkiüzlülüyünü. F.S.) gizlətməyə cəhd göstərərək, özünün təmiz və gözəl niyyətli olduğunu büruzə vermək istəyirdi. O, bəyan edir ki, əgər yürüşdə iştirak etsə, fitnəyə düşəcək və günah işlədəcək, əgər evdə qalsa, günahdan çəkinə bilər və nəfsini pis əməllərdən saxlayar.
Allah onun yalanını ifşa edərək, xəbər verir ki, o, artıq fitnəyə düşmüşdür. Əgər o, doğrudan da şərdən qaçmaq niyyətindəydisə, onda bilməliydi ki, yürüşdə iştirakdan imtina onun üçün daha boyük bir azğınlıq idi və ona daha böyük ziyan vurmuşdur, axı o, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətsizlik göstərmiş, kobud günah işlətmiş və öz çiyinlərinə ağır yük götürmüşdü. Hərbi yürüş zamanı qurşana biləcəyindən ehtiyat etdiyi günah, onun yol verdiyi cinayətdən daha yüngül idi. Bundan əlavə, onun qorxusu süni idi, çünki o, əslində, əlindən gələni etmişdi ki, yürüşdə iştirakdan yayınsın. Bax elə buna görə, sonra Allah münafiqləri hər tərəfdən bürüyəcək Cəhənnəmə atacağı ilə təhdid edir. Onlar oradan qaça bilməyəcəklər və Cəhənnəm əzabından xilas olmayacaqlar.
(9.50) “Sənə bir yaxşılıq (zəfər, qənimət) nəsib olsa, onların halı pis olar. Sənə bir müsibət üz versə: “Biz tədbirimizi qabaqcadan görmüşük!” deyər və sevincək halda dönüb gedərlər”.
Münafiqlər – İslamın əsil düşmənləridir və bu dinə nifrət edirlər. Müsəlmanlar öz düşmənləri üzərində qələbə çalanda, bu onları məyus edir, düşmənlər müsəlmanlara üstün gələndə isə onlar sevinirlər ki, məğlubiyyət zamanı onların yanında olmayıblar. Onlar deyirlər: “Biz öncədən ehtiyat tədbirləri görmüşdük və buna görə belə xoşagəlməz hallardan necə qaçınmaq lazım gəldiyini bilirdik”. Onlar canlarını qurtarmağa nail olduqları bədbəxtliyin müsəlmanlara üz verməsindən məmnun idilər.
Tarix: 20.04.2013 / 14:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 589 Bölmə: Sureler