Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-MAİDƏ (SÜFRƏ) SURƏSİNİN ŞƏRHİ 32-50 ayələr

(5.32) “Bu səbəbə görə Biz İsrail oğullarına yazdıq ki: “qətl törətməyən və ya yer üzündə fəsad yaymayan bir insanı öldürən kəs bütün insanları öldürmüş kimidir, kim də bir insanın həyatını qoruyarsa, o, bütün insanların həyatını qorumuş kimi olar. Bizim elçilərimiz artıq açıq-aydın ayələrimizlə onların yanına gəlmişlər, lakin bundan sonra da, onların əksəriyyəti yer üzündə qudurğanlıq edir”.

Adəmin iki oğlu haqqında hekayət onunla sona yetdi ki, onlardan biri öz qardaşını öldürdü və ondan sonra qətl törədənlər üçün yol açdı. Bu hekayətdən aydın olur ki, qətlin kədərli nəticəsi həm bu dünyada və həm də Axirət həyatında peşmançılıq və zərər olacaqdır. Buna görə Allah Səma Kitablarına uyğun olaraq yaşayan İsrail oğullarına əmr edir ki, bir insanın, başqasını öldürməsi və ya yer üzərində fitnə-fəsad yayması istisna edilməklə, öldürülməsi bütün insanları eyni vaxtda öldürmək kimidir. Bu, öldürülənlə digər insanlar arasında fərqin olmaması ilə və həm də insanın təkcə şəriətin yol verdiyi halda öldürülməsinə icazə verilməsi ilə izah edilir. Əgər qatil ölümə layiq olmayanı həyatdan məhrum edirsə, onda bu o deməkdir ki, onun üçün qətl etdiyi ilə qalan insanlar arasında fərq yoxdur və o, ancaq onu pislik törətməyə yönəldən nəfsinin istəklərinə tabe olmuşdur.
Eyni şeyi, Fövqəluca Allah qarşısında qorxu hissi keçirdiyinə görə, nəfsinin ona başqa əmr verməsinə baxmayaraq, insanı öldürməyib həyatını xilas edən haqqında da demək olar. Belə insan sanki bütün insanların həyatını xilas edir, çünki Allah qarşısında qorxu hissi onu ölümə layiq olmayan hər hansı bir adamı öldürməkdən hökmən saxlayar.
Bu ayədən aydın olur ki, iki halda insanı öldürməyə icazə verilir.
Birincisi, insan qanuni əsasları olmadan qəsdən qətl törətdikdə, əgər o həddi-buluğ yaşına çatmışsa, törətdiyi qətlə görə məsuliyyət daşımalıdırsa, yəni, öldürülənin valideyni deyilsə, onu edam etməyə icazə verilir.
İkincisi, əgər insan yer üzündə dinə, insanların həyatına və mülkiyyətinə zərər vuraraq şərəfsizlik, fitnə-fəsad yayırsa. Bu, mürtədlərə, döyüşkən kafirlərə və bidət təbliğatçılarına aiddir ki, onların qarşısını ancaq edam etməklə almaq mümkündür. Bu həmçinin yol kəsən soyğunçulara və insanlara hücum çəkərək onların həyatını və malını təhlükə altına alan digər cinayətkarlara aiddir.
Sonra Allah bildirir ki, insanlara aydın mənalı ayələr göndərilmişdi və onlar insanların öz şərəfsizliklərinə haqq qazandırmasına imkan vermir. Buna baxmayaraq, insanların əksəriyyəti onları düz yolla getməyə məcbur edən təkzibolunmaz dəlilləri dinləyərək, yenə də haram edilmiş sərhədləri aşmaqda davam edir, günahlar törədir, onlara aydın ayələr və dəlillər gətirən Allahın elçilərinə müqavimət göstərirlər.

(5.33) “Həqiqətən, o kəslər ki, Allaha və Onun Elçisinə qarşı vuruşurlar və yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərirlər, əvəzində ya öldürülməli, ya çarmıxa çəkilməli və ya da əlləri və ayaqları çarpaz kəsilməli və yaxud da onlar ölkədən sürgün edilməlidirlər. Bu, onlar üçün bu dünyada biabırçılıqdır və Axirət həyatında onlar üçün böyük əzab hazırlanmışdır”.

Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı vuruşmaq adı altında Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) bəslənən düşmənçilik münasibəti və həmçinin kafirlik, qətllər, özgəsinin malını mənimsəmə və ya yollarda quldurluq etmə vasitəsilə yer üzündə fitnə-fəsad yaymaq nəzərdə tutulur.
Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur. Onlar sanki yolların arasını kəsirdilər və Fövqəluca Allah da bildirir ki, bunun əvəzi sadalanan cəzalardan biridir.
Şərhçilər bu cəza tədbirləri arasında hansını seçmək barədə rəylərində müxtəlif fikirlər söyləmişlər. Bəziləri hesab edirdilər ki, hökmdar və ya onun canişini hər hansı qulduru göstərilən cəza növlərindən məqsədəuyğun saydığı biri ilə məhkum etmək haqqına malikdir. Bu rəy təfsir olunan ayənin aydın mənasına uyğun gəlir.
Digər bir təfsirə görə isə, quldurlar törətdikləri cinayətlərə müvafiq olaraq cəzaya məhkum edilməlidirlər. Ayədən aydın olur ki, hər bir cinayət növü üçün Fövqəluca Allahın müdrikliyi ilə təyin olunmuş müvafiq cəza müəyyənləşdirilmişdir. Əgər quldurlar qətl və soyğunçuluq törətmişlərsə, onda onları edam etmək və çarmıxa çəkmək lazımdır ki, onlar insanların gözü qarşısında biabır edilib rüsvay olsunlar və başqaları da belə əməllərdən çəkinsinlər. Əgər onlar soyğunçuluq etmədən qətl törətmişlərsə, onda onlar ancaq edam edilməlidirlər. Əgər onlar yolçuları ancaq qarət etmiş və öldürməmişlərsə, onda onların ancaq əlləri və ayaqları çarpaz kəsilməli, yəni, sağ əlləri və sol ayaqları kəsilməlidir. Əgər quldurlar insanları ancaq qorxutmuşlarsa, kimsəni öldürməmiş və soymamışlarsa, onları təkcə ölkədən qovmaqla və insanlar onların tövbə etdiklərinə əmin oluncayadək şəhərlərdə yaşamağa imkan verməməklə qane olmaq. İbn Abbas və bir çox görkəmli İslam alimləri bu rəyə tərəfdar idilərsə də, onların arasında da bəzi fərqli münasibətlər vardı.
Bu cəza quldurlar üçün bu dünyada rüsvayçılıq və biabırçılıqdır. Axirət həyatında isə onları böyük bir cəza gözləyir. Buradan aydın olur ki, yollarda quldurluq etmək, insanları yer üzündə yaşadıqca rüsvayçılığa və öldükdən sonra isə cəzaya məhkum edən ağır günahlara aiddir və həm də belə rəftar etdikdə insan Allahla və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə müharibəyə başlayır. Əgər bu cinayət bu qədər ağırdırsa, onda yer üzünü azğınlıq törədən şərəfsizlərdən təmizləmək, yollarda təhlükəsizliyi təmin etmək və insanları öz həyatı və əmlakı üçün qorxu hissi keçirməkdən xilas etmək ən böyük xeyirxah əməllərdən və Allahın bəyəndiyi ən gözəl işlərdəndir. Belə yaxşı əməllər yer üzündə əmin-amanlığı və doğruçuluğu təmin edir və yer üzündə fitnə-fəsadın yayılmasının əks göstəricisidir.

(5.34) “Siz onların üzərində hakimiyyət əldə etməzdən öncə tövbə edib qayıdanlar istisnadır. Həqiqətən, Allah Bağışlayandır və Mərhəmətlidir”.

Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı vuruşan quldurlar müsəlmanların hakimiyyəti altına düşməzdən öncə tövbə etsələr, onda Allah qarşısında əvvəllər yerinə yetirmədikləri vəzifələrinə görə məsuliyyət daşımaqdan azad ediləcəklər. Belə günahlara görə (Tövbə etdikləri andan əvvəl törətdikləri günahlara görə. F.S.) onlar edam edilə, çarmıxa çəkilə, əlləri və ayaqları çarpaz kəsilə və ya ölkədən sürgün oluna bilməz. Onların insanların hüquqlarına qəsd etmələri məsələsinə gəldikdə isə, əgər onlar belə cinayətləri İslama daxil olana qədər törətmişlərsə, o cinayətlər onlara bağışlanır. Yox, əgər onlar müsəlman olduqları halda belə cinayətlər etmişlərsə, onda törətdikləri qətllərə və soyğunçuluqlara görə məsuliyyət daşıyırlar.
Bu ayənin mənasından aydın olur ki, əgər Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı vuruşan quldurlar müsəlmanların əlinə keçdikdən sonra tövbə etsələr, bu onları törətdikləri cinayətlərə görə məsuliyyətdən xilas etmir. Bu hökmün hikməti tamamilə aydındır. Əgər cinayətkar ədalət məhkəməsinin əlinə düşənə qədər onun tövbəsi yer üzündə fitnə-fəsad yaymağa görə məsuliyyətdən xilas edirsə, onda digər cinayətlərə qarşı bu hökm daha artıq dərəcədə aid olur.

(5.35) «Ey iman gətirmişlər! Allahdan qorxun və Ona yaxınlaşmağa vasitə axtarın və Onun yolunda vuruşun, ola bilsin ki, uğur qazanasınız”.

Allah Öz mömin qullarına imanın tələblərinə uyğun olaraq davranmağı, təqvalılığa etiqad etməyi və Rəbbin qəzəbi və narazılığından qorunmağı əmr edir. Qul səy göstərməli və mümkün olan hər şeyi etməlidir ki, qəlbi, dili və bədən üzvləri ilə yerinə yetirilən əməllərlə Allahın qəzəbinə səbəb ola biləcək hərəkətlərdən uzaq olsun. O, Allahdan xahiş etməlidir ki, Onun qəzəbindən və cəzasından xilas olmaq üçün belə günahlardan çəkinməyə ona kömək etsin. O, öz Rəbbinə yaxınlaşma yolları axtarmalı, Onun lütfünü qazanmağa və Onun məhəbbətinə layiq olmağa can atmaqla dinin bütün vacib hökmlərini yerinə yetirməlidir.
Bu ehkamlara qəlblə edilən əməllər, məsələn, Allaha məhəbbət, Onun xatirinə sevmək, Onun qarşısında qorxmaq, Ona ümid etmək, Onun qarşısında tövbə və ya Ona təvəkkül etmək daxildir. Belə əməllərə həmçinin bədənlə yerinə yetirilən ayinlər, məsələn, zəkat ödənilməsi və ya həcc ziyarətinə getmək və qarışıq ayinlər, məsələn, namaz aid edilir. Onlara həm də Quran oxunması, Allahın zikr edilməsi və məxluqlara qarşı xoş rəftarın müxtəlif formaları, məsələn, maddi yardım, elm öyrətmək, himayəçilik, fiziki kömək və ya yaxşı məsləhət vermək də aid edilir.
Bütün bu əməllər qulun Allaha yaxınlaşmasına imkan verir və bu, Allahın məhəbbətinə nail olana qədər davam etdirilir. Bu baş verdikdə, yəni, Allah qulunu sevməyə başladıqda, O, onun eşidən qulağı, gördüyü gözü, tutduğu əli, yeridiyi ayağı olur (Bu barədə həmin surənin 54-cü ayəsinin təfsirinə də bax. F.S.) və bunlarla yanaşı Allah onun bütün dualarına cavab verir.
Sonra Bərəkət Sahibi Fövqəluca Allah qulları Ona yaxınlaşdıran bütün ibadət ayinlərindən Onun yolunda cihadı xüsusilə qeyd edir. Cihad dedikdə, kafirlərlə mübarizədə səy göstərilməsi nəzərdə tutulur ki, bunu da insan maddi ianələr vasitəsilə və ya onda bilavasitə iştirak etməklə gerçəkləşdirir. O, faydalı təkliflər verməklə, bu mübarizədə sözü ilə iştirak etməklə və yaxud bacardığı digər imkanlardan istifadə etməklə, Allahın dininə kömək göstərir. Cihada Allahın bəyəndiyi ən şərəfli əməllərdən və Allaha yaxınlaşmanın ən ləyaqətli yollarından biridir və əgər insan bu hökmü yerinə yetirirsə, onda o, dinin başqa hökmlərini də hökmən icra edir.
Sonra Allah vurğulayır ki, əgər insanlar Ondan qorxsalar, günahlardan çəkinsələr və əgər Allahın bəyəndiyi əməlləri yerinə yetirməklə Ona yaxınlaşma yolları axtarsalar və Onun lüffkarlığını qazanmaq üçün Onun yolunda mübarizədə iştirak etsələr, hökmən müvəffəqiyyətə nail olarlar. Burada müvəffəqiyyət dedikdə isə arzu edilən hər şeyin əldə edilməsi və hər hansı dəhşətli və xoşagəlməz şeylərdən xilas olmaq nəzərdə tutulur ki, bunun da mahiyyəti əbədi xoşbəxtliyə və sonsuz səadətə nail olmaqdan ibarətdir.

(5.36) “Həqiqətən, yer üzündə olan hər şey və bir o qədər də kafirlərin olsaydı və onlar Qiyamət günü əzab-əziyyətdən xilas olmaq üçün onu fidyə versəydilər, onlardan qəbul olunmazdı. Onlara dəhşətli işgəncələr hazırlanmışdır”.


(5.37) “Onlar Oddan çıxmaq istəyəcəklər, lakin oradan çıxa bilməyəcəklər. Onlar üçün əbədi iztirab hazırlanmışdır”.

Fövqəluca Allah kafirlərin Qiyamət günü düşəcəkləri pis vəziyyətdən xəbər verərək bildirir ki, onlar üçün dəhşətli cəza hazırlanmışdır. Əgər onlar Allahın cəzasından qurtulmaq üçün yer böyüklükdə və bir o qədər də üstəlik qızıl fidyə versələr, onsuz da onlardan qəbul edilməyəcək və onlara heç bir fayda verməyəcək, çünki Qiyamət gününün başlaması ilə insanların etdikləri əməllərinin onlara fayda verə biləcəyi vaxt artıq keçmiş olacaqdır. Kafirlərə məşəqqətli, ağrıdıcı və əbədi əzabı dadmaqdan başqa bir şey qalmayacaq, ondan qurtulmaq mümkün olmayacaq və onlar orada sonsuzluğa qədər qalacaqlar.

(5.38) “Oğru kişiyə və oğru qadına etdiklərinin əvəzi olaraq əllərini kəsin. Allahın cəzası belədir, axı Allah Qüdrətlidir və Müdrikdir”.

Oğru, haqqı olmadığı özgə malını gizlicə götürən adamdır. Oğruluq ağır günahlara aiddir və nəticəsi dəhşətli cəza – sağ əlinin kəsilməsidir. Səhabələrdən bizə qədər gəlib çatmış Quran oxunuşlarının birində məhz sağ əldən bəhs edilir.
Əlavə izahlar olmadan söhbət əldən getdikdə təkcə bilək nəzərdə tutulur və buna görə, oğurluq üstündə əlin kəsilməsi biləyə qədərdir ki, kəsildikdən sonra onu qaynar yağa salırlar ki, qan damarları tıxansın və qan axması dayansın. Sünnə bu ayənin ümumi mənasını bir neçə müddəalarla konkretləşdirmişdir.
Birincisi, oğurlanmış əşya, adətən, qorunan əmlaka aid olmalıdır. Əgər oğurlanmış şey belə mühafizə olunan əşyalara aid olmadığı halda əlin kəsilməsi nəzərdə tutulmur.
İkincisi, oğurlanmış əşyanın dəyəri dörddə bir dinardan (Dinar – qızıl pul vahididir. F.S.) və ya üç dirhəmdən(Dirhəm – çəki vahididir və təxminən -3 qrama (3,207 qr.) bərabərdir. F.S.)az olmamalıdır. Əgər oğru bundan az dəyərli şeyi oğurlamışsa, onun əlini kəsmirlər. Aydındır ki, bu hökm “sirka” (“oğurluq”) ərəb sözünün leksik mənasından irəli gəlir. Qarşısı alınması (qorunması) mümkün olmayan məhz bu üsulla əmlakın oğurlanması “sirka” adlandırılır. Deməli, qorunmayan əşyanın icazəsiz götürülməsini, şəriətə görə, oğurluq adlandırmaq olmaz.
Sağlam mühakimə göstərir ki, xırda oğurluğa görə əl kəsmək lazım deyil. Əgər əlin kəsilməsi üçün oğurlanan əşyanın müəyyən dəyərə malik olması tələb edilirsə, onda şəriət artıq bu ayənin mənasını konkretləşdirmişdir.
Oğurluq üstündə əlin kəsilməsi ona görə əmr olunmuşdur ki, insanların əmlakının təhlükəsizliyi təmin edilsin, belə cinayətlərin qarşısı alınsın və bədənin bu cinayəti törətmiş üzvü kəsilsin. İnsan təkrar oğurluq etdikdə, onda onun sol ayağı kəsilməlidir. O, üçüncü dəfə oğurluq edərsə, onda sol əli kəsilməlidir, dördüncü eyni cinayətə görə isə sağ ayaq kəsilməlidir. Başqa bir rəyə görə, belə bir adam ömürlük həbsə məhkum edilməlidir.
Oğrunun əlinin kəsilməsi başqasının əmlakını oğurlamasının əvəzi olaraq Allah tərəfindən verilən ibrətamiz cəza, ona və başqa insanlara xəbərdarlıqdır. Hər bir oğru bilməlidir ki, belə bir cinayətə görə əlindən məhrum ola bilər. Qüdrətli və Müdrik Allahın qərarı belədir.

(5.39) “Allah, zülm etdikdən sonra tövbə edib, islah olanın tövbəsini qəbul edir, çünki Allah Bağışlayandır və Rəhmlidir”.


(5.40) “Məgər sən bilmirsən ki, göylərin və yerin üzərində hakimiyyət Allaha məxsusdur? O, istədiyini əzaba düçar edir, istədiyini də bağışlayır. Allah hər şeyə qadirdir”.

Allah tövbə edən, günahdan əl çəkən, əməllərini islah edən və qüsurlardan təmizlənən hər kəsi bağışlayır. O, göylər və yer üzərində hakimiyyət Sahibidir və Özünün kainat və dini qanunları əsasında onları istədiyi kimi idarə edir. O, Öz Müdrikliyinə, hərşeyiəhatəedən Rəhminə və hərşeyibağışlayanlığına əsaslanaraq bağışlayır və cəzalandırır.


(5.41) “Ey Elçi! Qoy kafirliyə etiqad etməyə can atanlar və öz dilləri ilə: “Biz iman gətirdik” – deyib, əslində qəlbən iman gətirməyənlər səni kədərləndirməsinlər. Yəhudiliyə etiqad edənlər arasında elələri də var ki, yalanlara həvəslə qulaq asırlar və sənin yanına gəlməyən başqa adamlara qulaq asırlar. Onlar sözlərin yerini dəyişdirməklə onları təhrif edir və deyirlər: “Əgər onu sizə versələr, götürün, o sizə verilməsə, onda çəkinin”. Allah yolundan azdırmaq istədiyi kəsi, sən Allahdan qorumağa qadir deyilsən. Allah onların qəlbini təmizləmək istəmir. Bu dünyada onları rüsvayçılıq, Axirət həyatında isə onlar üçün şiddətli əzab-əziyyət hazırlanmışdır”.

Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) var gücü ilə çalışırdı ki, insanları doğru yola gətirsin və onlardan bəziləri dini qəbul etdikdən sonra, yenidən kafirliyə qayıtdıqda kədərlənirdi. Belə olduqda Fövqəluca Allah ona əmr edir ki, belə günahkarlara görə qəmlənməsin, çünki onlar tamamilə yolsuz insanlardır. Onlar sənin yanında olanda heç bir fayda vermirlər, onların yaxında olmamalarını isə heç kim hiss etmir. Onların davranışının müsəlmanda məyusluq doğurmamalı olmasının səbəbi ondadır ki, onlar ancaq sözdə iman gətirirlər, halbuki ürəklərində hələ kafir qalmış olurlar. O şəxslər üçün kədərlənmək olar ki, onlar qəlbən və cismən iman gətirdikdən sonra küfrə qayıtmış olsunlar. Lakin belə insanlar dindən heç vaxt üz döndərmirlər və etiqaddan dönmürlər, çünki onların qəlbi imanın gözəlliyini bir dəfə hiss etdikdən sonra, onu heç vaxt başqa bir şeylə dəyişməzlər.
Sonra Allah ayədə bildirir ki, yəhudilərin arasında elələri var ki, yalana həvəslə qulaq asır və baxışları yalana, azğınlığa və zalımlığa əsaslanan öz başçılarına və ağsaqqallarına kor-koranə itaət edirlər. Bu ağsaqqallar Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) qəbul etmirlər, ondan üz döndərirlər və öz yanlış nəzər nöqtələrinə sevinirlər. Onlar Səmavi Kitaba Allahın vermədiyi mənaları əlavə etmək istəyirlər və bununla insanları azdırmaq və həqiqəti inkar etmək istəyirlər. Onlar azğınlıq təbliğatçılarıdırlar, hər cür yalan danışır, ağıldan və qəti qərar qəbul etmək qabiliyyətindən məhrum olan insanları öz dallarıyca aparırlar. Əgər onlar Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət etmirlərsə, buna xüsusi əhəmiyyət verilməməlidir, çünki bu adamlar çoxsaylı qüsurlara malikdirlər və onlara əhəmiyyət verilməsinə və diqqət yetirilməsinə layiq deyillər.
Sonra Allah xəbər verir ki, yəhudilərin Muhəmməd Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) onların mübahisəsini həll etməyi xahiş etməkdə niyyətləri öz məqsədlərinə nail olmaq idi. Onlar bir-birinə belə deyirdilər: “Muhəmmədin qərarı sizin istədiyinizə uyğun gəlsə, onunla razılaşın, yox, əgər o, başqa bir qərar çıxarsa, ona itaət etməkdən çəkinin”.
Onlar yollarını azaraq öz nəfslərinə tabe oldular, Allah isə insanı azdırmaq istədikdə, hətta Onun elçisi də onu Ondan qoruya bilməz. Bu barədə Fövqəluca Allah belə buyurur: “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır” (Qəsəs, 28/56).
Allah bu insanların ürəklərini təmizləməmişdir və buna görə onlar öz cinayətlərini törətmişlər. Bu isə o deməkdir ki, əgər insan şəriət məhkəməsinə ürəyindən keçən qərarı eşitmək ümidi ilə müraciət edirsə, əgər qərar onun xeyrinə veriləndə sevinirsə və istədiyinə nail olmadıqda qəzəblənirsə, bunun səbəbi onun qəlbində kök salmış rəzalətdir. Əksinə, o, şəriət məhkəməsinə müraciət etdikdə, qəbul edilmiş qərarla, onun istəyi ilə uyğun gəlib gəlməməyindən asılı olmayaraq, qane olduqda, bu onun qəlbinin təmizliyinə dəlalət edir. Buradan aydın olur ki, qəlbin təmizliyi xeyirxahlığın rəhni və insanın sağlam fikirlər söyləməsinə və yaxşı işlər görməsinə səbəb olan əzəmətli amildir. Lakin insanın qəlbi təmizlənmədikdə, bu dünyada onu ancaq şərəfsizlik və namussuzluq, Axirət həyatında isə Cəhənnəm odu və Qüdrətli Allahın qəzəbi gözləyir.


(5.42) “Onlar yalanı məmnuniyyətlə dinləyir və haram yeyirlər. Onlar yanına gəldikdə, istəsən aralarında hökm ver, istəməsən onlardan üz döndər. Üz döndərsən onlar sənə heç vəchlə zərər vura bilməzlər. Lakin hökm çıxarmalı olsan, insaflı ol. Həqiqətən, Allah insaflıları sevir”.

Yalanı dinləmək dedikdə, ona tabe olmaq nəzərdə tutulur. Belə insanların dindarlığı və ağlı o dərəcədə qüsurludur ki, onları doğru olmayan bir şeyi deməyə dəvət etdikdə, buna həvəslə razılaşırlar. Bununla yanaşı, onlar haram yolla əldə etdikləri əmlakı da yeyirlər. Bəzən onlar axmaqları və cahilləri aldadır, bəzən isə, verdikləri məlumata və ya gördükləri işlərə görə layiq olmadıqları mükafat alırlar. Onlar təkcə yalan danışmaqla qənaətlənmir, həmçinin haram yolla var-dövlət də əldə edirlər.
Belə insanlar Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanına gəldikdə, ona icazə verilmişdi ki, müraciət edənlərin çəkişməsini, öz istədiyi kimi, ya həll etsin, ya da onlardan üz döndərsin. Bu hökm ləğv edilməmişdi və əgər onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) məhkəməsinə müraciət edirdilərsə, o (ona Allahın salavatı və salamı olsun!) onlara dair ya qərar çıxarırdı, ya da bundan imtina edirdi, çünki onlar istədiklərinə uyğun gəlmədiyi halda şəriət qanunlarına tabe olmaq barədə düşünmürdülər.
Buradan belə bir nəticə çıxır ki, əgər insanlar şəriət alimlərinə dini müddəalar haqqında məlumat almaq və məhkəmə qərarı çıxarılması üçün xahişlə müraciət etdikdə və eyni zamanda onların xeyrinə olmayan qərardan razı qalmayacaqlarını və onlara tabe olmayacaqlarını bildirdikdə, onların xahişini rədd etmək olar. Yox əgər hakim qərara alsa ki, onların məsələsinə baxsın, onda o, insaflı qərar çıxartmalıdır, çünki Allah insaflıları sevir. Məhkəməyə müraciət edən insanlar hətta zalım və düşmən olsalar da, bu, hakimə ədalətli qərar qəbul etməyə maneə olmamalıdır. Bütün bunlar, insanlar arasında çəkişmələrə baxılarkən ədalətli olmağın və qərəzsizliyin üstünlüyünü xüsusilə vurğulayır və bu o deməkdir ki, Allah bu keyfiyyətləri sevir.


(5.43) “Onlar əllərində Allahın hökmlərindən ibarət Tövrat olduğu halda səni necə hakim seçir və sonra da üz döndərirlər? Çünki onlar mömin deyillər”.

Əgər o insanlar iman sahibi olsaydılar və dinin vacib tələblərinə uyğun olaraq davransaydılar, onda onlar Allahın Tövratla nazil etdiyi və onlara yaxşı məlum olan qanunlarından üz döndərməzdilər. Onlar səni hakim seçməklə ümid edirlər ki, sən onların tələblərinə uyğun olan qərar çıxaracaqsan. Lakin sən Allahın onlarda olan hökmlərinə müvafiq gələn qərar qəbul edirsən və buna görə onlar narazılıq edir və sənin qərarından üz çevirirlər. Onlar iman gətirməmişlər, çünki iman gətirənlərə belə rəftar etmək yaraşmaz. Onlar doğru iman sahibi olmağa layiq deyillər, çünki öz istəklərini ilahlaşdırır və dinin qanunlarını onlara tabe etməyə cəhd göstərirlər.


(5.44) “Tövratı Biz nazil etdik. Onda doğru yol və nur vardır. Özlərini (Allaha) təslim etmiş peyğəmbərlər onun əsasında yəhudilər üçün hökm çıxarardılar. Allahın Kitabını qoruyan və ona şahid olan ravvinlər və alimlər də (onunla hökm verərdilər). İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimizi dəyərsizləşdirməyin. Allahın nazil etdikləri əsasında hökm verməyənlər, məhz onlar kafirlərdir”.

Allah Tövratı İmran oğlu Musaya nazil etmişdi. O, insanlara imana və haqqa doğru yol göstərir, onları azmaqdan qoruyur və onların yolunu cahillik, çaşqınlıq, şübhələr, inamsızlıq və alçaq nəfsin zülməti içində işıqlandırırdı. Bu barədə Fövqəluca Allah buyurur: “Biz Musa və Haruna Furqanı bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik” (Ənbiya, 21/48).
Peyğəmbərlər bu Kitaba əsaslanaraq yəhudilərin işlərinə baxır və onlar üçün dini hökmlər verirdilər. Bu peyğəmbərlər Allaha təslim olanlardı və Onun əmrlərini yerinə yetirirdilər. Onların itaətkarlığı və sədaqətliliyi bütün digər insanların itaətkarlığından üstün idi, çünki Allah onları Öz qulları arasından seçmişdi.
Əgər Allaha minnətdar peyğəmbərlər (onlara Allahın salamı olsun!) və bəşəriyyətin ən yaxşı nümayəndələri Tövratın hökmlərini rəhbər tutur, yerinə yetirir və onlara tabe olurdularsa, bəs onda niyə yəhudilərdən olan mənfur günahkarlar onlara əsaslanmaqdan boyun qaçırırdılar? Onları Tövratın ən şərəfli ehkamlarından birini rədd etməyə və Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) inanmamağa məcbur edən nə idi? Halbuki Allah bu iman olmadan qəlb və bədən üzvlərinin köməyilə yerinə yetirilən heç bir əməli qəbul etmir. Onlar bu nümunəni kimdən götürürdülər? Onlar bu nümunəni, Kitabı təhrif etməyə, insanları idarə etməyə və bu yolla varlanaraq həqiqəti gizlətməyə və yalanı yaymağa adət etmiş din xadimlərindən mənimsəyirlər. Belə din rəhbərləri insanları azğınlığa yönəldir və onları Cəhənnəm oduna doğru sürükləyirlər.
Sonra Allah buyurur ki, ravvinlər və alimlər də həmçinin Tövratın əsasında hökm çıxarırdılar. Ravvinlər o din alimləri idilər ki, onlar öz biliklərinə uyğun olaraq rəftar edir və bildiklərini başqalarına öyrədirdilər. Onlar insanlara ən yaxşı tərbiyə verir və onları təqvalı peyğəmbərlərin yolu ilə aparırdılar. Kahin adı ilə isə din xadimləri arasında başqa insanlar tərəfindən sözlərinə ehtiramla yanaşılan və fərqlənənlər adlandırılırdılar. Onlar özlərindən sonra tarixdə əhəmiyyətli bir iz qoyur və öz xalqının yaddaşında xoş xatirə buraxırdılar.
Belə alimlər həqiqətə uyğun olan qərarlar qəbul edir, Allahın Kitabından mühafizə olunması tapşırılan hökmlərə istinad edirdilər. Allah onlara əllərində qalan Müqəddəs Kitabı qorumağı etibar etmişdi. Onlara əmr edilmişdi ki, onu hər hansı əlavələrdən, əksiltmələrdən və təhriflərdən qorusunlar və onunla tanış olmayanlara onu öyrətsinlər. Məhz onlar Müqəddəs Kitab haqqında şahidlik etmişdilər, çünki bir sual yarandıqda və ya Kitab barədə aydınlıq olmadıqda insanlar təkcə onlara müraciət edirdilər.
Bizim günlərimizdə də Fövqəluca Allah, cahillərə həvalə edilməyən vəzifələri din alimlərinə tapşırmışdır. Onlar öz vəzifələrini layiqincə yerinə yetirməli, faydasız işlərə və tənbəlliyə qurşanmış cahillərdən nümunə götürməməlidirlər. Onlar özlərini ancaq insanın özünə fayda verən, məsələn, Allahın zikr edilməsi, namaz, zəkat, həcc və ya oruc kimi ibadət ayinləri ilə məhdudlaşdırmamalıdırlar, çünki təkcə bu ayinlərin yerinə yetirilməsi, onlardan başqa, hamıya xilas olmağa kömək edir. Onların özünə isə, bu ayinlərin icra edilməsi ilə yanaşı, insanları öyrətmək, onlara ehtiyac duyduqları dinin əsas hökmlərini xatırlatmaq tələb olunur. Bu daha çox, İslamın əsas müddəalarına və insanların daha tez-tez rastlaşdıqları məsələlərə aiddir.
Alim insanlardan qorxmamalıdır, o, öz Rəbbindən qorxmalı və Onun ayələrini ucuz qiymətə satmamalıdır. O, haqqı gizlətməməli və cüzi maddi nemətlər əldə etmək xatirinə yalan təbliğat aparmamalıdır. Əgər o, bu qüsurlardan çəkinməyə nail olsa, doğru yolla gedər. O, o halda xoşbəxtlik əldə edə bilər ki, düşüncələri təkcə elmi biliklər qazanmaqla və insanları öyrətməklə bağlı olsun. O başa düşməlidir ki, Allah, ona əta edilmiş biliyi qoruyub saxlamağı onun özünə tapşırmış və onu haqqın şahidi etmişdir. O, təkcə Ondan qorxmalıdır və insanlar qarşısında qorxu hissi onu öz vəzifələrini layiqincə və qüsursuz yerinə yetirməyə mane olmamalıdır. Bundan başqa, o, din qarşısında maddi nemətlərə üstünlük verməməlidir.
Amma bəzən biliklər insana bədbəxtlik gətirir. Bu, əhəmiyyətsiz işlərə qurşanan və öz vəzifələrini icra etməyən alimlərə aiddir. Onlar Allahın onlara saxlanmasını tapşırdığı şeyə əhəmiyyət vermirlər. Onlar biliklərə laqeyd yanaşır, onları unudur, dini dünyəvi nemətlərə satır və hətta dini qərarlar çıxartmaq üçün rüşvət alırlar. Onlar dini fitvalar verməklə varlanır və insanlara bilikləri təkcə pula və mükafata görə öyrədirlər. Allah belə insanlara böyük iltifat göstərir, onlar isə nankorluq edirlər. Allah onlara böyük qismət bəxş edir, onlar isə başqalarını bu qismətdən məhrum edirlər. Biz isə Alicənab Allahdan rica edirik ki, bizə, fayda verən biliklər və bizdən qəbul ediləcək əməllər nəsib etsin, bizi bağışlasın və hər hansı bəlalardan xilas etsin!
Sonra Allah buyurur ki, əgər insan onlara nazil edilən aydın həqiqətə istinad etmirsə, tamah məqsədilə bilərəkdən yalan qərarlar çıxarırsa, onda o – kafirdir. Bəzi hallarda belə hərəkət insanı İslamdan çıxarır və bu, Allahın qanunlarının ziddinə qərar qəbul edilməsini yol verilən hesab edən kəslərə aiddir. Digər hallarda isə belə hərəkətlər ağır günah və küfrün təzahürüdür ki, buna görə insan ağır cəzaya layiq görülür.

(5.45) “Biz onda onlara: cana canla, gözə gözlə, buruna burunla, qulağa qulaqla, dişə dişlə və vurulmuş yaralara isə onların əvəzini qisas almağı yazmışıq. Amma kimsə bunları sədəqə edərsə, onda bu onun günahlarının kəffarəsi olar. Allahın nazil etdiklərinə uyğun olaraq qərar qəbul etməyənlər isə zalımlardır”.

Bu hökmlər Tövratla nazil edilmiş qanunlara aiddir. İtaətkar peyğəmbərlər, ravvinlər və din alimləri yəhudiləri mühakimə edəndə o qanunlara əsaslanırdılar. Allahın əmrinə müvafiq olaraq, insan qəsdlə qətl törədəndə buna görə məsuliyyət daşımalıdırsa, onda o, edam edilməlidir. Əgər o, bir nəfərin gözünü çıxarıbsa, onun da gözünü çıxartmaq lazımdır; əgər o, birinin qulağını kəsmişsə, onun da qulağını kəsmək lazımdır; əgər o, bir adamın dişini sındırmışsa, onun da dişini sındırmaq lazımdır; əgər o, insanı ətraflarından və ya başqa bədən üzvlərindən məhrum etmişsə və buna görə ondan qisas almaq olarsa, həddi aşmadan, onu, həmin üzvündən məhrum etmək lazımdır. Əgər o, bir insanı bilərəkdən yaralamışsa, onda ona da həmin ölçüdə, həmin yerdə və eyni uzunluqda, enlikdə və dərinlikdə yara vurulmalıdır. Bir şeyi də əlavə etmək lazımdır ki, əvvəlki peyğəmbərlərin qanunları, əgər onlar dəyişdirilməyiblərsə, bizim üçün də qanuni qüvvəsini saxlayır.
Sonra Allah buyurur ki, əgər qətl edilənin varisi və ya zərərçəkən alicənablıq edərək qətlə, şikəst edilməyə və yaralanmağa görə qisas almaqdan imtina etsələr, canini bağışlasalar, onda bu cani üçün günahının bağışlanması olar, çünki insan insanı bağışlayanda, Fövqəluca Allah da onu( Cinayət törədən nəzərdə tutulur. F.S.) bağışlayır. Bu həm də alicənablıq göstərən şəxs üçün də günahlarının bağışlanmasına səbəb olur, çünki əgər insan ona qarşı cinayət törədəni və ya cinayətlə əlaqəsi olanı bağışlayırsa, onda Allah onu da yol verdiyi nöqsanlara və işlətdiyi günahlara görə bağışlayır.
Lakin insan Allahın nazil etdiklərinə müvafiq olaraq qərarlar qəbul etmədikdə, o, zalım günahkardır. İbn Abbas (Allah ondan razı olsun) demişdir ki, burada söhbət “kafirliksiz kafirlik”, “zalımlıqsız zalımlıq” və “fasiqliksiz fasiqlik” haqqındadır. Belə günah, insan onu yol verilən hesab etdikdə, böyük kafirlikdir, lakin o onu etdikdə və yol verilən saymadıqda, ağır günah hesab edilir.


(5.46) “Biz əvvəlkilərin dalınca ondan öncəki Tövratın həqiqiliyini təsdiq edən Məryəm oğlu İsanı göndərdik. Biz ona doğru yol göstərən və nurlu İncili verdik. O, ondan əvvəlki Tövratla nazil ediləni təsdiqləyəndir, təqvalılar üçün isə haqqın bələdçisi və nəsihətdir”.

Tövratın əsasında hökm verən peyğəmbərlərin və elçilərin ardınca, Allah Öz qulu və elçisi İsanı (ə) – Allahdan gələn ruhu və Özünün Məryəmə yönəldilən sözünü göndərdi. Allah onu göndərib ki, əvvəlcə nazil edilmiş Tövratın həqiqiliyini təsdiq etsin və Musanın (ə) doğruçuluğuna və gətirdiyi Kitaba şahidlik etsin. O (ə), öz sələfinin işini davam etdirir və yəhudiləri, əksər hissələrində əvvəlki qanunla üst-üstə düşən, qanun əsasında mühakimə edirdi. O əvvəlki qanunun ancaq bəzi müddəalarını asanlaşdırmış və buna görə, Fövqəluca Allah onun (ə) dilindən belə buyurur: “Mən gəlmişəm ki, mənə qədər Tövratda olanın həqiqiliyini təsdiq edim və sizə haram edilənlərin bir hissəsini sizə halal edim” (Ali İmran, 3/50F).
Allah İsaya (ə) Tövratı təkmilləşdirən Böyük Kitab bəxş etmişdi. Bu, insanlara doğru yol göstərən İncildi və o, onlara həqiqəti yalandan fərqləndirməyə imkan verdi. O, əvvəllər Tövratda nazil edilənlərin hamısının gerçəkliyini təsdiq etdi, çünki o, Tövrata şahidlik edirdi və ona zidd deyildi. Lakin təkcə təqvalı olan qullar onu Haqq Təlim və nəsihət Verən kimi qəbul etdilər, çünki ancaq onlar nəsihətlərdən faydalana bilirlər, nəsihətləri dinləyir və layiq olmayan hərəkətlərdən çəkinirlər.


(5.47) “İncilə iman gətirənlər Allahın onunla nazil etdikləri əsasında mühakimə etsinlər! Allahın nazil etdikləri ilə mühakimə yürütməyənlər məhz əsil fasiqlərdir”.

İncil əhli öz Kitabına tam əsaslanmalı və ondan kənara meyl etməməlidirlər. Əgər onlar Allahın nazil etdiyinə uyğun olaraq mühakimə yürütməsələr fasiqlərdən olarlar.

(5.48) “Biz sənə Kitabı haqq ilə nazil etdik ki, özündən əvvəlki Kitabları təsdiqləsin və həm də onları qorusun. Artıq onları Allahın nazil etdikləri əsasında mühakimə et, sənə gələn haqdan (yayınaraq), onların istəklərinə uyma. Biz sizin hər birinizə şəriət və yol müəyyənləşdirdik. Allah istəsəydi sizin hamınızı bir millət edərdi, lakin O, sizi, sizə bəxş edilənlə imtahana çəkməkdən ötrü, ayırdı. Xeyirxah işlərdə yarışın! Hamınız Allaha qayıdacaqsınız və O, sizə nə üstündə ixtilafa düşdüyünüzü xəbər verəcəkdir”.

Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) Müqəddəs Kitablarından ən yaxşı və ən şərəfli olanı – Müqəddəs Quranı nazil etmişdir. O, həqiqətən də nazil edilmişdir və onun hekayətləri, hökmləri və qadağanları da gerçəkdir. O, ondan əvvəl nazil edilmiş Kitabların doğruluğunu təsdiqləyir, çünki onlara şahidlik edir və zidd çıxmır. Onun hekayətləri və əsas qanunları əvvəlki Kitabların hekayət və qanunları ilə uyğun gəlir. Bundan başqa, əvvəlki Kitablar onun nazil ediləcəyi haqqında öncədən xəbər vermişdilər və onun mövcudluğu onlarda olan məlumatların doğruluğunu təsdiq edir.
Quran əvvəlki Kitabları qoruyur, çünki onda olanlar onlarda olanlardan və həm də yeni hökmlər və yüksək əxlaq normalarından ibarətdir. Onda, əvvəlki Kitablarda xatırlanmış, bütün fəaliyyət növlərinə (vəzifələrə) diqqət yetirilmişdir. Quran ayələri bu vəzifələri yerinə yetirməyi əmr edir, insanları buna sövq edir və bu məqsədə nail olmağın yeni yollarını göstərir.
Bu Kitabda insanların ilk nəsilləri və onlardan sonra gələnlər haqqında hekayətlər nazil edilmişdir. Onda – Şəriət, Hikmət və dini hökmlər vardır. Quran hekayətləri əsasında bizə qədər gəlib çatmış əvvəlki Kitabların səhihliyini və düzgünlüyünü təyin etmək olar və əgər o, onlarda xatırlanan məlumatların gerçəkliyini təsdiq edirsə, onda onları qəbul etmək olar, amma əgər o, onları təsdiq etmirsə, onları rədd etmək vacibdir, çünki əvvəlki Kitablar təhrifə və dəyişikliyə uğradılmışdır. Əks halda, onlarla Müqəddəs Quran arasında ziddiyyət ola bilməzdi.
Allah bunu xatırlatdıqdan sonra, insanları Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil edilmiş dini qanun üzrə(Yəni, şəriət üzrə. F.S.)mühakimə etməyi və insanların, onları haqdan yayındıra bilən, qüsurlu, pozğun istəklərinə uymamağı əmr edir. Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil edilmiş haqq Kitaba üz çevirib, həqiqətlə ziddiyyət təşkil edən yanlış istəklərə yol vermək olmaz. Kim bunu edərsə, yaxşını pislə dəyişmiş olar.

(5. 49) “Onların arasında Allahın sənə nazil etdikləri ilə hökm ver və onların istəklərinə güzəştə getmə və onlardan çəkin ki, səni Allahın nazil etdiklərinin bir qismindən yayındırmasınlar. Əgər onlar boyun qaçırsalar, başa düş ki, Allah onları bəzi günahlarına görə bəlaya salmaq niyyətindədir. Doğrusu, adamların əksəriyyəti günahkardır”.

Belə bir rəy var ki, bu ayə Quranın digər bir: “Onlar yalanı məmnuniyyətlə dinləyir və haram yeyirlər. Onlar sənin yanına gəldikdə, istəsən aralarında hökm ver, istəməsən onlardan üz döndər...” (Maidə, 5/42) ayəsini ləğv etmişdir. Lakin başqa bir etibarlı rəyə görə isə həmin ayə ləğv olunmamışdır. Ondan aydın olur ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) ədalətli qərarla razılaşmaq niyyəti olmayan insanları ya mühakimə etmək və yaxud da bundan imtina etmək imkanı verilmişdi. Şərh etdiyimiz ayədən isə belə çıxır ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onların arasında hökm verməyə razılaşdıqda, o (ona Allahın salavatı və salamı olsun!), Allahın Quranda və Sünnədə nazil etdiklərinə müvafiq olaraq qərar qəbul etməlidir. Bu, Allahın buyurduğu: “...Üz döndərsən onlar sənə heç vəchlə zərər vura bilməzlər. Lakin hökm çıxarmalı olsan, insaflı ol...” (Maidə, 5/42) həmin insaflılıqdır.
Bütün bu deyilənlərdən aydın olur ki, insaflılıq, qərəzsizlik Allahın qanunlarına əsaslanır. Onlar ən ali dərəcədə elmə, ədalətə, həqiqətə, nura və qərəzsizliyə istinad edir.
Sonra Fövqəluca Allah adamların naqis istəklərinə güzəştə getməyi qadağan etdiyini bir daha təkrar edir. Bu hökm geniş məna daşıyır və məhkəmə qərarlarının qəbul edilməsinə və həm də dini fitvaların verilməsinə şamil edilir, hərçənd bu ayədə söhbət ancaq məhkəmə qərarlarından gedir. Buna baxmayaraq, hər iki halda alimlər həqiqətə zidd gələn nəfslərinin istəklərindən çəkinməlidirlər. Buna görə, Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onu (ona Allahın salavatı və salamı olsun!) azdıra bilən insanlardan uzaq olmağı və Allahın nazil etdiklərinin bir hissəsindən onu (ona Allahın salavatı və salamı olsun!) yayındırmalarının qarşısını almağı əmr edir.
Bundan belə nəticəyə gəlmək olar ki, adamların hər istəyinə güzəştə getmək, insanı riayət etməli olduğu haqdan imtina etməyə məcbur edir. Əgər insanlar Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getməkdən və haqqa istinad etməkdən boyun qaçırırlarsa, onda bilməlidirlər ki, onların belə davranması özləri üçün cəza tədbiridir. Allah bu yolla onları günahlarının bəzilərinə görə cəzalandırmaq istəyir.
Günahları insanı həm bu dünyada və həm də ölümündən sonra cəzaya məhkum edir və onlara görə ən böyük cəzalardan biri yoldan azmaqdır ki, onun nəticəsində Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət etməkdən imtina etmək günahkara gözəl bir əməl kimi göstərilir. Bunun səbəbi insanların vicdansızlığındadır və onların çoxu, həqiqətən, günahkar fasiqlərdir, çünki Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətdən yayınma onların təbiətinin əsasını təşkil edir.

(5. 50) “Doğrudanmı onlar hələ də cahillik çağının hökmlərini arayırlar? İman sahibi olan insanlar üçün kimin hökmü Allahın hökmlərindən yaxşı ola bilər?”

Doğrudanmı onlar səndən üz çevirərək, nadanlıq (cahillik) dövrünün qanunlarına qayıtmaq istəyirlər? (Bunu deməklə) burada Allahın Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiklərinə zidd olan hər hansı bir müddəa nəzərdə tutulur. Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) qanunlarından başqa, təkcə cahillik dövrünün qanunları qalırdı. Əgər insan Allahın qanunlarından imtina edirsə, ona ancaq cahillik zamanının nadanlığa, ədalətsizliyə və başqalarının haqqına qəsd etməyə əsaslanan qanunlarına qayıtmaq qalırdı. Allahın bütün qanunları isə elmə, ədalətə, qərəzsizliyə, nura və Haqq Təlimə istinad edirdi.
İman sahibləri üçün Allahın qanunlarından başqa kimin qanunları daha yaxşı ola bilər? Ancaq iman sahibi olan insan Onun qanunları ilə bütün qalan qanunvericilər arasındakı fərqi başa düşürlər. Öz etiqadı sayəsində o, Allahın hökmlərinin gözəlliyini dərk edir və anlayır ki, ağıl və şəriət onu onları yerinə yetirməyə yönəldir. Təkcə onu əlavə etmək qalır ki, etiqad dedikdə, burada dərin və mükəmməl biliklər nəzərdə tutulur ki, insan istər-istəməz onlara uyğun olaraq davranmalıdır.


Tarix: 20.04.2013 / 16:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 879 Bölmə: Sureler
loading...