Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gafir

1 Ha, Mim!
2 Kitabın (Quranın) nazil edilməsi yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahdandır-
3 Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. Axır dönüş də Onadır!
4 Allahın ayələri barəsində ancaq kafirlər mübahisə edər. (Ya Peyğəmbər!) Onların (indi) şəhərlərdə gəzib-dolaşmaları (ticarətdən böyük mənfəət əldə etmələri, cah-calal içində yaşamaları) səni aldatmasın! (Son mənzilləri mütləq Cəhənnəmdir!)
5 Onlardan əvvəl Nuh qövmü, sonrakı (kafir) firqələr də (Ad, Səmud tayfaları və başqaları peyğəmbərlərini) təkzib etmiş, hər ümmət öz peyğəmbərlərini yaxalamağa (tutub öldürməyə) cəhd göstərmiş və haqqı yalana çıxartmaq məqsədilə boş sözlərlə mübahisə aparmışdılar. Buna görə də Mən onları əzabla yaxaladım. (Ya Peyğəmbər! Bir görəydin) Mənim cəzam necə oldu!
6 Küfr edənlərin cəhənnəmlik oduna dair sənin Rəbbinin sözü (hökmü) belə gerçəkləşdi!
7 Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!
8 Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da özlərinə vəd buyurduğun Ədn cənnətlərinə daxil et. Şübhəsiz ki, Sən yenilməz qüvvət, hikmət sahibisən!
9 Onları pisliklərdən (tövbədən qabaq etdikləri pis əməllərinin cəzasından) qoru. O gün (qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük qurtuluş (uğur) budur!”
10 Küfr edənlərə (qiyamət günü Cəhənnəmə daxil olduqda) belə müraciət ediləcəkdir: “Allahın nifrəti sizin (dünyadakı pis əməllərinizə görə bu gün) özünüzə (və ya bir-birinizə) olan nifrətinizdən daha böyükdür. Çünki siz imana dəvət olunduğunuz zaman öz küfrünüzdə davam edib dururdunuz!”
11 Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin (əvvəlcə atalarımızın belində ölü vəziyyətində olduğumuz ikən bizi dünyaya gətirdin. Bir müddət dünyada yaşatdıqdan sonra öldürdün və indi, qiyamət günü yenidən diriltdin). Biz öz günahlarımızı etiraf etdik. İndi (buradan) çıxmağa bir yol varmıdır?”
12 (Onlara belə cavab veriləcəkdir: ) “Bu (əzab) ona görədir ki, (dünyada) yalnız Allah çağırıldığı (Allahdan başqa heç bir tanrı yoxdur deyildiyi) zaman inkar edir, Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm (hər şeydən) uca, böyük olan Allahındır!”
13 Sizə ayələrini (möcüzələrini, dəlillərini) göstərən, göydən ruzi (hər şeyi göyərdən yağış) endirən məhz Odur. (Bu ayələrdən) ancaq (tövbə edib Rəbbinə) dönən (Ona şərik qoşmaqdan imtina edən) kimsə ibrət alar!
14 (Ey möminlər!) Kafirlərə xoş gəlməsə də, Allaha dini yalnız Ona aid edərək (ixlasla) ibadət edin!
15 Dərəcələri yüksəldən (mələklərin, peyğəmbərlərin, övliyaların və möminlərin mərtəbələrini ucaldan, yaxud hər şeydən uca), ərşin sahibi Allah öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü (yer və göy əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla məzlumun bir-birilə görüşəcəyi, ruhla bədənin qovuşacağı qiyamət günü) ilə qorxutsun!
16 Elə bir gün ki, onlar (bütün insanlar qəbirlərindən) çıxacaq, onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah buyuracaq: ) “Bu gün hökm kimindir?” (Heç kəsin qımıldanmağa belə cürəti çatmadığından Allah Özü cavab verəcəkdir:) “Bir olan (heç bir şəriki, bənzəri olmayan), (qüdrətilə hər şeyə) qalib olan Allahındır!”
17 Bu gün hər kəs öz əməlinə görə cəzalandırılacaqdır. Bu gün heç bir zülm (haqsızlıq) ola bilməz. Allah tez haqq-hesab çəkəndir!
18 (Ya Peyğəmbər!) Onları (hövldən) ürəklərin ağıza gələcəyi (udquna belə bilməyəcəkləri və ya ürəkləri qəm-qüssə ilə dolacağı) yaxın günlə (qiyamət günü ilə) qorxut. (O gün) zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar!
19 Allah gözlərin xəyanətini (xain gözləri) və ürəklərin gizlətdiyini biləndir!
20 Allah (qiyamət günü) ədalətlə hökm edər. Ondan (Allahdan) başqa ibadət etdikləri (bütlər) isə heç bir şey hökm edə bilməzlər. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!
21 Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli, yer üzündə daha çox iz qoyub getmiş kəslər idi. Allah onları günahlarından dolayı yox etdi. Onları Allahdan (Allahın əzabından) qoruyan bir kimsə tapılmadı.
22 Bu (əzab) ona görə idi ki, peyğəmbərləri onlara açıq-aydın möcüzələr gətirmiş, onlar isə (peyğəmbərləri) inkar etmişdilər. Buna görə də Allah onları məhv etdi. Həqiqətən, Allah qüvvətlidir, cəzası şiddətlidir!
23 Həqiqətən, Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik.
24 Fironun, (onun vəziri) Hamanın və Qarunun yanına. Onlar isə: “Bu sehrbazdır, yalançıdır!” – dedilər.
25 (Musa) onların yanına dərgahımızdan haqq ilə (həqiqi dinlə, möcüzələrlə) gəldikdə onlar: “Onunla birlikdə iman gətirənlərin (yəhudilərin) oğlanlarını öldürün, qadınlarını (qızlarını) isə diri saxlayın!” – dedilər. Kafirlərin hiyləsi ancaq boşa çıxar.
26 Firon dedi: “Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini (köməyə) çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram”.
27 Musa dedi: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram!”
28 Firon ailəsindən olub imanını gizli saxlayan bir kişi dedi: “Məgər siz bir adamı: “Rəbbim Allahdır!” – deməyinə görə öldürəcəksiniz?! Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o, yalan deyirsə, ancaq öz əleyhinədir (zərərinədir); yox, əgər doğru danışırsa, onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah (Ona şərik qoşmaqla, böhtan atmaqla) həddi aşanı, yalançını doğru yola müvəffəq etməz.
29 Ey qövmüm! Bu gün hökm sizindir. Yer üzündə (Misir torpağında İsrail oğullarına) qalib olanlar da sizsiniz. Əgər bizə Allahın əzabı gəlsə, ona qarşı kim bizə kömək edə bilər?!” Firon dedi: “Mən sizə ancaq münasib gördüyüm rəyimi bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm (Musanı öldürməkdən başqa ayrı çarə yoxdur)!”
30 O mömin adam dedi: “Ey qövmüm! Mən sizə (kafir) firqələrə gəlmiş olan bir günün gəlməsindən qorxuram!
31 Nuh, Ad, Səmud qövmünün və onlardan sonra gələnlərin cəzası kimi bir cəza verilməsindən (ehtiyat edirəm). Allah Öz bəndələrinə əsla zülm etmək istəməz! (Allah Öz qullarına onlar günah etmədən cəza verməz, günahı olanları da cəzasız buraxmaz!)
32 Ey qövmüm! Mən sizə üz verəcək vaveyla günündən qorxuram!
33 (Qorxudan) üz çevirib qaçacağınız gün sizi Allahdan (Allahın əzabından) qoruyan tapılmaz. Allahın yoldan etdiyi kimsəyə də yol göstərən olmaz!”
34 And olsun ki, daha öncə Yusif sizə açıq-aşkar dəlillər(möcüzələr) gətirmişdi. Siz onun gətirdiklərinə şəkk edib dururdunuz. Nəhayət, (Yusif) vəfat etdikdə: “Allah ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!” – dediniz. Allah (küfr etməklə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar!
35 O kəslər ki, (Rəbbindən) özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edərlər. Bu həm Allah, həm də iman gətirənlər yanında (onlara qarşı) nifrət artırar. Allah hər təkəbbür sahibinin, zalımın ürəyini (təkəbbür, zülm sahibi olan hər bir qəlbi) belə möhürləyər!
36 Firon (istehza ilə) dedi: “Ey Haman! Mənim üçün bir uca qəsr tik ki, bəlkə, yollara yetişim –
37 Göylərin yollarına (yetişim) və Musanın Allahını görüm (Ona vaqif olum). Doğrusu, mən onu yalançı sayıram!” Firona pis əməli beləcə yaxşı göstərildi. O, (haqq) yoldan çıxarıldı. Fironun hiyləsi ancaq boşa çıxdı. (Firon xeyli xərc çəkib uca bir bina tikdirdi. Musanı təkzib etmək üçün cürbəcür vasitələrə əl atdı, lakin bunların hamısı hədər getdi. O, Musaya heç bir şey edə bilmədi).
38 O mömin adam dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola çıxardım!
39 Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur!
40 Hər kəs bir pislik etsə, o ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud qadın mömin ikən bir yaxşılıq etsə, belələri Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar!
41 Ey qövmüm! Bu nə işdir! Mən sizi nicata dəvət etdiyim halda, siz məni Cəhənnəmə (cəhənnəm oduna) dəvət edirsiniz!
42 Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırdığınız halda, mən sizi (hər şeyə qalib) yenilməz qüvvət sahibi olan, çox bağışlayan Allaha (ibadət etməyə) çağırıram!
43 Şübhəsiz ki, sizin məni (sitayiş etməyə) çağırdıqlarınızın (dilsiz-ağılsız bütlərin) nə dünyada, nə də axirətdə (bir kəsi) çağırmaq qabiliyyəti (ibadət olunmağa haqqı) yoxdur. Bizim axır dönüşümüz isə Allahadır. (Rəbbinə şərik qoşmaqla, küfr etməklə) həddi aşanlar, sözsüz ki, cəhənnəmlikdirlər!
44 (Allahın əzabını gördükdə) sizə dediklərimi mütləq xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!”
45 Beləliklə, Allah onu (o mömin şəxsi) onların qurduğu hiylələrin şərindən qorudu. Firon əhlini isə şiddətli əzab sardı (suya qərq oldular).
46 Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): “Firon əhlini ən şiddətli əzaba salın!”
47 O zaman onlar od içində bir-birilə çənə-boğaz olacaq, acizlər (tabe olanlar) təkəbbür göstərənlərə (öz başçılarına) deyəcəklər: “Biz (dünyada) sizə tabe idik. İndi siz cəhənnəm odunun (azacıq da olsa) bir hissəsini bizdən dəf edə bilərsinizmi?!”
48 Təkəbbür göstərənlər deyəcəklər: “Biz hamımız oradayıq (cəhənnəm odundayıq). Allah artıq Öz bəndələri arasında (lazımi) hökmünü vermişdir! (Buna heç bir çarə yoxdur!)”
49 Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!”
50 (Cəhənnəm gözətçiləri) deyəcəklər: “Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar möcüzələr gətirməmişdilər?” Onlar: “Bəli (gətirmişdilər)!” – deyə cavab verəcəklər. (Cəhənnəm gözətçiləri onlara: ) “Elə isə özünüz dua edin!” – deyəcəklər. Kafirlərin duası isə boş şeydir (heç vaxt qəbul olunmaz).
51 Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə (qiyamət günündə) yardım edəcəyik!
52 Elə bir gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. (O gün) onları lənət və axirət yurdunun pis əzabı gözləyir.
53 And olsun ki, Biz Musaya doğru yolu göstərən rəhbər (Tövrat) verdik və İsrail oğullarını kitaba varis etdik!
54 Ağıl sahiblərinə hidayət və öyüd-nəsihət olsun deyə!
55 (Ya Peyğəmbər! Allahın əmrinə, müşriklərin əziyyətinə) səbr et. Allahın (sənə və möminlərə verdiyi zəfər) vədi haqdır. (Ümmətinin sənin özünə aid etdiyin) günahının bağışlanmasını dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et! (Daim Allahı zikr et və ya gündə beş vaxt namaz qıl!)
56 Şübhəsiz ki, (Rəbbindən) özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür (böyüklük iddiası, sənə qarşı həsəd) vardır. Onlar heç vaxt Ona (böyüklüyə, peyğəmbərlik dərəcəsinə) çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən, O, (hər şeyi) eşidəndir, görəndir!
57 Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz!
58 Korla görən, iman gətirib yaxşı əməllər edənlərlə pislik edən eyni olmaz. Nə az düşünürsünüz!
59 O, saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu (buna) inanmaz!
60 Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!
61 Sizin dincəlməyiniz üçün gecəni (qaranlıq) və (ruzi qazanmağınız, əlləşib vuruşmağınız üçün) gündüzü işıqlı yaradan Allahdır. Allah insanlara lütfkardır, lakin insanların çoxu (Onun lütfünə) şükür etməz!
62 Bu sizin Rəbbiniz, hər şeyin xaliqi olan Allahdır. Ondan başqa heç bir tanrı yoxdur! Siz necə (aldanılıb haqdan) döndərilirsiniz? (Ondan necə dönürsünüz?)
63 Yalnız Allahın ayələrini inkar edənlər (haqdan) belə döndərilərlər!
64 Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz (pak) nemətlərdən ruzi verən Allahdır! Bu sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər uludur)! (Ucalardan ucadır, xeyir-bərəkəti bol və daimidir!)
65 Əbədi (həmişə diri) olan ancaq Odur. Ondan başqa heç bir tanrı yoxdur. (Allaha) dini yalnız Ona məxsus edərək (heç bir şərik qoşmadan) ibadət edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
66 (Ya Peyğəmbər!) De: “Rəbbimdən mənə açıq-aşkar dəlillər gəldiyi zaman sizin Allahdan qeyri tapındıqlarınıza (bütlərə) ibadət etmək mənə qadağan olunmuş, ancaq aləmlərin Rəbbinə təslim olmaq buyurulmuşdur!”
67 Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl (gənclik, ahıllıq, qocalıq çağlarına yetişmədən) öldürülənlər də var. (Bütün bunlar) müəyyən bir vaxta (ömrünüzün sonuna) yetişəsiniz və bəlkə, (Allahın vəhdaniyyətini) düşünüb anlayasınız deyə edilir.
68 Dirildən də, öldürən də Odur. O, bir işi qərara aldıqda (bir şeyi yaratmaq istədikdə) ona ancaq: “Ol!” – deyər, o da dərhal olar.
69 (Ya Peyğəmbər!) Allahın ayələri barəsində mübahisə edənləri görmürsənmi? Onlar necə də (haqdan) döndərilirlər!
70 Kitabı (Quranı) və peyğəmbərlərimizə göndərdiklərimizi (vəhyi, möcüzələri və hökmləri) yalan hesab edənlər (bu hərəkətlərindən dolayı hansı cəzalara məruz qalacaqlarını) mütləq biləcəklər!
71 O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər
72 Cəhənnəmə (qaynar suya) tərəf, sonra odda yandırılacaqlar,
73 Sonra da onlara belə deyiləcəkdir: “Haradadır şərik qoşub ibadət etdikləriniz –
74 Allahdan qeyri?!” (Müşriklər) deyəcəklər: “Onlar bizdən qeyb oldular. Xeyr, biz əslində öncə (dünyada) heç nəyə ibadət etmirdik!” Allah (haqq yoldan) kafirləri belə azdırar!
75 (Onlara belə deyiləcəkdir: ) “Bu (əzab) sizin yer üzündə nahaq yerə sevinməyinizə və təkəbbürlənməyinizə görədir!
76 Girin cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” Təkəbbürlülərin sığınacağı necə də pisdir!
77 (Ya Peyğəmbər! Müşriklərin əziyyətlərinə) səbr et. Allahın (sənə və möminlərə verdiyi zəfər) vədi haqdır. Ya onlara vəd etdiyimizin (əzabın) bir qismini (diri ikən) sənə göstərəcək, ya da səni Öz dərgahımıza aparacağıq. Onlar Bizim hüzurumuza qaytarılıb gətiriləcəklər! (Qiyamət günü dünyadakı əməllərinə görə şiddətli əzaba düçar olacaqlar!)
78 Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlardan kimisi haqqında sənə xəbər vermiş, kimisi haqqında xəbər verməmişik. Heç bir peyğəmbər Allahın izni olmadan bir möcüzə gətirə bilməz. Allahın (kafirlərə əzab verilməsi barədə) əmri gəldikdə (peyğəmbərlər və onları təkzib edənlər arasında) ədalətlə hökm olunar. Yalan danışanlar (batil söyləyənlər) elə oradaca ziyana uğrayarlar.
79 Sizin üçün minməyə heyvanlar yaradan Allahdır. Onlardan yedikləriniz də var.
80 Sizin üçün onlardan daha neçə-neçə mənfəətlər vardır (dərilərindən çadır qurur, yunlarından paltar, yorğan-döşək düzəldirsiniz). Ürəyinizdən keçən bir arzuya onları minməklə yetişirsiniz (onları minib istədiyiniz yerə gedirsiniz). (Quruda bir yerdən başqa yerə) onların üstündə, (suda isə) gəmilərdə daşınırsınız.
81 O isə Öz ayələrini (qüdrət nişanələrini) göstərir. Allahın ayələrinin hansını inkar edə bilərsiniz?!
82 Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar (sayca) bunlardan daha çox, daha qüvvətli, yer üzündə daha çox iz qoymuş kimsələr idi. Qazandıqları (dünya malı) onlara bir fayda vermədi (Allahın əzabını onlardan dəf edə bilmədi).
83 Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirdikdə özlərində olan elmə sevindilər, onlara (kafirlərə) isə məsxərəyə qoyduqları əzab yetişdi. (Və ya: peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəldikləri zaman onlar öz biliklərinə - batil əqidə və fəlsəfələrinə, ticarətdən mənfəət əldə edə bilmək bacarıqlarına – qürrələndilər. Kafirləri istehza etdikləri əzab sardı).
84 Onlar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, (Rəbbimizə) qoşduğumuz şərikləri (bütləri) isə inkar etdik!”
85 Amma əzabımızı gördükləri zaman iman gətirmələri – Allahın Öz bəndələri barəsində öncə olub-keçmiş (tətbiq edilmiş) adətinə (qayda-qanununa) müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca ziyana uğradılar (məhv oldular).


Tarix: 05.01.2013 / 15:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1298 Bölmə: Sureler
loading...