Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 71- 85 Ayələr

(71) “Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin, düşmənə qarşı ya bölüklərlə, ya da hamınız birgə çıxın”.

Uca Allah mömin qullarına kafir düşmənlərdən qorunmağı tapşırır. Bu o deməkdir ki, onlar istənilən imkandan istifadə edərək onlarla döyüşə və onların təcavüzünü dəf etməyə hazırlaşmalıdırlar. Bu tədbirlər qalaların tikilməsindən, səngərlərin qazılmasından, atış təlimindən və at sürməkdən, hərbi sənayeni inkişaf etdirməkdən, rəqibin ehtimal edilən hücum və geri çəkilmə yollarının öyrənilməsindən, onların planlarının aşkar edilməsindən və Allah yolunda qoşun səfərbərliyindən ibarətdir.
Məhz buna görə, müsəlmanlara, ya ayrı-ayrı dəstələr tərkibində qoşunların bir hissəsi ilə müharibəyə getmək, müsəlmanların digərlərinə evdə qalmaq, ya da hamılıqla birlikdə hərbi səfərlərə çıxmaq əmr olun-muşdur. Onlar elə etməlidirlər ki, öz hərəkətlərindən ən yüksək fayda əldə etsinlər, düşməni əzsinlər və müsəlmanların dinə əmin-amanlıqla etiqad etmələri üçün şərait yaratsınlar.
Bu ayə başqa bir ayəyə oxşayır: “Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız...” (Ənfal, 8/60).

(72) “İçərinizdə elələri də var ki, cihada çıxdıqda özlərini yubandırar və sizə bir müsibət üz vermiş olduqda: “Allah mənə mər-həmət göstərdi ki, mən onlarla birlikdə bəlaya düçar olmadım”– deyər”.

Allah, cihada həvəssiz gedən kəmetiqad adamlar haqqında xəbər verir və möminlərə bildirir ki, onların arasında elələri var ki, zəiflikləri, əxlaqi səbatsızlığı və qorxaqlıqları üzündən hərbi səfərə çıxanda ləng tərpənirlər. Bu ayənin ən etibarlı şərhi belədir. Başqa bir şərhə görə, burada söhbət başqalarını səfərdən saxlayan və onları eşələnməyə vadar edən münafiqlərdən bəhs edilir, lakin birinci təfsir iki səbəbə görə daha düzgündür.
Birincisi, bu ayə möminlərə ünvanlamışdır. İkincisi, növbəti ayədə deyilir: “Əgər Allahdan sizə bir lütf yetişərsə, onda guya sizinlə onun arasında heç vaxt bağlılıq olmamış kimi: “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!”– deyər” (Nisa, 4/73). Allah isə kafir müşrikləri və münafiqləri möminlərlə bağlayan bütün bağları kəsmişdir.
Bütün bunlardan başqa, birinci təfsir gerçəkdir, çünki müsəlmanlar doğrudan da öz imanlarını layiqincə təsdiq edərək cihadda iştirak edən doğruçu möminlərə və İslama daxil olmuş, lakin müqəddəs müharibə aparmaq üçün güclü imana malik olmayan kəmetiqadlara bölünürlər.
Uca Allah buyurur: “Bədəvilər: “Biz iman gətirdik!” – dedilər. De: “Siz qəlbən iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!” – deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allaha və Onun Elçisinə itaət etsəniz, O, sizin əməllərinizdən heç bir şey əs-kiltməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! İmanlarında sadiq olanlar da məhz onlardır” (Hucurat, 49/14-15).
Sonra Allah hərbi səfərə çıxmaqda ləngiyənlərin məqsədi və niy-yətləri barədə xəbər verir və izah edir ki, onların niyyətlərinin ən başlıcası dünyəvi həyatla və keçici maddi nemətlərlə bağlılıqdır. Müsəlmanlar döyüşdə məğlub və ya həlak olduqda, əgər Allahın müdrikliyindən doğan bir səbəblə düşmənlər onlara bir qədər üstün gəldikdə, kəmetiqadlar deyirlər: “Allah bizə lütfkarlıq etdi və biz şəhidlərin arasında olmadıq”.
Onlar ağıllarının çatışmazlığından və imanlarının zəifliyindən gü-man edirlər ki, cihadda iştirak etməmələri – Allahın lütfüdür, halbuki, həqiqətdə bu əsil bədbəxtlikdir. Onlar başa düşmürlər ki, həqiqi lütfkarlıq bu xeyirxah təşəbbüsdə iştirak etməyə Allahın ruhlandırdığı insanlara göstərilmişdi, məhz bu, onların imanını möhkəmlədir, qulu cəzadan və zərərdən xilas edir, onu böyük mükafata layiq edir və Əzəmətli Bağışlayanın iltifatını əldə etməyə imkan verir. Əgər insan evdə qalırsa, o, ancaq qısamüddətli istirahət imkanından istifadə edir ki, ondan sonra uzun çəkən ağır sınaqlardan və böyük əziyyətlərdən keçir, Allah yolunda mübarizlər üçün hazırlanmış böyük mükafatdan isə məhrum olur.


(73) “Əgər Allahdan sizə bir lütf yetişərsə, onda guya sizinlə onun arasında heç vaxt bağlılıq olmamış kimi: “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!”– deyər”.

Allah müsəlmanlara qələbə və ya qənimət bəxş edəndə kəmeti-qadlar deyirlər: “Yaxşı olardı ki, mən də onlarla olaydım və bu böyük müvəffəqiyyətə mən də nail olardım!” Onlar hərbi qənimət almaq üçün müsəlmanların yanında olmaq istəyərdilər. Onların bütün fikir və xəyalları ancaq bununla bağlıdır, sanki heç vaxt onlarla möminlər arasında, möminləri bir-birinə bağlayan, onları birlikdə ümumi maraqları müdafiə etməyə və bədbəxtliklərdən qorumağa və mömin qardaşlarının nail olduğu uğurlara sevinməyə, onların uğursuzluqlarına görə narahat olmağa və öz dinini və həyatını sahmana salmaq üçün birlikdə mümkün olan hər şeyi etməyə sövq edən dostluq olmamışdı. Lakin ancaq dünya nemətlərini sevən kəmetiqadlar bu mənəviyyatdan məhrumdurlar.

(74) “Qoy dünya həyatını atıb axirəti satın alanlar Allah yo-lunda vuruşsunlar. Kim Allah yolunda vuruşub öldürülərsə və ya qalib gələrsə, Biz ona böyük bir mükafat verəcəyik”.

Allah qullarını Öz lütfündən məhrum etmir və rəhm qapısını onların qarşısında bağlamır. Bundan başqa, O, ləyaqətsiz hərəkətlər edənlərin hamısını xətalarını düzəltməyə və nöqsanlardan xilas olmağa çağırır. Buna görə O, kəmetiqadlara əmr edir ki, Ona səmimiyyətlə ibadət etsinlər və Onun uğrunda müharibəyə yollansınlar. Bu ayənin ən səhih təfsiri belədir.
Başqa bir şərhə görə isə, Allah Onun yolunda döyüşməyi kamil imana sahib olan və onu yaxşı əməlləri ilə təsdiq edən möminlərə əmr etmişdir. Onlar bu dünya həyatının əvəzinə Axirət həyatını satın alırlar, çünki onlar maddi nemətlər arzulamır və ancaq Son həyata can atırlar. Bu şərhdən aydın olur ki, ayə möminlərə ünvanlanmışdır, çünki məhz onlar özlərini düşmənlərlə döyüşə hazırlayırlar və onları belə davranmağa yönəldən möhkəm imana malikdirlər. Hərbi yürüşə çıxmağa ləngiyən kəmetiqadlara gəldikdə isə, onlar üçün cihadda iştirak edib etməməklərinin fərqi yoxdur.
Bu halda şərh olunan ayə bir sıra başqa ayələrə bənzəyir: “De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, ayələr oxunduğu zaman üzüstə səc-dəyə qapanır və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!” – deyirlər. Onlar üzüquylu düşüb ağlayır və bu ayələr onların itaətini artırır. De: “İstər Allah deyib çağırın, is-tərsə də ər-Rəhman deyin. Necə çağırsanız da, hər halda ən gözəl ad-lar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut” (İsra, 17/107-110).
“...Əgər kafirlər ayələri inkar etsələr, Biz onları inkar etməyən bir camaata həvalə edərik” (Ənam, 6/89).
Üçüncü bir şərhə görə, Allah, Axirət həyatı hesabına dünya həyatını satın alan kafirlərə qarşı Onun yolunda döyüşməyi əmr edir. Bu halda nisbi əvəzlik təsirlik halında tamamlıq kimi çıxış edir.
Sonra Allah buyurur ki, əgər insan Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) hökmü ilə cihadda iştirak edərək Onun yolunda döyüşürsə, əgər o, Onun xatiri üçün bunu səmimiyyətlə edir və həlak olur və ya qələbə çalırsa, onda o, ən böyük mükafata layiq görülür. Bu mükafat onun imanının möhkəmlənməsi və möminliyi, hərbi qənimət, şan-şöhrəti və Cənnətlə təltif edilməsidir ki, Allah mücahidlər üçün hazırlamışdır. Onu nə gözlər görmüş, haqqında nə qulaqlar eşitmiş və hətta insanlar onu xəyallarına belə gətirə bilməzlər.


(75) “Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əha-lisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi tə-yin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” – deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?”

Allah qullarını Onun yolunda döyüşməyə çağırır, onları cihada ruhlandırır və izah edir ki, cihad onların hər birinin vəzifəsidir və ondan boyun qaçıranlar olduqca bərk qınanacaqlar. Axı ağır vəziyyətdən özləri çıxış yolu tapa bilməyən zəif kişilər, qadınlar və uşaqlar düşmənlərinin dözülməz zülmü altında inlədikləri halda, müsəlmanlar niyə də Allahın yolunda döyüşməsinlər?! Onlar Allaha yalvarırlar ki, sakinləri kafirliyə və bütpərəstliyə etiqad etməklə özləri-özlərinə zülm edən, möminlərə də əziyyət verən, onları Allahın yolundan çıxardan, onlara dini təbliğ etməyə və ya hicrət etməyə mane olan bu şəhərdən onları xilas etsin. Onlar Allahdan xahiş edirlər ki, onlara himayəçi və köməkçi versin ki, onları, sakinləri zalım olan bu şəhərdən qurtarsın. Müsəlmanlar da onlarla döyüşməlidirlər ki, öz qadınlarını və uşaqlarını müdafiə edə bilsinlər.
Sözsüz ki, kafirlərin üzərində qələbə də böyük nemətdir və əgər insan onda iştirak etməkdən imtina edərsə, böyük qınağa səbəb olar. Lakin zəif müsəlmanların xilas edilməsi naminə aparılan cihad böyük fayda və mükafat gətirir.


(76) “Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuru-şurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir”.

Allah xəbər verir ki, möminlər Onun xatirinə döyüşdükləri halda, kafirlər tağut yolunda döyüşürlər. Bu ad altında burada nəzərdə tutulan şeytandır. Bundan bir-neçə nəticə çıxartmaq olar.
Birincisi, qul imanından, səmimiliyindən və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Sünnəsinə riayət etməsindən asılı olaraq Allahın yolunda vuruşur. Allah yolunda cihadda iştirak həqiqi imanın nəticələrindən və tələblərindən biridir. Eyni zamanda tağutun yolunda döyüş əməliyyatlarında iştirak etmək kafirliyin labüd nəticəsidir.
İkincisi, əgər insan Allah yolunda döyüşürsə, o, səbirli olmalı və mətinlik göstərməlidir, bu keyfiyyətləri isə başqaları göstərməyə qabil deyillər, çünki şeytanın əlaltıları səbir edərək möminlərlə döyüşdükdə yanlış baxışlara etiqad etdiklərinə görə, haqq tərəfdarları bu keyfiyyətləri daha yüksək dərəcədə göstərməlidirlər. Uca Allah buyurur: “Kafir qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz döyüşdə əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkən kimi əziyyət çəkirlər. Lakin siz onların ummadıqlarını Allahdan umursunuz...” (Nisa, 4/104) .
Üçüncüsü, insan Allah yolunda döyüşərək etibarlı bir istinadgaha – haqqa və Ona təvəkkül edir. Gücə və etibarlı istinadgaha malik olaraq o, daha çox səbirlilik, mətanət və səy göstərir. Bunu isə, həqiqətdən uzaq və şərəfsiz sonluqla bitən yalan uğrunda döyüşənlər haqqında demək olmaz.
Sonra Allah şeytanın əlaltıları ilə döyüşmək hökmü verir və onların fitnə-fəsadlarının zəif olduğunu xatırladır. Fitnəkarlığı ona görə qururlar ki, öz düşməninə hiss etdirmədən ziyan vursunlar. Şeytandan istənilən fitnəkarlığı gözləmək olar, amma onların hamısı zəifdir və haqqa zərər vura və Allahın, Öz mömin qullarını qoruyaraq, onlara qarşı quracağı fitnəyə tab gətirə bilməzlər.


(77) “Məgər sən, özlərinə: “Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!”– deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq va-cib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə Axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki tel qədər belə haqsızlıq edilməz”.

Nə qədər ki, müsəlmanlar Məkkədə idilər, onlara namaz qılıb zəkat vermək, yəni, kasıblara yardım göstərmək əmr olunmuşdu. Bu, bu gün bizə yaxşı məlum olan və müəyyən qaydalara uyğun zəkat alınan əmlakın ən aşağı həddindən verilən zəkat deyildi və onun yığılması təkcə Mədinədə müsəlmanlara bir vəzifə kimi tapşırılmışdı. O vaxt hələ müsəlmanlara düşmənlərlə döyüşmək də əmr olunmamışdı və bunun bir-neçə səbəbi var idi.
Birincisi, Uca Yaradan Öz müdrikliyinə müvafiq olaraq, dini qa-nunları elə nazil edirdi ki, onlar qullarına çox da ağır gəlməsin və buna görə O, ən mühüm və ən asan qanunlardan başlayaraq tədricən daha mü-rəkkəblərinə keçirdi.
İkincisi, əgər müsəlmanlar azsaylı və pis təchiz olunduqları zaman onlara kafirlərlə döyüşmək əmr olunsaydı, bu, İslamın yox olmasına səbəb olardı. Allah isə müsəlmanların ən vacib məqsədə çatması qayğısına qalırdı və daha az əhəmiyyətli məsələləri nəzərə almırdı. Allah yolunda döyüşməyə əmr olunmamasının başqa səbəbləri də var idi.
Buna baxmayaraq, bəzi möminlər istəyirdilər ki, hətta belə bir şəraitdə də Allah kafirlərlə döyüşməyi onlara əmr etsin. Şübhəsiz ki, şərait kafirlərlə müharibə başladılması üçün əlverişli deyildi və buna görə müsəlmanlar tövhid etiqadına yiyələnməli, namaz qılmalı, zəkat verməli, o zamana aid olan digər hökmləri yerinə yetirməli idilər. Uca Allah nahaq yerə belə buyurmamışdı: “...Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı” (Nisa, 4/66).
Mədinəyə hicrət etdikdən sonra İslam möhkəmləndi və müsəlmanlara kafirlərlə vuruşmaq əmr olundu. O zaman şərait buna yol verirdi. Lakin əvvəllər düşmənlə döyüşməyə tələsən bəzi adamlar, onlardan qorxaraq zəiflik və cəsarətsizlik göstərdilər. Onlar dedilər: “Ey Rəbb! Niyə Sən bizə döyüşməyi əmr etdin?”
Onlar beləliklə Allahın qərarından pərt və narazı olduqlarını bildirdilər. Amma onlar özlərini başqa cür aparmalı, Allahın iradəsinə tabe olmalı və Onun hökmünü səbirlə yerinə yetirməli idilər, lakin onlar əksinə davrandılar və dedilər: “Ey Rəbb! Nə olardı ki, bizə bir qədər möhlət verəydin!”
Düşüncəsiz insanların əksəriyyəti belə davranır, tələsir və mühüm işləri vaxtı çatmamışdan əvvəl yerinə yetirmək istəyirlər. Bu işləri həyata keçirmək vaxtı gələndə isə, çox vaxt layiqincə səbirli olmaqdan və öz ağır yükünü daşımaqdan imtina edirlər. Allah onları belə davranmamaları və Onun yolunda döyüşdə iştirakdan imtina etməmələri üçün xəbərdar edir. O, bəyan edir ki, dünya nemətləri qısamüddətlidir, Axirət həyatı isə müttəqilər üçün daha yaxşıdır. İnsan dünya nemətləri və yerdəki rahatlıqdan qısa bir müddətdə həzz alır və həmin az vaxt ərzində Allahın ağır hökmlərini yerinə yetirmək onun üçün böyük zəhmət tələb etmir. Onun qismətinə düşən xoşagəlməz halların qısamüddətli olduğunu bilməsi insana hər cür çətinlikləri yüngülləşdirir. O, bu dünyanı Axirət həyatı ilə müqayisə etdikdə isə, onun ürəyi daha da rahatlanır və o, dərk edir ki, Axirət daha gözəl, daha xoş və yerdəki həyatdan daha sürəklidir.
O ki qaldı Axirət həyatının cazibədarlığına, bir səhih hədisdə deyilir: “Cənnətdə qamçı uzunluğunda sahə bütün yer aləmindən və onda olan hər şeydən daha yaxşıdır”. Onun zövqü-səfası insanın narahatçılığına səbəb ola biləcək hər şeydən azaddır. Bundan başqa, insan özlüyündə ən ləzzətli təsəvvürlərə qapılsa da, Cənnətdə görəcəyi gözəlliklər daha cazibədar olacaqdır. Çünki Uca Allah buyurur: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir” (Səcdə, 32/17).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) isə, Allahın bir buyuruğu haqqında belə xəbər vermişdir: “Mən mömin qullarım üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və hətta insanın təsəvvür belə etmədiyi şeylər hazırlamışam”.
Dünya ləzzətləri çoxsaylı xoşagəlməz hallarla bağlı olan şərtlərlə əlaqədardır və əgər onları, onlara nail olmaq üçün insanların çəkdiyi əziyyətlərlə, həyəcanlarla və narahatçılıqlarla müqayisə etdikdə, dünya ləzzətləri sonuncularla müqayisədə çox cüzi görünür. Onlar ötəri və keçib gedəndir və insanın həyatı onlarla müqayisədə də çox azdır. Amma Axirət həyatının ləzzəti əbədidir və insanlar o dünyada heç vaxt ölümü dadmırlar.
Əgər dərrakəli insan bu iki məskən haqqında düşünərsə və onlara ədalətli qiymət verərsə, onlardan hansı birini üstün tutacağını və hansı birinin xatiri üçün çalışacağını yaxşı başa düşər. Bax buna görə də Allah buyurur ki, Son həyat təkcə müttəqi olanlar, şirkdən və digər günahlardan çəkinənlər üçün yaxşı olacaqdır. İnsanlar hətta, xurma çərdəyinin şırımında yerləşən tel qədər belə incidilməyəcəklər və əgər onlar gələcək məskənə doğru can atıblarsa, onda öz mükafatlarını ən mükəmməl formada və tam alacaqlar və onların xeyirxah əməlləri azaldılmayacaqdır.


(78) Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yük-sək qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!”– deyərlər. De: “Hamısı Allahdandır!” Bu adamlara nə olub ki, az qala söz də anlamırlar?”

Allah xəbər verir ki, taledən qaçmaq mümkün deyil və cihadda iştirak etməkdən imtina etmək insanlara ölümdən qurtulmağa kömək etməz. O, onları istənilən yerdə və istənilən zaman haqlayar, onlar hətta möhkəmləndirilmiş qalalarda və yaxud uca qüllələrdə gizlənsələr də.
Bu ayədə Allah yolunda cihada çıxmağa çağırış öz əksini tapmış-dır. Bir halda Allah insanları Öz nemətləri və mükafatları ilə həvəslən-dirməklə, başqa bir halda isə, cəzalandıracağı ilə təhdid edərək, üçüncü bir halda, evdə oturmaqla heç bir fayda qazana bilməyəcəklərini onlara bildirməklə və dördüncü halda – nəzərdə tutulan məqsədi döyüşçülər üçün asanlaşdıraraq cihada çağırır.
Sonra Uca Allah elçilərin dəvətindən üz döndərən və hətta onlara qarşı çıxan nadanlardan bəhs edir. Onlar var-dövlət yığarkən, övladları dünyaya gələrkən, sağlamlıqlarından həzz alarkən deyirlər ki, bunlar Allahdandır. Onlar quraqlığa, aclığa, xəstəliklərə məruaz qalanda, uşaq-larını və ya yaxınlarını itirəndə isə deyirlər ki, bunun səbəbi Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) təbliğatıdır. Onlardan əvvəlkilərin Allahın öncəki elçilərinin gəlişini pis əlamət hesab etdikləri kimi, bunlar da Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) gəlişini eynilə pis əlamət hesab edirlər.
Uca Allah Fironun xalqı haqqında buyurub: “Onlara bir yaxşılıq üz verəndə: “Bu, bizə məxsusdur!” – deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların uğursuzluğu Allah yanındadır, lakin onla-rın çoxu bunu bilmir” (Əraf, 7/131). Saleh peyğəmbərin (ə.) qəbilədaş-ları deyərdilər: “...Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa uğradıq” (Nəml, 27/47). “Ya sin” surəsində barəsində rəvayət edilən xalq isə Allahın elçilərinə demişdi: “Onlar dedilər: “Biz sizdə bəd əlamət gördük. Əgər dəvətinizə son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrı-acılı bir əzab toxunacaq” (Ya sin, 36/18). Onların qəlbində eyni kafirlik kök saldığına görə onların sözləri və əməlləri də oxşar idi.
Kim öz uğursuzluqlarını və məhrumiyyətlərini Allahın elçilərinin dinə dəvəti ilə və ya dinin ayrı-ayrı ehkamları ilə bağlayırsa, ən sərt qınağa layiqdir. Buna görə Allah onların baxışlarını təkzib edərək buyurur ki, bütün xeyir və şər Allahdandır, yəni, Onun Qədərinə müvafiq baş verir və Onun yaratdıqlarındandır.
Niyə bu yalançılar onlara deyilənləri başa düşmürlər və yaxud onlardan ancaq az bir şeyi böyük çətinliklə anlayırlar? Allah onları Onun hökmlərini və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) əmrlərini başa düşmədikləri üçün danlayır, bunun səbəbi isə, onların allahsızlığı və imana bəslədikləri nifrətdir. Bu sözlər Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) kəlamlarının mənasını dərk edənlərin ünvanına təriflər söyləməyi nəzərdə tutur. Onlar o sözlər üzərində düşünməyə çağırır və bu məqsədə çatmaq üçün əllərindən gələni edirlər.
Əgər nadanlar Allahın ayələrinin mənasını dərk etsəydilər, onda onlara aydın olardı ki, xeyir və şər Allahın Qədərinin əksinə deyil, ona müvafiq olaraq baş verir. Onlar başa düşərdilər ki, nə elçilər və nə də onların təbliğatı xeyir və ya kədər gətirmir, çünki elçilər göndərilirlər ki, insanlara dünya həyatında, dini işlərində və Axirətdə nemət əldə etməyə kömək etsinlər.


(79) “Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir. Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah kifayət edər”.

İnsanın mənəvi və dünyəvi həyatında qismətinə düşən bütün yaxşılıqlar Allahdandır, çünki məhz O, insanlara lütfkarlıq göstərir və nemətlərə nail olmağı asanlaşdırır. İnsanın mənəvi və dünyəvi həyatda məruz qaldığı bütün pis şeylər isə onun özünün günahlarının və çirkin qazancının nəticələridir. Lakin bunların arasında həm də Allahın ona bağışladığı günahların nəticələri də əks olunmuşdur.
Uca Allah qulları qarşısında Öz mərhəmət qapılarını açmış və on-lara o qapılardan girmələrini buyuraraq bildirir ki, itaətsizlik nemətlərin əldə edilməsinə maneədir. Əgər bundan sonra insan günahlar törədirsə, onda o, özündən başqa heç kimi qınamamalıdır, axı o, Allahın mərhəmə-tinə və rəhminə nail olmaqda özü özünə maneçilik edir.
Daha sonra ayədə bildirilir ki, Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyi bütün bəşəriyyətə aiddir. Allah onu (ona Allahın salavatı və salamı olsun) bütün insanlara peyğəmbər göndərmişdir və Onun buna şahidliyi kifayətdir. Bu şahidlik – ona əta edilmiş qələbədən, insanlara göstərdiyi ecazkar möcüzələrdən və onun doğruçuluğunun danılmaz dəlillərindən ibarət idi. Şübhəsiz ki, bu, ən əzəmətli dəlildir. Uca Allah buyurur: “De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda şahiddir...” (Ənam, 6/19).
Allahın kamil biliyə, hüdudsuz qüdrətə və böyük hikmət sahibi olması məlumdursa və Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) böyük kömək göstərirsə, məgər bu, Muhəmmədin (ona Allahın sa-lavatı və salamı olsun) həqiqətən Onun Elçisi olması haqqında insan-larda şübhə doğura bilərdimi? Yox, əgər o, Allahı aldatsaydı, onda O, onu sağ əlindən tutaraq şah damarını kəsərdi.

(80) “Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, bilsin ki, Biz səni onlara gözətçi göndərməmişik”.

Kim ki, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət edir, onun hökmlərini yerinə yetirir və qadağalarını pozmursa, əslində o, Uca Allaha itaət etmiş olur, çünki Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) Allahın hökmlərinə və qanunlarına uyğun olaraq, Onun vəhylərinə və Kitabına əsaslanaraq hökm verir və qadağalar qoyurdu. Allah hər şeydə Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) itaət etməyi əmr edir və bu isə o deməkdir ki, o, öz Rəbbinin dinini insanlara çatdırarkən səhvlərdən qorunurdu. Əks halda, Allah qullarına ona (ona Allahın salavatı və salamı olsun) danışıqsız itaət etməyi əmr etməz və belə itaətkarlıq göstərənləri tərifləməzdi.
İtaət haqqı, eyni zamanda Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) məxsus olan hüquqlara aiddir. Onların bu mənada haqqı üç qrupa bölünür. Birinci qrupa aid olan Uca Allahın haqqıdır ki, ona heç bir məxluq malik deyil, məsələn, ibadət haqqı və bundan doğan hər şey. İkinci qrupa aid olan – Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) haqqıdır ki, ona ondan başqa heç kim malik deyil, məsələn, hörmət olunma, ehtiram etmə və yardım göstərmə haqqı. Üçüncü qrupa isə həm Allaha və həm də Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) eyni zamanda məxsus olan haqlardır, məsələn, insanların onlara iman gətirmək, onları sevmək və onlara itaət etmək haqqı. Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) bu üç qrup haqları bu ayədə birlikdədir: “Həqiqətən Biz səni, şahid, müjdəçi və xəbərdarlıq edən elçi göndərmişik. Biz belə etdik ki, siz Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və gecə-gündüz Allahı tərifləyəsiniz” (Fəth, 48/8-9).
Əgər insan Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət edirsə, o, Allaha itaət etmiş olur və mükafata layiq görülür ki, bu, Ona itaət etdiyinə görədir. Əgər insan Allahın və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaətdən imtina edirsə, onda o, ancaq özünə ziyan edir, Allaha isə qətiyyən zərər vurmur.
Uca Allah Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun) insanların hərəkətləri və əməlləri haqqında qayğı çəkmək hökmü vermə-miş, ancaq Onun dinini onlara çatdırmağı, həqiqəti onlara izah etməyi və faydalı məsləhətlər verməyi əmr etmişdir. O, öz vəzifəsini yerinə yetirmiş və insanların düz yolla gedib getməməyindən asılı olmayaraq, mükafata layiq görülmüşdür. Uca Allah buyurur: “Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən” (Ğaşiyyə, 88/21-22).

(81) “Onlar: “İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr bir yerə yığışıb sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə etdiklərini yazır. Onlardan üz döndər və Allaha təvəkkül et! Qoruyan olaraq Allah yetər”.

İnsan qəlbən və cismən, başqalarının əhatəsində də və tək olduqda da Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət etməyə borcludur. Əgər o, adamların yanında özünü Allaha itaət edən və öz vəzifələrini yerinə yetirən kimi göstərirsə, tək qaldıqda və ya özü kimi günahkarlarla bir yerdə olduqda xeyirxah işlər görmür və günahkar əməllərə yol verirsə, onda onun nümayiş etdirdiyi itaətkarlıq ona fayda verməyəcəkdir. Belə adam Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gələndə özünü mömin müsəlman kimi aparır və adamlardan ayrılıb evinə yatmağa gedəndə yaxşı əməllər etmək haqqında heç düşünmür də. Axı əgər insan xeyirxah əməllər haqqında düşünmürsə, o, ancaq itaətsizlik barədə fikirləşə bilər.
Belə adamların gecələr Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) dediklərini deyil, başqa şeylər barədə düşünmələrini bildirən ayədən aydın olur ki, onların məqsədi günah işlətməkdir. Bir adamın gecə vaxtı bir iş görmək niyyətində olması və onu qəti şəkildə həyata keçirmək istəməsi halında olduğunu bildirmək üçün “bəyyətə” felindən istifadə edilir. Allah belə günahkarları təhdid edərək, onların layiqincə cəzalandırılmaları üçün törətdikləri cinayətlərini yadda saxlayacağını vəd edir. Şübhəsiz ki, bu qorxunc xəbərdarlıqdır. Sonra Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) əmr edir ki, onlardan üz döndərsin və onlarla amansızcasına rəftar etməsin. Onlar ona heç bir zərər vura bilməzlər, ancaq o (ona Allahın salavatı və salamı olsun), Allaha təvəkkül etməli, Ona kömək üçün müraciət etməlidir ki, O, Öz dininə yardım göstərsin və yerdə Öz qanununu bərqərar etsin.

(82) “Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar”.

Uca Allah əmr edir ki, Onun Kitabı üzərində düşünsünlər, yəni, Vəhyin mənaları haqqında dərindən fikirləşsinlər və diqqəti onun əsas prinsipləri və onlardan irəli gələn müddəalarında cəmləşdirsinlər. Allahın Kitabı haqqında düşünmək – dərin biliklərin açarıdır. Onlar istənilən neməti əldə etməyə kömək göstərir və bütün qalan elmlər bu mənbədən başlanğıc götürür. Onlar insanların qəlbində imanı möhkəmlədir və onun əsasını daha da qüdrətləndirir, çünki insan onların sayəsində Mütləq Allahı dərk edir, Onun kamil keyfiyyətlərini qavrayır və Ona hansı hisslərin yad olduğunu başa düşür. O, Allaha aparan yolu tanıyır, bu yolla gedən insanların keyfiyyətlərini, onun sonunda onları gözləyən mükafatı öyrənib bilir. O, özünün həqiqi düşmənini və məşəqqətli cəzalandırılmaya aparan yolu tanıyır, bu yolla gedən günahkarların keyfiyyətlərini və öz cinayətkar əməlləri ilə özlərini məhkum etdikləri talelərini öyrənir.
İnsan Quran üzərində nə qədər çox düşünürsə, bir o qədər də o, bilikli, əməlisaleh və bəsirətli olur. Bax elə buna görə, Allah qullarına məhz bu cür davranmağı əmr edir və onları buna ruhlandıraraq, xəbər verir ki, Quranın nazil edilməsinin mənası da elə bundadır. Uca Allah buyurur: “Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (Sad, 38/29).
“Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?” (Muhəmməd, 47/24).
Allahın Kitabı üzərində düşünməsi qula tam əmin olmağa və başa düşməyə imkan verir ki, Quran – Allahın Sözüdür. Bu düşüncələrin sayə-sində insan görür ki, Quranın bir qisim ayələri digərlərini təsdiq edir və tamamilə bir-birinə müvafiq gəlir. O, görür ki, bəzi hökmlər, hekayət və rəvayətlər Quranda dəfələrlə təkrarlanır, lakin bir-birinə zidd gəlmir. O, Quranın kamilliyinə əmin olur və onun, həqiqətən də, bütün məxluqatı Öz elmi ilə əhatə edən Allah tərəfindən nazil olunduğunu dərk edir. Əgər Quran Allah tərəfindən göndərilməsəydi, insanlar da onda çoxsaylı zid-diyyətlər tapardılar. Lakin o, Allah tərəfindən nazil edilmişdir və onda ziddiyyətli və bir-birini inkar edən müddəalar yoxdur.


(83) “Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblə-rinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız”.
Uca Allah qullarını bu ləyaqətsiz əmələ görə qınayır və bildirir ki, onlar bütün möminləri sevindirə bilən və ya onları yaxınlaşan təhlükə barədə xəbərdar edən mühüm bir xəbər eşitdikdə, tələsərək onu yaymağa çalışmamalıdırlar, onun doğruluğuna əmin olmaq üçün onu ya Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun), ya da millət arasında müəyyən təsirə malik, düzgün qərar çıxarmağa qabil və faydalı məsləhət verməyi bacaran, ağıl və bilik sahibi olan və baş verən hadisələr haqqında məlumata malik və müsəlmanlara nəyin fayda verə biləcəyini, nəyinsə zərər vura biləcəyini bilən insanlara çatdırmalıdırlar.
Əgər belə insanlar qərara alsalar ki, əldə edilmiş məlumatların aşkar edilib yayılması möminlərə fayda gətirər, onların qüvvətini artırar, onlara sevinc bəxş edər və düşmənlərə qarşı müqavimət göstərməkdə kömək edər, onda belə məlumatları başqalarına açıqlamaq olar. Əgər on-lar qərara alsalar ki, bu məlumatların açıqlanması müsəlmanlara heç bir fayda gətirməyəcək və ya faydadan çox zərər gətirəcək, belə olduqda onları açıqlamaq olmaz. Bax buna görə Allah buyurur ki, mühüm məlu-matları o şəxslər bilməlidir ki, onlar onu öz düzgün baxışları və əməli-saleh bilikləri sayəsində təhlil etmək qabiliyyətinə malik olsunlar.
Buradan belə bir mühüm nəticə çıxır ki, istənilən məsələnin tədqi-qatını elə şəxslərə tapşırmaq lazımdır ki, onlar onun öhdəsindən gəlməyi bacarsınlar. Belə insanlara laqeyd yanaşmaq olmaz, çünki onlar düzgün qərar çıxarmaq və və səhvlərdən qaçınmaq üçün daha böyük imkanlara sahib olurlar. Buradan o da aydın olur ki, müsəlmanlara eşitdiklərini tələsərək yaymaq qadağandır. Müsəlmanlar söyləyəcəkləri sözləri əvvəlcə götür-qoy edib, onların fayda verib verməyəcəyini fikirləşməlidirlər. Əgər deyəcəkləri sözlər fayda gətirəcəksə, onları söyləyə bilərlər, əks halda isə bundan çəkinmək lazımdır.
Sonra Uca Allah buyurur ki, əgər O, möminləri doğru yola yönəldərək, onlara qayğı çəkərək və bilmədiklərini öyrədərək mərhəmət və rəhm göstərməsəydi, onlar, az bir hissəsi istisna olmaqla, şeytanın ardıyca gedərdilər. Bunun səbəbi isə ondadır ki, insan öz təbiəti etibarı ilə zalım və nadan məxluqdur və onun nəfsi ona şər işlər görməyi əmr edir. Amma o, kömək üçün Rəbbinə müraciət etdikdə, Onda sığınacaq axtardıqda və bu məqsədə nail olmaq üçün səy göstərdikdə, O, ona rəhm edir, onu hər cür xeyirxahlıqlar yoluna doğru yönəldir və lənətə gəlmiş şeytandan qoruyur.


(84) “Allah yolunda döyüş! Axı sən ancaq özünə məsuliyyət da-şıyırsan və iman sahiblərini də qaldır! Ümidvar ol ki, Allah kafirlərin gücünün qarşısını alacaq. Allah hamıdan qüdrətlidir və cəza vermək-də sərtdir”.

Ən ləyaqətli vəziyyətdə olan qul cihadda iştirak edən, Allahın digər hökmlərini səylə yerinə yetirən və başqalarını da belə davranmağa dəvət edəndir. Lakin qulların çoxu bu hökmlərdən birini və ya hər ikisini yerinə yetirmirlər və buna görə Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) əmr etmişdir ki, özü Onun yolunda döyüşsün. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) başqa insanlar üzərində hakimiyyətə malik deyildi və onların hərəkətlərinə görə məsuliyyət daşımırdı.
Uca Allah ona əmr edir ki, möminləri Onun yolunda mübarizə aparmaq üçün dəvət etsin. Ona tapşırılmışdı ki, möminləri ruhlandırsın, onların döyüş ruhunu qaldırsın, onlara düşmənin zəifliyindən və qorxaq-lığından, Allah yolunda mübarizə aparanlar üçün hazırlanmış mükafatlardan və evdə oturmağı üstün tutanları gözləyən cəzadan danışsın. Bu və digər üsullarla ona (ona Allahın salavatı və salamı olsun) insanları Allah yolunda döyüşlərə qaldırmaq hökmü verilmişdi. Ola bilsin ki, əgər müsəlmanlar Onun yolunda döyüşsələr və bir-birilərini buna təhrik etsələr, Allah kafirləri gücdən məhrum edər.
Allah hüdudsuz qüdrət sahibidir və günah işlədənləri və başqalarına əzab verənləri sərt cəzalandıra bilər. Əgər Uca Allah istəsəydi, O Öz qüdrəti sayəsində kafirləri məhv edərdi və onların hətta izi belə qalmazdı. Lakin Allahın hikməti tələb edir ki, qulların bir hissəsi digərləri üçün tamah (nəfs) rolunu yerinə yetirsin ki, müqəddəs müharibə alovu şölələnsin, insanlar öz iradələri ilə iman gətirə bilsinlər və bundan faydalansınlar, çünki əgər onlar öz iradələrinin əleyhinə olaraq iman gətirməyə məcbur edilsələr, bu onlara xeyir gətirməz.

(85) “Yaxşı bir əmələ görə havadarlıq edən şəxsin nəsibinə o əməldən bir hissə çatar. Kim də şər əməldən ötrü havadarlıq edərsə, ona da o, yük olar. Hər şey Allahın müşahidəsi altındadır”.

Burada havadarlıq dedikdə, hər hansı bir təşəbbüsdə kömək göstərmək fərz edilir. Əgər bir adam bir başqasına himayəçilik edirsə və ona yaxşı bir iş görməkdə kömək göstərirsə, məsələn, əgər o, incidilən bir şəxsə havadar çıxırsa, o, bu himayəsinə görə savab qazanır. Bu mükafatın ölçüsü onun göstərdiyi səydən, nə dərəcədə can yandırmasından və verdiyi xeyirdən asılı olur, özü də bilavasitə yaxşı əməl işlədənin mükafatı havadarına çatacaq savaba görə qətiyyən azalmır. Əgər bir adam bir başqasına yaramaz iş görməkdə kömək edirsə, onda o, günah yükünü öz üzərinə götürür və onun ağırlığı etdiyi günahdan və hansı günahkar əməldə iştirak etməsindən asılı olur.
Bu ayə xeyirxah əməllərdə bir-birinə kömək etmək kimi böyük çağırışdan, müttəqilikdən və bir-birilərinə günahda və zalımlıqda kömək edənlərə hədələyici xəbərdarlıqdan ibarətdir. Bu hökmlərin vacibliyi ona görə daha da güclənir ki, Allah hər şeyi müşahidə edir və əməlləri hesablayır ki, hər kəs layiq olduğunu alsın.


Tarix: 20.04.2013 / 16:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 642 Bölmə: Sureler
loading...