Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏT-TÖVBƏ SURƏSİNİN ŞƏRHİ 91-109

(9.91) “Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələtə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah Bağışlayandır, Rəhm edəndir!”

Evində qalmağı xahiş etməyə gələnlər arasında elə adamlar var idi ki, onlar üzürlü səbəblərə malikdilər və elələri də var idi ki, buna əsasları yox idi. Fövqəluca Allah bunları xatırlatdıqdan sonra cihadda kimin iştirak etməməsinə icazə verildiyini bildirir. Belə adamlara: fiziki vəziyyəti və zəif görmə qabiliyyəti onlara yürüş və döyüş əməliyyatlarında iştirak etməyə imkan verməyən zəif kişilər. Onlara aid olanlar: xəstəliyə tutulması nəticəsində yürüşlərdə və müharibədə iştirak etmək gücü olmayanlar. Belə xəstəliklər adı altında şikəstlik, korluq, qızdırmalı, iflic və digər ağır xəstəliklər və xəstələr nəzərdə tutulurdu. Həm də cihadda iştirak etməməyə kifayət qədər ərzaq və nəqliyyat vasitəsi almaq üçün vəsaiti olmayanlara da icazə verilirdi. Bütün sadalanan dərəcələrdən olan insanlar müqəddəs müharibəyə getmədikdə, əgər onlar səmimi olaraq Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirmişlərsə, günah etmirlər və ilk imkan yaranan kimi, qəti niyyətlə müharibəyə yola düşməyə hazır olurlar və əllərindən gələn hər şeyi edirlər ki, ətrafdakıları Onun yolu uğrunda mübarizəyə dəvət etsinlər.
Möminlər heç vaxt qınağa layiq görülmürlər, çünki onlar həmişə Allah və Onun qulları qarşısında vəzifələrini nöqsansız yerinə yetirirlər. Əgər insan gücü çatdığı xeyirxah bir işi görürsə, onda o, onun imkanlarından xaric olan əməllərə görə məsuliyyətdən azad edilir.
Bu ayədən bir müdrik qayda aydın olur: əgər bir nəfər bir başqasına maddi və ya fiziki kömək etmək niyyətində olduğu halda həmin şəxsə ziyan vurarsa, o, ziyanın ödənilməsinə görə məsuliyyət daşımır, çünki o, xeyirxah bir iş görmək niyyətində idi, xeyirxahlıq etmək istəyən isə heç vaxt qınağa layiq olmur. Lakin əgər insan ziyan vurmağa hazırlaşmışsa və ya etinasızlıq etmişsə, onda o, vurulmuş ziyanı ödəməlidir.
Əfv edən və Rəhmli adları Allahın gözəl adları arasındadır. Öz mərhəməti və lütfkarlığı sayəsində Allah müəyyən xeyirxahlıqlar etmək imkanı olmayan insanların hamısını bağışlayır və onları, müəyyən xeyirxahlıqlar göstərməyə qəti niyyətləri olduğuna görə, imkanı olan və bu xeyirxah əməlləri işlədən möminləri mükafatlandırdığı kimi, mükafatlandırır.

(9.92) “(Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmıram”,- deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur!”

Ey Muhəmməd! Yanına gəlib, cihada getmək üçün onları miniklə təmin etməyi səndən istəyənlərə təəssüflənərək: “Sizin yürüşə çıxmağınız üçün minik heyvanım yoxdur!” – dedikdə, səndən ayrılaraq, Allah yolunda sərf etməyə bir şey tapmadıqlarına görə məyusluqdan gözləri dolmuş halda gedənlər qınanmağa layiq deyillər.
Burada söhbət maddi imkanı olmayan və yürüşdə iştirak edə bilmədiklərinə görə olduqca kədərlənən kasıblardan gedir. Belə insanlar məzəmmət olunmağa layiq deyillər. Bu isə o deməkdir ki, onların vəziyyəti ümumi qaydaya müvafiq olaraq dəyərləndirilir. Bu qaydaya görə, xeyirxah əməli etməyə qəti niyyəti olan və bu yöndə istənilən imkanlardan istifadə etməyə çalışan, lakin buna nail ola bilməyən hər kəs, bu saleh əməli edənlərə çatacaq savabı bütövlüklə alacaqdır.


(9.93) “Ancaq varlı olduqları halda (döyüşə getməmək üçün) səndən izin istəyənlər məzəmmətə layiqdirlər. Onlar (cihada getməyib) arxada qalanlarla (qadınlar və uşaqlarla) bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini (qazandıqları günaha görə) möhürləmişdir. Buna görə də onlar (başlarına gələcək müsibəti) bilməzlər!”

Təkcə, yürüşə getmək imkanında olan və heç bir səbəb olmadan evdə qalmağa icazə istəyən günahkarlar danlanmağa layiqdirlər. Onlar ancaq öz nəzər nöqtələrindən razı qalırlar və qadınlar və uşaqlar kimi, yürüşdə iştirak etməməyə sevinirlər. Lakin bilmək lazımdır ki, onlar bu qismətlə, Allahın onların ürəklərini möhürlədiyi üçün qane olmuşdular. Xeyirxahlıq onların ürəyinə girə bilmir və onlar da dünyəvi və ruhani məsələlərdə nəyin onlara faydalı olduğunu başa düşə bilmirlər. Onlar hətta bilmirlər ki, törətdikləri cinayət onları böyük əziyyətlərə məhkum edir.


(9.94) “(Döyüşdən geri dönüb) yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. (Onlara) belə de: “(Əbəs yerə) üzr istəməyin, onsuz da sizə inanmayacağıq. Allah əhvalınızdan bizi xəbərdar etmişdir. (Bundan belə) əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də”. Sonra qeybi və aşkarı bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!”

Fövqəluca Allah varlı münafiqlərin yürüşdə iştirak etməsindən heç bir səbəb olmadan imtina etdiklərini xatırlatdıqdan sonra, onların, müsəlmanların yürüşdən qayıtdıqdan sonra, yanına gəlib üzr istəyəcəklərini xəbər verir. Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, onlara desin: “Üzr istəməyin, biz onsuz da sizin özünüzə yalandan bəraət qazandırmağınıza inanmayacağıq. Allah artıq sizin əsil niyyətiniz haqqında xəbər vermişdir, O isə həmişə təkcə həqiqəti deyir. Özünüzü təmizə çıxarmağınız və üzürxahlıq etməniz tamamilə faydasızdır, çünki onlar Allahın sizin haqqınızda bildirdiklərinə ziddir. Sizin dedikləriniz, ən ali həqiqət olan Allahın vəhyinə uyğun gəlmirsə, doğru ola bilməz. Allah və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) sizin bu dünyada etdiyiniz əməlləri hökmən görəcəklər, məhz əməllər meyar olduğu üçün, onun sayəsində doğruçu insanla yalançının arasında fərqi görmək mümkünləşir. Dəlilsiz-sübutsuz iddialara gəldikdə isə, onlar qətiyyən sizin haqlı olduğunuzu təsdiq etməyə yaramır. Siz hamınız, qeybi və aşkarı bilən Allahın yanına qayıtmalı olacaqsınız, Ondan isə heç bir sirri gizlətmək mümkün deyil. O, sizin etdiyiniz bütün yaxşı və bədxah əməllərinizdən agahdır. Sonra da O, etdiklərinizin əvəzini sizə Öz mərhəmətinə və ya ədalətinə müvafiq olaraq verəcəkdir. Siz Ondan, hətta, bir toz həcmində belə ədalətsizlik görməyəcəksiniz”.

(9.95) “Yanlarına qayıtdığınız zaman onlardan vaz keçməniz (onları məzəmmət etməməniz) üçün (yalandan) Allaha and içəcəklər. Siz də onlardan vaz keçin! Çünki onlar murdardırlar və qazandıqlarının cəzası olaraq düşəcəkləri yer də Cəhənnəmdir!”

Cinayət törətmiş günahkarlar üç dərəcəyə bölünür. Onların bəzilərinin həm sözlə və həm də qəlbində etdiyi tövbəsi qəbul edilməli və bundan sonra onlara günah işlətməmiş insanlar kimi yanaşılmalıdır. Digərlərini törətdikləri cinayətə görə cismani və ya digər cəzaya məruz qoyurlar. Üçüncülərdən isə, onları cəzalandırmadan, sadəcə, üz çevirmək lazımdır. Münafiqlər üçüncü dərəcədən olanlara aiddirlər və buna görə Fövqəluca Allah müsəlmanlara onlardan üz çevirmək əmri vermişdir. Onları etdikləri hərəkət üstündə qınamaq, cismani cəzaya düçar etmək və ya edam etmək olmaz. Onlar şeytandırlar və müsəlmanların onlara diqqət yetirməsinə layiq deyillər.. Qınaq və cəzalandırma onlara heç bir fayda gətirməz və öz əməlləri ilə layiq olduqları Cəhənnəmin onların sığınacağı olması onlara bəsdir.

(9.96) “Onlardan razı olasınız deyə, qarşınızda and içəcəklər. Siz onlardan razı qalsanız da, Allah fasiq bir tayfadan razı olmaz!”

Ey möminlər! Münafiqlər istəmirlər ki, onları sadəcə rahat buraxasınız. Onlar istəyirlər ki, siz onlardan elə razı qalasınız ki, sanki onlar heç bir yaramaz hərəkət etməmişlər. Bundan ötrü onlar qarşınzda hər cür and içməyə hazırdırlar. Amma əgər siz onlardan razı qalsanız da, Allah onsuz da pozğunlardan razı olmaz. Bu o deməkdir ki, siz, Allahın heç vaxt razı qalmayacağı adamlardan razı qalmamalısınız. Sizin xeyirxahlığınız və qəzəbiniz həmişə Allahınızın xeyirxahlığı və qəzəbi üst-üstə düşməlidir.
Allahın əxlaqsız xalqdan razı qalmayacağı fikri üzərində düşünün. Əgər Fövqəluca Allah sadəcə olaraq desəydi ki, O, münafiqlərdən razı deyil, onda tövbə üçün qapı açıq qalmış olardı və onlar, bütün digər günahkarlar kimi, istənilən vaxtda tövbə edə bilərdilər və onların tövbələri qəbul edilərdi. Lakin Fövqəluca Allah, onlara Allahın lütfkarlığını qazanmağa maneə olan əxlaqsız camaat kimi qaldıqca, onlardan razı olmayacaq. Bu maneə - onların haqq dinə etiqad etmək istənənələri və digər xeyirxah əməllər etməmələri və həmçinin onların müşrikliyə, münafiqliyə və itaətsizliyə tərəfdar olmalarıdır.
Bir sözlə, Allah xəbər verir ki, əgər heç bir səbəb olmadan yürüşdə iştirak etməkdən imtina edən müşriklər möminlər qarşısında özlərini doğrultmağa çalışsalar və özlərini elə göstərsələr ki, guya evdə üzürlü səbəblərə görə qalmışlar, onda onlar bunu ona görə edəcəklər ki, müsəlmanlar onları rahat buraxsınlar, onların bəraətini qəbul etsinlər və onlardan razı qalsınlar. Belə olduqda, müsəlmanlar münafiqlərin bəraətini qəbul etdilər və onları törətdiklərinə görə qınağa çəkmədilər, lakin bu qətiyyən onların münafiqlərə olan məhəbbətinə dəlalət etmirdi və bu günahkaları şərəfləndirmirdi. Müsəlmanlar münafiqləri rahat buraxdılar və onlardan üz döndərdilər, lakin onlar bunu elə bir tərzdə etdilər ki, sanki ən çirkin və natəmiz bir şeydən iyrəndikləri üçün onu tərk etdilər.
Bu və bundan əvvəlki ayələrdə Fövqəluca Allahın nitqə malik olması haqqında göstərişlər vardır. Belə bir nəticə bu vəhydən aydın olur: “Allah artıq sizin əsil niyyətiniz haqqında xəbər vermişdir...” (Tövbə, 9/94). Ayələrdə həm də Allahın etdiyi əməllərinin Onun iradəsi və qüdrətindən asılı olması haqqında göstərişlər vardır. Buna digər bir vəhy də dəlalət edir: “...(Bundan belə) əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də...” (Tövbə, 9/94). Bu o deməkdir ki, Allah qullarının əməllərini onlar onu edən zaman görür. Ayələrdə həmçinin Allahın xeyirxah möminlərdən qazı qalması və əxlaqsızlardan qəzəblənməsinə göstəriş vardır.


(9.97) “Bədəvilər küfr və nifaq məsələsində daha anlaqsız və Allahın öz Peyğəmbərinə nazil etdiyi hüdudları bilməməyə daha meyillidirlər. Allah Biləndir, Müdrikdir!”

Bədəvilər, köçəri səhra sakinləri, kafirlik və münafiqlik məsələlərində şəhərlilərdən daha inadkardırlar. Bu, eyni vaxtda bir sıra səbəblərlə izah edilir.
Birincisi, onlar dini əhkamlar, xeyirxah əməllər və hikmətli şəriət qaydalarından tamamilə xəbərsizdilər. Onlar, Allahın Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi hökmləri, əmrləri və hədləri, başqalarına nisbətən, daha çətinliklə qəbul edirlər. Onlardan fərqli olaraq şəhər sakinləri Allahın Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi hökmləri ilə daha yaxşı tanışdırlar və əldə etdikləri biliklər baş verən hadisələr və proseslər haqqında onlarda düzgün təsəvvür yaradır və onlarda xeyirxahlıq etmək meyli oyadır ki, bu hiss onlara, bədəvilərə nisbətən, daha yaxşı məlumdur.
İkincisi, şəhərlilər, səhra əhalisinə nisbətən, daha mülayim təbiətə malikdirlər və dəvətçilərlə müsahibələrdə daha tez razılığa gəlirlər. Şəhərlilər, çöldə məskunlaşan adamlardan fərqli olaraq, saleh insanlarla daha tez-tez görüşür, söhbət edirlər. Buna görə şəhər sakinləri, bədəvilərlə müqayisədə, xeyirxah təşəbbüslər üçün daha əlverişli idilər. Şübhəsiz ki, kafirlər və münafiqlər həm köçərilərin və həm də şəhərdə yaşayanların arasında var idilər, lakin küfr və münafiqlik köçərilərin arasında daha dayanaqlı və son dərəcə güclüydü. Bütün bunlar həm də onunla çətinləşirdi ki, bədəvilər çox acgöz və simic camaat idi.


(9.98) “Bədəvilər içərisində elələri vardır ki, (Allah yolunda) xərclədiklərini ziyan sayırlar və (bundan xilas olmaq üçün) başınıza bəlalar gəlməsini gözləyərlər. (Möminlərə arzu etdikləri) bəla (müsibət) öz başlarına gəlsin! Allah (hər şeyi) Eşidəndir, Biləndir!”

Bəzi bədəvi ərəblər zəkatı və Allah yolunda digər sədəqələri özlərinə ziyan hesab edirdilər. Onlar Allahın mükafatlandıracağına ümid bəsləmirdilər və öz Rəbbi xatirinə qurban vermirdilər. Onlar ianəni, az qala, öz istəklərinin əleyhinə paylayardılar. Onların möminlərə qarşı düşmənçiliyi o dərəcədə güclüydü ki, onlar böyük səbirsizliklə müsəlmanların başına müsibətlərin gələcəyini gözləyirdilər. Lakin onların bədxah niyyətləri hər dəfə onların özlərinə qarşı çevrilirdi. Möminlərə gəldikdə isə, onlar öz düşmənləri üzərində qələbə qazanır və xeyirli sonluğa nail olurdular. Həqiqətən, Fövqəluca Allaha Öz qullarının niyyətləri və əməlləri, onların səmimiliyi və dikər xüsusiyyətləri çox yaxşı məlumdur.

(9.99) “Bədəvilər içərisində elələri də var ki, Allaha, Axirət gününə inanır, xərclədiklərini Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vasitə sayırlar. Bilin ki, bu onlar üçün (Allaha) yaxınlaşmağa bir səbəbdir. Allah onları Öz mərhəmətinə nail edəcəkdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmedəndir!”

Bədəvilərin heç də hamısı qınanılmağa layiq deyildi, çünki onların arasında Allaha və Qiyamət gününə iman gətirənlər vardı. Onlar kafirlikdən və münafiqlikdən xilas oldular və özlərini haqq dinin tələblərinə uyğun olaraq apardılar. Onlar öz qurbanlarına və zəkatlarına görə Allahdan savab alacaqlarına ümid bəsləyirdilər və ianələri, sədəqələri vasitəsilə Ona yaxınlaşmağa səy göstərirdilər. Onlar ümid edirdilər ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) onlar üçün dua edəcək və payladıqları sədəqəyə xeyir-dua verəcək. Bununla əlaqədar Fövqəluca Allah izah edir ki, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) duası insanları Ona həqiqətən yaxınlaşdırır, mallarının artımına və onlardan çoxlu mənfəət əldə etməyə kömək göstərirdi.
Sonra Allah xəbər verir ki, təqvalı bədəvilər digər möminlərlə birlikdə Onun mərhəməti altına alınacaqlar. Həqiqətən, əgər insanlar tövbə edirlərsə, onda O, hətta onların böyük günahlarını belə bağışlayır. O, qullarını bütün varlığı qaplayan mərhəməti ilə əhatə edir, möminlərə isə xüsusi lütfkarlığını bəxş etməklə onların xeyirxah əməllər işlətməsinə kömək göstərir, onları itaətsizlik etməkdən qoruyur və mümkün olan hər cür nemətlərlə mükafatlandırır.
Bu və bunda əvvəlki ayələrdən bir neçə nəticə çıxarmaq olar.
Birincisi, həm bədəvilərin və həm də şəhər sakinlərinin arasında tərifə layiq olan mömin insanlar və qınanmağa layiq günahkarlar vardır. Fövqəluca Allah bədəviləri təkcə köçəri olduqlarına və və səhrada yaşadıqlarına görə qınamır. O, ancaq Ona hökmlərinə itaətsizlik göstərən bədəvilərə tənə vurur.
İkincisi, kafirlik də, münafiqlik də, şəraitdən asılı olaraq, həm güclənir və həm də zəifləyir və habelə kobud və ya mülayim formalarda təzahür edir.
Üçüncüsü, bilik – böyük üstünlükdür və əgər insan biliklərə malik deyilsə, onda o, bilikli adamla müqayisədə, şərə daha çox yaxın olur. Allah məhz buna görə bədəvilərə danlaq vurur və bildirir ki, onların kafirliyi və münafiqliyi daha təhlükəlidir. Bunun səbəbi ondadır ki, bədəvilər, Allahın Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi haramlarla, başqalarına nisbətən, daha az tanış idilər.
Dördüncüsü, ən faydalı bilik – dinin əsas və fərdi (Yəni, İslam dininin əsas müddəalarından (prinsiplərindən) irəli gələn tərkib hissələri. F.S.)müddəaları haqqında olan biliklərdir ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil edilmişdir. Müsəlman iman və İslam, xeyirxahlıq və müttəqilik, möminlik və qohumluq əlaqələrinin saxlanması, kafirlik və münafiqlik, əxlaqsızlıq və itaətsizlik, zinakarlıq və sərxoşedici içkilərin istifadəsi, sələmçilik və digər günah əməllər haqqında biliklərə malik olmalıdır. Əgər insan bunlara dair təsəvvürə malikdirsə, onda o, əmr olunanı yerinə yetirə və uzaqlaşması əmr olunan şeydən də uzaqlaşa bilər və həmçinin başqa insanları da bəyəlinə dəvət edə, qınanılandan isə çəkindirə bilər.
Beşincisi, mömin ona həvalə edilmiş vəzifələri sevinc və razılı hissi ilə yerinə yetirməlidir. O, dinin hökmlərini yerinə yetirməyi özünün itgisi yox, qazancı olmasına can atmalıdır.

(9.100) “Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur”.

Ayə, ilkinc olaraq haqq dini qəbul etmiş, hicrətə getmiş, cihadda iştirak etmiş və yer üzündə Allahın hökmlərini bərqərar etmiş mühacirlərdən və ənsarlardan bəhs edir. Mühacirlər – öz vətənini tərk edib, əmlakından ayrılaraq Allahın mərhəmətini və lütfkarlığını qazanmaq ümidi ilə hicrət etmiş məcburi köçkünlərdir. Onlar Onun dinini müdafiə etdilər və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) yardım göstərdilər və onlar sadiq möminlər idilər. Ənsarlar isə, Mədinənin sakinləri idilər və iman gətirmişlərin şəhərində mühacirlər oraya hicrət etməmişdən çox-çox əvvəl yaşamağa başlamışdılar. Onlar yanlarına hicrət edənləri qəlbən sevmişdilər və onlara əta edilənə heç bir meyl göstərmirdilər. Onlar özlərindən çox mühacirlərə üstünlük verirdilər, hətta öz ehtiyacları olan şeyləri ilk növbədə onlara verirdilər. Onlar və sədaqətlə onların ardıyca gedən mömin müsəlmanlar düzgün baxışlara etiqad edərək, doğru sözlər danışaraq və saleh əməllərə işləyərək, qınanmaqdan xilas olmağı və ən yaxşı tərifə və Allahın ən gözəl savabına layiq olmağı bacardılar.
Allah onlardan razı qaldı və Onun lütfkarlığı Cənnət nemətlərinin ən gözəllərindən olacaqdır. Onlar da Allahdan razı qalacaqlar – o Allahdan ki, onlar üçün füsunkar və əzəmətli Cənnət bağları hazırlamış, ağacları altından çaylar və arxlar salmışdır. Onlar bu gözəl məkanda əbədi qalacaq və özləri üçün əlavə heç nə arzulamayacaqlar, çünki orada onlar ürəklərindən keçən hər şeyi o saat ala biləcəklər. Bu, böyük uğurdur və onun sayəsində möminlər ürəklərinin istədiyi və onların qəlbinə sevinc gətirə bilən və həmçinin nəslərini oxşayan hər şeyi zəhmət çəkmədən əldə edə biləcəklər. Bundan başqa, onlar hər cür xoşagəlməz və arzuedilməz şeylərdən xilas ediləcəklər.


(9.101) “Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər var. Sən onları tanımazsan, Biz isə tanıyırıq. Onlara iki dəfə əzab verəcəyik, sonra isə ən böyük əzaba uğradılacaqlar”.

Ey Muhəmməd! Bədəvilərin və Mədinə sakinlərinin arasında ikiüzlülüyə adət etmiş və halal hədləri aşmış insanlar vardır. Sən onları adbaad tanımırsan və onları cəzalandıra və ya onlarla, müşriklərlə davrandığın kimi rəftar edə bilmirsən. Lakin Allahın böyük müdrikliyi məhz bunu tələb edir. Allaha onların barəsində hər şey dəqiq məlumdur və O, onları iki dəfə cəzalandıracaqdır.
Belə bir rəy mövcuddur ki, iki dəfə cəzalandırma dedikdə, münafiqlər üçün bu dünyadaykən və ölümdən sonra hazırlanmış cəzalar nəzərdə tutulmuşdur. Dünya həyatında münafiqlər narahatçılıq keçirir və müsəlmanlar növbəti qələbə qazandıqda kədərlənirlər. Axirətdə isə onları Cəhənnəm cəzası və mənfur bir məskən gözləyir. Başqa bir rəyə görə isə, Fövqəluca Allah bildirmişdir ki, münafiqlər dəfələrlə artırılacaq amansız işgəncələrə uğradılacaqlar.( Təbəri Təfsirində isə iki əzab deyildikdə, münafiqlərin bu dünyada uğradılacaqları mənəvi və cismani əziyyətlər və qəbirdə veriləcək işgəncələr nəzərdə tutulur ki, bunlar Axirət həyatında Cəhənnəmə - ən böyük əzaba atılmaqla sonuclanacaq. Bax: Təbəri Təfsiri, Tövbə surəsi, 9/55.)


(9.102) “(Münafiqlərin) bir qismi də günahlarını etiraf etdi. Onlar (əvvəl etdikləri) yaxşı bir əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmedəndir!”

Mədinə əhalisi, bədəvi ərəblər və digər müsəlman ölkələrinin sakinləri arasında çoxlu insanlar var ki, günahlarını boyunlarına alırlar, etdiklərinə görə peşmançılıq çəkirlər və tövbə edərək çirkinliklərdən təmizlənirlər. Lakin saleh əməllərlə yanaşı, onlar günah işlədirlər. Allahın qulu kafirlikdən və müşriklikdən xilas olmadıqca, haqq dinə və tövhidə etiqad etmədikcə, onun heç bir xeyirxah əməli saleh əməl hesab oluna bilməz. Bu – Allahın təkliyinə iman əsas vacib şərtdir və bunsuz hər hansı əməli xeyirxah – saleh əməl saymaq mümkün deyil. Bu müsəlmanlar günah işlədirlər, Allahın bəzi haramlarını pozmağa cəsarət edirlər və öz vəzifələrini yerinə yetirərkən bir sıra çatışmazlıqlara yol verirlər, lakin buna baxmayaraq, onlar öz nöqsanlarını etiraf edir və Allahın onları bağışlayacağına təvəkkül edirlər. Ola da bilsin ki, O, onların tövbəsini həqiqətən qəbul etsin. Çünki əvvəlcə O, onlara tövbə etməyə kömək göstərir, sonra isə onların tövbələrini qəbul edib, onları bağışlayır.
Allahın yaratdığı məxluqlar Ona xas olan geniş bağışlama və mərhəməti sayəsində yaşayırlar. Bundan başqa, Onun bu sifətləri sayəsində göy və yer aləmləri mövcudluğunu saxlaya bilir. Axı əgər O, insanları yol verdikləri hər bir ədalətsizliklərinə görə cəzalandırsaydı, onda yer üzündə bir canlı məxluq belə qalmazdı. Fövqəluca Allah buyurur: “Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) Həlimdir, Bağışlayandır! (Bəndələrinə cəza verməkdə tələsməz, tövbə edənləri əfv edər)” (Fatir, 35/41).
Onun geniş bağışlama sifətinə malik olmasını təsdiq edən faktlardan biri də öz həyatını yaramaz əməlləri ilə qısaldan günahkarların, hətta ölümdən bir qədər öncə, can verənə qədər, tövbə etmək imkanına malik olmasıdır. Əgər onlar səmimiyyətlə tövbə etməyə və Allahın yoluna qayıtmağa nail olurlarsa, onda O, onların cinayətlərini bağışlayır.
Bu ayədən məlum olur ki, günah edən və öz günahlarını peşmançılıqla etiraf edən və eyni zamanda qorxu və ümid hiss edən müsəlmanın, əgər o, bütün günahlarını səmimiyyətlə etiraf edə bilməsə də, xilas olması şansı çoxdur. Günah işlədən, lakin onları etməsini boynuna alıb etiraf etməyən, etdiklərinə peşman olmayan və öz günahkar əməllərini davam etdirən müsəlmana gəldikdə isə, onun taleyini böyük təhlükələr gözləyəcəkdir.


(9.103) “Onların mallarından sədəqə al. Bununla onları təmizləmiş, pak etmiş olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir”.

Fövqəluca Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və onun başladığı işi davam etdirənlərə buyurur ki, müsəlmanlardan onları günahlarından və qüsurlu əxlaqdan təmizləyən və onların imanını təkmilləşdirməyə kömək edən fərz zəkat alsınlar. Zəkat onların əxlaqi simasını yaxşılaşdırır, onları saleh əməllərə yaxınlaşdırır, onların bu dünyada və ölümdən sonra savablarını artırır və həmçinin var-dövlətinin çoxalmasına yardım göstərir. Sonra Allah Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, möminlərin hamısı üçün bütövlükdə və zəkat verənlər üçün isə xüsusilə dua etsin. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) duası möminlərə təskinlik verir və onlar üçün müjdə rolunu oynayırdı.
Həqiqətən, Allahın gözəl adları arasında – Eşidən və Bilən adları haqdır. O, Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun!) dualarına diqqətlə qulaq asır və onlara cavab verir və həmçinin qullarının əməllərini və niyyətlərini bilir. Buna görə, hər bir insan Allahın ilahi biliyinə və öz niyyətinə uyğun gələn əvəz alacaqdır.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Allahın hökmünə itaət göstərərək, müsəlmanlara zəkat ödəmələri haqqında əmr verir və zəkat toplamaq üçün məmurlar göndərir. Zəkat toplayanlar yığdıqlarını onun (ona Allahın salavatı və salamı olsun!) yanına gətirdikdə, o (ona Allahın salavatı və salamı olsun!) zəkatı qəbul edər, onu verən müsəlmanlar üçün dua edərək, Allahdan onların rifahını artırmağı xahiş edərdi.
Bu gözəl ayə ticarət məqsədi üçün təyin edilmiş malların bütün növlərindən fərz zəkat verilməsini təsdiq edir. Belə mallar insana qazanc və gəlir gətirir və tamamilə ədalətli olar ki, insan onun bir hissəsini yoxsul müsəlmanlara sərf etməklə öz vacib olan sədəqə borcunu ödəsin. Zəkatı həm də insanın zənginliyini artıran əmlakın digər növlərinə görə də, onlar ticarət malı olmasalar belə, ödəmək vacibdir. Belə əmlaka – taxıl və meyvə məhsulları, ət və südverən heyvanlar və habelə çoxaldılması üçün nəzərdə tutulan heyvanlar daxildir. Var-dövlətin artımı üçün nəzərdə tutulmayan və maddi mənfəət götürülməsi üçün əldə edilməyən mülkiyyətə gəldikdə isə, ondan zəkat alınmır.
Bu ayə onu göstərir ki, Allahın qulu öz əmlakından fərz zəkatı vermədikcə, təmizlənə və yüksələ bilməz. İnsan üçün belə bir sədəqəni heç bir şey əvəz edə bilməz, çünki qəlbin təmizlənməsi və nəcibləşməsi fərz sədəqələri verməkdən bir-başa asılıdır.
Bu ayədən həm də aydın olur ki, hökmdarın və ya onun canişininın zəkat verən müsəlmanlara görə dua etməsi və Allahdan onların var-dövlətini artırmasını xahiş etməsi arzuolunandır. Belə dua səsləndirilməlidir ki, zəkat verənlər onu eşidib, təskinlik tapa bilsinlər.
Bu hökmün mahiyyəti ondan ibarətdir ki, möminlər bir-birilərini sevindirməli, bir-birinə mehribançılıq bildirən səmimi sözlər deməli, bir-biri üçün dua etməli və insana təskinlik vermək üçün digər addımlar atmalıdırlar.

(9.104) “Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edən, sədəqə alan, Tövbəqəbuledən və Rəhmlidir?!”

Doğrudanmı onlar Allahın hüdudsuz mərhəmətini və hər şeyi əhatə edən alicənablığını bilmirlər? Allah qullarının tövbəsini, onlar hətta ən ağır cinayətlər törətdikdə belə, qəbul edir. Bundan başqa, qullarının tövbəsi Fövqəluca Allahın, sadəcə, böyüklüyünü dəyərləndirmək mümkün olmayan sevincinə səbəb olur. O, Öz qullarının sədəqəsini qəbul edir və əli ilə götürərək, insanlar dayçanı böyüdüb bəslədikləri kimi, onu böyüdüb çoxaltmağa başlayır. Nəticədə isə bir xurma dəyərində olan sədəqə nəhəng dağ həcmində olan savaba çevrilir. Ancaq təsəvvür edin və görün ki, daha çox sədəqənin savabı necə ola bilər?!
Həqiqətən, Tövbəqəbuledən və Rəhimli adları – Allahın gözəl adları arasındadır. O, törətdikləri cinayətlərini tövbə edən qularının tövbələrini məhdudiyyətsiz qəbul edir. İnsan Onun qarşısında tövbə edən kimi, O, onun tövbəsini, hətta o, bu tövbəsini ilk dəfə etmirsə də, qəbul edir. Qullarının tövbəsini qəbul etmək Allahı heç vaxt darıxdırıb təngə gətirmir; bir şərtlə ki, onlar Ondan xahiş etməkdən əl çəkməsinlər, Onun qapılarından uzaqlaşmasınlar və özlərinə dostlarını və hamilərini düşmənləri arasından seçməsinlər. Onun rəhmi bütün varlıqları əhatə edir və ona tam mənada nail olanlar zəkat verən, Allahın ayələrinə iman gətirən və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə gedən təqvalı möminlərdir.


(9.105) “De: “İstədiyinizi edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!”

Ey münafiqlər! Düzgün saydığınız əməllərinizi yerinə yetirməkdə olun, yalanınıza etiqadınızı davam etdirin, lakin düşünməyin ki, etdiklərinizi bilən yoxdur! Allah, Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) və möminlər əməllərinizi hökmən görəcəklər və hər şey onlara aydın olacaqdır. Sonra isə sizi Qeybi və Aşkarı Bilənin yanına qaytaracaqlar və O, etdiyiniz xeyirxah və bədxah əməlləriniz haqqında sizə xəbər verəcəkdir.
Bu ayə zalımlığını davam etdirən və yaramaz əməllər törədən, yolundan azan və Rəbbinə itaətsizlik göstərən hər bir kəsə sərt xəbərdarlıqdır. Belə bir rəy var ki, bu ayədə, münafiqlərin etdikləri yaxşı və ya törətdikləri hər hansı pis əməllərinə baxmayaraq və hətta onlar etdiklərini gizlətməyə cəhd göstərsələr də belə, Allahın onların haqqında mütləq biləcəyi, Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və mömin müsəlmanlara da bildirəcəyi öz əksini tapmışdır.


(9.106) “Başqaları isə Allahın ixtiyarına buraxılmışlar. O, ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah Biləndir, Müdrikdir!”

Hərbi yürüşdə iştirak etməkdən imtina edənlərin arasında elələri də var ki, Allahın hökmünü gözləyirlər. O, onları ya cəzalandıracaq, ya da onların tövbəsini qəbul edəcək. Fövqəluca Allah bu sözləri ilə yürüşə çıxmayan günahkarları qorxudur və etdiklərinə görə onları tövbə etməyə və peşmançılıq çəkdiklərini bildirməyə çağırır. Bilən və Müdrik adları da Allahın gözəl adları sırasındadır. O, hər şeyi öz yerində yerləşdirir və əgər ilahi müdrikliyi tələb edirsə ki, O, bəzi insanları Öz himayəsindən məhrum etsin və onlar törətdiklərini tövbə etməsinlər, O, bunu belə də edir.

(9.107) “(Quba məscidinə və müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsə üçün müşahidə məntəqəsiyaratmaq məqsədilə məscid düzəldən və: “Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik”, - deyə and içənlərin (münafiqlərin), həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!”

Quba adlı yerin sakinləri arasında münafiqlər Quba məscidi yanında ikinci bir məscid inşa etdilər. Onların niyyəti mömin müsəlmanlara zərər vurmaq və onların arasına təfriqə salmaq idi. Onlar Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) müqavimət göstərən bir sıra kafirlərə də söz verdilər ki, bu məscid, lazım gəldikdə, onların daldalanacağı kimi istifadə edilə bilər. Lakin Fövqəluca Allah bu fasiqləri rüsvay etdi və onların sui-qəsdinin üstünü açdı.
Allah xəbər vermişdir ki, münafiqlər bu “məscidi” möminlərə və onların toplaşdığı məscidə zərər vurmaq məqsədilə tikiblər. Onlar küfrün köməyinə gəlmək niyyətində olduqları halda, başqaları haqq dini müdafiə etməyə can atırdılar. Onlar istəyirdilər ki, müsəlmanların arasında ixtişaş və ixtilaf yaratsınlar və Allahın, Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) əleyhinə vuruşan və müsəlmanlara qatı nifrət bəsləyən kafirlərə kömək etsinlər. Belə kafirlərdən biri də rahib Əbu Amir idi. O, Mədinənin sakinlərindəndi və Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) də bu şəhərə hicrət etdikdə, o, ona (ona Allahın salavatı və salamı olsun!) iman gətirməkdən imtina etmişdi. Cahiliyyə dövründə Əbu Amir Allaha ibadət edənlərdən idi, lakin sonralar o, müşriklərə meyl etdi ki, onlar ona Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə mübarizədə kömək etsinlər. Onların ona belə bir kömək göstərmək iqtidarında olmadıqlarına əmin olduqda, Əbu Amir Bizans imperatorunun yanına yollanır və güman edir ki, imperatorun Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) qələbə çalmağa gücü çatar. Yolda bu lənətə gəlmiş kafir ölür, onu müdafiə etməyə söz verən münafiqlər isə onun üçün “zərər məscidi” tikirlər. Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) bu barədə vəhy nazil edildikdə, o (ona Allahın salavatı və salamı olsun!), bir-neçə nəfər müsəlmana həmin “məscidi” dağıtmağı və yandırmağı əmr edir. Onlar onun (ona Allahın salavatı və salamı olsun!) əmrini yerinə yetirirlər və sonradan həmin yer zibilxanaya çevrilir.
Fövqəluca Allah münafiqlərin bədxah niyyətləri barədə xəbər verərək bildirir ki, onlar and-aman edəcəklər ki, heç kimə pislik etmək istəmirlər və zəiflərə, köməksizlərə və ehtiyacı olan insanlara yardım göstərməyə hazırlaşırdılar. Lakin Allah şahid idi ki, onlar – yalançıdırlar və Onun şəhadəti, əlbəttə ki, yalançıların andından, şübhəsiz daha doğrudur.

(9.108) “Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah təmiz olanları sevir!”

Ey Muhəmməd! Müsəlmanlara zərər vurmaq üçün tikilmiş məsciddə heç vaxt namaz qılma. Allahın mərhəmətindən sənin ona ehtiyacın yoxdur. Özülünün qoyulduğu ilk gündən ancaq Allah qorxusuna və möminliyə əsaslanan məscid sənin onda namaz qılmağına layiqdir.
Barəsində bəhs edilən – Quba məscididir. O, təkcə Allaha səmimi qulluq edilnəsi üçün, Onun zikr edilməsi – xatırlanması üçün və Onun dininin ayinlərinin həyata keçirilməsi üçün inşa edilmişdi. Bu şan-şöhrətli məscid doğrudan da Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) onda ibadət etməsinə və onda Fövqəluca Allahı xatırlamasına layiqdi. O, ləyaqətli məbəd idi və oraya gələn insanlar da ləyaqətli insanlar idilər. Onlar günahlardan və natəmizliklərdən, çirkdən və murdarlıqdan təmizlənməyi sevirdilər. Yaxşı məlumdur ki, insan bir şeyi sevəndə, o, buna daima can atır və bundan ötrü əlindən gələni etməyə səy göstərir. Bu isə o deməkdir ki, Quba məscidinə gələn insanlar günahlardan, natəmizliklərdən və murdarlıqdan təmizlənməyə can atırdılar. Onlar ilk müsəlmanlardan idilər, namazlarını qüsursuz qılır, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə birlikdə müqəddəs müharibələrdə iştirak edir, İslam dininin qanunlarını yer üzündə bərqərar edir, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətsizlik göstərməkdən çəkinirdilər.
Allahın, Quba məscidinə gələnləri təmizliyə bəslədikləri məhəbbətə görə təriflədiyi ayə nazil olan zaman Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onlardan necə təmizləndiklərini soruşmuşdu. Onlar ona (ona Allahın salavatı və salamı olsun!) bildirmişdilər ki, fizioloji ehtiyaclarını yerinə yetirdikdən sonra onlar əvvəlcə daşlarla təmizlənirlər, sonra isə su ilə yuyunurlar. Buna görə o (ona Allahın salavatı və salamı olsun!) onların bu hərəkətini tərifləmişdir. Həqiqətən, Allah ruhən müşriklikdən və pozğun adətlərdən və həmçinin natəmizliklərdən və mürdarlıqdan təmizlənənləri sevir.


(9.109) “Binasını Allah qorxusu və rizası üzərində quran şəxs xeyirlidir, yoxsa onu, uçulmaqda olan bir yarğanın kənarında qurub, onunla birlikdə Cəhənnəm oduna yuvarlanacaq kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!”

Məscidlər arasında fərq onlarda ibadət etməyə gələn insanların niyyətlərindəki fərqlərdə və həmin niyyətlərin Allahın əhkamına uyğun gəlməsindədir. Əgər məscid xeyirxah niyyətlərlə və Onun hökmlərinə tam uyğun olaraq tikilmişsə, əgər onun təşkilatçıları səmimi olaraq Allah xatiri üçün çalışmış və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yolunu əsas götürmüşlərsə, onda o, əlbəttə ki, uçurumun lap qırağında tikilmiş və onunla birlikdə Cəhənnəm oduna vasil olmağa hazır olan tikilidən üstün olacaqdır. Həqiqətən, Allah zalımlara dünyəvi və dini məsələlərdə nəyin fayda verəcəyini öyrənməyə kömək göstərmir.


Tarix: 20.04.2013 / 14:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 613 Bölmə: Sureler
loading...