Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

LOGMAN

1 Əlif, Lam, Mim!
2 Bu hikmətli Kitabın (Quranın) ayələridir.
3 (O Quran) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və rəhmətdir.
4 O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar.
5 Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da (axirət əzabından qurtarıb savaba yetişənlər də) onlardır!
6 İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.
7 Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə arxasını çevirər. (Ya Rəsulum!) Sən də ona şiddətli bir əzabla (axirətdə cəhənnəm odunda yanacağı ilə) müjdə ver!
8 İman gətirib yaxşı işlər görənləri Nəim cənnətləri gözləyir.
9 Onlar orada əbədi qalacaqlar. Allahın (möminlərə verdiyi cənnət) vədi haqdır. O, yenilməz qüvvət, hikmət sahibidir!
10 Allah gördüyünüz göyləri dirəksiz yaratmış (yaxud O, göyləri görə bildiyiniz bir dirək olmadan xəlq etmiş), sizi yırğalamasın (atıb-tutmasın) deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora (yer üzünə) cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və (onunla) yerdə növbənöv gözəl (bitkilər, meyvələr) yetişdirdik.
11 Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Xeyr, zalımlar (müşriklər) açıq-aşkar əyri yoldadırlar (haqq yoldan azmışlar).
12 Həqiqətən, Loğmana: “Allaha şükür et!” (deyə) hikmət verdik. Kim (Allahın nemətlərinə) şükür etsə, özü üçün şükür edər. Kim nankor olsa, (bilsin ki) Allah onun şükürünə möhtac deyildir, (özlüyündə) şükürə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)
13 (Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)”
14 Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!
15 Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!”
16 (Loğman öyüd-nəsihətinə davam edərək) dedi: “Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!
17 Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!
18 Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!
19 Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!
20 (Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər.
21 Onlara (Məkkə əhlinə): “Allahın nazil etdiyinə (Qurana) tabe olun!” deyildikdə, onlar: “Xeyr, biz atalarımızın getdiyi yolla (ibadət etdiyi dinə) tabe olacağıq!” – deyə cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə? (Yenədəmi həmin yolla gedəcəklər?)
22 Kim yaxşı əməl sahibi olub özünü (səmimi-qəlbdən) Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən (dəstəkdən - Qurandan, imandan) yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır! (Buyuruq Allahındır!)
23 Kim küfr etsə, onun küfrü (ya Rəsulum) səni kədərləndirməsin. Onlar Bizim hüzurumuza qayıdacaqlar. Biz də onlara (dünyada) nələr etdiklərini xəbər verəcəyik. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!
24 Biz onlara bir qədər gün-güzəran (bir az dünya malı) verəcək, sonra da (axirətdə) ağır bir əzaba düçar edəcəyik!
25 (Ya Rəsulum!) Həqiqətən, əgər sən (müşriklərdən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti (həmd-sənanın kimə məxsus olduğunu) bilməz!
26 Göylərdə və yerdə nə varsa, Allahındır. Allah (bəndələrinin, o cümlədən müşriklərin ibadətinə) möhtac deyildir və (özlüyündə hər cür) şükrə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)
27 Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir!
28 (Ey insanlar!) Sizi (yoxdan) yaratmaq və (qiyamət günü) diriltmək (Allah üçün) ancaq bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!
29 (Ya Rəsulum!) Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını (gah gündüzü, gah da gecəni uzatdığını), günəşi və ayı ram (sizin mənafeyinizə tabe) etdiyini görmürsənmi? Onların hər biri (öz hədəqəsində, dairəsində) müəyyən müddətədək (qiyamət gününə qədər) dövr edər. Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!
30 Bu (deyilənlər) ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət etdikləri isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!
31 (Ya Rəsulum!) Sizə öz qüdrət əlamətlərindən bəzisini göstərsin deyə, gəmilərin dənizdə Allahın lütfü ilə üzdüyünü görmürsənmi? Həqiqətən, bunda (əziyyətlərə) səbr, (Allahın nemətlərinə) çox şükür edən hər kəs üçün ibrətlər vardır!
32 (Kafirləri) ətrafına kölgə salan uca dağlar (yaxud qara buludlar) kimi dalğalar bürüdüyü zaman onlar dini (ibadəti) Allaha məxsus edərək yalnız Ona dua edərlər. Allah onları sağ-salamat quruya çıxartdıqda içərilərindən bəziləri (küfrlə iman arasında) orta mövqe tutar. (Bəziləri isə öz küfründə qalar). Bizim ayələrimizi yalnız çox xain, nankor olanlar danarlar!
33 Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. (Qiyamət günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın!
34 Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!


Tarix: 05.01.2013 / 15:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 802 Bölmə: Sureler
loading...